Elnur Məmmədli: «Messi məni evinə qonaq çağrıb» - MÜSAHİBƏ

16.08.2011 | 7427 dəfə oxunub

Elnur Məmmədlinin adı olan yerdə təqdimat arxa plana keçir. Pekin Yay Olimpiya Oyunlarından Azərbaycana qızıl medal gətirən yeganə idmançı məhz o oldu. Elnur cüdoda bütün zirvələri fəth eləsə də, futbola da böyük maraq göstərir. «Barselona» və Messi fanatıyla söhbətə ölkə futbolundan danışmaqla başladıq.

Millinin oyunlarını izləyirsən?
- Əlbəttə, bir futbol azarkeşi kimi! Yığma komandamızın oyunlarını daim diqqətdə saxlayıram. Almaniya ilə oyunu stadiondan izlədim. Pis təsir bağışlamadı uşaqlar. İrəliləyiş var. Baxmayaraq ki, Qazaxıstana məğlub olduq. Bu futbolda hər şey olur.
Makedoniya ilə son yoxlama matçına necə, baxdın?
- Düzü, birinci hissədə pis oynamadılar. Hələ bir neçə epizod da oldu ki, qol vuraq. Futbolçularda ustalıq çatışmır. Fiziki cəhətdən sona qədər mübarizə apara bilmədik. Məhz bu səbəbdən makedonlara məğlub olduq. Belə baxanda, yoldaşlıq görüşü idi.
Dediyindən belə çıxır ki, millidə irəliləyiş var. Ancaq nəticələr onu göstərir ki, nəticə yoxdur...
- Mən oyun baxımından irəliləyişin olduğunu görürəm. Hardasa bizim futbolçular fiziki cəhətdən sona qədər çatdıra bilmirlər. Ona görə də nəticə uğursuz olur. Berti Foqtsla yaxından tanışam. Onunla bu barədə söhbətim olub. Futbolçularımızda inamsızlıq hiss olunur.
Səncə, millinin uğur qazanması üçün nə lazımdır?
- Mən "Barselona"nın azarkeşiyəm. Fikir vermisizsə, oyun zamanı komandanın 11 futbolçusunun hər biri hərəkətdə olur. Müasir idmanda fiziki hazırlıq böyük önəm daşıyır, ardınca texniki-taktiki hazırlıq gəlir. Taktika və texnikan olmasa belə, fiziki hazırlıq sayəsində rəqibə ciddi müqavimət göstərə bilərsən. Bizim futbolçuların bəzilərində döyüşkənlik çatmır. Başa düşürəm, Almaniya, Rusiya kimi güclü  komandalarla oynamaq çətindir. Ancaq mübarizə aparmadan da təslim olmaq düzgün deyil. Fiziki cəhətdən hazırlıqlı olsalar, bu cür güclülərə öz «dişlər»ini göstərə bilərlər. Bu da getdikcə düzələcək. İnşallah, futbolumuzun gələcəyi yaxşı olar.
Berti Foqts 3 ildən artıqdır Azərbaycandadır. Bundan sonra onun milliyə nə xeyiri dəyəcək?
- Gəlin, hər şeyi baş məşqçinin üzərinə atmayaq. Foqts dünyaca tanınmış məşqçidir. O da istəyər ki, komandası uğur qazansın. Əslində futbolçularımızın təcrübəsinin az olması buna imkan vermir. Mən razıyam ki, milli qrupda 5-dən artıq xal toplaya bilməyib. Amma oyun baxımından hiss olunur ki, nizam-intizam var. Bircə o qalır ki, bir qədər dözüb, baş məşqçiyə vaxt verək.
Yığmanın başında əcnəbi məşqçinin olmasını üstün tutursan, yoxsa yerlinin?
- Şəxsən mən bunda elə bir fərq görmürəm. Elə cüdoda milliyə yerli məşqçi rəhbərlik edir. Burda idmançının yarışa hazırlığından çox şey asılıdır. Futbolda məşqçinin taktika amili böyük rol oynayır. Ancaq nə bilmək olar ki, futbolçular baş məşqçinin verdiyi tapşırığın öhdəsindən gəlmək gücündə deyillər. Çünki almanların iş planında güc amili böyük önəm daşıyır. Ola bilsin, futbolçularımız da bu baxımdan çətinlik çəkirlər. Yəqin ki, bu gün əcnəbi məşqçinin millidə işləməsi gərəklidir ki, onu saxlayırlar. Boş yerə bura gətirməzlər. Nəsə bilirlər ki, etimad göstəriblər. Sabah əcnəbi lazım olmasa, millini yerli məşqçiyə tapşıracaqlar.
Millinin yaxın illərdə dünya və Avropa çempionatlarının final mərhələsinə vəsiqə qazanması inandırıcı görünür?
- İndiki halda bir qədər çətindir. Biz indidən komandamızın yaxşı oynayıb, uğurlu nəticə əldə etməsini düşünməliyik. Ola bilsin, 3-5 ildən sonra yeni nəsil gəlsin, milli uğur qazansın. Hər şey hazırlıqdan irəli gəlir. Bəlkə də bir neçə ildən sonra daha yaxşı məşqçi gəldi və millimizi final mərhələsinə daşıdı. Hər şey ola bilər.
Ölkə çempionatını izləyirsən? Premyer liqanın səviyyəsi səni qane edir?
- "Neftçi", "Bakı" və "Xəzər Lənkəran"a azarkeşlik edirəm və oyunlarını maraqala izləyirəm. Onların çempionatda bir-birləriylə qarşılaşmaları maraqlı keçir. İddialı komandalarda nəsə baxımlı oyun görmək mümkündür. Ancaq ümumilikdə səviyyə o qədər də yüksək deyil və əksər oyunların baxımsız olması azarkeşlərin stadiona axınının qarşısını alır. Klublar arasında intriqa daha da artsa, səviyyəli legionerlər olsa, onda tamaşaçı da arenaya gələr. Çünki baxımsız oyun gənclərin futbola marağını öldürür. İnan ki, cüdo üzrə ölkə çempionatına maraq futboldan daha böyükdür. Bu yaxınlarda "Sərhədçi"də keçirilən yarışda ayaqüstə durmağa belə yer yox idi.
Sənə haşiyədən kənar bir sual: cüdo üzrə milli güclüdü, ya futbol?
- Nəticələrinə görə, əlbəttə ki, cüdo! Bizdə dünya, Avropa və Olimpiya çempionları var. Ümumiyyətlə fərdi idman növlərində inkişaf yüksək səviyyədədir.
Futbolçularla münasibətin var?
- Rəşad Sadıqovla dostuq. Kamran Ağayev və millinin bir sıra üzvləri ilə münasibətim yaxşıdır. Dostum Rəşadın oyununu çox bəyənirəm. Həqiqətən də güclü müdafiəçidir.
Bəs dünya miqyasında hansı komanda və futbolçunu bəyənirsən?
- Klublardan "Barselona", ölkələrdən İspaniyanın azarkeşiyəm. Ən çox bəyəndiyim futbolçu isə Lionel  Messidir. Onunla Pekin Yay Olimpiya Oyunlarında görüşmüşəm. Bir cüdoçu həmkarım var, məni Messi ilə yaxından tanış etdi. Hətta yaxın vaxtlarda Messinin qonağı olacağıq. Belə fikrimiz var ki, builki «El Klassiko»nun bir oyununa canlı baxaq və oyundan sonra onunla görüşək. Messi bizi şəxsən öz oyununa və evinə qonaq çağırıb. Həyatda ən böyük arzum da «El Klassiko»nu canlı izləməkdir.
Bəs ən zəhlən getdiyin futbolçu kimdir?
- Kriştianu Ronaldo. Özündən çox razıdır. Meydanda özünü çox yekəxana aparır. Belə baxanda, Messinin yanından yel olub ötə də bilməz. "Barselona" ilə "Real"ın oyununda həmişə bu futbolçunun özünü necə aparmasına fikir vermişəm. Ronaldo Qvardiolaya əl atandan sonra isə ümumiyyətlə gözümdən düşdü.
Etiraf edək ki, olimpiya çempionluğu həyatınızı tam dəyişdi... 
- Baxır nə mənada.
İstər maddi, istərsə də məşhurluq baxımından... 
- Bunlar təbiidir. Biz olimpiya çempionu olmaq üçün nə yollardan keçmişik... Nə qədər ayaq üstə qalmışıq. Adamı infarkt vura bilərdi. Bunu Allah bilir, bir də şəxsi məşqçilərimiz. Qıraqda durub, "filankəs olimpiya çempionu oldu" demək asandır. Onların "oldu" sözünü deməsi üçün biz, o qədər yarışlara getmişik, o qədər təlim-məşq toplantılarına qatılmışıq, ac-susuz günlərimiz olub, yol pulu olmadan qalmışıq, yeri gəlsə, evdə yeməyə çörək tapmamışıq. Mən 8 yaşımdan idmana getməyə başlamışam. İndi qohum-qonşu məni görəndə "sənin özündən böyük idman çantan var idi. Halal olsun" deyirlər. Mən Bakıxanov qəsəbəsindəki Respublika Olimpiya İdman Litseyində məşq etmişəm. 28 may metrosu yaxınlığından Bakıxanov qəsəbəsinə piyada getmişəm. İstər qarında, istər də qışında... Onları yada salanda, deyirsən ki, doğrudan da olimpiya çempionu olmaq üçün əziyyət çəkmişəm. Elə adam varmı ki, yatsın-yatsın, sonra da döşək üzərinə çıxıb, olimpiya çempionu olsun? Bu, mümkün deyil. Olimpiya çempionluğu üçün ən azı 12-13 il məşq etməlisən. Mən olimpiya çempionu olanadək 2 dəfə - 2005-ci və 2007-ci ildə dizimdən əməliyyat olunmuşam. Sonra da 2009-cu ildə. İndi də bel disklərimdə yırtıq var. O da ağrıyır. Nə bilim e... Bu, idmandır da... Böyük idman həm də böyük zədələr, problemlər deməkdir. Ona görə də boş söhbətdir, deyirlər ki... Camaat 3 kq arıqlaya bilmir, mən olimpiada öncəsi 15 kq çəki saldım. Bununla heç kimə minnət qoymuram. Demirəm ki, mən bunu etməməli idim. Etməli idim və etdim də. Çünki bu, mənim sənətim, işimdir. Sadəcə, kim istər ki, uduzsun? Sizin özünüzü götürək, istəməzsiniz ki, vəzifəniz artsın, maddi vəziyyətiniz yaxşı olsun? Həmçinin də biz. Biz də istəyirik ki, idmanla məşğul olmağımızın qarşılığını görək. Sağ olsun cənab prezidentimiz. Bizə diqqət və qayğı göstərir. Prezident təqaüdü ayırıb, Heydər Əliyev Fondundan mükafat aldıq. Bizi işlə təmin etdi. Ondan çox razıyıq. Allah canını sağ eləsin. Bizim əziyyətimizi itirmirlər. Ağacı əkib-becərirsən, meyvəsi yetişir, onu yeyəndə adama ləzzət edir. Eləcə də biz. Əziyyət çəkmişik, dövlət də nailiyyətimizi dəyərləndirir.



  #1   Adınız: zuleyxa abdurrazaklı;   E-mail: [email protected]

01.09.2011 03:18

salam.bilirem her üey ucun eziyyet cekmek lazımdı.menim de c.ronaldodan zehlem gedir elnurla fexr eleyirem ama ona demik isterdim ki, elnur,sen ozun de ondan az lovğa deyilsen

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail