Adı bizim, dadı gəlmələrin olan “Qəbələ”- YAZI

18.12.2015 | 2283 dəfə oxunub

“Avrokuboklar mövsümü bizim üçün başa çatdı". Bir neçə il əvvələ kimi bu sözləri yay fəslində yazırdıq. Avrokuboklarda iştirak edən komandalarımız ən yaxşı halda qrup məhrələsinin həndəvərində görünürdülər. Sevindirici haldır ki, son 4 ildə 3 dəfə “Neftçi", “Qarabağ" və “Qəbələ"nin timsalında dekabra kimi Avrokubok həyəcanı yaşadıq. Təəssüf ki, bütün hallarda komandalarımız qrupu sonuncu pillədə başa vuraraq növbəti mərhələyə çıxa bilməyiblər. Doğrudur, “Qarabağ" Avropa Liqasında çıxış etdiyi 2 mövsümdə “pley-off”a çıxma şansını son turda boşa verib. Amma bunu “Neftçi" və “Qəbələ" haqqında demək olmaz. Deməli, daha çox iş görülməli, inkişaf etməliyik. Yazının mövzusu klublarımızın Avropa səhnəsindəki çıxışı yox, heyəti ilə bağlıdır. Məsələ burasındadır ki, həm “Neftçi", həm də “Qarabağ" qrup mərhələsində iştirak etdiyi zaman heyətlərində bir neçə yerli futbolçu çıxış edib. Bu da futbolçularımızın daha çox təcrübə qazanması, gələcəkdə yığma komandaya xeyirli olması deməkdir. Zira, “Qəbələ"yə bu sözləri aid etmək gülünc olardı. Avropa Liqasının qrupp mərhələsində göstərdiyi oyun sübut etdi ki, komanda buraya heç də öz gücü ilə deyil, böyük ölçüdə bəxtin hesabına düşmüşdü. Hələ iyulun əvvəlində ilk kvalifikasiya mərhələsində Tiflis “Dinamo"su ilə qarşılaşanda komandamızın bu mərhələdə dayanacağı proqnozlaşdırılırdı. Səfərlə 1:2 hesabı ilə məğlub olan “Qəbələ" cavab oyununun son dəqiqələrində vurduğu qollarla 2:0 hesablı qələbə qazandı. Ardınca “Çukariçki", “Apollon" və “Panatinaikos"la oyunlarda da bəxtimiz az gətirmədi. Futbolda bəxt amili böyük rol oynayır. Bununla Qəbələ təmsilçisinin qrupa düşmək uğurunu aşağılamaq fikrindən uzağıq. Sadəcə, başqa məqamı diqqətinizə çatdırmaq istəyirik ki, bu haqda bir qədər sonra. Qrupda keçirdiyi 6 oyunda cəmi 2 xal toplayan “Qəbələ”nin sonuncu olacağı əvvəlcədən məlum idi. Yalnız evdə və səfərdə PAOK heç-heçə edən komanda proqnozları doğrultdu. Üstəlik... İndi isə keçək yazının əsas məğzinə. “Qəbələ" qrup mərhələsinə kimi keçirdiyi 8 oyunda ümumilikdə 18 futbolçunun xidmətindən yararlanıb ki, onlardan 1/3-ü yerlilər idi - Ürfan Abbasov, Rəşad Sadiqov, Cavid Hüseynov, Asif Məmmədov, Samir Zərgərov, Elvin Camalov. Bəri başdan qeyd edək ki, yığmamızın üzvü Arif Daşdəmirovu yerli futbolçu kimi nəzərə almayacağıq. Çünki Arif AFFA-nın “qayğı"sı sayəsində milliləşdirilib və Azərbaycan futbolunun yetirməsi deyil. Həmin “altılıq"dan yalnız Rəşad Sadiqov bütün oyunlarda iştirak edib. Ürfan “Apollon"la oyunda aldığı qırmızı vərəqə üzündən, Cavid isə məlum hadisələr səbəbindən “Panatinoikos"la oyunları buraxıb. Samir 3 oyunda üst-üstə 136 dəqiqə meydanda olubsa, Asiflə Elvinin durumu daha acınacaqlıdır. Birinci 3 oyunda 13, ikinci isə cəmi 4-5 dəqiqə oynamaq imkanı qazanıb.Keçək qrup mərhələsinə. Burada vəziyyət daha acınacaqlıdır. 6 oyunun 5-də “Qəbələ"nin start heyətində 1 nəfər də olsun azərbaycanlı futbolçu olmayıb. Yalnız PAOK-la səfər oyununda baş məşqçi Roman Qriqorçuk Samir Zərgərovla Rəşad Sadiqovu ilk “11-lik"də oyuna buraxıb ki, hər ikisi də matçın sonuna kimi ukraynalı məşqçinin “sevimliləri" ilə əvəzlənib. Ürfan Abbasov və Asif Məmmədov qrup mərhələsinin oyunlarında iştirak etməyiblər. Burada ən çox oyun keçirən Samir Zərgərov və Rəşad Sadiqov olublar - uyğun olaraq 6 və 4 oyun. Amma Zərgərovun PAOK-la 2-ci oyunu çıxmaq şərtilə qalan 5 oyunda meydanda olduğu dəqiqələri toplasaq, güc-bəla ilə 1 hissə edir. Elvin Camalov 2 oyunda 17, Vaqif Cavadov isə 1 oyunda 13 dəqiqə forma geyinmək şansı qazanıb. Vəssəlam. Bu ilki avrokuboklar mövsümündə “Qəbələ" 14 oyun keçirib - 3 qələbə, 5 heç- heçə, 6 məğlubiyyət. Ümumi götürəndə yaxşı göstəricidir. Kaş ki, yayda sərgilədiyi oyunu qrup mərhələsində də göstərərdi. Təəssüf ki, son vaxtlar Qəbələ təmsilçisində zəifləmə hiss olunur. Premyer Liqadakı nəticələri də nəzərə alsaq, fikrimizin doğruluğunu sübut etmiş olarıq. İndi özünüz qərar verin - “Qəbələ"nin qrup mərhələsinə düşməsi futbolumuza ölkəmiz adına qazanılan xallardan savayı nəsə xeyir verdi? Demək olar ki, yox. Əgər təbliğat, Azərbaycan futbolunu tanıtmaq baxımından xeyir verdiyini düşünürsünüzsə... Belə təbliğat, xeyir bizə yaraşmaz. Bir vaxtlar Bakı “İnter"i Avropa Liqasının oyunlarına ilk “11-lik"də legionerlərlə çıxanda Kaxa Sxadadzeni qınayırdıq. Ki, yerli futbolçulara oynamağa imkan vermir. Məhz bu gedişlə “İnter" azarkeşlərə yadlaşdı, bu kluba sözün həqiqi mənasında nifrət edənlər çoxaldı. Bir vaxtlar “İnter"in maliyyə durumu yaxşı idi, legionerlərə güvənirdi. Bu il isə pulu olmadı. Məcburən özünün uşaq futbol məktəbinin bir neçə yetirməsinin xidmətindən yararlandı. İnsafən Mirsahib Abbasov, Abbas Hüseynov, Fuad Bayramov, İlkin Sadıqov heç də pis təsir bağışlamadılar. Hətta bəzi legionerlərdən daha yaxşı oynadılar. Görəsən, “Qəbələ" nə vaxt özümüzün yetişdirdiyi, özünün yetişdirdiyi futbolçulardan yararlanacaq? Bunun üçün məgər kasıblamaq lazımdır?

İlqar TAĞIYEV “Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail