Rövnəq Abdullayev: "AFFA böyük turnirlərin və oyunların ev sahibliyi hüququnu əldə etməyə çalışacaq"

02.12.2011 | 5569 dəfə oxunub

AFFA-nın prezidenti Rövnəq Abdullayevin müsahibəsi:

- İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar barədə fikirlərinizi bilmək istərdik…
- Bir neçə məsələ müzakirə olundu. Əsas məsələlərdən biri milli komandanın baş məşqçisinin müzakirəsi idi. İcraiyyə Komitəsinin bütün üzvləri baş məşqçi Berti Foqtsun müqaviləsinin artırılması fikrini bəyəndilər. Berti Foqtsla müqavilənin 2014-cü ilə qədər artırılması barədə qərar qəbul etdik. Bu qərarın düzgün olduğuna və dünya çempionatının seçmə mərhələsində uğurlu nəticələr qazana biləcəyimizə inanıram.
 
- «Şəfa» stadionunun «İnter» klubuna satılması məsələsinə münasibətiniz necədir?
- Bildiyiniz kimi, bir neçə il əvvəl «Şəfa» stadionu «İnter» Peşəkar İdman Klubuna icarəyə verilmişdi və klub tərəfindən bu stadionun yenidən qurulması üçün xeyli iş görülüb, sərmayə yatırılıb. Mövcud müqaviləyə görə, klub stadionu tərk edəcəyi halda, AFFA sərf olunan sərmayəni kluba qaytarmalı idi. «İnter» klubu «Şəfa» stadionunu almaq istəyi ilə bağlı bizə müraciət etdi və qərara gəldik ki, stadionu bazar qiymətlərinə uyğun olaraq kluba sataq. Bu halda, klub sərmayəni artıq özünə məxsus olan stadiona yatıracaq. «Şəfa»nın satışından əldə olunan vəsait isə AFFA tərəfindən inşa olunan digər stadionlara sərf olunacaq. Bildiyiniz kimi, hazırda 8-ci kilometr və Bayıl qəsəbələrində AFFA tərəfindən stadionların tikintisi davam etdirilir.
 
- Artıq 2011-ci il yekunlaşmaq üzrədir. Başa çatmaqda olan il ərzində AFFA-nın fəaliyyətini necə qiymətlənlirirsiniz?
- AFFA-nın fəaliyyətini normal sayıram. Ən sevindirici hal uşaq futbolunda əldə etdiyimiz uğurlardır. Çünki uşaq futbolunun inkişafı, ümumilikdə futbolun inkişafına böyük təsir göstərir. Futbolun kütləviliyinin artırılması istiqamətində də xeyli iş görülüb. 4 il əvvəl ölkədə futbolla məşğul olanların sayı 1000 nəfərdən artıq deyildisə, hazırda AFFA-nın qeydiyyat bazasında qeydiyyatdan keçənlərin sayı 20 min nəfərdən artıqdır. Vacib məsələlərdən biri də uşaqların kiçik yaşda futbola cəlb edilməsidir. Bu istiqamətdə də fəaliyyətimizi gücləndirmişik. Orta məktəblərdə futbol dərsləri keçirilir, həmçinin məktəb şagirdləri arasında turnirlər təşkil olunur. Gələcəkdə klublarımızda və milli komandada çıxış edəcək futbolçu nəslinin yetişməsində qeyd etdiyim turnirlər əhəmiyyətli rol oynayacaq.
 
- Futbolun inkşiafında vacib yerlərdən birini də infrastrukturun müasir tələblərə uyğun şəkildə qurulmasıdır. Bununla bağlı hansı işlər görülür?
- Təkcə Bakı şəhərində deyil, eyni zamanda respublikamızın müxtəlif bölgələrində infrasturukturun inkişaf etdirilməsi məqsədilə tədbirlər həyata keçirilir. Bildiyiniz kimi, bir müddət öncə Respublika Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Ağsu şəhər stadionunun açılış mərasimi oldu. Ağsu rayon İcra Hakimiyyəti ilə apardığımız danışıqlara uyğun olaraq, 2012-ci ildən etibarən I divizionda «Ağsu» komandası çıxış etməyə başlayacaq. Bundan əlavə, Sumqayıt şəhərində stadionun yenidən qurulması ilə bağlı layihə hazırlanıb. Müasir tələblərə uyğun, 15 min azarkeş tutumuna malik, tribunaların üstü bağlı olan stadionun inşasını planlaşdırırıq. Daha dəqiq desək, bu, Sumqayıt şəhər stadionunun yenidən qurulması yox, yeni stadionun tikilməsi olacaq. Eyni zamanda, Gəncə stadionunun yenidən inşa olunması ilə bağlı layihələr hazırlanır. Eləcə də, Bakıda və müxtəlif regionlarda süni örtüklü meydançaların quraşdırılması layihəsi davam etdirilir. Həmin meydançalardan uşaqlar təmənnasız şəkildə istifadə edə bilirlər.
 
- 2012-ci ildə Azərbaycanda FİFA U-17 qadınlararası dünya çempionatı keçiriləcək və bu, qeyd olunan yaş qrupuna aid qadın komandaları arasında Avropada ilk dünya çempionatı olacaq. Çempionata hazırlıq işləri necə gedir?
- Sözsüz ki, dünya çempionatının təşkil olunması çox məsuliyyətli işdir və bu turnirin Azərbaycanda keçirilməsi bizim qələbəmizdir. Bildiyiniz kimi, Azərbaycanda qadın futbolunun inkişafı üçün çoxsaylı tədbirlər həyata keçirilir. 17 yaşadək qızlardan ibarət yığmamız müxtəlif turnirlərdə iştirak edir, beynəlxalq yoldaşlıq oyunlarında gücünü sınayır. Həmçinin 15 və 17 yaşadək qızlardan təşkil olunmuş komandalar arasında ölkə çempionatı keçirilir. Dünya çempionatının təşkili ölkəmizin beynəlxalq aləmdə təbliğatının aparılmasında xüsusi rol oynayacaq. Qeyd etdiyiniz kimi, bu, 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropada keçiriləcək ilk dünya çempionatı olacaq. Ölkəmizə müxtəlif qitələri təmsil edən 15 komanda gələcək. Hazırda bizdə olan məlumata görə, çempionatın oyunları 120 televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycanda idmanın bütün növlərinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. İndiyə qədər ölkəmizdə müxtəlif idman növləri üzrə böyük turnirlər keçirilib. İnanıram ki, FİFA U-17 qadınlararası dünya çempionatı da yüksək səviyyədə təşkil olunacaq və bu turnir ölkəmizin təkcə futbol sahəsində deyil, ümumiyyətlə, beynəlxalq aləmdə daha da tanınmasında müstəsna rol oynayacaq.
 
Gələcəkdə AFFA tərəfindədaha böyüturnirlərə ev sahibliyi etməplanlaşdırılırmı?
- Hazırda 65 min azarkeş tutumuna malik olacaq Olimpiya stadionunun inşası, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun əsaslı təmir işləri davam edir. Bu stadionlar hazır olduqdan sonra AFFA böyük turnirlərin və oyunların ev sahibliyi hüququnu əldə etməyə çalışacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail