Böyükağa Hacıyev "Neftçi"də yox, "Bakı"da işləmək istəyir - MÜSAHİBƏ

20.11.2014 | 7121 dəfə oxunub

Böyükağa Hacıyevi redaksiyamıza dəvət etdik. Sağ olsun, dəvətimizi qəbul edib gəldi. Onunla elə millimizin baş məşqçisinin kim olacağından, Azərbaycan – Norveç oyunundan, işsiz günlərindən, bir qədər də çalışdığı dönəmdən söhbət etdik.

- Başlayaq elə Azərbaycan – Norveç oyunundan. Millidə yeni nəsə gördüz?

- Nə deyim, axı görünən dağa bələdçi lazım deyil. Berti Foqts bu komandaya düz 6 ildi öz fəlsəfəsin yeridirdi. Bundan xilas olmaqda asan məsələ deyil. Foqtsun oynatdığı futbolu da hamımız görmüşdük. Bundan xilas olmaq üçün isə ən azı 3-4 aya ehtiyac var.

- Böyükağa müəllim, siz Berti Foqtsun futbolunda hansısa fəlsəfə görmüşdüz ki?

- Bizim bəzi mütəxəssislər hətta Foqtsu dahi sayırdı.

- Söhbət sizdən gedir...

- Mən Foqts bura gələn gündən, gedənə kimi onunla mübarizə apardım. Onunla futbol dilində danışmaq istədim, alman isə həmişə məndən qaçaq gəzdi. Foqts futbolçu kimi dahi ola, məşqçi kimi Almaniya millisin avropa çempionu edə bilər. Axı bunlar 20 il əvvəl baş verib. Onun da erası keçmişdə qalıb. Necə deyərlər, "dünəninə əhsən, gəl, bu gündən danışaq”. Bir məşqçi hər gün uğur qazanmaq istəmirsə, ondan heç nə olan deyil. Çünki futbol dəbdə olan paltar kimidir. Tez-tez dəb dəyişir. Bir zamanlar ən yaxşı futbolu braziliyalılar, sonra ingilislər, daha sonra hollandlar oynayırdı. Son bir ili çıxsaq, ondan qabaqkı uzun illərdə ən yaxşı oyunu ispanlar göstərməyə başladı. İndi isə ən yaxşı futbolu almanlar nümayiş etdirir. Dünya çempionatında da almanlar sübut etdilər ki, hamıdan güclüdürlər. Bu da baş məşqçi Lövün fəlsəfəsi idi. Almanlar dünya çempionu olublar deyə, Foqts hamıdan güclü olduğun düşünməməlidir. Hətta bir iki il əvvəl Matteus açıqlamasında bildirmişdi ki, o vaxt hazır komanda olublar, Foqts olmasa da, çempion olacaqdılar. Yəni o nəsil buna hazır olub. Necə ki, ispanlarda da belə idi.

- Xatırlayıram, ötən qış Antalyada mətbuata açıqlamanızda "Berti Foqts qardaşdı” deyə açıqlama vermişdiz...

- Mən Foqtsla sinifi düşmən deyiləm axı. Biz Antalyada olanda Berti bizim oyunları daimi olaraq izləyirdi, məşqlərimizə baxırdı. "Fənərbaxça”yla da oyunumuzda stadiondaydı. Mən Foqtsa "Neftçi”nin necə futbol oynadığın göstərirdim. İndi futbolda elə bir tendensiya yaranıb ki, müdafiədən oynamaq heç bir effekti vermir. O kişi də bundan əl çəkmirdi.

- Deyir, gedənin dalınca danışmazlar. Foqtsu qoyaq bir kənara, Azərbaycan – Norveç oyununda millimiz adına yeni nə gördüz?

- Elə bir köklü dəyişiklik yox idi. Mən daha əvvəl də demişdim, axı Mahmud Qurbanov 10 günə neyləməliydi ki?! Foqtsdan 6 ilə istəmədiklərin, 10 günə Qurbanovdan tələb edirlər. Mahmuddan nəsə tələb etməyə haqqımız yox idi. Millini tapşırırlar Mahmud Qurbanova, sonra da üzünə deyirlər ki, sən burda müvəqqətisən. Yeni baş məşqçi əcnəbi olacaq. Axı belə olanda, Mahmud hansı həvəslə işləsin? Açıq aydın, ucadan qışqırıb, baş məşqçinin əcnəbi olduğun bəyan edirlər.  Ay qardaş, adamda həvəs qalar, işləmək üçün?! Bunlar qışqıqır ki, milliyə əcnəbi baş məşqçi lazımdır. Bir nəfərdə ortaya çıxıb demir ki, niyə?

- Niyə?

- Mənim üçün də maraqlıdır. Bu, ən ağır tapmacadır. Bunu tapmağa bir beyin azlıq edər.

- Siz də tapmasaz, daha kimdən soruşaq?

- Yox, mən tapmışam. Sizə açıq deyim, sabah bir legioner məşqçi gəlir. Bununla da alman fəlsəfəsi ortadan qalxacaq. Tutaq ki, italiyalı gəldi, öz sistemin oturtmaq üçün ona da ən azı 2-3 il lazım olacaq. İtaliyada yaxşı məşqçi varsa, getsin, "Roma”ya başçılıq etsin. "Bavariya” gəlib 7-sin vurur. Niyə səslərin çıxartmırdılar?

- Siz millinin baş məşqçisi olmaq istəmirsiz?

- Yox, indi mənim belə bir düşüncəm yoxdu.

- Bəs nə vaxt olacaq?

- Milli komanda hər bir məşqçinin şərəflə çalışacağı yerdi. Çox məsuliyyətli işdir. Bir klubda işləyirsənsə, müəyyən azarkeşlər və klub rəhbərliyi qarşısında məsuliyyət daşıyırsan. Millidə çalışanda isə sən 10 milyon xalqın və ölkə prezidentinin qarşısında cavabdeh olursan. Bu, çox ağır işdi.

- Məgər "general olmaq istəməyən əskər, əskər deyil” məsəlin hər dəfə çəkən siz deyilsiz?

- Bəli, mən olmuşam, yenə də deyirəm. Əgər bu gün, biz ağzımızı açmadan millinin baş məşqçisinin əcnəbi olacağın deyirlərsə, onda mənim danışmağımın, istəyimin nə mənası var? Qısaca deyirlər ki, özünüzü dağıtmayın, məşqçi əcnəbi olacaq. Mən neyləməliyəm? Gəlin gözləyək, ən yaxşısı budur. Yəqin, bunun sonun mən yox, siz görəcəksiz.

- Niyə siz görməyəcəksiz?

- Azərbaycan millisi Xorvatiyaya 6 cavabsız qolla uduzandan sonra 67 yaşlı Foqts açıqlama verir ki, mən bu milliylə gələcəyimi görmürəm. Kişinin 67 yaşı var, bir ayağı gora titrəyir, hələ gələcəyin düşünür. Mənim 56 yaşım var, amma gələcəyi fikirləşə bilmirəm. Onunla mənim də fərqim budur. Burda işləyən əcnəbi Azərbaycan mentalitetin mükəmməl bilməlidir. Bu isə mümkün deyil.

- İşsiz günləriniz necə gedir?

- Düzün deyim, hiss etmirəm. Dostlar işsiz olduğumu düşünməyə imkan vermir. İndi başım daha çox təhsilə qarışıb – Pro kateqoriyasın almağa. "Neftçi”də işlədiyim 3 ildən çox müddətdə həqiqətən yoruldum. 3 ildə "Neftçi”də ardıcıl olaraq nəticələr verdim. Bunlar havayı qazanılmır axı.

- "Neftçi”dən getməyiniz çox maraqlı oldu. Bu komandada sonuncu oyununuz olan "Simurq”la görüşdən sonra açıqlama verdiz ki, getməyəcəksiz və belə bir fikriniz də yoxdur. Amma cəmi bir iki gün sonra istefa verdiz...

- Mən bir gecədə qərarımı dəyişə bilərəm. Məşqçinin çamadanı həmişə yanında hazır olmalıdır.

- Kənardan belə göründü ki, öz xoşunuzla getmədiz...

- Mən ordan özüm getməsəm, heç kim, heç nə deməzdi. İnanma ki, bu qədər nəticələrin qarşısında mənə kimsə "get” deyərdi "Neftçi”də. Su bir yerdə qalanda qoxu verər. Gərək bunu da yaddan çıxartmayaq.

- Ferqyusson "Mançester Yunayted”də 27 il işlədi, heç qoxusu gəlmədi...

- Düzdü, Ferqyusson uzun illər bu komandaya rəhbərlik etdi. Siz isə burda bir məqama fikir verin.  Bu illərdə  "Mançester Yunayted” hər mövsüm heyətə 5-6 yeni futbolçu cəlb edirdi. Ya futbolçular dəyişməlidir, ya da rəhbərlik. Ferqyusson bu siyasətlə də hər il nəticə verirdi.

- Bəs sizin hər il "Neftçi”yə yeni futbolçular gətirmənizə nə və ya kim mane olurdu?

- İndi "Neftçi” elə bir komanda deyil ki, hər il 10 futbolçu dəyişsin. Əvvəla, klubun büdcəsi buna imkan vermir. İkincisi də, bizdə futbolçu tapmaq çətindi. Buna görə də, əsas diqqət legionerlərə yönəlir. Məşqçi gözləməməlidir ki, ona qapını nə vaxt göstərəcəklər. Mən də çamadanımı götürüb çıxdım. "Neftçi” mənim üçün əziz klubdur. Orda lazımı qədər nəticə verdim. "Neftçi” mənə atamdan qalmayıb ki, sabah da oğluma keçsin.

- Yenidən "Neftçi”yə qayıdarsız?

- İndi gündəmdə belə bir məsələ yoxdur. Ümumiyyətlə, qayıtmaram. Çünki belə etsəm, mənimlə bir sıra məşqçilər arasında heç bir fərq olmaz.

- Son illərdə "Neftçi”yə siz iki dəfə, Arif Əsədov iki dəfə, Tərlan Əhmədov və Nazim Süleymanov rəhbərlik edib. Ortada isə dəyişən oyun üslubu yoxdur. Bəlkə heç bu komandaya baş məşqçi lazım deyil?

- Siz elə fikirləşirsiz, mən isə başqa cür. "Neftçi”də indi başqa futbol oynanılır. İndi bu komandada Erik Ramos yoxdur. Halbuki mən onu Azərbaycanda ən yaxşı dayaq yarımmüdafiəçisi hesab edirəm. "Neftçi” artıq əvvəlki kimi hücum futbolu oynamır. Siz bunları bilmirsiz, bilirsiz, sadəcə məndən söz alırsız. Ola bilməz ki, bu qədər fərq olmamış olsun. Hər məşqçinin futbolçuya başqa çıxışı var.

- Azərbaycan çemionatında ilk klubunuz "Bakı” olub. İndi bu komandadan dəvət gəlsə, qəbul edərsiz?

- Azərbaycan futbolunun dahi məşqçisi olan Əhməd Ələsgərov həmişə elə klub  götürürdü ki, o komanda axrıncı yerə olurdu. Əhməd müəllim isə o komandanı iddialılar sırasına qaldırırdı. Bununla da o kişi adın futbola yazdıra bildi. Hər şey qismətdən aslıdır. "Bakı” mənim düşmənim deyil ki. Bu komandadan mənə təklif olsa, böyük məmnuniyyətlə gedib onlara kömək edərəm, uğurları üçün çalışaram. Nə oldu, dünənə kimi "Bakı”nın prezidenti Hafiz Məmmədov əla kişi idi, indi yox? Hafiz müəllim həmişə qardaşımız olub və Azərbaycan futbolunun inkişafı, ölkəmizin dünyada tanınması üçün əlindən gələni edir. Mənə təklif olsa, bəli, "Bakı”da işləyərəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail