"Nə qədər desəm də, oyunçu lazımdı, elə deyirdilər ki, "yayda gətirərik" Müsahibə

15.03.2013 | 7540 dəfə oxunub

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Futbolxeber.az saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:


- Premyer Liqada artıq final mərhələsi start götürüb. Yəqin ki, 23-cü turun oyunlarınız izləmisiniz. Həlledici mərhələnin qarşılaşmaları barədə nə deyə bilərsiniz?

- Çempionat oyunlarına baxdım. Bəzi qarşılaşmaları da canlı olaraq izlədim. Gərgin və maraqlı oyunlar oldu. "Qarabağ"ın oyunu çətin alındı. Həmin matçda "Qarabağ"ın uduzacağını gözləmirdim. Düşünürdüm ki, ən pis halda heç-heçə olacaq. Amma komanda gözlənilmədən uduzdu. Halbuki "Qarabağ" qələbə qazanmaqla mövqeyini daha da yaxşılaşdıra bilərdi.

- Başqa hansı nəticə sizin üçün gözlənilməz oldu?

- "Qarabağ" haqda dediyim sözlər "Qəbələ"yə də aiddir. Ramiz Məmmədovun komandasının "İnter"ə uduzacağını gözləmirdim. Çünki "Qəbələ" kubokda da mübarizəni dayandırıb. İndi bütün diqqətlərini çempionata yönəltməlidirlər. "İnter" də güclü komandadır. Sadəcə olaraq, son vaxtlar ardıcıl çətin oyunlar keçirirlər. Buna baxmayaraq, "İnter" Qəbələdə gözəl oyun sərgiləyərək, qələbə qazandı. Həmçinin bu qələbə sayəsində "Neftçi" ilə xal fərqini minimuma endirdilər. Bunda "Neftçi"nin  də günahı var. Çünki onlar "Bakı"ya qalib gəlsəydilər, mövqelərini daha da gücləndirəcəkdilər.

- Hazırda "Neftçi" və "İnter" digər komandalardan 1 addım öndədir. Bu iki komandanın mübarizəsində hansı kollektivi çempionluğa daha şanslı görürsünüz?

- Əvvəldən düşünürdüm ki, çempionluq uğrunda "Neftçi", "İnter"lə yanaşı "Qarabağ" da mübarizə aparacaq. Amma "Qarabağ" Zaqataladan məğlub dönməklə işini xeyli çətinə saldı. Hazırda onlar "Neftçi"dən 6, "İnter"dən isə 5 xal geri qalırlar. Bu isə heç də az fərq deyil. Çünki final mərhələsi qısa bir turnirdi. Burada cəmi 10 tur oynanılır ki, bunun da biri artıq geridə qalıb. Yəni sona 9 tur qalıb. 9 tur ərzində də 6 və ya 5 xal fərqini aradan götürmək elə də asan deyil. Amma düşünürəm ki, "Qarabağ" çempionluq uğrunda sonadək mübarizə aparacaq. O ki qaldı, "Neftçi" ilə "İnter"ə, bu mübarizədə "Neftçi" favoritdi. Cari mövsümdə tərəflər artıq 2 dəfə qarşılaşıblar və bu oyunlarda "Neftçi" rəqibinə uduzmayıb. 1 dəfə heç-heçə olub, 1 dəfə isə qələbə qazanıb. Yəni ki, şəxsi oyunlarda "Neftçi" "İnter"i üstələyir. Bu səbəbdən də mənim favoritim "Neftçi"di. Növbəti turda da bu iki komanda üz-üzə gələcək. Həmin matçda "Neftçi" qələbə qazansa, sona 8 tur qalmış xal fərqini 4 xala çatdıracaq ki, bu da böyük üstünlükdür. Bu səbəbdən də düşünürəm ki, qarşıdakı turda "Neftçi" "İnter"ə qalib gəlsə, çempionluq yolunda böyük üstünlük qazanacaq.

Ümumilikdə isə komandaların necə çıxış etmələri onların hazırki fasilədən necə yararlanmalarından asılı olacaq. Kim bu müddətdə daha yaxşı hazırlaşsa, oyunlara daha hazır şəkildə çıxsa, həmin komanda da uğur qazanacaq.

- Bayaq özünüz də qeyd etdiniz ki, "Qəbələ"nin "İnter"ə uduzması bir qədər gözlənilməz oldu. Bu komanda son vaxtlar inamsız təsir bağışlayır. Komanda kubokda mübarizəni dayandırıb, çempionatda da son məğlubiyyətdən sonra vəziyyətləri xeyli pisləşdi. Halbuki komandanın yaxşı heyəti, əla infrastrukturu, güclü maliyyə dayaqları var. Sizcə, bütün bunların olduğu halda, komanda niyə uğur qazana bilmir?

- Razıyam ki, komandanın uğur qazanmaq üçün hər şeyi var. Amma konkret uğursuzluğun səbəbini deyə bilmərəm. Çünki komandadan kənardayam. Daxildə nələrin baş verdiyini heç birimiz bilmirik. Bunun üçün kollektivin içində olmaq lazımdı. Kənardan biz yalnız oyuna baxıb, komandanın çıxışınına qiymət verə bilərik. Amma mən hesab edirəm ki, "Qəbələ"nin uğursuz çıxışında AZAL-dan aldığı böyükhesablı yenilginin rolu var. Çünki belə görünür ki, həmin yenilgidən sonra komanda özünə gələ bilməyib. Halbuki "Qəbələ"nin əla hücum potensialı var. Bu komandanın hücum xətti - Mendi, Dodo, Kamanan "trio"su çox güclüdürlər. Eləcə də Rəşad Abdullayevin adını qeyd etmək olar. 

- AZAL-ın çıxışı haqda nə düşünürsünüz? Əgər, çempionatda "altılıq" sistemi olmasaydı, komanda hazırda beşinci pillədə qərarlaşardı.

- Həqiqətən AZAL yaxşı komandadır. Düşünürəm ki, onlar ilk "altılığ"a layiq idilər. Amma bir qədər bəxtsizliklə üzləşdilər. Bayaq da dediyim kimi, uğursuzluğun konkret səbəbini kənardan demək çətindir. Amma AZAL havayı yerə xeyli xal itirdi. Əgər, komanda bir qədər diqqətli olsaydı, bu gün ilk "altılıq"da mübarizə aparardı. Çempionata da yaxşı başlamışdılar. Ümumiyyətlə, Vaqif Sadıqovun yaxşı komanda formalaşdırdığını deyə bilərəm. Çünki Sadıqov özü yaxşı futbolçu olub, futbolun nə olduğunu gözəl bilir. Vaxtı ilə rəhbərliyim altında da çıxış edib. Sadıqov hələ gənc vaxtlarında ağıllı futbol oynayırdı.

- Ağasəlim müəllim, mütəxəssislər arasında belə fikir səslənir ki, hansı komanda avrokuboklara vəsiqə qazanır, qazansın. Yetər ki, orada ölkəmizi daha layiqli şəkildə təmsil etsin. Geridə qalan müddət ərzində hansı komandaları qitə kuboklarına daha layiqli hesab edirsiniz?

- Bilirsiz necədi, bizim klublar ümumiyyətlə avrokuboklara düzgün hazılaşmırlar. Çempionat başa çatdıqdan sonra bir çox komandalar xeyli sayda futbolçunu yola salır, əvəzinə yenilərini gətirirlər. Ya da ümumiyyətlə, istədikləri futbolçuları tapa bilmirlər. İşlədiyim vaxtlarda özüm də bu cür problemlər qarşılaşmışdım. Nə qədər desəm də, oyunçu lazımdı, elə deyirdilər ki, "yayda gətirərik". Bu, düzgün yanaşma deyil. Tutaq ki, hansısa komanda Avroliqaya vəsiqə qazanıb. Çempionat mayın sonunda başa çatır. Avroliqanın ilk mərhələsi isə iyulun əvvəlində start götürür. İstirahət müddətini də nəzərə alsaq, komandanın hazırlaşmaq üçün 15-20 gün vaxtı olur. Bu müddətdə isə bilmirsən ki, oyunçu axtarasan, transfer edəsən, yoxsa komandanı hazırlayasan. Amma bütün bu işlər qış fasiləsində həyata keçirilsə, daha yaxşı olar.  

- Son vaxtlar əsas müzakirə olunan məsələlərdən biri də çempionatın formatıdı. Siz bu haqda nə deyə bilərsiniz?

- Belə deyək də, insan fiziolojiyasına görə, futbolçu il ərzində 50-55 oyunda çıxış edə bilər. Amma bizdə bu say aşağıdır. 12 komandadan ibarət 2 dövrəli çempionat keçirsək, edəcək 22 oyun. Lap 8 oyun da olsun kubok, cəmi 30. Görün arada nə qədər fərq var? Hətta mən deyərdim ki, indiki formatda da komandalar çox oyuna çıxmırlar. Biz futbolumuzu inkişaf etdirmək istəyiriksə, oyunların sayını çoxaltmalıyıq. Qoy, futbolçularımız Avropa ilə ayaqlaşsınlar. Nəyə görə onlardan az oyun keçirməliyik? Futbolçu oyuna çıxdıqca fiziki cəhətdən güclənə bilər.

- Formatla bağlı sizin təklifiniz nədir?

- Mən istərdim ki, 12, heç olmasa 10 komandadan ibarət dörddövrəli çempionat keçirilsin. Bu zaman oyunların sayı 44 və ya 36 olacaq ki, kubok görüşlərini də nəzərə alsaq, say hardasa 50-yə yaxınlaşır. Mən məhz çempionatın bu formatda keçirilməsini istərdim. Eyni zamanda qış fasiləsinin də müddətini azlatmaq olar. Bizdə qış fasiləsi xeyli uzun olur. Yaxşı olardı ki, çempionat dekabrın 18-də başa çatsın və yanvarın 20-də yenidən bərpa olunsun. Məncə, belə olan halda millinin baş məşqçisinin də işi rahat olar. O da istədiyi vaxt milli üçün 8, 10 günlük toplanışlar keçirə bilər. Bunun üçün stadion problemi də olmamalıdır. Bildiyiniz kimi, bizdə qış mövsümündə bu baxımdan problemlər yaşanır. Son vaxtlar gözəl stadionlar tikilib. "Bakı" və "Qəbələ"nin bazasında böyük işlər görünür. Eləcə də "Neftçi"nin ev oyunlarını keçirdiyi 8 KM stadionunu qeyd edə bilərəm. Bir sözlə, yaxşı stadionlar olsa, çempionatda qış fasiləsini daha tez başa vurmaq olar.

- Bir müddət əvvəl sabiq klubunuz "Xəzər Lənkəran"da baş məşqçi dəyişikliyi reallaşdı. Mətbuatda komandaya dönəcəyiniz haqda xəbərlər dolaşırdı. "Xəzər Lənkəran"dan sizinlə əlaqə saxlayan oldu?

- Yox, heç kim mənimlə əlaqə saxlamayıb. Azarkeşlər sağ olsunlar, bizi unutmurlar. Amma dediyim kimi, nəinki "Xəzər Lənkəran"dan, heç bir klubdan təklif almamışam.

- "Xəzər Lənkəran"ın yeni baş məşqçisi - Con Benjamin Toşak haqda fikriləriniz necədir? Sizcə, o burada uğur qazana biləcək?

- Mən heç vaxt həmkarlarım haqda danışmıram. Ona yalnız uğurlar arzulaya bilərəm. Mənim üçün bir məqam maraqlıdır. Bildiyiniz kimi, Toşak bir müddət əvvəl Makedoniya millisini çalışdırırdı. Özü isə İspaniyada yaşayırdı. Lakin həmin vaxt Toşak Makedoniyanın paytaxtında qala bilmədiyindən, tez-tez ailəsini görmək üçün İspaniyaya yollanırdı. Sonda isə federasiya onun qarşısında seçim qoydu ki, ya ailə, ya iş. O da ailəsini üstün tutduğuna görə federasiya onunla vidalaşdı. Bir sözlə, Toşakın burada harada yaşayacağı, bu və ya digər problemləri həll edib-etməyəcəyi bəlli deyil. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail