"Qarabağ" "Qəbələ"ylə oyunun hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, Antalyadan təlim-məşq toplanışından döndükdən sonra millilərə 6 futbolçu göndərən komanda tam heyətlə çalışa bilmirdi. Dünən Lixtenşteynlə qarşılaşan millimiz artıq Bakıdadır. 1:0-lıq qələbə zamanı yeganə qola "Qarabağ"ın forvardı Vaqif Cavadov imza atıb. Bununla da 23 yaşlı hücumçu millidə qolların sayını 8-ə çatdıraraq bu göstəricidə 2-ci sıraya yüksəldi. Vaqif klubun rəsmi saytına verdiyi açıqlamada daha ətraflı danışıb: "Millimizin bu il ilk qələbəsi çox vacib idi. Bu qələbə bizim əhval-ruhiyyəmizə pozitiv təsir göstərəcək. Millidə bombardir olmaq əsas hədəfim deyil. Amma təbii ki, hələ gəncəm. Ümid edirəm ki, hələ uzun müddət millidə oynayıb qol hesabımı artırmaq şansım olacaq. İndi çempionata köklənmək lazımdır. Qarşıdan "Qəbələ" ilə oyun gəlir. Qəbələlilər hamıdan çox transfer edib. Onlar da yüksək yerlərə iddialıdırlar. Olduqca çətin oyun olacaq. Düzdü, son zamanlar "qırmızı-qara"larla görüşlərdə qələbə qazana bilmirik. Amma meydana çıxanda qələbəni statistika qazanmır. Qurban müəllimin məni hücumun sivri ucunda oynatmasına gəlincə. Mənim üçün belə baxanda fərqli yoxdur. Məşqçimiz üçün harda daha çox fayda verəcəyim maraqlıdı. Millidə qol vurduqdan sonra təbii ki, "Qəbələ"yə də qol vurmaq istərdim. Amma qələbə qolunu. Uğurlu başlamaq çox yaxşıdır. İnanıram ki, Qəbələdən istədiyimiz nəticə ilə dönəcəyik".