Rəşad Sadıqov: ”Son zəng”ə getməyə ayaqqabım yox idi” Müsahibə

08.10.2013 | 5023 dəfə oxunub

Lent.az-ın “Məktəb illəri” layihəsinin növbəti qonağı “Qarabağ”lı Rəşad Sadıqovdu. Söhbət “Qarabağa” futbol klubunun kapitanı, 14 nömrəli oyunçusu Rəşaddan gedir. O, bizə futboldan tutmuş bağça sevgisindən, ona gülən qızlardan və “krossovka”larından da danışdı. “Krossovka”nın məktəb illərinə nə dəxli var? Ən yaxşısı özünüz oxuyun. Rəşad Sadıqovun “Məktəb illəri”ni. 

“Yox, ağlamadım. İlk müəlliməm Sənubər xanımıydı. Bir az sərt idi. Üstündən iyirmi ildən çox keçib, çox şeylər yadımda deyil. Amma yadımdadı, ikinci sinifdən beşinci sinfə qədər mənə İldırım müəllim dərs keçdi. O da Sənubər müəllimə kimi sərt və tələbkar idi”. 

“Məktəbə zorla göndərirdilər” 

- İlk dəfə 1989-cu ildə Suraxanı rayonu 226 saylı orta məktəbə getmişəm. Bir il orda oxuyandan sonra Nərimanova köçdük, məktəbimi dəyişdim. Qalan on ili 34 nömrəli məktəbdə oxudum. Açığı, dərs oxumağı sevməzdim. Tələbkarlığı yalnız futbolda sevmişəm. Mənə qarşı daim tələbkar olublar. Mən də çalışmışam tələb olunanı maksimum yerinə yetirəm. Bir işi sevəndə insanın istər-istəməz həvəsi də çox olur.

Məktəbi sevmirdim. Getmək istəmirdim, evdən zorla göndərirdilər. Səhər yuxudan tez oyanmaq, dərsləri hazırlamaq gələndə dilxor olurdum. Tətil günləri, bayram olanda sevincimin həddi-hüdudu olmazdı. Riyaziyyat, ədəbiyyat, bir də rus dilinə həvəsim vardı. Ədəbiyyat müəlliməm Misidini və rus dili müəlliməmi, Xatirə xanımı çox istəyirdim. Kimya müəlliməmi çox xoşlasam da, dərsini heç sevməzdim.  Fizika, kimya dərsləri mənə maraqsız gəldiyi üçün dərslərə zorla girirdim. İdman dərsi mənim üçün istirahət idi. Sevdiyim oyunları oynayırdım; futbol, voleybol.... Dərslərimi səkkizə qədər yaxşı oxumuşam, əslində. Amma doqquzda futbola daha çox zaman ayırmağa başladım. Məktəbə nə vaxtım, nə də istəyim vardı. O da qiymətlərimə təsirini göstərirdi. İdman dərsindən qiymətim daim əla olurdu. 

 “Dəcəl olmuşam”

 - Uşaq vaxtı çox dəcəl olmuşam. Anamı məktəbə çağırıb deyirdilər ki, qoy dərsə gəlməsin, biz qiymətlərini yazacağıq. Gülüb-danışmağı çox xoşlayırdım. Xüsusi ilə yuxarı siniflərdə. Adam böyüdükcə dingildəməyə başlayır, istəyir özünü göstərsin, qızların xoşuna gəlsin. Belə şeylər çox olub. İndi yadıma düşəndə bəzən gülməyim gəlir, bəzən də utanıram hərəkətlərimdən. Mən bir az aşırdım sərhədi. Qızları müdafiə etməyi də sevərdim, cırnatmağı da. Tez-tez məndən küsərdilər. Sinfimizdə bir qız vardı, adını çəkmək istəmirəm, ailəlidi. Ən çox onunla zarafat edirdim, inciyirdi. Amma əslində xətrini çox istəyirdim. Xeyir işində də iştirak etmişəm.

 Sevgi, məhəbbət bir az ağır “tema”dı (Gülür). Qızların “anket” dəftəri olardı. “Kimi sevirsən?” sualına cavab yazanda həriflərin yerinə  nöqtələr qoyurdum. İlk sevgimi bağçada tapmışam. O qızı görəndə öz aləmimdə utanırdım. Elə bilirdim ki, mənim ondan xoşum gəldiyini o bilir. Ondan sonra da sevgilərim olub. Amma uşaq sevgisi. Yuxarı siniflərdə isə başqa cür olur. Adam elə fikirləşirdi ki, məktəbdən kimisə gözaltı eləməli, bir yerdə böyüməli və onunla  evlənməlidi. İndi hər şey başqa cürdü. 

“Topla yatıb, topla dururdum”

 - Futbola marağım elə məktəb illərindən başlayıb. On yaşım olanda Tofiq Bəhramov adına futbol məktəbinə məşqlərə gedirdim. Müəllimim Vaqif Paşayev idi. Vaqif müəllim bizdən tələb edirdi ki, həmişə özünüzdən yaşda böyük uşaqlarla oynayaq. Belə izah edirdi ki, bu bizim gələcək inkişafımıza müsbət təsir edəcək. O vaxtlar adamın idmana həvəsi də çox olur. Topla yatıb, topla dururdum. O illərə baxanda həvəsim azalıb. Yaş artıb, qayğılar artıb. Başqa məsuliyyətlər var. Həyat tək futbol deyil.

Nərimanov rayonu, məktəblər arası futbol yarışı keçirilirdi. Onda, ya on birdə oxuyurduq. Elə oldu ki, məktəbimizə qələbə qazandırdıq. Oyunları uda-uda gəlirdik, finalda “penallaşma” oldu. Beş qoldan birini də mən vurmuşdum. Ona görə də, həmin ili bütün müəllimlər də, direktor da mənə güzəştə getdi. Heç biri gözləmirdilər birinci yer tutacağımızı. Məktəbin qarşısında bizi toplayıb təbrik etdilər. Bir müddət məktəbdə lovğalana-lovğalana gəzirdik. 

 “Qızların bu hərəkətindən pərt olmuşdum”

 - Son zəng?! Bir o yadımdadır ki, son zəngə geyinməyə ayaqqabım yoxuydu. Bir “krossovka”m vardı, o da cırıq. Mama onu tikdirdi, sahmana saldı, geyindim. Və bu günə qədər yadımdadır; qızlar mənim “krossovka”ma baxıb gülmüşdülər. Məktəbimizin imkanlı, yekəxana qızlarıydı. İnsanlığa yox, geyimə dəyər verirdilər. Mən özüm elə olmamışam deyə, qızların bu hərəkətindən çox pərt olmuşdum. Amma özünü sındırmırdım, büruzə vermirdim. O vaxtdan bəri onlarla qarşılaşmamışam. Bu günə qədər də bu hadisə tez-tez yadıma düşür. Bir bu günümə baxıram, bir də on beş-iyirmi il geriyə. Bu gün Allahıma çox şükür hər şey yaxşıdı.

Sinif yoldaşlarımdan sadəcə bir nəfərlə hələ də əlaqə saxlayıram. Ağayla iyirmi ildən çoxdur ki, dostuq. Ona sinif yoldaş gözüylə baxmıram. Çünki məktəbdən əvvəl də dostluğumuz olub, bir yerdə böyümüşük.

O illərə qayıtmaq istəyərdim. Əsasən də on və on birinci siniflərə. Orda adamın ağlı çox şeyi dərk etmir. O vaxt həyat başqa cür görünürdü. Daha, gözəl, daha saf. Bu qədər çirkinlikləri görmürdük. Hərdən öz-özümə deyirəm ki, qayıdım o illərə, elə o illərdə qalım. Şəxsi həyatla da bağlı, futbolla da bağlı buraxdığım bir çox səhvləri təkrarlamazdım. Hər sahədə buraxdığım səhvlər çox olub. Futbolda elə səhvlər buraxmışam? O klubdan bu kluba keçmək, bir klubda çox qalmaq, yanlış seçimlər... Bu da karyerama mənfi təsir edib. Sonuncu seçimimdən isə razıyam: “Qarabağ”...



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail