"Bizi sevindirən nümayiş etdirdiyimiz baxımlı oyundur" Müsahibə

03.04.2013 | 5225 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcının gabalafc.az saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Akademiya komandalarının hazırkı çıxışını, ümumiyyətlə “Qəbələ” Futbol Akademiyasının ümumi vəziyyətini necə dəyərləndirirsiniz?

- Akademiyaya ümumi nəzər salsaq, hazırda vəziyyətimiz yaxşıdır. U-17 komandamız inamla çempionluğa doğru addımlayır. Həm də çox gözəl oyun nümayiş etdirir. Amma bu aralar sözügedən komandamıza çox yük düşür. Çünki U-19 Liqasında çıxış edən kollektivin də əsasını U-17 futbolçularımız təşkil edirlər. Bəzən həftədə 3 matça çıxırlar. Bu futbolçularımız üçün ağır olsa da, öhdəsindən gəlirlər. İnanıram ki, qarşıdakı oyunları da müvəffəqiyyətlə bitirib çempion olacaqlar. U-16 komandamızın da çıxışını uğurlu hesab etmək olar. Hazırda təmsilçimiz 2-ci pillədə qərarlaşsa da, liderdən 2 oyun az keçirib. İnanıram ki, təxirə salınmış matçlarda qalib gələrək liderliyi qaytaracağıq. Əslində bizi sevindirən komandalarımızın liderliyindən daha çox oynadığımız baxımlı və gözəl futboldur. U-15 komandamız qrupu lider kimi tamamlayıb və 2 gün sonra ikinci mərhələdə çıxışına start verəcək. U-14, U-13, U-12 və U-11 komandalarımız inamla final mərhələsinə doğru irəliləyirlər. Yəni ümümi baxdıqda bütün yaş qrupları üzrə nəticələrimiz uğurludur. Çox istedadlı futbolçularımız var. Müxtəlif yaş qrupları üzrə milli komandalara diqqət yetirsəniz, özünüz də bunun şahidi olarsınız. Demək olar ki, aşağı yaş qruplarında milli komandaların əsasını “Qəbələ” təşkil edir. Bu da bizim məqsədimizə - “Qəbələ” və milli komanda üçün futbolçu yetişdirmək hədəfimizə doğru inamla addımladığımızı göstərir.

- Təbii ki, “Qəbələ”nin aşağı yaş qruplarının çıxışı ölkə çempionatları ilə yekunlaşmır...

- Bəli, biz komandalarımızın ölkə xaricinə çıxmasına, turnirlərdə və təlim-məşq toplanışlarında iştirak etməsinə xüsusi diqqət yetiririk. 2013-cü ilin startından bu yana artıq 4 komandamız müxtəlif ölkələrdə səfərdə olub. U-17 komandamız Antalyada, U-14 komandamız isə Ukraynanın Donetsk şəhərində hazırlıq keçib. U-15 isə Moldovada beynəlxalq turnirdə çıxış edib. Hazırda U-13 komandamız Antalyada IV Vodafone Kubokunda iştirak edir. Bu səfərlərin təşkilində məqsədimiz futbolçularımızın beynəlxalq təcrübəsini artırmaqdır. Toplanışların, turnirlərin nəticələri bizi sevindirir. Komandalarımız inkişaf edir, oyun planında möhkəmlənirlər, adlı-sanlı klublara qarşı oynamağı öyrənirlər, yaşıdlarının necə oynadıqlarını görürlər, müxtəlif şəraitlərdə mübarizə aparmağa uyğunlaşırlar. Sadaladıqlarım “Qəbələ” Futbol Akademiyasının fəlsəfəsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

- Bir az öncə istedadlı futbolçularımızın milli komandalara cəlb olunduğunu, yığma ilə müxtəlif turnirlərdə, toplanışlarda iştirak etdiyini söylədiniz. Bu proses yetişməkdə olan gənc futbolçunun inkişafına və sizin işinizə nə dərəcədə təsir edir?

- Bu, aşağı yaş qruplarında müəyyən problemlər yarada bilər. Çünki bizim oyun sistemimizlə milli komandalardakı oyun sistemi eyni deyil. Təbii ki , bu, bizim işimizə də təsirsiz ötüşmür. Milli komandada olarkən futbolçu fərqli nəzəri və praktiki bilgilər alır. Amma sözügedən problemləri də həll etmək gücündəyik və bu istiqamətdə tutarlı işlər aparırıq. Milli komandalara dəvət alan futbolçularla bağlı digər problem sırf psixologiya ilə bağlıdır. Bəzən gənc futbolçular yığmanın heyətinə dəvət aldıqdan, bir-iki ölkəyə səfər etdikdən, əcnəbi rəqiblərə qarşı forma geydikdən sonra psixologiyaları dəyişir, artıq özlərini yetişmiş və böyük futbolçu kimi hiss edirlər. Bu da onların yetişməsi baxımından ciddi əngəllər törədir. Halbuki onlar daha futbolçu olmaq istiqamətində ilk addımlarını atırlar. Sözügedən problemin aradan qaldırılması və təkrarlanmaması üçün futbolçularla birəbir söhbətlər aparılır. Ümumilikdə gənc futbolçular milli komandaya dəvət almaqla, yığmanın şərəfini qorumaqla çox şey qazana bilərlər. Çünki tanınmış komandalara qarşı mübarizə aparırlar, təcrübələri və futbol bilgiləri artır. Bu, bizim işimizə də bir baxıma dəstəkdir. 

- Ölkəmizdə fəaliyyət göstərmiş və göstərməkdə olan bir çox mütəxəssis Azərbaycan futbolçusunun psixologiyasında müəyyən problemlərin olduğunu vurğulayıb. Necə düşünürsünüz, kiçik yaşlarından “Qəbələ” Futbol Akademiyasında təhsil alan futbolçuların illər ötdükdən sonra psixologiyasında, davranışlarında hansısa dəyişikliklər varmı?

- İlk gündən bizimlə olan futbolçularda təbii ki, müsbət yöndə dəyişikliklər etməyi bacarmışıq. Azərbaycanda fəaliyyətə başladığımız dövrdən müşahidə etdiyimiz bir problem var: futbolçular bir qol vurduqdan sonra özlərini qalib, bir qol buraxdıqdan sonra isə məğlub hiss edirlər. Bu isə futbolda qəbulolunmaz bir haldır. Futbolçu sona qədər mübarizə aparmağı öyrənməlidir, bacarmalıdır. Deyərdim ki, akademiyamızın sözügedən psixoloji problemin həlli istiqamətində gördüyü işlər, teorik dərslər faydasını verməkdədir. Daha aşağı yaşlarda sözügedən problemin həlli asan olsa da, yuxarı yaşlarda çətinliklərlə qarşılaşırıq. Qısa müddət öncə Moldova turnirində U-15 komandamız iki dəfə 9 futbolçu ilə qalmasına baxmayaraq, məğlub durumdan qalibiyyət qazanmağı bacardı. Belə hallara ölkə çempionatında da rast gəlirik. Bu göstəricilər “Qəbələ” Futbol Akademiyasında futbolçuların sağlam və peşəkar idmançı psixologiyası ilə yetişməsini sübut edir və bizi sevindirir.

- “Qalatasaray”da məşqçi işlədiyiniz müddətdə Arda Turan, Sabri Sarıoğlu, Semih Kaya kimi tanınmış futbolçuların kəşfində və yetişdirilməsində rol oynamısınız. Hazırda “Qəbələ” Futbol Akademiyasında gələcək vəd edən futbolçular görürsünüzmü?

- Təbii ki, çox istedadlı, gələcək vəd edən futbolçularımız var. Amma indi onlar barədə danışmaq həm tezdir, həm anlamsızdır. Məsələn, Arda Turanın adını çəkdiniz. Arda heyətdə gələcək vəd edən 4-cü, 5-ci futbolçu idi. Yəni ondan daha istedadlı təsiri bağışlayan futbolçular var idi. Amma indi həmin futbolçuların karyeralarına nəzər salsaq, Türkiyə I və II liqalarında top qovurlar. Gənc futbolçunun gələcəkdə yaxşı futbolçu olması üçün təkcə istedad yetərli deyil. Futbolçunun çevrəsi, ailəsi, dostları, ümumilikdə futbol mədəniyyəti onun gələcək karyerasında önəmli rol oynayır. Hazırda çox istedadlı futbolçularımız var. Amma onların zaman keçdikcə sadaladığım faktorlardan necə təsirlənəcəyi, necə inkişaf edəcəyi vacibdir.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail