Rəşad Sadiqov: “Rəvan”la oyunda meydana yalnız qələbə üçün çıxacağıq"
18.10.2013 | 6656 dəfə oxunub
“Rusiya ilə matçda komandamız sona kimi döyüşdü və güclü rəqibdən xal almağı bacardı”. Stadium.az xəbər verir ki, bunları “Neftçi”nin futbolçusu Rəşad Sadiqov son açıqlamasında deyib.
Təcrübəli yarımmüdafiəçi Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki son oyununda Rusiyaya qarşı çıxış etməsə də, milliyə hər zaman kömək etməyə hazır olduğunu bildirib: “Bu oyunda meydana çıxmasam da komanda yoldaşlarımın qazandığı nəticəyə görə azı onlar qədər sevindim və özüm də hər an meydana çıxmağa hazıram. “Neftçi”dən olan komanda yoldaşlarım da özlərini yaxşı tərəfdən göstərdilər. Qrup matçlarını 9 xalla başa vurmağımız məncə yaxşı nəticədir”.
Sadiqov növbəti turdakı “Rəvan”la oyun barədə də fikirlərini açıqlayıb: “Artıq seçmə mərhələnin oyunları başa çatdığından bütün diqqətimizi çempionata yönəltmişik. Həftə sonu “Rəvan”ı qəbul edəcəyik. Rəqibin aşağı pillələrdə qərarlaşması bizi arxayınlaşdırmır. “Rəvan”la oyunda meydana yalnız qələbə üçün çıxacağıq. İnanıram ki, “Neftçi”nin sadiq azarkeşləri bu oyunda da bizi tək qoymayacaqlar”.