Dan Karleone danışılmış oyunları necə təşkil edir? ARAŞDIRMA

Dan Tanın yeganə dəqiq şəkli
Dan Tanın yeganə dəqiq şəkli

07.02.2013 | 6770 dəfə oxunub

Bu həftənin ən mühüm futbol olaylarından biri, bəlkə də birincisi danışılmış oyunlarla bağlı oldu. Avropa İttifaqının polis xidməti (Avropol) Haaqada keçirdiyi mətbuat konfransında 18 aydır danışılmış oyunlarla bağlı apardığı araşdırmanın nəticəsini açıqladı. Bəlli oldu ki, Avropol göstərilən müddətdə dünya çempionatının seçmə matçları, Avropanın aparıcı çempionatları və Çempionlar Liqası turniri də daxil olmaqla 380 görüşün nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyini üzə çıxarıb.

Cinayətkar qruplaşma bu oyunlardan ümumilikdə 16 milyon avro gəlir əldə edib. Polisin məlumatına əsasən, ən böyük uduş bir matça görə 140 min avro təşkil edib. Avropol bildirir ki, təkcə Avropa deyil, Asiyadan olan cinayətkarlar da danışılmış oyunların iştirakçısı olublar. Bu günə qədər sözügedən faktlarla əlaqədar 50 nəfər həbs olunub. Avropolun direktoru Rob Ueynrayt qeyd edib ki, bu araşdırma Avropa futbolunda böyük problemin olduğunu üzə çıxarıb. R.Ueynrayt ad açıqlamasa da, 15 ölkədən 420 futbolçunun danışılmış oyunlarda iştirak etdiyini söyləyib.

Bir sözlə, Avropol danışılmış oyunların təşkilatçılarına qarşı qlobal müharibəyə başladığını bəyan etdi. Aşağıdakı yazını oxuduqdan sonra biləcəksiniz ki, bu baxımdan əsas təhlükə Sinqapurdan gəlir. Haradakı Dan Tan çalışır, "A" seriyasında baş verən qalmaqalın 1 nömrəli səbəbkarı məhz odur.

TÜRKİYƏ DANIŞILMIŞ OYUNLARA GÖRƏ LİDERDİ

Avropolla İnterpolun birgə apardığı istintaqın nəticələrinə görə 680 oyunun nəticəsi şübhəli görünür: bu matçlardan 380-ı Avropada, qalan 300-ü isə Asiya, Afrika və Cənubi Amerikada baş tutub. Şübhəli oyunlar arasında Avropanın 13 çempionatında (bəziləri aparıcı çempionatlarındandır), Çempionlar Liqasında (2 oyun, biri 3-4 il əvvəl İngiltərədə baş tutub), UEFA Kubokunda, eləcə də Dünya və Avropa çempionatının seçmə mərhələ matçlarında baş tutan qarşılaşmalar var. Ciddi mərclər hətta yoxlama oyunlarına da edilib.

Şübhəli oyunlar arasında ölkə baxımından Türkiyə liderdi. Qardaş ölkədə baş tutan 79 görüşün nəticəsi şübhəli görünür. Bu baxımdan ikinci pillədə 70 matçla Almaniya qərarlaşıb. İsveçrədəki 41, Macarıstanda 20, Belçikada 19 matçın nəticəsi şübhəlidir. Eyni zamanda Bolqarıstan, Sloveniya və Finlandiyada da bir sıra matçların nəticəsi şübhə altına düşüb.

Danışılmış oyunların əsas təşkilatçısı Sinqapurda məskunlaşan cinayətkar sindikatdır. Həmin qrup avropalı "həmkar"ları ilə birgə xeyli sayda oyunun nəticəsini əvvəlcədən müəyyənləşdiriblər. Nəticəsi şübhəli bilinən 680 oyuna əsas mərclər məhz Asiyadan edilib. Sinqapurlu cinayətkarların əlbir olduqları mafiyalar arasında ruslar da var. 

"DEBRETSEN"İN QAPIÇISI "LİVERPUL"DAN 3 QOL "YEMƏLİ" OLSA DA...

Avropolun dərc etdiyi siyahıda yer alan Çempionlar Liqasının hər iki matçı Macarıstan təmsilçisi "Debretsen"in iştirakı ilə baş tutub. 2009-cu ildə sürpriz şəkildə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn macarların "Liverpul" və "Fiorentina"ya qarşı baş tutan matçlarının nəticəsi əvvəlcədən müəyyənləşdirilib. Cinayətkarlardan pulu "Debretsen"in qapıçısı Vukaşin Poleksiç alıb. Lakin adıçəkilən qapıçı "Liverpul"la oyunda istəyinə çata bilməyib. Belə ki, o öz qapısından 3 qol buraxmalı idi. Amma rəqibin zəif oyunu həm Poleksiçin, həm də cinayətkarların arzusunu gözündə qoyub.

Asiyalı cinayətkarlarla əlbir olmaqda 425 nəfər günahlandırılır. Onlar arasında hakimlər, futbolçular və menecerlər var. Həmin siyahıda adı yer alan adamlardan 50-si artıq həbs olunublar.

Almaniya da danışılmış oyunlardan yan keçməyib. Təşkilatçılar burada 8 milyon avro gəlir əldə ediblər. Bu, sübuta yetirilmiş fakta görə cinayətkarlar artıq məsuliyyətə cəlb olunublar. Lakin Avropolun nümayəndələrinin bildirdiklərinə görə, 8 milyon avro görünən aysberqin yalnız bir hissəsidir.

Maraqlıdır ki, İnterpolun baş katibi Ronald Nolba danışılmış oyunların ümumi məbləği haqda belə deyib: "Danılmış oyunların təşkilatçıları o qədər böyük məbləğ qazanırlar ki, bunu nə iləsə müqayisə etmək çətindir. Onların qazanclarını yalnız "Coca-Cola"nın illik gəliri ilə müqayisə etmək olar" (ildə təxminən 35 milyard dollar).

DAN TAN - FUTBOLUN 1 NÖMRƏLİ CİNAYƏTKARI

Və ən əsası: The New York Timesın bildirdiyinə görə, bütün danışılmış oyunların əsas təşkilatçısı Dan Tandır. İnterpol artıq asiyalı mafiozun axtarışına başlayıb.

Dan Tan - eyni zamanda İtaliya çempionatında baş vermiş qalmaqalın da əsas günahkarıdır. Bu ilin aprelində Dan Tanın 49 yaşı tamam olacaq. Böyük biznesdə - danışılmış oyunlarda o həyatının yarıdan çoxunu keçirib. Bir müddət əvvəl isə o karyerasının "ulduz saatı"nı yaşadı. Belə ki, 2012-ci ilin mayında "A" seriyasında baş verən qalmaqalı məhz o həyata keçirib. Bəzi futbolçuların həbs olunması, İtaliya millisinin bazasında axtarışların aparılması, "Yuventus"un baş məşqçisi Antonio Kontenin cəzalandırılması - bütün bunlar məhz Dan Tanın əməllərinin nəticəsidir.

Dan Tan İtaliya futboluna 2008-ci ildə qoşulub. 1 il sonra isə ilk "plan"ını həyata keçirib. Sinqapurlunun ilk "iş yoldaşı" "Albinofelle" olub. "B" seriyasında çıxış edən bu komandanın əksər oyunları Tanın istədiyi kimi nəticələnirdi. Tanın keçmiş həmkarlaerından olan Rac Perumalın bildirdiyinə görə, "B" seriyasında 1 oyun 4-6 milyon avro arasında gəlir gətirə bilər. Tanın müəyyən müddətdən sonra üz tutduğu "A" seriyasında isə daha çox gəlir götürmək mümkün idi - 10-15 milyon.

2009-2011-ci illər aralığında Dan Tan və onun dəstəsi İtaliyada 33 danışılmış oyun həyata keçirib. İnterpolun həmin 33 matça görə lazımı sübutları var: səsyazmalar, pulların ötürülməsi və s.

Appenində böyük iş həyata keçirməsinə baxmayaraq, 2 il ərzində Dan Tan İtaliyaya cəmi 1 dəfə səfər edib: 2009-cu ildə o balkan yarımadasından olan həmkarları və köməkçisi Çu Benq Xuatla birgə İtaliyadan Sloveniya ərazisinə keçib. Qalan vaxt ərzində isə o öz biznesini məhz Sinqapurdan idarə edib.

Tanın "Buzovlar ölkəsi"ndəki işinin böyük hissəsini məhz bayaq adını çəkdiyimiz köməkçisi həyata keçirirdi. 2 il ərzində 16 dəfə İtaliyaya səfər edən Xuat lazımı insanlarla görüşürdü. Artıq göz altına alınan Çu Benq Xuat haqqında deyilənləri qəbul etmir: "Mən futbolla qətiyyən maraqlanmıram və 2 il ərzində İtaliyaya cəmi 1 dəfə səfər etmişəm. O da bacımı görmək üçün". Lakin "Əl-Cəzirə" kanalının efirində yayımlanan videogörüntülər bunun tam əksini iddia edir.

Ümumilikdə Tanın köməkçisinin İtaliyaya səfərləri çox qısamüddətli olurdu - 6 saatdan 24-saatadək. Xuat yalnız 2 dəfə Milanda 1 ay ərzində qalıb. İstintaqın nəticələrinə əsasən, onun uzun müddət ərzində İtaliyada qalması heç də səbəbsiz deyildi. Çünki Xuat "Latsio" - "Leççe" oyunu ilə bağlı planı həyata keçirməliydi. Söhbət 2011-ci il, mayın 22-də baş tutan qarşılaşmadan gedir. Oyunun başlanmasına 1 saat qalmış Xuat öz əlaltılarına göstəriş verir ki, "Latsio"nun futbolçularına vəd olunan 600 min avronu çatdırsınlar. Tan isə Çinin bukmeyker kantorunda "Latsio" - "Leççe" oyununda 4-dən artıq qol vuracağıma 2 milyon avro həcmində mərc etdi. Matç Roma klubunun 4:2 hesablı qələbəsi ilə başa çatdı. Bu isə o deməkdir ki, plan həyata keçdi.

Tanın dəstəsi təkcə danışılmış oyunlar təşkil etməklə kifayətlənmir, həm də qazanılan məbləği məharətlə gizlətməyi bacarırdılar. Bunun üçün Tan xüsusi firmalar yaradırdı. Bu baxımdan Panamada qeydiyyata alınan Clewer Overseas S.A-nı misal gətirmək olar. Bu şirkətdə "Breşiya" - "Leççe" oyunundan əldə olunan gəlir - 800 min avro gizlədildi. 2011-ci ilin dekabrında İtaliya polisi Dan Tanın bütün planlarının üstünü açmağı bacardı və o axtarışa verildi. Məhkəmə hətta onun həbsi barədə order çıxarsa da, Sinqapur höküməti tələsmirdi. Elə buna görədir ki, Tan əvvəlki kimi sakitcə şəkildə öz evində yaşayır. Hətta Sinqapurun The New Paper qəzetinin əməkdaşı Zayhan Yusofun yazdığına görə o telefon zənglərinə də cavab verir. Lakin o bütün günahları boynundan ataraq, danışılmış oyunlarla bağlı heç bir əlaqəsinin olmadığını qeyd edir.

Dan Tan danışılmış oyunlar bazarında 90-cı illərin əvvəlində peyda olub. Həmin vaxt onun heç 30 yaşı tamam olmamışdı. İlk vaxtlar o at yarışlarına, eləcə də Sinqapur çempionatının oyunlarına mərc edirdi. 1994-cü ildə o dünya çempionatının gedişində 1,5 milyon dollara yiyələnərək, həyatını xilas etmək üçün Sinqapurdan qaçdı. Lakin çox keçmədən o vətənə döndü. Dan Tan tez bir zamanda bütün borclarını geri qaytacağına söz verərək, yenidən fəaliyyətə başladı. Çox keçmədən o Sinqapurda nüfuzlu şəxslərdən olan Esvaramurtxi Pilleyin sağ əlinə çevrildi.

1995-ci ildə Pilley Malayziya çempionatından sonra Avropa ölkələrinə çıxış axtarırdı. 2 il sonra əlaqələrini genişləndirən bu ikili hətta İngiltərə Premyer Liqası çərçivəsində baş tutan "Vest Hem" - "Kristal Pelas" və "Uimbldon" - "Arsenal" görüşlərinin sonunda projektorları söndürərək, matçın istədikləri şəkildə yekunlaşmasına da nail oldular.

Çox keçmədən dəstənin ən fəal üzvlərindən olan Uilson Raca Perumal Finlandiyada həbs olundu. Perumal xərclədiyi pullar qarşılığında oyunçuları, hakimləri "alır", istədiyini həyata keçirirdi. Hətta 1 dəfə o olmayan oyuna görə də pul udmağa müvəffəq oldu. 

Artıq hər kəsə bəllidir: 60 ölkədə baş tutan oyunların nəticələri şübhəlidir, həmin ölkələrin də ən azı 25-in də sinqapurluların "barmağ"ı olub. Bundan başqa, bukmeyker bazarında edilən mərclərin 70-80 faizi Asiyadan həyata keçirilir. Bu da təbii ki Dan Tanın sayəsində. Verilən məlumatlara görə, Dan Tanla Perumalın münasibətləri 2010-cu ildə pozulub. Az sonra isə o Finlandiyada polislərin əlinə keçdi.   

Həbs olunduqdan sonra The New Paper qəzetinə ünvanladığı məktubda Perumal belə yazmışdı: "Əvvəlcə mən hər şeyi etiraf etmək istəmirdim. Eləcə də Dan Tanın adını bu məsələdə hallandırmaq istəmirdim. Çünki polislərin məni üçün həbs etdiklərini bilmirdim. Həm də heç cür işbirliyi içərisində olduğum adamlar tərəfindən xəyanətə uğrayacağımı təsəvvür edə bilmirdim. Amma Tan öz fəaliyyətini davam etdirir".    

Dan Tan isə bir müddət əvvəl verdiyi açıqlamada ümumiyyətlə, kimliyini təkzib edib: "Nə? Mən Dan Tan deyiləm. Mənim adım Tan Sit Enqdir. Nədənsə məni danışılmış oyunlarda günahlandırırlar. Amma mən bu haqda heç nə bilmirəm. Heç nədə də günahkar deyiləm. Düzdür, mən Finlandiyadan sərmayə alan Exclusive Sports şirkətində çalışmışam. Amma qısa müddətdə. Az sonra şübhələndiyim üçün oradan ayrıldım".

Sonda sizlərə tanınmış jurnalist Deklan Hillin Dan Tan haqda dediklərini təqdim edirik: "Sənədlərlə təsdiq olunur ki, Dan Tan Asiya, Afrika, Latın Amerikası Almaniya, Avstriya, Macarıstan, Serbiya, Makedoniya, Xorvatiya, Finlandiya, Yunanıstan, Bolqarıstan, Sloveniya, Slovakiya, İsveçrə və İtaliyada danışılmış oyunlar təşkil edib. Əgər, bu dəfə də o həbs olunmasa, biz danışılmış oyunlarla müharibəni birdəfəlik uduzacağıq".

Hazırladı: Şahin ZÜLFÜQAROV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail