Rəşad Sadıqov: " Türkiyəli futbolçuları yaxşı tanıdığımdan, aldandım" - MÜSAHİBƏ

15.10.2011 | 6325 dəfə oxunub

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun müsahibəsi:

- Milli komandanın kapitanı kimi, başa çatan seçmə mərhələni necə dəyərləndirərdiniz? 
- Seçmə mərhələni birmənalı şəkildə qiymətləndirmək bir az çətindir. Çünki bəzi matçlarda yaxşı, bəzilərində çox pis oynadıq. Ancaq oyunları ayrı-ayrılıqda qiymətləndirmək olar. Hardasa 3-4 qarşılaşmanı yaxşı səviyyədə keçirdik. Ancaq 4-5 oyunu pis, zəif oynadıq. Xüsusilə, səfərdə çətinlik çəkdik. Fikirləşirəm ki, əvvəlki səfər görüşlərinə baxanda yaxşı, layiqli mübarizə apardıq. İlk dəfə idi ki, səfərdə elə-belə yox, mübarizə aparıb uduzduq.

- Ancaq istənilən halda, səfərdə xal qazanmadıq... 
- Bu, ən başlıca problemimizdir. Gələn seçmə mərhələlərdə səfər oyunlarına daha ciddi, diqqətli, böyük fikirlərlə hazırlaşmaq lazımdır. 

- 10 il əvvəl səfərdə uduzmağa vərdiş etmişdik. Ancaq sonradan rəqib meydanında heç-heçə, hətta qələbə də qazandıq. Səfərdə xal qazanmamaq sindromunun qayıtmağını nə ilə izah edərdiniz? 
- Əvvəl səfərə gedəndə sanki paltardəyişmə otağında uduzurduq. Bundan əvvəlki 4 oyunda da elə bil eyni ssenari idi. Yəni, oyundan əvvəl məğlubiyyətlə barışırdıq. Arada söhbət gedirdi ki, görəsən 2-3, yoxsa 1 top buraxacağıq. Türkiyə ilə oyunda ab-hava çox fərqli idi. Sentyabrda 2 oyundan 4 xal toplayandan sonra Avstriyaya uduzduq. Ancaq başa düşürdük ki, 11 nəfər qalsaydıq, oyunun gedişi başqa cür olardı. Bilirdik ki, Avstriya ilə bərabər heyətlə başabaş mübarizə apararıq. Komandada ruh, özünə inam vardı. Son oyunda meydana təmkinli, səbirli çıxmışdıq və özümüzə inanaraq, futbol oynayırdıq. Türkiyə kimi komandaya son qol şansı vermədik. Görürəm, indi hamı deyir ki, Türkiyə son 2 matçda çox zəif oynadı. Ancaq bunun səbəbləri var ki, bunlardan biri bizim düzgün müdafiə olunmağımız idi. Bu, mübarizliyimiz Türkiyənin zəif oyununa səbəb olurdu. Ancaq təəssüflər olsun ki, biz yenə məğlub olduq. 

- Bəzi futbolçulardan fərqli, siz tənqidi fikirlərə normal yanaşırsınız. Bu mənada Türkiyə ilə oyunda qol epizoduna görə özünüzü çoxmu günahlandırdınız? 
- Hesab edirəm ki, seçmə mərhələdə ən yaxşı oyunlarımdan birini keçirdim. Ancaq qol epizodunda türkiyəli futbolçuları yaxşı tanıdığımdan, aldandım. Necə? Bilirəm ki, Səlcuk İnan – Burak Yılmaz cütlüyü ötən mövsüm “Trabzonspor”da birgə oynadıqları vaxtdan bir-birləri ilə çox yaxşı anlaşırlar. Burak ötən mövsüm bombardir olanda, əksər məhsuldar ötürmələri ona Səlcuk etmişdi. O, bunu daha çox hava ötürmələri ilə, müdafiəçilərin başının üstündən atmaqla edirdi. Qazaxıstanla oyunda Burak qolu məhz belə vurdu. İnan ötürməni atmağa hazırlaşdığı zaman mən dönüb arxaya qaçdım ki, topu yenə müdafiəçinin başı üzərindən Buraka atacaq. Hücuma çıxdığımızdan, müdafiəçilər irəlidə idi. Ancaq Səlcuk topu göylə yox, yerlə atdı. Döndüm ki, topa oynayım, amma top qabağımdan döndü. Elə bil ki, oyunu səhv oxudum. Burak da aramızdan çıxaraq, qol epizodunu tamamladı. Ancaq belə hesab edirəm ki, ümumilikdə başqa səfər oyunlarına baxanda, bu dəfə daha inamlı idim, özümü yaxşı göstərdim. Mən özüm-özümü də çox tənqid edənəm. 90 dəqiqə Türkiyə kimi yığmaya qarşı səfərdə bir səhvsiz oynamaq – onda gərək mən ya “Qalatasaray”da, ya da “Fənərbaxça”da çıxış edim. Səhvsiz mümkün deyil. Sadəcə, bütün komanda şəklində səhv buraxırıq. Yarımmüdafiədə, hücumda çoxlu səhvlərə yol veririk. Ancaq müdafiəçi, qapıçı səhv buraxanda, bu, birbaşa gözə girir. 

- Sizi çox yaxşı tanıyan Türkiyə publikası necə qarşıladı? Orada son oynadığınız “Əskişəhərspor” klubunda çıxışınız xatırlandımı? 
- Yox. Çünki onların bütün fikri-zikri öz oyunlarında idi. Həyəcanlı idilər, bilirdilər ki, hələ pley-offa düşməyiblər, nəsə baş verə bilər. Mən yada düşmürdüm, bütün dərdləri-fikirləri öz yığmaları idi. Biz heç yada düşmürdük. 

- Yeri gəlmişkən, Türkiyə yığmasının Xorvatiya ilə pley-off oyunlarında şanslarını necə qiymətləndirirsiniz? 
- Mən hələ püşkdən əvvəl demişdim ki, türklər Xorvatiya ilə düşəcək.

- Belə bir hissiyyatınız var idi? 
- Bəli. Hələ püşkdən əvvəl rəqiblərə baxanda, dedim ki, Xorvatiya ilə düşəcəklər. Özü də ilk oyunu evdə oynayacaqlar. Elə də oldu. Şanslar 50-nin 50-dir. Türkiyə mütləq evdə qələbə qazanmalıdır. Qazanmasa, səfərdə işləri çətin olacaq. 

- Bizimlə eyni səviyyədə olan Estoniya yığması pley-offa yüksəldiyi halda, millimiz bu komandadan xeyli az xal topladı. Futbolda hətta pley-off oyunlarında iştirak etmək, final mərhələsinə düşmək şansının olmağı karyerasında ən yaddaqalan anlardır. Estoniya kimi yığmaya baxanda, onlara həsəd aparırsınızmı? Düşünürsünüz ki, niyə biz də buna nail ola bilmirik? 
- Sözün düzü, Estoniya ilə eyni səviyyədəyik. Nə bilim? Adam səbəb, bəhanə də gətirmək istəmir. Ancaq qrupumuz da asan olmadı, uğursuz qrupa düşdük. Daha sonra Qazaxıstanla səfərdə itirdiyimiz 3 xal bütün gedişata təsir elədi. 

- Razısız ki, ötən seçmə mərhələdə ən uğursuz oyunumuz Astanadakı həmin görüş oldu? 
- Bəli. Ən uğursuz nəticəyə orda imza atdıq. Qazaxıstandan 3 xalla ayrılsaydıq, bəlkə Avstriya ilə oyunun nəticəsi başqa cür, 11, 12, 13 xal yığmaq, daha yaxşı olardı. Bir az gərək bəxt olsun. Estoniya Şimali İrlandiya ilə səfərdə oynayır, 0:1 hesabı ilə uduzur, rahat oyun gedir, sona 3-4 dəqiqə qalmış 2 qol vurub, qalib gəlirlər. 2 hücum edirlər, 2-si də qolla nəticələnir. Serbiya ilə səfərdəki oyunları uğurlu alınır, oyunu udurlar. Ermənistanın Slovakiya ilə səfər matçını götürək. Həmin oyuna baxmışam. Slovaklar ilk hissədə 10-15 imkanından qol vura bilmədilər. 2-ci hissədə ermənilər 4 qol vururlar. Baxırsan ki, səfərdə belə hesabla qalib gəliblər, ancaq oyunun gedişi tamam başqa cür olub. Gərək belə qol epizodlarında bəxtin də olsun, şansın gətirsin.

- Sizcə, bəxt bizdən niyə üz döndərib? 
- Nəsə son vaxtlar belədir, işimiz çətinləşir. Bəxtimiz olsaydı, biz də pley-offa düşərdik. 

- 2014-cü il dünya çempionatının seçmə mərhələsindən nə gözləyirsiniz? Nəyə ümid edə bilərik, uğurlu çıxış üçün nəyin üzərində çox işləməliyik, çıxış yolu nədir? 
- Oyunumuzu yaxşılaşdırmalıyıq. Hücumameylli futbolumuzu bir az artırmalıyıq. Hər zaman sırf müdafiədə “oturub”, rəqib səhvlərini gözləməməliyik. Hücuma meylli oynamalıyıq. Bunun üzərində komanda şəklində çox işləmək, qarşıdakı seçmə mərhələdə daha çox xal toplamaq lazımdır. Bu, mütləq olmalıdır. İmkan daxilində 11-12 xal yığmalıyıq. Fikrimcə, DÇ-2014-dəki rəqiblərimiz də buna imkan verir. Bir sözlə, gələn seçmə mərhələyə daha nikbin baxıram. 

- Bunun üçün baş məşqçidən də çox şey asılıdır. Yəni, Berti Foqtsun qalıb-qalmamağı çox müzakirə olunur. Futbolçular bu haqda nə düşünür? 
- Sözün düzü, bu haqda heç nə düşünmürük və futbolçular arasında müzakirə də getmir. Başımızı aşağı salıb, işimizi görürük. Biz futbolçuyuq və elə məsələlər bizə aid deyil. Bildiyimə görə, Foqts qalacaq və işinə davam edəcək.

- Bu barədə sizə nəsə deyiblər? 
- Yox. Amma mən bildiyimə görə qalacaq. 

- Yeni baş məşqçi gələndə hər şeyə yenidən - sıfırdan başlamalı olacağıq. Bu da vaxt baxımından bizi geri salacaq. Siz də belə düşünürsünüz? 
- Mən bu məsələlərin dərinliyinə getmək istəmirəm. Amma belə fikirləşirəm ki, Foqts qalacaq və biz işimizi davam edəcəyik. 

- Növbəti seçmə mərhələ şəxsi göstərici baxımından sizin üçün önəmli olmalıdır. Millidə oyun sayında lider olan Aslan Kərimova çatmağınıza az qalıb... 
- Nə qədər qalıb?

- 6 oyun. Aslanda 80, sizdə 74 oyundur. Bu rekordu qırıb, yenisinə imza atmağa necə baxırsınız? 
- Mən qarşıma 100 oyuna çatmağı məqsəd qoymuşam və yəqin ki, bundan sonra Allahın köməyi ilə yığma karyeramı bitirərəm. Buna görə də qarşıdakı seçmə mərhələ mənim üçün çox vacibdir. 

- UEFA da növbəliliklə hər ölkənin yığmasında ən azı 100 oyun keçirən futbolçuları mükafatlandırır. Türkiyənin Almaniya ilə oyunundan öncə Rüştü Rəcbər, Hakan Şükür və Bülənt Korkmaz bununla bağlı mükafata layiq görüldülər... 
- Qarşıdakı görüşlərdə zədə almadan iştirak edib, yığmada oyun sayımı artırmaq istəyirəm. Bu baxımdan növbəti seçmə mərhələ mənim üçün çox vacib olacaq. Həm də başa düşürəm ki, bəlkə karyeramın son seçmə mərhələsi ola bilər. Bəlkə elə onda 100-ə çatdım. Azərbaycan futbol tarixində elə bir səhifə yazmaq ki, bundan sonrakı illərdə təkrarlanmasın. 

- Əslində, sizdə oyun sayı daha çox olmalı, Kərimovu artıq keçməli idiniz. Ancaq Avro-2008-in seçmə mərhələsində 15 ay millidən kənarlaşdırılmağınız sizi geri saldı... 
- Futbolçu karyerasında belə şeylər – zədə, başqa problemlər də olur. Şükürlər olsun ki, biz də belə ciddi problemlər olmayıb. Bunun özü mənim üçün böyük şeydir. 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail