Varea: "Premyer liqanın bəzi oyunlarını izləyəndə zövq alırsan" Müsahibə II hissə

10.02.2013 | 5581 dəfə oxunub

Premyer Liqanın arxada qalan bölümündə "Rəvan” futbol klubunun heyətində adından ən çox söz etdirən futbolçu heç şübhəsiz, Xuan Manuel Varea oldu. Stadium.az xəbər verir ki, 26 yaşlı hücumçu cari mövsüm bütün çempionat oyunlarında meydana çıxan yeganə "Rəvan”lıdır. Buenos Ayres doğumlu forvard 18 oyuna 6 qol vurmaqla yadda qalıb. Hesabında 1 məhsuldar ötürmə də olan Xuan kubok matçında da fərqlənib. Bir sözlə, o, komandanın "vuran ayağı"dır. Varea çempionatın qış fasiləsindən ayılmaq üzrə olduğu məqamda klubun rəsmi saytına geniş və maraqlı müsahibə verib.

- Bura gəlməmişdən əvvəl ölkəmiz və ya paytaxtımız Bakı haqda hansı təəssüratların vardı, hansı məlumatları əldə etmişdin?

- "Şiroki Briyeq”də çıxış edərkən televiziya vasitəsi ilə müəyyən məlumatlar əldə etmişdim. Çempionat haqda da informasiya toplamışdım. "Eurovision-2012” mahnı müsabiqəsini izlədiyimdən Bakının necə olduğunu da hardasa təsəvvür edə bilirdim.

- Demək olar yarım ildi Bakıdasan. Şəhər barədə nə fikirdəsən?

- Uşaqların böyüməsi baxımından əla yerdir. Martda 2 yaşı tamam olacaq qızım Viktoriya Bakıda parkda gəzərkən və ya alış-verişə gedəndə çox xoşbəxt görünür. Bakı işıqlı, hündür binaların və yeni evlərin zəngin olduğu müasir şəhərdir. Paytaxtınızda daha çox dənizkənarı park xoşuma gəlir. Əla mənzərəsi var.

- Azərbaycanda ən çox səni cəlb edən nə oldu?

- Mədəniyyət, adət-ənənələr, ailə və uşaqlara münasibət, parklar və alış-veriş mərkəzlərindəki qiymətlər.

- Komandada ən çox kiminlə yaxınsan? Ən yaxın dostun kimdir?

- Artıq "Qarabağ”a keçmiş Kristian Torreslə lap yaxın dost idik, elə indi də dostluğumuz davam edir. Aradabir imkan tapıb görüşürük. Ümumiyyətlə, komandada hamıyla yaxşı münasibətim var. Xüsusilə Şərqi Avropa ölkələrindən olan futbolçularla dil problemi olmadığına görə daha çox ünsiyyətdə oluram.

- Azərbaycan futbolunda nəyi bəyənirsən, nəyi yox? Ümumiyyətlə, bir legioner kimi hansı çatışmazlıqları görürsən?

- Azərbaycan futbolunda səviyyəli legionerlərin olması xoşdur. Xüsusilə Cənubi Amerika və Argentinadan olan oyunçuların çox olması çempionata rəng qatır. Çempionatda güclü rəqabət müşahidə olunur. Premyer liqanın bəzi oyunlarını izləyəndə zövq alırsan. Xoşuma gəlməyən əsas amil isə stadiona çox az tamaşaçının gəlməsidir. Məncə, daha çox fanat ordusu olsa, komandalar da daha əzmkar mübarizə aparar. Axı fanatlar hər zaman 12-ci oyunçu sayılıb.

- Ölkəmizdə xoşuna gələn futbolçu varmı?

- Bəzi maraqlı, istedadlı oyunçular var. Bizim komandada Tofiq Mikayılov özünü yaxşı tərəfdən göstərir.

- Çempionatımızda ən çox bəyəndiyin müdafiəçi kimdi?

- Bruno Bertuççi.

- Futbol baxımından Azərbaycanla Argentina arasında hansısa müqayisə aparılacaq məqam var?

- Hazırda fərq çox böyükdür. Argentinada futbol daha sürətli, daha keyfiyyətli və daha çox hücumameyillidir.

- Bir qədər karyeran haqda danışaq. Argentinada "Vales Sarsfild”, "Deportivo Espanyol”, "Sentral Kordoba”nın, Kolumbiyada "Depor Akvablanka”nın, Avropada isə Bosniya və Hersoqovina təmsilçisi "Şiroki Briyeq”in formasını geymisən. Bəs futbola gəlişin necə olub?

- Uşaqlıqdan futbolu sevmişəm. Mən böyüyərkən Qabriel Batistuta kimi böyük oyunçuların çıxışını izləməkdən zövq alırdım. Onları özümə nümunə seçib, onları təqlid etməyə çalışırdım. Məhz "Batiqol”a görə mərkəz hücumçusu olmuşam.

- Nə üçün "Veles Sarsfild”də möhkəmlənə bilmədin?

- Əsas komandada təzə-təzə özümə yer edirdim ki, baş məşqçi dəyişikliyi oldu. Migel Anxel Russo mənə şans verirdi, ancaq Rikardo La Volpe gələndən sonra daim ehtiyatda qalırdım. O, gənclərdənsə daha təcrübəli futbolçulara üstünlük verirdi. Bu üzdən "Veles”də özümü göstərə bilmədim.

- "Veles Sarsfild” 2005-ci ildə Klausuranı qazanmışdı. Amma sənin dönəmində turnir cədvəlinin ortalarında var-gəl edirdi. Səbəb nə idi?

- Mənim komandada olduğum dönəmdə "Veles” keçid dövrünü yaşayırdı. Klausura-2005-i qazandıran baş məşqçi Russo "Boka Xuniors”a getdi. Onu əvəzləyən Rikardo La Volpe isə Meksikada tətbiq etdiyi metodlardan yararlanmağa çalışdı. Buna görə də təxminən 2 il komanda ortabab statusunu daşıdı. Amma La Volpenin metodlarının Argentinada keçmədiyi lap əvvəldən görünürdü.

- Sənin dövründə komandada hansı məşhur simalar var idi?

- Belələri çox olub. Bəlkə də kimisə unuduram, ancaq yadımda qalanlar bunlardı: Mauro Sarate, Lukas Kastroman, Qaston Sessa, Fabian Kubero, Leandro Somosa, Emiliano Papa, Leandro Qrasián, Xuan Manuel Martines, Pablo Batalya və s.

- İndi Argentina, Cənubi Amerika futbolunu izləyə blirsən?

- Bəli, internet vasitəsilə izləmək imkanım olur. Hətta bəzi maraqlı oyunları H onlayn izləyirəm. Üstəlik, idman qəzetlərini də mütəmadi oxuyuram.

- "Veles Sarsfild” son turnirin qalibi oldu. Hansı hissləri keçirdiz? Axı siz çempion ola bilməmişdiz bu komandayla..

- İndiki kollektivdə hər şey fərqlidir. Hazırda prezidentdən tutmuş oyunçulara qəfər, məşqçilərdən tutmuş menecerlərə qədər hamı eyni məqsəd uğrunda çalışır. Üstəlik, son illər "Veles” sabitlik əldə edib. Bunda təbii ki, baş məşqçi Rikardo Qarekanın da əvəzsiz rolu var.

- Peşəkar karyerana "Veles”də başlasan da, "Şiroki Briyeq”in formasında daha çox tanınmısan. Çünki karyeranın ən uğurlu hissəsini "Şiroki Brieq”də keçirmisən. Bu komandanın formasın geydiyin 3 mövsümdə 66 oyuna 26 qol vurmusan. Bəs necə oldu ki, oradan ayrılmaq qərarına gəldin?

- Bosniyada işlərim qaydasında gedirdi. Sadəcə, hələ böyük komandalarda oynamaq üçün kifayət qədər "bişmədiyimi” hiss edirdim. Bu üzdən yeni çağırışa ehtiyacım var idi. Daha güclü çempionatda oynamaqla özümü daha çox tanıtdırmaq istəyirdim. Məhz buna görə də indi burdayam. Yenə deyirəm ki, məqsədim böyük futbol ölkələrinin güclü klublardan birində top qovmaqdır.

- Bosniya və Hersoqovinada olduğun vaxt hətta ən yaxşı futbolçu da seçilmisən. Bu necə baş verib? Çox qol vurmuşdun, yoxsa başqa səbələr də vardı?

- "Şiroki Briyeq”in forması ilə çıxdığım ilk matçdaca azarkeşlərin və jurnalistlərin rəğbətini qazana bilmişdim. Çünki debütdəcə Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində baş tutan "Şturm”la oyunda qol vurmuşdum. Və qolum Avstriya təmsilçisini məğlub etməyə yardım etdi. Çempionatda da yaxşı çıxış etdim. Bu üzdən 2010-cu ilin əvvəlində Bosniyada ilin ən yaxşı əcnəbi futbolçusu seçildim.

- Hər iki qitədə top qovmusan. Səncə, bu gün Cənubi Amerika futbolu güclüdü, yoxsa Avropa?

- Oyunçuların keyfiyyəti baxımından Cənubi Amerika. Reklam və iqtisadi güc baxımından isə Avropa. Amma aradakı fərq getdikcə azalır və artıq bir çox Cənubi Amerika komandaları Avropada oynayan ulduzları geri qaytarır.

- Argentina yığmasına çağırılmağı arzulayırsan? Buna inanırsan?

- Bu, mənim üçün ən böyük arzulardan biridir. Hər bir oyunçu milli komandanın formasını geyməyi xəyal edir. Niyə inanmayım ki (gülür)?.. Heç vaxt ümidsizliyə qapılmaq olmaz.

- Argentina millisinin DÇ-2014-dəki şanslarını necə dəyərləndirirsən?

- Hazırkı komanda hücum potensialına görə çox güclüdür. Görün bir kimlər var: Messi, Aquero, İquayn, Di Mariya. Hələ Teves, Lavessi kimi oyunçuları da yaddan çəxarmamalıyıq. Əsas zəifliyimiz isə müdafiə xətti ilə bağlıdır. Roberto Ayaladan sonra bizdə nəsə lider müdafiəçi yetişmir. Maraqlıdır ki, o da bütün böyük turnirlərdə ya səviyyəsindən aşağı çıxış edib, ya da zədəli olduğundan ümumiyyətlə, oynamayıb.

- Ümumiyyətlə, səncə, Braziliyadakı turnirin favoriti kim olacaq?

- Son 5 ilin ən yaxşı komandası saydığım İspaniya, Argentina və ev sahibi Braziliyanı fərqləndirərdim.

- Messi ilə yaxından görüşmək imkanın olub?

- Xeyr.

- Bu gün Messi ilə Maradonanı müqayisə edənlər az deyil. Səncə, bu müqayisə nə dərəcədə düzgündü?

- Mən müqayisə tərəfdarı deyiləm. Çünki onlar fərqli dönəmlərdə oynayıblar. Maradona DÇ-86-nı demək olar təkbaşına qazandı. Messi hələ dünya çempionu olmasa da, indidən adını tarixə yazdıra bilib. O, daha sürətlidır və sanki "qol maşını”dır. Amma Maradona ilə Messinin oyun üslubları fərqlidir. Bir şeyi də vurğulayım ki, Maradona böyük istedad sahibi olmaqla yanaşı, həm də xarizmatik lider idi.

- Messi ardıcıl 4-cü dəfə "Qızıl top”u qazandı. Bu həqiqətən onun "1” nömrə olduğunu göstərir? Lionel olmasaydı, bu mükafata sən kimi layiq görərdin?

- Təbii, hazırda Messinin tayı-bərabəri yoxdur. O doğrudan da "1” nömrədir. Leo olmasaydı, "Qızıl top”u Inyesta və ya Xavi qazanardı.

- Öz mövqeyində kimi ən güclü sayırsan?

- "Atletiko”nun kolumbiyalı hücumçusu Radomel Falkaonu.

- Bəs Azərbaycanda?

- "Neftçi”li Nikolas Kanalesi.

- Hansı klubun azarkeşisən?

- Uşaqlıqdan "Boka Xuniors” fanatıyam.

- Bəs hal-hazırda kimi ən güclü klub sayırsan? Sən də dünyanın ən güclü klubunun "Barselona” olması ilə razılaşırsan?

- Hətta daha artığını deyərdim. Hazırkı "Barselona” ümumiyyətlə, futbol tarixinin ən güclü komandası kimi qəbul edilməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail