Şahin Diniyev: "Müəyyən vaxtdan sonra heç bir komanda ora irad tuta bilməyəcək" - MÜSAHİBƏ

17.01.2017 | 4527 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin müsahibəsini təqdim edirik:

- Təlim-məşq toplanışı necə keçir?
- Uşaqlar istirahətdən yaxşı durumda qayıdıb. Demişdik ki, məzuniyyəti aktiv formada keçirsinlər. İlk günlərdə fiziki hazırlığa daha çox üstünlük veririk. Futbolçuların lazımi yüklənməni götürə bilməsi məni sevindirir. Toplanışı harda yox, necə keçirməyimizdən çox şey asılı olacaq.
 
- Komanda hansı yoxlama oyunlarında qüvvəsini sınayacaq?
- 4 hazırlıq matçı keçirməyi nəzərdə tutmuşuq. Rəqiblərimiz "Qaradağ Lökbatan", "MOİK", "Zaqatala" və AZAL olacaq. Çalışacağıq bu oyunlarda 1 və 2-ci dövrədəki çatışmazlıqları aradan qaldıraq. Yeni transfer edə bilmədik. İstəyirəm ki, futbolçular psixoloji, fiziki və taktiki-texniki baxımdan tam hazır olsunlar. Dərk edirik ki, bizi daha çətin 3 və 4-cü dövrə gözləyir. Tam heyətlə qarşıdakı sınaqlara hazırlaşmaq lazımdır.
 
- Yanvarın 13-dən başlayan toplanışda "Kəpəz"in braziliyalı legionerləri gözə dəymir...
- Dario Federiko və Renan Alveş üçün yanvarın 10-a biletlər alınmışdı. Amma İstanbulda hava şəraiti ilə əlaqədar Rio-de-Janeyro marşutu da daxil olmaqla 400 reys təxirə salındı. Yanvarın 17-ə Bakıya çatacaqlar. Düzdür, onların bu ağır məşqləri etməməsi çatışmazlıqdır. Biz də çalışırıq ki, faks və telefon vasitəsilə onlara lazımi göstərişləri verək, fiziki durumları üzərində işləsinlər. Əvəzində toplanışa 17-18 yaşlı 6 futbolçu çağırmışıq. İstərdim ki, eyni zamanda Gəncə futbolunun inkişafına da şərait yaradaq.
 
- "Montpellier" klubunun baş məşqçisi qış fasiləsindən qayıdan futbolçulara hər 1 kq artıq çəki üçün 100 avro cərimə tətbiq edəcəyini bildirmişdi. Futbolçuların formasını saxlamaq üçün sizin tövsiyə və ya cəzalarınız olub?
- Futbolçulara xüsusi indvidual plan vermişdik. Yanvarın 3-ə kimi passiv, 5-dən sonra isə aktiv məzuniyyət keçirməli idilər. Baxıram, uşaqlar tapşırıqları yerinə yetiriblər. Ümumiyyətlə futbolçu peşəkar olmalıdır. Onu cərimə ilə qorxutmaq yox, başa salmaq lazımdır. Yüklənmə, toplanışa hazır gəlməyən futbolçunun ürək-damar sisteminə pis təsir edə bilər. Yanvarın 11-də komandanın üzvləri lazımi tibbi yoxlamalardan keçdi. Mənə elə gəlir, cəriməyə ehtiyac olmayacaq.
 
- Yayılan məlumata görə, Darionun "AZAL Arena"da oynamasına qadağa qoymusunuz...
- Orda bu mövsüm cəmi bir oyunumuz qalıb. Qadağa deməzdim. Sadəcə həmin meydançanın ona "düşməməsi" belə qərar verməyimə gətirib çıxardı. Burda psixoloji amilin də təsiri var. Darionun özü də "AZAL Arena"dakı oyunlardan əvvəl çox həyəcanlı olur, sanki vahiməyə düşürdü. İki dəfə orda ağır zədə alması ona pis təsir edir. Bir oyun Dariosuz da keçinə bilərik. Əsas məsələ futbolçunu qorumaqdır.
 
- Gəncə şəhər stadionunun vəziyyəti nə yerdədir?
- Hazırda orda iş gedir. Müəyyən vaxtdan sonra heç bir komanda ora irad tuta bilməyəcək. Tam əminliklə deyirəm, təxminən 3-4 aydan sonra Gəncədə yaxşı bir stadion görəcəyik.
 
- Qış fasiləsində Azərbaycan futbolunda bəzi maraqlı transferlər reallaşdı. Məsələn, Ruslan Abışovun "Neftçi", Ağabala Ramazanovun "Qarabağ"a keçməsi...
- "Neftçi"nin heyətini gücləndirməsi təqdirəlayiqdir. Digər tərəfdən, transfer qadağası olan "İnter"in əsas oyunçularından birini itirməsi bəzi problemlər yarada bilər. Klublar öz aralarında danışıqlar aparıb qərar veriblər. Transfer klubların daxili işidir. Hər birinə uğurlar arzulayıram. Yerli futbolçulara tələbat olması sevindiricidir. Bu, Premyer Liqada intriqanı artıacaq.
 
- Bəs, klublarımızın transfer etdikləri legionerlər barədə nə düşünürsünüz?
- "Neftçi" bir neçə əcnəbi oyunçu ilə müqavilə imzalayıb. Meydana çıxanda onların hansı səviyyədə olduğunu görəcəyik. Səviyyəli legioner gətirilməlidir ki, onların fonunda yerli futbolçular da artıra bilsinlər.
 
- Ukraynanın "Olimpik" klubunun prezidenti sözügedən komandanın eks üzvü Kirill Petrovun "Neftçi"ni seçməsini maliyyə amili ilə izah etmişdi...
- Gəlin, reallığa baxaq. Futbolçu da bir işçidir. O da çalışır ki, daha çox qazansın və maddi ehtiyaclarını yüksək səviyyədə təmin etsin. "Mənə pul lazım deyil, futbol oynamaq istəyirəm" - biraz pafoslu ifadədir. Təbii ki, yaxşı futbolçu lazımi qədər maaş da almalıdır. Həm yerli, həm də legioner futbolçu komandasını dəyişəndə maliyyə amilini nəzərə alır.
 
- Hazırda transferlərə ən çox pul xərcləyən klublar Çin təmsilçiləridir. Məlumata görə artıq Federasiya da transfer qiyməti üçün hədd müəyyənləşdirmək istəyir. Azərbaycanda nə vaxtsa belə mövzu gündəmə gələ bilər?
- Mən "Qarabağ"da çalışanda yadımdadır, klublara buna oxşar bir məhdudiyyət vardı. Amma Çin, Hindistan futbolundakı pulların bizdə olması hələ tezdir. Hər şeyin bir ölçüsü olmalıdır. Bir futbolçuya qiymətindən çox ödəmək ümumilikdə futbola ziyandır. Bütün futbolçuların pul üçün getdiyi ölkədə futbolun inkişafı zəifləyəcək.
 
- Dünya futbolu ilə davam edək. Bildiyiniz kimi, FİFA dünya çempionatı iştirakçılarının sayını 48-ə yüksəltmək barədə qərar qəbul etdi. Sizcə, bu qərar hansı effekt verəcək?
- Qərarın səhv və ya düz olmasını zaman göstərəcək. Bəziləri deyir ki, iştirakçıların sayının artırılması mundialın səviyyəsini aşağı salacaq. Dünya çempionatına vəsiqə qazanmaq üçün güclü komandalar yarı güclə oynayacaq. Bəziləri də bunun futbolun inkişafına səbəb olacağını deyir. Məsələn, İsrail uzun illərdir, təsnifat mərhələsini keçə bilmir. Bu tipli bir sıra milli komandalar var. Qeyd etdiyim kimi, qərarın nə dərəcədə effektli olmasını dünya çempionatından sonra bilmək mümkündür.
 
- Bu, Azərbaycana da dünya çempionatında oynamaq imkanı verə bilər?
- Zaman lazımdır. Düzdür, komandada inkişaf hiss olunur. Bu, gələcəkdə nüfuzlu turnirlərdə iştirak edəcəyimizə ümid yaradır. Addım-addım getmək lazımdır. Süni şəkildə ərsəyə gələn bir şey tez dağılır. Bizə də tələsməmək lazımdır.
 
- Müsahibələrinizin birində "Qızıl top"la bağlı suala cavab verərkən Messinin Argentina millisində daha yaxşı oynadığını demişdiz. Bu fikriniz həmkarlarımız tərəfindən birmənalı qarşılanmadı...
- Hər kəsin futbola öz baxışı var. Bu baxışlar üst-üstə düşməyə də bilər. Mən FİFA prezidenti deyiləm ki, fikirlərimdə səhv axtarsınlar. Fikrimə tənqidi yanaşan heç kimi də mühakimə etmək niyyətində deyiləm. Tutduğum mövqedə qalıram.
 
- Yəni, Messinin Argentina millisində yaxşı oynadığını düşünürsünüz?
- Statistikaya baxmaq kifayətdir. Messi Amerika Kubokunda 5 qol, 5 assistlə yadda qaldı. Düzdür, turnirin finalı uğursuz alındı. Messinin iştirak etmədiyi seçmə mərhələ oyunlarında Argentinanın nəticələrinə də baxın. Portuqaliya Avropa çempionu olanda Ronaldo zədə səbəbindən final görüşündə erkən əvəzlənmişdi. Mən polemikaya girmək istəmirəm. "Qızıl top" qazanılan titullara görə verilirsə, Ronaldonun seçilməsi ilə razıyam. Yox, əgər göstərilən oyuna görə təqdim olunursa, son seçimlə razı deyiləm.
 
- AVRO-2016-da iştirakçıların qrupdan çıxmasında yeni format tətbiq olundu və turnir qeyri-məhsuldar keçdi. Bu tendensiya FİFA-nın dünya çempionatının final mərhləsindəki islahatından sonra mundiallarda da müşahidə oluna bilər?
- Futbolda az qol o vaxt vurulur ki, komandalar az risk edirlər. Uzun davam edən turnirlərdə komandalar risk edə, hətta heyətdə rotasiyalar edə bilir. Məşqçi və futbolçular şansları sona qədər saxlamaq istəyirlər. Bunun üçün az qol buraxmaq laızmdır. Müasir futbolda müdafiə xətti rəqibə boş zonalar az verir, qapalı futbol dəbə minib. 9-10 nəfərlə qapanan komanda "Barcelona", "Real" kimi komandalara belə ciddi problem yaradır. Mənə elə gəlir ki, dünya futbolunda təzə bir üsul tapılana qədər bu tendensiya davam edəcək.
 
- "Yaxşı futbolçu, həmişə yaxşı məşqçi olmur". Bu fikirlə razısınız?
- Argentinanın sabiq çalışdırıcısı Xerardo Martino, Joze Mourinyonu götürək. Bunlar tanınmış futbolçu olmayıblar. Amma yaxşı məşqçilərdir. Yaxşı və pis məşqçi olmağın səbəbini insanın xarakterində axtarmaq lazımdır. Futbolu dərk edən xarakterli insan yaxşı məşqçi ola bilər. İlk növbədə, uğurdan başı gicəllənməməli, uğursuzluqdan isə ruhdan düşməməlisən.
 
- Hazırda hansı baş məşqçini ən güclü hesab edirsiniz?
- Zamanla futbol dəyişir və buna uyğun olaraq məşqçilərin futbola baxışları da dəyişir. Əvvəl mərkəzdən hücumlar qurmaq fonunda pleymeykerə çox güvənilirdisə, indi cinah oyunçularına tələbat artıb. Məşqçi eyni sistemdə ilişib qalmamalıdır. Nə qədər uğursuz çıxış etsə də, mənim üçün "Manchester City"nin baş məşqçisi Xosep Qvardiola daha güclü mütəxəsisdir. Bunu polemika üçün demirəm. "Barcelona"nın oyun tərzini fiziki-atletik alman futboluna "yedizdirməsi" Qvardiolanın fərqləndirici cəhətidir. Komandanın lazımi səviyyədə çıxış etməsi üçün zamana ehtiyac var. Qvardiola İngiltərə futbolundakı tempi tutandan sonra gözlənilən nəticələr gələcək. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail