“Yeni mövsüm tam fərqli “Rəvan” görəcəksiz” Müsahibə

29.01.2013 | 3810 dəfə oxunub

Premyer-liqada ilk "6-lıq” şanslarını saxlayan "Rəvan” futbol klubu mövsümün 2013-cü ildəki bölümünə ciddi hazırlaşır. Bu məqsədlə komanda fiziki hazırlıq üzrə yeni məşqçi ilə anlaşıb. Bunadək Slovakiyanın "Koşitse” klubunda çalışmış Rastislav Svitski ilə ilyarımlıq müqavilə bağlanılıb. 2002-ci ildə Preşov Universitetinin "Humanitar və Tibb elmləri" ixtisası üzrə doktor elmi dərəcəsi alan mütəxəssis ilk müsahibəsini klubun rəsmi saytına verib.

- İlk olaraq yeni işiniz münasibətilə sizi təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

- Xoş arzulara görə çox sağ olun.

- "Rəvan”a gəlişiniz necə oldu?

- Bildiyiniz kimi, Slovakiyanın köklü klublarından olan "Koşitse”də çalışırdım. İlin sonuna yaxın menecerim zəng eləyib Azərbaycandan təklif olduğunu, komandanın premyer-liqada mübarizə apardığını söylədi. 8 il eyni komandada işlədiyimdən dəyişikliyə ehtiyac duyurdum. Çünki uzun müddət eyni yerdə işlədikdən sonra özüm üçün yeni çağırış axtarırdım. Ancaq Slovakiyanı da tərk etmək istəmirdim. Çünki ailəm var. Bu üzdən menecerimə ilk cavabım "yox” oldu. Ancaq klubun vitse-prezidenti Bəhruz Şirəliyevlə danışdıqdan sonra fikrimi dəyişdim. O məni bura gəlməyə inandıra bildi. Komandanın hazırkı durumda mənə ehtiyacının olduğunu söylədi. Bir qədər maraqlandıqdan sonra komandaya həqiqətən xeyir verə biləcəyimi anladım. Ona görə də indi qarşınızdayam (gülür).

- "Rəvan”a yeni nə verə bilərsiz?

- Artıq bir həftəyə yaxındı ki, komandayla işləyirəm. Ona görə də futbolçuları az-çox tanıyıram. Onlar peşəkardı. Sadəcə, işlərinə tam konsentrasiya olmalarına yardım edəcəm. İstəyirəm hətta ehtiyatda qalan futbolçular da komandaya kömək etməyə 100 faiz hazır olsun. Üstəlik, futbolçuların meydanda 50-60 dəqiqə yox, lazım gələrsə 120 dəqiqə yüksək tempdə oynamasına, yüksək səviyyədə mübarizə aparmasına çalışacam. Bu, bəlkə də mənim üçün əsas hədəf olacaq. Çünki fiziki hazırlığa mən cavabdehlik daşıyıram. Baş məşqçi ilə bu barədə söhbətimiz olub, o komandanı fiziki cəhətdən yükləməyimə mane olmur. Məncə, işbirliyimiz uğurlu olacaq. Bir-birimizi əla başa düşürük.

- Futbolçuları fiziki cəhətdən yükləməklə nəyə nail olmaq istəyirsiz?

- Cari mövsümün yerdə qalan bölümündə onları yeni iş üslubuma alışdıracam. Yeni mövsüm isə tam fərqli komanda görəcəksiz. Futbolçuların maksimum potensialını bilməklə optimal səviyyə müəyyənləşdirəcəm. Komandanın mexanizm kimi işləməsinə çalışacam. 3-4 ay sonra fərqi özünüz hiss edəcəksiz.

- Baş məşqçidən danışdız. Bildiyiniz kimi, Ramil Əliyev gənc məşqçidi. Bu barədə nə deyərdiz?

- Mənim üçün məşqçinin gənc olması problem deyil. Əksinə, onun futbolçular arasındakı nüfuzu məni valeh etdi. Bir də ki indi bütün dünyada gənc məşqçilərə etimad göstərilməsi dəbdədi. O, məşqlərə yenilik gətirir. Üstəlik, gənc mütəxəssislər indiki günümüzlə ayaqlaşmağa çalışır, internetden, yeni sistemlərdən yararlanır, öz üzərində çox çalışır. Köhnə futbol adamları isə sanki belə yeniliyə biganə qalır. 20-30 il əvvəl işlətdiyi metodları indiki dövrdə də tətbiq etməyə səy göstərir. Məncə, bu yanlış yanaşmadır. Çünki indi bütün idman növləri daha sürətli olub. Əvvəlki yanaşmayla işə uyğunlaşmaq düzgün deyil.

- Ümumiyyətlə, buna qədər Azərbaycan, onun futbolu barədə məlumatınız var idi?

- Bəli var idi. Bəzi komandalarınızın avrokubokların təsnifat mərhələsində az-çox uğurlu çıxış etdiyini bilirdim. Düzdü, adları tam yadımda qalmayıb, amma bir klubunuz hətta Avropa Liqasında qrup mərhələsinə də vəsiqə qazanmışdı. Fikirləşdim ki, belə çempionatda işləməyə dəyər. Yəni "Rəvan”a yardım edə bilərəm. Yeni yaranmış komandadı, qarşıdakı illərdə avrokuboklara qatılmaq uğrunda mübarizə aparmağa tam qadirdi. Azərbaycan futbolu da gündən-günə inkişaf edir.

- Bəs ölkə kimi Azərbaycan haqda nə bilirdiz?

- Burda vaxtilə problem olduğuna oxumuşdum. Dağlıq Qarabağ problemini deyirəm. Ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini öyrənmişdim. Hətta ermənilərin torpaqlarınızın 20 faizini işğal altında saxladığını da bilirəm. Hava limanından mehmanaxanaya qədər olan yolda gördüklərim isə məni yaxşı mənada təəccübləndirdi. Bakı çox inkişaf etmiş şəhər təsiri bağışlayır. Hiss edirəm ki, tədricən Avropaya uyğunlaşma gedir. Məncə, bu əladır. Yaxın gələcəkdə paytaxtınızın və ölkənizin daha da gözəlləşəcəyinə əminəm.

- DÇ-2002-nin seçmə turnirində Azərbaycan millisi Slovakiya ilə oynamışdı. 2001-ci ilin yayında Bakıda sizin milliyə 2:0 hesabı ilə qalib gəlmişdik. Həmin oyunu xatırlayırsız?

- Xeyr xatırlamıram. Amma evdəki oyunda sizin millini məğlub etdiyimizi bilirəm. Məni düzgün başa düşün, eyni zamanda həm futbol, həm həndbol, həm də basketbol komandalarında işləmişəm. Ona görə də bu idman növlərinin hamısıyla dərindən maraqlana bilmərəm. Yalnız nəticələrə fikir vermişəm. Buna görə də yalnız qələbə qazandığınızı bilirəm.

- CV-nizlə yaxından tanış olduqda lap uşaq yaşlarından idmana meyilli olduğunuz görünür. Bu nə ilə bağlıdır, bəlkə ailədən gələn, irsi xüsusiyyətdir?

- Bəli, düz qeyd etdiz, ailəvi maraqla bağlıdır. Atam baytarlıq univetsitetində dosent olsa da, işdən sonra tez-tez bodibildinqlə məşğul olurdu. Özü də şagirdləri var idi. Belədə məndə də maraq yarandı. İlk vaxtlar hokkeylə, futbolla, ağır atletika ilə məşğul olsam da, sonradan yüngül atletikaya meyl saldım. Buna görə də idman məktəbində, sonra da Bratislavadakı Komenski Universitetində təhsil aldım. O vaxtlar dostlarım arasında peşəkar idmançılar çox idi. Onlar fərqli idman növləri ilə məşğul olurdu. Boş vaxtlarımızda birgə məşq edirdik, yarışırdıq. Özləri də bildirirdi ki, mənimlə məşq etməklə daha hazırlıqlı olurlar. Bu üzdən sonradan müxtəlif idman növlərində çalışa bildim.

- Maraqlıdı ki, çalışdığınız ilk komanda basketbol kollektivi olub. Bəs necə oldu ki, futbola gəldiz?

- Belə deyim də. İdman növləri fərqli olsa da, fiziki hazırlıq üzrə məşqçinin işi demək olar eyni olur. Yəni komanda üzvlərini maksimum dərəcədə yüklənməyə alışdırmaq. Başqa sözlə, oxşar cəhətlər çoxdur. Hazırlığın 50 faizi praktiki olaraq eynidir. Yalnız 50 faizlik iş idman növündən asılı olaraq dəyişir. Futbola gəlişim isə 2005-ci ilə təsadüf edir. "Koşitse”nin Yozef Yokişiç adlı meneceri mənə zəng vurub klubda aşağı yaş qrupları üzrə komandalarda fiziki hazırlığın səviyyəsini qaldırmağın zəruriliyini söylədi. Maraqlandım, razılaşdım.

- Koşitsedə işlədiyiniz dönəmdə komandadan hansısa ulduz futbolçu çıxıb?

- Mən "Koşitse”də fəaliyyətə aşağı yaş qrupları üzrə komandalarda başlamışam. U-19 komandamız Slovakiya çempionu olduqdan sonra futbolçuların əksəriyyəti əsas komandaya getdi. İlk vaxtlar müəyyən problemlər oldu, 2 il əziyyət çəkdilər. Sonra gənc futbolçular komadaya alışdı, tədricən uğurlu çıxış oldu. İndi komanda çempionatda 4-cü pillədədir. Mənim dövrümdə komandada parlayanların əksəriyyəti indi Praqa "Slaviya”sındadır. Ancaq bir futbolçu daha məşhurdur. Bu, Nemanya Matiçdi. O iki il bizimlə olub. "Koşitse”dən "Çelsi”yə keçmişdi, indi isə "Benfikada top qovur. Albert Rusnak adlı futbolçu isə hazırda "Mançester Siti”nin futbol akademiyasındadır. Rusnakın 13-14 yaşı olanda ona fərdi məşqlər keçmişəm.

- Evlisiz?

- Xeyr hazırda evli deyiləm. Sabiq həyat yoldaşımla boşanmışıq. Məşqçi işinin çətinliyi, daim səfərlərdə olmağımız ailəni qorumağımıza mane oldu. Ancaq boşansaq da, normal münasibətlərimiz var. Sabiq həyat yoldaşımla bir-birimizi əla başa düşürük.

- Bəs uşağınız var?

- 7 yaşlı oğlum var. Artıq 1-ci sinifə gedir.

- O da idmançı olacaq?

- Bunu çox istəyirəm. Ancaq hansı idman növünü seçəcəyini bilmirəm. Axı "Koşitse”də yalnız futbol və hokkey üzrə bölmələr var. Bu üzdən qonşu şəhərlərə getməli olurduq bəzən. Hal-hazırda gimnastika və akrobatika ilə məşğul olur.

- Onu bura gətirmək istəmirsiz?

- Niyə də yox? Ola bilsin yayda 2-3 aylığa istirahətə gəldi. Bəlkə də sabiq həyat yoldaşımla birgə onları Bakıya gətirdim. Sənəd üzərində oğlum anasının himayəsində olsa da, onunla tez-tez görüşürdüm. Məşqlərdə, yarışlarda bir yerdə olurduq.

- Artıq Bakımızla yaxından tanış olmaq imkanı əldə etmisiz?

- Tam deməzdim. Çünki məşqlər və yoxlama oyunları demək olar bütün vaxtımı alır. Üstəlik, məşqdə yeniliklər tətbiq etmək üzərində çalışıram. Bir sözlə, elə də vaxtım olmayıb ki, şəhəri rahat gəzim və doyunca ona tamaşa edim. Yalnız gecelər dənizkənarı parkda tez-tez oluram. Bulvar əladı.

- Gördüklərinizə əsasən Bakı haqda nə deyə bilərsiz?

- Şəhər çox gözəldi, buna söz ola bilməz. Ancaq yaşayış səviyyəsi arasındakı fərqlər məni çaşdırdı. Axı bir yandan böyük villalar, digər yandan da aztəminatlı ailələrin qaldığı şəraitsizliyi görürəm. Bəzilərinin bahalı maşınlarda gəzdiyini, bəzilərinin isə avtobus dalınca qaçdığını görmüşəm. Bizdə - Slovakiyada belə fərq yoxdur. Hamının yaşayış səviyyəsi demək olar, eynidir.

- Müasir futbolun özəllikləri barədə nə deyə bilərsiz?

- Futbolda da başqa idman növləri kimi sürət artımı baş verib. İndi ani qərarlar qəbul etmək bacarığı çox vacibdir. Üstəlik, fiziki hazırlığın da önəmi artıb. Komandaların arasındakı səviyyə fərqi getdikcə azalmaqdadı. Maliyyə ”feyr-pley”i işə düşəndən sonra fərq bir az da azalacaq.

- Avropa futbolunu yaxından izləyirsiz?

- Bəli.

- Bəs hansı komandalara azarkeşlik edirsiz?

- Oyununu xoşladığım 3-4 komanda var. Bunlar ”Mançester Siti”, ”Benfika”, ”Bavariya” dır. Təbii ki, ”Koşitse”nin də qəlbimdə özəl yeri var.

- ”Barselona”nı bəyənmirsiz?

- Bu haqda məndən Slovakiyada da çox soruşublar. ”Barselona” özünəməxsus oyun üslubuyla seçilən komandadır. Ancaq mənə İngiltərə futbolu daha yaxındır. Çünki atletik mübarizə fonunda daim yüksək rəqabət müşahidə olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail