“Nəyəsə ürəkdən inanmasan, onun uğrunda mübarizə aparmağının mənası yoxdur” Müsahibə

15.03.2013 | 5748 dəfə oxunub

"Rəvan"ın baş məşqçisi Ramil ƏIiyev klubun rəsmi internet saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Artıq 3 aya yaxındır ki, "Rəvan”da baş məşqçi işləyirsiz. Bu dövrdə gördüklərinizə əsasən komandanı ümumilikdə necə dəyərləndirirsiz?

- Komandada oyun planında müsbətə doğru dəyişikliklər hiss olunmaqdadır. Nəticə baxımından da pis çıxış etmirik. Amma təbii ki, daha yaxşı ola bilərdi. Ölkə kubokunda "Xəzər Lənkəran”la Lənkəranda keçirilən oyun istisna olmaqla, bütün matçlarda biz istədiyimiz oyunu göstərmişik. Ancaq ya müdafiədəki fərdi səhvlər, ya da ki qol epizodlarından istifadə edə bilməməyimiz bizi bəzən pis vəziyyətdə qoyub. Deməli, görüləsi işlərimiz də çoxdur. Yavaş-yavaş bu çatışmazlıqları, nöqsanları aradan qaldıracağıq. Yaranmış fasilədən maksimum yararlanmağa çalışacağıq.

- Turnir cədvəlində aşağı sıralarda qərarlaşmağımız nə ilə bağlıdır?

- Çempionatın ortasına doğru sanki qara zolağa düşmüşdük. Komandanın çıxışında da eniş yaşanırdı. İndi-indi bu qara zolaqdan çıxmağa çalışırıq. İnanıram ki, gələcək oyunlarda uğurlu çıxış edərək xal ehtiyatımızı artıracaq, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıracayğıq.

- Sizin baş məşqçi olduğunuz dönəmdə "Rəvan” 5-i çempionat, 2-si kubok olmaqla 7 oyun keçirib. Bu matçlardan özünüz üçün hansı nəticələri çıxarmısız?

- Müəyyən qeydlər var, təbii. Amma indi bunu açıqlamağım düz olmazdı. Məhz bu qeydlər əsasında da çempionatın yerdə qalan bölümünə hazırlaşacağıq. Əsas odu ki, rəqibdən asılı olmayaraq öz oyunumuzu göstərə bilək. Bunu bacarsaq, uşaqlarda da özünəəminlik hissi artacaq və daha yaxşı çıxış edəcəyik.

- Bəs bu oyunlar arasında hansını fərqləndirərdiz?

- Əlbəttə, nəticə önəmlidir. Ancaq oyunumuza da fikir verməliyik. Deyərdim ki, ən yaxşı oyunumuzu "Qarabağ”a qarşı keçirdik. İlk 20 dəqiqə istisna olmaqla. "Kəpəz”lə matçda da çıxışımızdan məmnun qaldım: həm topa, həm də oyuna nəzarət etdik. "Xəzər Lənkəran”la kubokun ilk oyunundakı birinci hissəsini də vurğulamalıyam. Erkən qoldan sonra hesabı artıra bilsəydik, ümumiyyətlə, cütün taleyi fərqli ola bilərdi. Sadəcə, qol epizodlarından yararlana bilməməyimiz işimizi ağırlaşdırdı.

- Kubokdakı məğlubiyyətin səbəblərini nədə görürsüz?

- Birinci oyunda qeydə alınan nəticə bizi çox çətin duruma saldı. Evdəki oyunda, bayaq dediyim kimi, ilk hissədəki üstünlüyümüzü reallaşdıra bilməməyimiz vəziyyətimizi ağırlaşdırdı. Lənkərandakı matçda isə birinci hissəni çox pis keçirdik. 2 qol buraxdıqdan sonra uşaqlar da sanki "dayandı”. Ən pis oyunumuzu məhz Lənkəranda keçirdik. Nəzərə almaq lazımdır ki, 14 günə 4 ağır oyunumuz oldu. "Qarabağ”, "Xəzər Lənkəran”, "Bakı” və yenidən "Xəzər Lənkəran”... Görünür, futbolçular hələ bu cür yüklənməyə tam hazır deyildi. Həm fiziki, həm də psixoloji baxımdan.

- "Xəzər Lənkəran”a kubokdakı yenilgidən sonra ölkə çempionatında onlar üzərində qazanılan qələbəni revanş kimi qəbul edirsiz?

- Əslində mən buna heç fikir də vermədim. Yəni revanş hissi yox idi. Kubokda mübarizəni dayandırandan sonra bütün diqqətimizi Premyer Liqaya ayırmışıq. Rəqib kim olur-olsun, 3 xal uğrunda vuruşacağıq.

- Komanda ötən mövsümlə müqayisədə bu dəfə təsnifat mərhələsində 3 xal az topladı. Bəs söz verirsiz ki, yekunda xal sayında ötən ilin göstəricisini üstələyəcəksiz?

- Ümidvaram ki, ötən illə müqayisədə nəticələrimiz daha yaxşı olacaq. Ancaq futbolda konkret nəticə söz vermək məncə, düzgün deyil. Oyun baxımından artım deyirsizsə, hə, buna söz verə bilərəm. Amma yekun nəticə barədə danışmaq çətindir. Digər tərəfdən, oyun varsa, nəticə də olmalıdır.

- Baş məşqçi kimi daha çox kimin oyunundan razısız?

- Futbol komanda oyunudur. Burda mən, sən anlayışı yox, biz anlayışı var. Əsas odur ki, futbolçular məşqçilər korpusunun tapşırıqlarını maksimum dərəcədə yerinə yetirməyə çaləşır. Bu da müsbət haldır.

- Qış "transfer pəncərəsi”ndə komandaya qoşulanların çıxışını necə dəyərləndirirsiz?

- Biz ümumiyyətlə, bütün futbolçulara oynamaq üçün şans veririrk. Tələblərə cavab verməyən futbolçunu komandada saxlamarıq. Kimlərə inanırıqsa, onların hamısı bizimlədir. Yaxşı kollektivimiz var. Tədricən onlardan daha güclü komanda formalaşdıracağıq. Qışda gələnlərdən Kalonas, Adamoviç, Nodar, Ramazan, Ramil, Emin onlara bəslənən ümidləri doğruldur.

- Bəs əvəzedicilərdən əsas komandaya yüksəlmiş və son matçlarda forma geymək şansı qazanan Ayaz və Anarın çıxışından necə, razısız?

- Düz qeyd etdiz. Onlar əvəzedici komandadan əsas komandaya yüksəlib. Biz həmişə gənc futbolçuların yetişməsinə çalışmışıq. Oyundan-oyuna onlarda artım hiss olunur. Bu müsbət məqamdır. Tempi qoruya bilsələr, gələcəkdə yığma komandaya kimi yüksələ bilərlər. Amma hələ üzərlərində çox işləməlidilər.

- Barlay ənənəvi olaraq Syerra Leone millisinə çağrılır. Artıq Kalonas da Litva yığmasına dəvət alıb. Buna münasibətiniz...

- Klub üçün çox yaxşı haldır. İstəyərdim ki, bizim bütün futbolçular – həm yerli, həm də əcnəbi oyunçularımız yığma komandalarının şərəfini qorusunlar. Amma futbolçular bunu məndən 5 dəfə çox istəməlidirlər.

- Artıq çempionatda fasilədir. Oyunlar bir də martın sonunda keçiriləcək. Fasilə dövründə görüləcək işlərin planı necədir?

- Bildiyiniz kimi, martın 12-də son oyunumuzu keçirmişik. Bundan sonra komanda üzvlərini istirahətə buraxdıq. 4 gün istirahət edəcəklər. Amma bu dövrdə məşqçilərdən Müşviq Qənbərov və Rastislav Svitskinin rəhbərliyi altında bəzi futbolçular fərdi məşqlər keçəcəklər. Bazar günündən etibarən isə məşqlərə komanda şəklində toplaşacağıq. Fasilə dönəmində 1 yoldaşlıq oyunu keçirməyi də düşünürük. Ayın 23-də "Neftçi”yə qarşı oyun olacaq. Ümumilikdə bütün mənfi cəhətləri aradan qaldırmağa və "Turan”la növbəti oyuna tam hazır vəziyyətdə çıxmağa çalışacağıq.

- Fasilə bitəndən sonra daha güclü, daha effektiv "Rəvan” görə biləcəyik?

- İnşallah. Məqsədimiz də elə budur. Çatışmazlıqlar üzərində işləyib hərtərəfli "artırmağı” düşünürük.

- Yeri gəlmişkən, bu fasilə Azərbaycan yığma komandasının toplanışı, sonra da dünya çempionatının seçmə turnirində keçirəcəyi 2 oyunla əlaqədardır. Milli komandadan nə gözləyirsiz?

- Mən ən azı 4 xal gözləyirəm. Lüksemburqu səfər oyunu olsa belə, udmağa borcluyuq. Portuqaliya ilə oyunda isə rəqib favorit olsa da, öz oyunumuzu göstərməklə onlara sürpriz yaşada bilərik. Artıq 1 dəfə Bakıda portəgizləri büdrətmişik, yəni burda qeyri-adi heç nə yoxdu. Sadəcə, meydana çıxıb öz oyunumuzu sərgiləməkiyik. Futbolçular meydanda canlarını qoymalıdır.

- Planlarınızda xarici klublarda təcrübə keçmək kimi fikir var? Rəhbərliklə bu barədə danışmısız?

- Bir neçə komandayla artıq danışıqlar gedir. Böyük ehtimalla yaxın gələcəkdə təcrübə toplamaq üçün xaricə üz tutacam. Rəhbərlik də sağ olsun, bu istəyimi yerə salmadılar.

- Dünya futbolu ilə nə dərəcədə yaxından maraqlanırsız?

- Gündəlik olaraq internet və televiziya vasitəsi ilə maraqlanıram. Müxtəlif ölkə çempionatları, qitə səviyyəli turnirlər, beynəlxalq yarışlar. Hamısını ciddi izləyirəm. Çalışıram ki, futbol dünyasında baş verən hadisələrin heç birini qaçırmayam. Məsələn, bu həftə öz oyunumuzdan sonra Çempionlar Liqasında 1/8 finalın son 4 cavab qarşılaşmasını, Avropa Liqasının cavab 1/8 oyunlarını izləmişəm. Təbii ki, müəyyən qeydlər də aparıram. Ümumiyyətlə, futbolda elədir ki, bu işlə yaşamasan, uğur qazana bilməzsən.

- Söz düşmüşkən, sizcə, Çempionlar Liqasında favorit kimdir?

- İlk baxışdan "Barselona” hamıdan güclü görünür. Amma futbolda sürprizlər də olur. Yəni heç nəyi istisna etmək olmaz. Gəlin gözləyək.

- Sizcə, hazırda dünyanın ən güclü məşqçisi kimdir?

- Mənim üçün dünyanın ən güclü məşqçisi o adamdır ki, ortabab futbolçulardan güclü komanda yarada bilsin. Başqa sözlə, "ulduz” elə komandanın özü olsun. Mən Dortmund "Borussiya”sında çalışan Yürgen Kloppu və "Malaqa”nın "sükan sahibi” Manuel Pelleqrinini fərqləndirərdim.

- Son illər maraqlı tendensiya formalaşıb. Komandaların əksəriyyəti gənc məşqçilərə bel bağlayır. Qvardiola "Barselona”da uğurlu karyera qurduqdan sonra bu hal dəbə minib. Elə Azərbaycanda da Qurban Qurbanov, Mahmud Qurbanov, Ramiz Məmmədov kimi gənc mütəxəssislər çalışır. Amma Premyer Liqa tarixində ən gənc baş məşqçi sizsiz. Buna münasibətinizi bilmək maraqlı olardı. Bir də "Rəvan”da hansı pilləyə yüksəlməyi hədəfləyirsiz?

- "Rəvan”da baş məşqçi kimi həm ölkə çempionu olmağı, həm kuboku qazanmağı, həm də ilin məşqçisi nominasiyasında qalib olmağı arzulayıram. Nəyəsə ürəkdən inanmasan, onun uğrunda mübarizə aparmağının mənası yoxdur. Gənc məşqçilərə şans verilməsini isə alqışlayıram. Ümumiyyətlə, bütün məşqçilərə karyeralarında uğurlar arzu edirəm. Bu, çox çətin sənətdir. Çəkdiyin əziyyətin bəhrəsini yalnız uğur olanda görürsən.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail