Kalonas: “Məncə, debütüm yaxşı alındı” Müsahibə

14.02.2013 | 3795 dəfə oxunub

"Rəvan"ın yeni transferi Mindauqas Kalonas klubun rəsmi internet saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- "Rəvan”a keçidinlə bağlı nə deyə bilərsən?

- Azərbaycan Premyer Liqasında oynamaq imkanı qazandığıma görə şadam. Özümü yaxşı tərəfdən göstərmək və çempionatınızda oynamağa layiq olduğumu sübut etmək istəyirəm.

- Komanda üzvləri səni necə qarşıladı, qəbul etdi?

- Çox yaxşı. Artıq ilk məşqdən zarafat edənlər də var idi. Buna görə də kollektivə alışmaqla bağlı problemim olmadı. Bu da xoşdur.

- Futbolçulardan kiminlə daha yaxınsan?

- Hamı ilə yaxşı münasibətim var. Amma daha çox Nikolay Orlovski, Miloş Adamoviç, Şəhriyar Rəhimov və Lukaş Sapela ilə ünsiyyətdə oluram.

- "Rəvan”da hansı hədəflərə köklənmisən?

- Ən yüksək. Artıq uzun illərdi futbol oynayıram və qarşıma həmişə yüksək hədəflər qoymuşam. "Rəvan”dakı karyeram da bu baxımdan fərqlənməyəcək.

- Həm Latviayada, həm də İrlandiyada ölkə çempionu da olmusan, kuboku da qazanmısan. Bəs "Rəvan”da nəyə ümid edirsən?

- Hazırkı məqamda ilk növbədə kubok haqda düşünməliyik. Çünki burda avrokuboklara düşmək üçün real şans var. Amma çempionatı da unutmamalıyıq. Hətta ilk "6-lığ”a düşməsək belə, ruhdan düşmək olmaz. İndi qarşıdakı oyunların hamısına yalnız qələbə qazanmaq istəyi ilə çıxmalıyıq. Riyazı cəhətdən hələ "6-lıq” şansı qalır, deməli, əlimizi yanımıza salıb oturası deyilik. 2 faizlik şans qalsa belə, onun ardınca qaçmaq lazımdır. Sona qədər vuruşmaq, uğura inanmaq lazımdır. İnam olmasa, heç nə əldə etmək olmaz. Məsələn, kim deyə bilərdi ki, 2004-cü ildə Yunanıstan millisi Avropa Çempionu olacaq?.. Ancaq onlar özləri buna inandı və bütün dünyaya səs saldı.

- "Turan”la ilk oyununda meydana çıxan kimi qol vurdun. Bundan yaxşı debüt təsəvvür etmək çətindir...

- Təbii, ilk matçımda qol vurmağım əla oldu. Məncə, debütüm yaxşı alındı. Azərbaycanda topa ilk toxunuşum qolla nəticələndi (gülür). Meydana 70-ci dəqiqədə çıxçağım isə məşqçinin qərarı idi. Komandaya qoşulanı 3 gün idi, ona görə də oyuna ehtiyat oyunçular skamyasında başlamağımı istədi. Ancaq qarşıdakı oyunlarda özümü yaxşı tərəfdən göstərib məşqçinin etimadını qazanmaq istəyirəm. Əlbəttə ki, əsas heyətdə oynamaq istəyirəm.

- Qarşıdakı 3 oyunda nəyə ümid edək?

- Məncə, 7 xal yığa bilərik. Amma 9 xalı hədəfləməliyik. Yalnız bu halda ilk "6-lıq” şansımızı sona qədər sürdürə bilərik. Rəqiblərdən çəkinmək lazım deyil. Addımbaaddım irəliləməliyik. Artıq 1 vacib addımı atdıq, qalır üçü.

- Kubokda 1/4 finalda "Xəzər Lənkəran”la oynayacağıq. Rəqibin gücünü nəzərə alıb şansları necə dəyərləndirirsən?

- Bəli, onların güclü heyətə sahib olduğunu bilirəm. İspaniyalı məşqçiləri var. Amma heç kimdən qorxmuruq. Kubok real yanaşsaq, avrokuboklar üçün yeganə şansımızdı. Ona görə də sona qədər döyüşməliyik. Həm də ki, kubok oyunlarında nəyin necə olacağını demək olmur. Hətta 1 səfər qolu bütün müqəddaratı dəyişə bilər.

- Ölkəmizə gələnə qədər Azərbaycan barəsində nə bilirdin?

- Paknisdən savayı, Çesnauskis, Veliçka, Poşkus və digərləri Premyer Liqanız haqda müəyyən məlumat vermişdi. Bilirəm ki, Premyer Liqada oynamaq asan deyil. Çünki burda yüksək səviyyəli legionerlər çıxış edir. Amma məndə də hər şeyin alınacağına əminəm.

- "Rəvan”a Polşanın I divizion təmsilçisi "OKS Stomil”dən gəlmisən. Bəs necə oldu ki, aşağı liqada oynamağa razılıq verdin?

- Sadəcə, Ukraynada Zaporojye "Metallurq”unda oynayarkən klub rəhbərliyi ilə problemim oldu. 3-4 il əvvəl Avropanın bir sıra güclü komandaları məni heyətinə qatmağa çalışırdı. Məsələn, "Sevilya”, "Vest Bromviç”, "Birmingem”, "Lester”in adını çəkə bilərəm. "Vest Bromviç”də baxışda olmuş, bəyənilmişdim. Rəhbərlik isə məni buraxmadı. Problem yarandığından 1 il oynaya bilmədim, məşqçilər məni meydana buraxmırdı rəhbərliyin göstərişi ilə. Belədə yenidən əvvəlki formamı və futbolçu kondisiyalarını bərpa etmək məqsədi ilə ilk təklif gələndə Ukraynadan qaçdım. Polşa I divizionu heç də zəif yarış deyil. Orda olduğum dönəmdə çempionatın ən yaxşı futbolçusu da seçildim. İndi isə daha güclü çempionata gəlmişəm ki, əvvəlki Kalonasın hələ yaşadığını hamıya göstərim. Əsas məqsədlərimdən biri də yenidən yığma komandaya cəlb olunmaqdır.

- Belə çıxır 2010-cu ildən sonra Litva yığmasına dəvət almamağın bununla bağlıdır?

- Bəli. Amma məni hesabdan silmək hələ tezdi. Ən yaxın zamanlarda yığmaya dönmək istəyirəm. Artıq yaxşı forma yığmışam və karyeramda yeni səhifəyə başlamağa hazıram. "Rəvan”da özümü yaxşı tərəfdən göstərə bilsəm, artıq bir neçə aydan sonra milliyə qayıda bilərəm.

- Litva yığmasının perspektivi barədə nə düşünürsən?

- Artıq DÇ-2014-ün seçmə turniri barədə xəyallar qurmağa ehtiyac yoxdur. Məncə, 24 komandanın iştirak edəcəyi AÇ-2016-ya daha çox diqqət ayrılmalıdır. Məhz həmin turnir bizim yığma üçün şans olacaq.

- Karyeranın əvvəlində Rusiyanın bir neçə klubunda olsan da, əsas komandaya düşməkdə çətinlik çəkmisən...

- "Dinamo”nun əvəzediciləri ilə Rusiya çempionu olmuşam. Sonra "Rubin”ə keçdim. Kurban Berdıyev hələ gənc olduğumu söyləyib əvəzedicilərdə təcrübə toplamağı istədi. Bir az dözdüm, amma sonra mən də əsas komandada oynamaq istədiyimi dedim. Belədə maraqlar toqquşdu və Kazandan ayrılmalı oldum. Latviyada Liepeya "Metallurq”unda bacarığımı hamıya göstərdim.

- "Metallurq”dan yenə Rusiyaya gəlməyin nə ilə bağlı idi? Axı Rusiyada uğursuz təcrübə qazanmışdın...

- Latviyada oynadığım müddətdə mütamadi olaraq yığmaya dəvət alırdım. Belədə yenə Rusiyaya qayıdıb özümü sübut etmək istədim.

- Hücumçunun arxasında oynasan da, qol vurmaq baxımından elə də çox fərqlənməmisən...

- Nəzərə alaq ki, əsas işim komandanın oyununu istiqamətləndirməkdir. Yəni daha çox pleymeykerliyə can atıram. 2005/06 mövsümündə Liepeya klubunda 24 məhsuldar ötürmə ilə Latviya rekordu qırmışdım. "Bohemians”da da məhz ötürmələrlə seçilmişdim. Ukraynada "Metallurq”da çıxış edəndə isə taktikaya görə sırf mərkəz yarımmüdafiəçisi olmuşdum. İlk mövsümümdə komanda 4-cü yeri tutmuşdu. Sonra isə komanda dağıldı.

- Artıq 1 həftəyə yaxındı Bakıdasan. Şəhəri gəzmisən? Xoşuna gəlir?

- Bakı əla məkandı. Artıq mərkəzi hissədə olmuşam. Park bulvarda oturub dənizi seyr etmişəm. Çox gözəl mənzərəsi var.

- Karyeran ərzində Vilnüs, Moskva, Braqa, Kazan, Liepeya, Krasnodar, Riqa, Dublin kimi şəhərlərdə olmusan. Müqayisə aparsan, Bakı hansı pillədə qərarlaşar?

- (fikirləşir) Moskva Moskvadır. Ancaq Bakı tədricən ondan geri qalmamağa başlayıb. Paytaxtınızı çox bəyəndim. Həddən artıq gözəl şəhərdir. İlk görüşdən xoş təəssüratlar oyatdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail