"Narahatam ki, futbolçu birdən topu yox, adını çığıran qadını düşünər" Müsahibə

21.08.2013 | 4272 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Lent.az-ın "Qadın klubu" rubrikasının qonağı olub. Həmin yazını təqdim edirik:

- Qurban müəllim, son illərdə futbol aləmində eşitdiyim üçüncü adsız. Birinci Tərlan Əhmədovu tanımışam. Qapımıza vurduğu o məşhur qolu ilə. Sonra Berti Foqts... Və nəhayət ki, ürək açan bir ad - Qurban Qurbanov. “Gefle” ilə oyunda stadiondaydım, əsas diqqətimi o çəkdi ki, ətrafdakı bütün qadınlar sizin adınızı çağırır, hər şeyi sizdən umurdular. Son vaxtlarda sizə qarşı yaranan bu xüsusi diqqət, həm də qadınlar tərəfindən həyatınızda nəyi dəyişir?

- Görürsüz, birinci Tərlan Əhmədovun adını eşitmisiz. Futbol elə oyundu ki, orda daima belə hallar olacaq. Öz qapısına qol vuran da, qol çıxaran da, məğlubiyyət də. Futbolun qəribəliyi də ondadır ki, nəticələr gözlənilməz olur. Amma mənə elə gəlir ki, mənim haqqımda bu qədər yüksək fikirdə olmaq hələ tezdir. Baxmayaraq ki, altı illik məşqçi təcrübəm var. Necə ki, Azərbaycan futbolu son illərdə formalaşmağa başlayıb, mən də elə. Onunla bir yerdə formalaşmağa başlamışam. Futbolda o qədər uğurlarımız olmayıb ki, kiçik uğurlar belə bizim üçün böyük uğura çevrilir. Bu, başa düşüləndir. Amma məncə bu Azərbaycan üçün kiçik uğurlardır. O ki, qaldı, son vaxtlarda yaranan bu...

- Populyarlığa...

- Bəli. Biz gərək fikrimizi çox o tərəfə yönəltməyək. (Gülür) Ola bilər ki, özümüzdən asılı olmayaraq, futbolu az fikirləşək. Bu diqqət hardasa bizə mane ola bilər. Ən başlıcası da qadınların futbola maraq göstərməsi, futbolçuları, o cümlədən də məşqçiləri tanımağa başlamaları...

- Qadınların futbola maraq göstərməsi yaxşı əlamətdir?

- Ümumi rəyə baxanda, Avropa futbolu ilə yan-yana qoyanda bu çox yaxşıdır. Amma mənim öz fikrimə qalanda qadınların futbolla maraqlanması o qədər də yaxşı iş deyil.

- TV-dən izləyirik ki, Avropa komandalarının oyununda qızlar üzlərinə, bədənlərinə bayraqlar çəkir, adlar yazır. Kamera da onları göstərir ki, bu filan oyunçunun pərəstişkarıdır...Hətta oyunu qazanması üçün müxtəlif həvəsləndirici vədlər də verirlər...

- (Gülür) Bəlkə bizim futbol da o səviyyəyə qalxsa, bizim üçün adi bir şey kimi görünər.

- Onda yaxşı olar?

- Yaxşı olar. Həm də onda çox da özümüzü itirmərik. Yəni futbolçular özlərini itirməz.

- Demək qadını stadionda ancaq futbolçu özünü itirər deyə görmək istəmirsiz?

- Narahatam ki, futbolçuya mane ola bilər. Birdən onlar topu yox, adlarını çığıran qadını düşünməyə başlayarlar.

- Siz narahat olmayın. Onsuzda bizim azarkeşlər oyunçuların yox, sizin adınızı çağırır.

- (Gülür) Yenə də də...

- Siz sırf məşqçi kimi düşünürsüz. Hamının yerinə, məsuliyyətlə...

- Bəli. Səmimi danışaq, çox nadir insanlar var ki, qazandığı kiçicik uğurdan sonra öz oyununu, həyat tərzini qoruyub saxlaya bilir. Əksər halda insan bu qədər diqqətin qarşısında özünü itirə bilər. Özünə gələndə isə çox gec olur...

- Təcrübənizdə elə adamlar olub?

- Olub, hələ də var.

- Futbolçunu yoldan çıxaran ancaq qadın diqqətidir?

- Ümumiyyətlə, şöhrət. 3-5 oyunu uğur əldə elədin, hansısa bir mərhələyə gəlib çıxdınsa... Bilirsiz, biz uğurların sayını nadir hallarda görürük. Bəlkə zamanla bu uğurlar stabil olsa, bir futbolçu illərlə oyunda eyni uguru göstərsə, onda bu onun həyat tərzinə çevrilər və o zaman narahat olmağa dəyməz.

Və başlayırıq dünya futbolu ilə müqayisə etməyə. “Hələ çox təcrübə qazanmalıyıq” deyir. Türkiyə ilə müqayisə edəndə “Biz cəmi doqquz milyonuq. Onlar isə yetmiş milyon” deyir:

- Rəqəmlər hər iki baxımdan önəmlidir. Həm futbolçu yetişdirməkdə - biri var sən doqquz milyondan futbolçu yetişdirirsən, biri də var yetmiş milyondan. Çox fərqli rəqəmdir. Biz futbolumuzu bir yerdə inkişaf etdirməliyik. Mən bir məşqçi, siz isə bir azarkeş olaraq. Məsələn, “Gefle” ilə son oyunda stadionda hardasa 25 min azarkeş var idi. Biri var futbolçu 25 min azarkeş qarşısında özünü necə hiss edir, bir də var 300-500 azarkeş qarşısında.

- Anlamadıq. Azarkeş olur vay, olmur vay. Olması yaxşıdır, amma deyirsiz yoldan çıxarlar...

- (Gülür)  Həmən oyunda əlli faiz oyunçuların əməyi var idisə, əlli faiz də azarkeşlərin rolu böyük oldu. Son on beş dəqiqəni demək olar ki, azarkeşlər dayanmadı. Ancaq qışqırıb qol tələb etdilər. Bilirsiz, oyunun sonunda bu daha çox lazmdı. Çünki oyunun sonu elə andır ki, güc get-gedə azalır, əsəblər pozulur, psixologiya dəyişir. Oyun bitir, sən hələ qalib gələ bilmirsən və birdən görürsən ki, bir stadion adam sənin adını qışqırır... O zaman sənə xüsusi güc gəlir. Mən o oyundakı azarkeşləri heç vaxt unutmayacam. O tam başqa bir oyun idi. Son on beş dəqiqəni tam başqa cür azarkeşlik etməyə başladılar. Bu bizdə görünməyən bir şeydir.

Bizə çay süzərkən fotoqrafın anı yaxalamaq cəhdini tutur:

- Çəkirsən ki, qızlara çay süzürəm, hə? (Gülür)

- Futbolda da tanışlıq keçərlidir?

- Yox. Futbolda bu mümkün deyil...

- Hərdən yazırlar ki, filan oyunçunu meydana buraxmırlar...

- Onu yazan o oyunçuların qohumlarıdır. (Gülür) Zaqatalada məndən nə qədər insan inciyib ki, futbolda övladlarına kömək etmirəm. Mənə kimisə qohum kimi, tanış kimi tapşırmaq lazım deyil. Mən o adamlardanam ki, həmişə düşünmüşəm ki, qohumdusa əlimdən gələn köməyi etməliyəm. Qohum nədən ötrüdür axı? Yanıma göndərirlər, azyaşlı qruplarımıza göndərirəm. Şərait yaratmaq borcumuzdu. Amma sonra görürəm potensialı yoxdur, vaxtında xəbər edirəm ki, boşuna ümidlənməsin. Uşağın potensialını ona nə qədər tez bildirsək, o qədər çox kömək etmiş olarıq.

- Azyaşlılardan danışmışkən, oğlunuz da futboldadır...

- Hə, on bir yaşı var. “Neftçi”nin azyaşlısındadır.

- Niyə “Neftçi”? Atasının yolu ilə?

- Yox, yaşadığım yerə yaxındı deyə elə o vaxtdan da “Neftçi”yə qoymuşdum. “Qarabağ”a gəlib-getmək ona uzaq olar, dərsləri axsayar.

- Neçə ildir ailəlisiz?

- On üç ildir.

- On üç il əvvəl Azərbaycan futbolunun vəziyyəti yaxşı deyildi. “Futbolçuya qız verməmək” problemi olmadı?

- Ailə quranda Rusiyada legioner həyatı yaşayırdım...

- Həə, onda dedilər “Oğlan Ursetdə işləyir”...

- (Gülür) Rayon, kənd yeri belədir ki, hamı bir-birini yaxşı tanıyır, əxlaqını, keçmişini, hansı yolun yolçusu olduğunu bilir. Ona görə də qız verəndə də məni yaxından tanıdıqları üçün verdilər.

- Yoldaşınız oyunlara gəlir?

- Yox.

- Evdən izləyir?

- Arabir. Amma nəticələrlə maraqlanır.

Qonşu masada əyləşən gənclər yaxınlaşıb onunla şəkil çəkdirir.

- Belə yaxınlaşıb şəkil çəkdirənlər çox olur?

- Şəhərə çıxanda olur.

- Şəhərə çox çıxırsız?

- Arada bir. Açığı səhərdən axşamacan işləyirsən, axşam da yorğunluq olur. Çox üzdə olanda da işi yaddan çıxarırsan, ona görə də adam nə qədər başını işlə qatsa, o qədər yaxşıdır.

- Futboldan başqa nə ilə maraqlanırsız?

- Demək olar ki, səhər işdə futbol bütün vaxtımı alır. Axşam evə gələndə isə yenə maraqlandığım futbol olur.

- Evdə televizor davası düşmür? Serial, futbol?

- Evdə elə çox seriala baxılmır. Amma yeddi yaşlı qızım həmişə cizgi filminə baxmaq istəyir. Mən futbola baxanda gəlib qarşımda belə dayanır, deyir (Hər iki əlini hirslə belinə qoyub acıqlı sifətlə qızını göstərir) Offf! (Gülür) Əllərini də belə qoyur. Yəni belə razılaşır. Amma elə oyunlar var ki, evdə nəyə baxmaq istəsələr, icazə verə bilmərəm, oturub özüm baxıram. Nə qədər “off” olsa da, xeyri yoxdu. O zaman “off”u mən deməliyəm. (Gülür) Amma elə oyunlar da var ki, görürəm təkrardı, könüllərini almaq üçün kanalı çevirirəm, baxmıram.

- Qızınızı necə böyütməyi fikirləşirsiz? Futbola xüsusi maraq yaradacaqsız, yoxsa “qıza lazımdır bilmək: o da ev işi, paltar tikişi...?”

- Hə, əlbəttə. Futbola marağı olmasa daha yaxşıdı. (Gülür)

- Türkiyədə görürsən uşaq futbola maraq göstərən kimi valideyn tez deyir futbola yönəldək, pulu olsun. Bizdə necədi?

- Ümumiyyətlə, bizdə futbol inkişaf eləməyə başlayandan ikiqat güc sərf eləməyə çalışıram. Məqsəd tək Azərbaycanın adını haradasa ucaltmaq yox, həm də xalqımızın balalarını gənc yaşda yoluxa biləcək pis vərdişlərdən qorumaq və xeyli sayda ailənin maddi vəziyyətinin düzəlməkdir. Yeniyetməlik dövründə bir mərhələ var ki, insan yolunu azıb həyatını məhv edə bilər. Futbol isə elə oyundur ki, bu fəsadların qarşısını alır. Və demək olar ki, əksər futbolçular kasıb ailələrdən çıxır. Bu qədər futbolçunun da yetişməsi gör neçə ailənin yaşayış vəziyyətinin yaxşılaşması deməkdir.

- Filmlərdə çox görürük ki, oyunlardan əvvəl futbolçulara nələrisə qadağa edirlər...

- Mütləq olmalıdır.

- Çox sərt olursuz?

- Hərdən.

- Məsələn, sabahkı oyuna hazırlıq mərhələsində hansı qadağalar qoyulub?

- Artıq dünəndən bir yerə yığışmışıq. Hamımız bir oteldə qalırıq. Heç kim oteldən çıxa bilmir. Öz rejimimiz, öz yeməyimiz var. Üstlərinə lap da çox getmirik. Məsələn, telefonları olur. Bu elə bir şeydi ki, telefonlarını alsaq, görəcəyik özü ilə ehtiyat telefon gətirib. (Gülür) Ona görə deyirəm ki, azarkeş kütləsi tam başqadır. Onlar hər oyunda stadionda 25-30 min azarkeş görsələr, məsuliyyətləri çoxalar. Azarkeşlərin çoxalması bizə də köməkdir. Onda futbolçular bizim qadağaları normal qəbul edirlər. Bəzən interneti söndürürük ki, tez yatsınlar. Çünki gecə yuxusu çox önəmlidir. Amma nadir hallarda. Artıq neçə ildir onlarla bir yerdə çalışıram, xarakterlərini bilirəm. Zəif, üstün cəhətlərinə bələdəm. Ona görə də hamıya eyni qadağaları qoymuram. Bilirəm kimə nə qadağa etmək lazımdı, kim artıq oyun öncəsi özü-özünə o qadağanı qoyub.

- Bir tamaşada deyir e, “iyirmi kişi bir topun arxasınca qaçır”. Niyə qaçırlar? Futbolun sirri, enerjisi nədir?

- İş orasındadır ki, iyirmi kişi bir topun arxasınca qaçırsa, qırx-əlli min adam isə o iyirmi kişinin arxasınca...(Gülür)

- Filmə dəvət etsələr oynayarsız?

- Bacaracağıma inanmıram. Orda rola girmək lazımdır. Bəlkə özümdən xəbərsiz, kənardan çəksələr nəsə alınar, amma xəbərim olsa, yox... Deməli, 3-4 il əvvəl hansısa bir firma yeni mağaza açıb, kostyumlar gətiriblər. Məni reklama çəkmək istədilər, çağırıb, geyindirdilər ki, hansısa bir formada gəziş, nə isə bir söz de. Güzgüdə baxıram ki, pencək əynimə yaxşı oturub, yaraşır. Amma onlar deyən kimi gəzişib “yaxşıdı” demək məndə alınmır. Beş-on dəfə yoxladım, axırda çıxdım getdim...

- O sizin yox, firmanın səriştəsizliyi olub. Sizə düzgün istiqamət verilməyib.

- Bilmirəm daha. Amma ondan sonra əmin oldum ki, belə şeylər mənlik deyil. (Gülür)

- Qadın futbolunu izləyirsiz?

- Dünya çempionatının qadın futbolu Bakıda keçirilirdi, getmişdim baxmağa. (Gülür) Dəvət eləmişdilər...

- Baxanda dediz ki, qadın nədi, futbol nədi?

- Demədim, amma fikrimdən keçirdim.

- Qəşəng görünürdülər?

- Uzaqdan baxırdım axı...

- Qadın futbol klubuna məşqçi təklifi alsaz, düşünərsiz?

- Əstəğfurullah. (Gülür) Getmərəm!

Hamımız gülürük və sağollaşırıq. Hələ müsahibədən sonra şəkil çəkdirmək üçün növbədə dayanan gənclər var.

- Hər birinizə uğurlar. Arzu edirəm vaxtınızı daha sərfəli işlərə ayırasız.

- Yəni stadionun içində olaq, ya çölündə?

- Seçim etməkdə azadsız. Əgər futbolu sərfəli, xeyirli sayırsızsa, gəlin. Gəlsəz, çox şad olarıq. Güclü komanda ilə oynayırıq, amma hamınızı sevindirmək üçün əlimizdən gələni etməyə çalışacağıq.

O gedəndən sonra ofisiant yenə gəlib, “Qurban müəllim hesabı ödədi” deyərək, sanki cinayət yerindən əşyayi dəlili, ya cinayətkarın barmaq izini əldə etmək üçün ehtiyatla davranan bir polis dəqiqliyi ilə Qurban müəllimin stəkanını və qaşığını götürüb getdi. Nəlbəki isə qaldı...



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail