Rauf Əliyev: "Milliyə Qurban Qurbanov başçılıq edəcək"

15.10.2011 | 6679 dəfə oxunub

Avropa çempionatının seçmə mərhələsi Azərbaycana yaxşı sonluq qismət eləmədi. Avstriyaya evdə, Türkiyədə səfərdə uduzan millimiz ona bəslənən ümidləri fiaskoya uğratdı. Söz yox, ölkə rəhbərliyinin futbola artın qayğısının fonunda 7 xal normal göstərici sayıla bilməz. Müqayisə sərhədini aşsaq, Ermənistanın bizdən xeyli artıq xal toplaması və pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə aparması Berti Foqtsun yarıtmaz fəaliyyətinə real qiymət verməyə kifayətdir. Bütün bunlarla bağlı millət vəkili, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyevlə söhbətləşdik.


Avstriya və Türkiyə ilə qarşılaşmalarda nəticə qazanılmadı. AFFA-nın rəhbər şəxsi olaraq, komandanın çıxışına necə qiymət verirsiz?
- Millini bir oyunla təhlil etmirəm. Seçmə mərhələ başa çatdı. Oyunlarını mərhələnin yekununa görə təhlil etmək lazımdır. Müsbət və mənfi nəticələr oldu. Ümumi nəticəyə görə, komandanın uğurlu çıxış etdiyini hesab etmirəm. Millinin Türkiyə və Qazaxıstanı məğlub etməsi, Belçika ilə heç-heçəsi yaxşı nəticədir. Yekunda 7 xal toplayıb, yeni rekorda nail olsaq da, seçmə mərhələni uğursuz hesab edirəm.
Cənab prezident İlham Əliyev idmanın inkişafı üçün hər cür şərait yaradıb. İctimai-siyasi, iqtisadi, bir sözlə, bütün aspektlərdə ölkəmiz Ermənistanı üstələyir. Dövlət tərəfindən idmana bu qədər qayğı olduğu halda, komandamız qrupda 7, hər cəhətdən ölkəmizdən qat-qat geri qalan Ermənistan isə 17 xal toplayır. AFFA-nın baş katibi Elxan Məmmədov isə deyir ki, millimiz uğurlu çıxış edib. Belədə hansı uğurdan danışa bilərik?
- İdmanı siyasətlə bağlamayaq. Futbol elə bir oyundur ki, hardasa sonu siyasətə bağlanır.  Elxan Məmmədov, Elşad Nəsirov, Rövnəq Abdullayev və Rauf Əliyev komandanın uğursuz çıxış etməsini istəmir. Biz də uğurlu nəticələr arzulayırıq. Tamamilə düz deyirsiz, cənab prezident idmana böyük qayğı göstərir. Bu gün idmanın maddi-texniki bazası var, idmançılara qayğı və diqqət daha da artıb. Futbolun inkişafı ilə bağlı proqram dövlət başçısı tərəfindən təsdiq olunub. Bu gün respublikamızda yeni stadionlar tikilir, köhnələr isə yenidən təmir olunur. Müxtəlif yaş qrupları üzrə komandalar arasında çempionat keçirilir. Bütün bunlar təqdirəlayiqdir. Millinin uğurlu nəticə göstərməsi futbolçulardan asılıdır. Ermənistanın 17 xal yığmasına heç bir sözüm yoxdur. Siz başqa qruplara nəzər salın. Sloveniya ilə Serbiya qrupda qaldı, Estoniya pley-offa vəsiqə qazandı. Belə baxanda, estonların futbol tarixi yoxdur. Yenə deyirəm, hər şey futbolçulardan asılıdır. Bəli, biz Ermənistanı hər cəhətdən üstələyirik. Onlar tək bizi deyil, çox ölkəni reytinqdə keçdilər. Biz də çalışırıq ki, komandamız yaxşı oynasın, nəticə göstərsin, qələbələrlə ölkə rəhbərini və azarkeşləri sevindirsin. AFFA-nın hansısa məmuru onların əvəzinə oynamalı deyil ki... Milli uğursuz çıxış edəndə pis oluram. Ürəyim yanır ki, bunu deyirəm.
Avstriyaya Bakıda 1:4 məğlub olduğumuz gündə eyni hesab İrəvanda qeydə alındı. Serj Sarkisyan Makedoniya üzərində qələbəyə çılğınlıqla sevinirdi. Biz isə bu qədər dəstək qarşılığında Azərbaycanı məğlubiyyətlərə sürükləyən Foqtsu yenidən saxlatmaq istəyirik. Bu, nə dərəcədə düzgün qərar olardı?
- Millinin hər oyunundan əvvəl və sonra mənə bu sualı verirdilər. Mətbuat Foqtsun taleyinin necə olacağından xəbər tutmaq istəyir. Onda demişdim ki, müqaviləsi var. Qalıb-qalmamasına tək Rauf Əliyev və ya Rövnəq Abdullayev baxmır. Foqtsun işinə İcraiyyə Komitəsinin üzvləri qiymət verəcək. Təbii, vəziyyət o yerə çatdı ki, azarkeşlər komandadan inciyib, stadionu tərk etdilər. Narazı qalanlar meydançaya telefon atır. Bütün bunlar dözülməz haldır. Günahı futbolçularda görürəm. Ancaq əsas deyil, eləcə də 17, 19 və 21 yaşlılardan ibarət komandalarımız yaxşı nəticə göstərə bilmir. Həmin komandalara da almanlar başçılıq edir. Bütün yaş qrupları üzrə yığmalarda islahatlar getməlidir. Hamısının oyunları ciddi təhlil edilməlidir, kimlər işləyib və hansı futbolçular oynayıb. Artıq aşağı yaş millilərdə yerli mütəxəssislər işləməlidir.
İcraiyyə Komitəsinin (İK) yığıncağında baş məşqçiyə etimad göstərilib-göstərilməməsi müzakirə olunsa, hansı mövqedən çıxış edəcəksiz?
- Foqtsa və onunla birlikdə işləyənlərə öz minnətdarlığımı bildirirəm. Futbolçular və məşqçilər onlardan çox şey öyrəndilər. Ümumi götürəndə, almanların təcrübəsi yüksək səviyyədədir. İK-in iclasında Foqtsun məsələsi müzakirə olunan kimi sözümü deyəcəm. O, üç seçmə mərhələdə komandaya başçılıq etdi. Artıq millidə yerli məşqçi işləməlidir. Bütün yaş qrupları üzrə millilərdə belə olmalıdır. Hər şey məndən asılı deyil. Ola bilsin ki, «ispalkom»dakılar qalmasını istədilər. Əgər daha çox səs yığsa, artıq heç nə edə bilmərəm. Amma məncə, komandanı yerli məşqçilərə tapşırsaq, daha yaxşı olar. Hamı bir yerdə futbolumuzun inkişafına xidmət etməliyik. Deyirsiz ki, digər ölkələr yaxşı nəticə göstərir. Onlar gənclərə yer verirlər və müəyyən müddətdən sonra nəticə göstərirlər. Bizdə də belə olmalıdır. Onsuz da uduzuruq. Elə gənc oyunçular yetişməlidir ki, onlar gələcəkdə milliyə kömək etsin.
Hörmətli ölkə başçımız uzaqgörən insandır. «Rusenborq» və «Honka» ilə oyunlardan sonra «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanova şəxsən telefon açdı və uğurlu çıxış münasibətilə təbrik etdi. Ölkədə cənab prezidentin rəğbətini qazanmış yerli məşqçilər olduğu halda, yenidən Foqtsa etimad göstərmək...
- Rusiyanı hollandiyalı çalışdırır. Dünya futbol praktikasında tanınmış məşqçilərə etimad göstərilir. Buna pis baxmaq lazım deyil. Biz də Berti Foqtsu dəvət etdik ki, yaxşı olsun. Pis də olmadı. Qurban Qurbanov gənc məşqçidir, özü də yaxşı işləyir. Onun üçün yaxşı şərait yaradılıb. Almaniyada təcrübə keçdi, yaxın vaxtlarda da başqa Avropa ölkələrinə gedəcək. Onu da baş məşqçi kimi hazırlayırlar. Bir vaxt olacaq, milliyə Qurban Qurbanov başçılıq edəcək. Bizim də istəyimizdir ki, milliyə yerli mütəxəssis başçılıq etsin. Amma yerlilər öz üzərində işləməli və lisenziya almalıdır. Onlar digər ölkələrdə tanınmış mütəxəssislərin yanında təcrübə toplaya bilər. Elə-belədən kimsə yığmaya başçılıq edə bilməz.
İK-in yığıncağında sizdən soruşsalar ki, namizədinizi irəli sürün, kimin üzərində dayanacaqsız?
- Açığı, o barədə hələ fikirləşməmişəm. Məşqçi məsələsinə kollegial şəkildə baxılacaq. Bütün rəyləri nəzərə alıb, sonra fikrimi deyəcəm. Seçmə mərhələ oyunları hələ yeni başa çatıb. Demirəm ki, oyunlar təhlil olunmayacaq. Müzakirələr gedəcək. Buna hələ var.
Bildirdiz ki, uğursuz çıxışın səbəbini futbolçularda axtarmalıyıq. Bu halda, 4 xala görə onların hər birinə 60 min mükafat vermək nəyə lazımdır?
-  Söhbət mükafatdan getmir. Onlara mükafat verilə də bilər, verilməyə də. Futbolçu stabil oyun göstərməlidir. Onların peşəsi budur. Səfər oyunlarına bir neçə dəfə getmişəm. Foqts deyirdi ki, futbol oynamaq sizin peşənizdir, klub bazasına səhər gəlib, axşam getməlisiz. Yəni ki, istəyirsizsə hər vaxt formada olasız, ancaq məşq edin. Futbolçular fizki cəhətdən hazır olmaq üçün öz üzərlərində daim işləməlidir. Mükafat başqa bir məsələdir. Daha yaxşı nəticə göstərərlərsə, ondan da artıq mükafat vermək olar. Nəinki futbolçuya, elə digər idmançılara da. Çünki ölkəmizi təmsil edirlər.
Uzun illərdir idman sahəsində çalışırsız. İşlədiyiniz strukturda kifayət qədər nəticə və uğurunuz var. Bidirsiz ki, ölkənin bayrağını dünya arenasında dalğalandıran idmançılar futbolçularla müqayisədə, daha az maaş-mükafat alırlar. Nəticə olmadığı halda, futbolçular ilə yüz min dollarlarla ölçülən pul qazanır. Buna necə qiymət verirsiz?
- AFFA klubların işinə qarışa bilməz. Klublar futbolçulara yüksək pul verirlər. Onlara yüksək məbləğdə pul verilməsinin əleyhinəyəm. Bunun üçün limit qoyulmalıdır. Klub rəhbərləriylə məsələni müzakirə edəndən sonra təkliflər irəli sürmək olar. Digər ölkələrdə futbolçular normal pul alırlar və qarşılığında nəticə göstərirlər. Bizdə isə əksinədir. Mənə elə gəlir ki, bizdə futbolçu ilinə maksimum 100-200 min alsa, bəsidir. Bu gün yerli futbolçular elə yüksək səviyyədə deyil ki, yüksək pul alsınlar.
Foqts da legioner limitini bəhanə gətirərək,  AFFA-dan gileylənir. Bəlkə İK-in iclasında limitin azaldılmasını müzakirəyə çıxarasız?
- Futbolçu yetişmir. Foqts futbolçu yetişdirməməlidir. Klublarda uşaq məşqçiləri var. Onlar bu işlə məşğul olurlar. Klublar deyir ki, bizim uşaq məktəbimiz var. Bəs hanı o uşaqlar? Hanı? Üzə çıxmırlar axı. Foqtsun miliyə dəvət etdiyi futbolçu komandasında ehtiyatda oturur. Yerli uşaqların üzə çıxmamasında günahkar Foqts deyil, klublarda işləyən məşqçilərdir. Legioner limitinə baxılacaq. İclasa qədər yeni fikirlər və layihələr ortaya çıxacaq.
2004-ci ildən AFFA rəhbərliyində təmsil olunursuz, ancaq 2008-ci ilə qədər gedən proseslərdə daha yaxından iştirak etsəz də, indi bir qədər kənara çəkilmisiz. AFFA-ya nəzarət birbaşa Elxan Məmmədovun əlindədir. Necə ola bilər ki, bu sahədə böyük təcrübəniz olduğu halda, kənardan gələn biri AFFA-ya nəzarət edir?
- AFFA ictimai təşkilatdır, rəhbəri var. Onun göstərişləri əsasında baş katib işləri icra edir. Federasiyada kimsənin özbaşınalıq etdiyinə inanmıram. Çalışmalıyıq işimizdə yumruq kimi olaq. Hamımız bir olmasaq, heç bir nəticədən danışmağa dəyməz. Ermənistanın 17 xal yığması ürəyimi ağrıdır. Millidə biz deyil, futbolçular oynamalıdır. 2002-ci ildən bəri açıq-əyləncəli futbol layihəsini keçirirəm. Artıq 10 mindən çox uşağı futbola cəlb etmişik. Bu, bir layihədir. Amma məşqçilər işləyib, buna görə də maaş alırlar. Yerli məşqçilər deyir ki, yaxşı uşaqlar yetişir. Hanı həmin uşaqlar? Hələ də ortaya çıxmayıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail