"Yaşca böyük olan futbolçulardan nəyisə öyrənməyə çalışıram" Müsahibə

20.01.2013 | 4144 dəfə oxunub

"İnter"in Uşaq-Gənclər Futbol Məktəbinin ən istedadlı futbolçularından biri, hazırda klubun əvəzedici heyətində çıxış edən Mansur Nahəvəndi klubun rəsmi saytına verdiyi müsahibədə hazırda keçirdiyi təlim-məşq toplanışı barədə danışıb, gənclərdən ibarət U-19 komandasında çıxış etmək perspektivini dəyərləndirib və digər sualları cavablandırıb. Stadium.az həmin müsahibəni təqdim edir: 

- Mansur, mövsümün ilk hissəsini "İnter"in əvəzedici heyəti üçün necə dəyərləndirə bilərdin?
- Mövsümün birinci hissəsi bizim üçün yaxşı keçdi. Komandamız qış fasiləsinə 3-cü yerdə yollandı. Yaxşı oyun sərgiləyə bilmişik, lakin nisbətən bəzi zəif komandalarla görüşlərdə xal itkisinə də yol vermişik. Güclü rəqiblərə qarşı yaxşı mübarizə aparıb qələbə əldə etsək də, əvvəl qeyd etdiyim kimi, zəif komandalarla oyunda bəzən xal itirmişik. Biz o xalları itirməsəydik, o zaman turnir cədvəlinin birinci pilləsində qərarlaşa bilərdik. İnşallah, ikinci dövrədə bu səhvləri təkrarlamayacağıq və çempionluq uğrunda sona kimi mübarizə aparacağıq. 
 
- Cəmi 16 yaşının olmasına baxmayaraq, sən artıq bir neçə ildir ki, özündən yaşca böyük olan futbolçularla bir yerdə əvəzedici heyətdə çıxış edirsən. Daha təcrübəli və yaşda böyük olan komanda yoldaşlarıyla birgə oynamağın və məşq etməyin yəqin ki, sənin daha tez inkişaf etməyinə müsbət təsir göstərir. . .
 
- Təbii ki, yaşca səndən böyük olan futbolçular daha tez hərəkət edirlər, etdiyi hərəkətləri daha mükəmməl yerinı yetirirlər və ən əsası da onlar daha tez fikirləşirlər. Hər məşqdə və hər oyunda mən yaşda böyük olan futbolçulardan nəyisə öyrənməyə çalışıram. Burada məşqçi tapşırıqları da böyük rol oynayır. Baş məşqçinin və onun köməkçilərinin dediyi sözləri diqqətlə dinləmək lazimdır ki, onların və verdiyi tapşırıqları dəqiq yerinə yetirəsən. Onların səndən nə istədiyini başa düşəsən. Bizim yaşda olan futbolçular hər bir məsələyə fikir verməlidirlər. Ən böyük hədəfimiz əsas komandaya düşməkdir və məşqçilər korpusu da bizi məhz buna hazırlayır.
 
- Hazırda "İnter"in əvəzedici komandası "Şəfa" stadionunda təlim-məşq toplanışındadır. Bilmək istərdik, məşqlər necə gedir və toplanışın gedişi haqqında nə deyə bilərdin?
 
- Qış fasiləsində təlim-məşq toplanışı adətən çətin keçir. Toplanışın əsas məqsədi komandanın çempionatın ikinci hissəsinə hazır duruma gətirməkdən ibarətdir. Məşqlərin ağır keçməsinə baxmayaraq, futbolçular məşqçinin verdiyi tapşırıqları yerinə yetirirlər və öz üzərilərində çalışırlar. Zənnimcə, bu toplanış bizim üçün çox faydalı olacaq və komandamıza böyük xeyir gətirəcək.
 
- Karyeran ərzində Azərbaycanın U-15 və U-16 yığma komandalarında çıxış etmisən. 17 yaşlılardan ibarət millimizin kapitanı idin, lakin yaş limitinin keçməsinə görə artıq yeni ildə komandanın şərəfini qoruya bilməyəcəksən.
 
- Çox təəsüf ki, U-17 komandasıyla məğlubiyyətlə ayrıldım. Avropa Çempionatının seçmə mərhələsində uğursuz çıxış etdik və daha sonra demək olar ki, bütün futbolçular yaş limitinə görə komandadan ayrılmalı oldular. Daha yaxşı çıxış edə bilərdik, lakin ruh düşkünlüyü yığmamıza uğur qazanmaqda mane oldu.
 
- 17 yaşlılardan ibarət millidə karyeran başa çatsa da, gələcəkdə U-19 yığmasının şərəfini qoruya bilərsən. Yəqin ki, bu komandaya dəvəti də səbirsizliklə gözləyirsən?
 
- Təbii ki. Bildiyiniz kimi, U-19 yığması Sankt-Peterburqda keçirilən beynəlxalq turnirə qatılmışdı və millimizin heyətində "İnter"in iki futbolçusu da çıxış etmişdi. Mənim hələ 16 yaşım var, düşünürəm ki, bizə U-17 millisində karyeramızı başa çatdıran futbolçulara dəvət gələn il və ya ən yaxşı halda bu ilin sonunda gələcək. Təbii ki, bu dəvətin gəlməsi üçün klublarımızda özümüzü yaxşı tərəfdən göstərməliyik.
 
- Son mövsümlərdə "İnter"in əvəzedici heyətində çıxış edən futbolçular daha intensiv halda klubumuzun əsas heyətinə cəlb olunurlar. Bu mövsümdən etibarən Coşqun Diniyev, Ramil Mansurov, Ruslan Cəfərov və digər gənc futbolçular artıq "İnter"in əsas heyət oyunçularına çevrilirlər. Yəqin ki, gələn mövsümdən etibarən sən də ən azı əsas komanda ilə birgə məşq etmək arzusundasan?
 
- Bir az əvvəl vurğuladığınız kimi, yaşca səndən böyük, səndən təcrübəli futbolçularla bir yerdə məşq etmək və meydana çıxmaq çox faydalıdır. Hazırda "İnter"in əsas komandasıyla birgə məşq edən əvəzedici heyətin üzvləri böyük təcrübə toplayırlar. Biz də səylə çalışırıq ki, əsas komandaya dəvət qazanaq. Komandamızın baş məşqçisi də bizi məhz əsas komanda üçün hazırlayır, başlıca məqsədimiz əsas komandaya düşməkdir.  Düşünürəm ki, bunu etmək üçün çox çalışmaq lazımdır. Sualınızla bağlı bir də onu deyə bilərəm ki, inşallah, bir ildən sonra əsas komanda üçün əsas namizədlərdən birinə çevrilərəm.
 
- Son zamanlar Azərbaycanın gənc futbolçularına xaricdən də maraq artır. Bilmək istərdik, sənin xaricdə oynamaq perspektivin varmı? Ümumiyyətlə, belə bir təkliflə üzləşmisən?
 
- Bir neçə il əvvəl mənə Moldovadan təklif gəlmişdi, amma yaşım az olduğuna görə oraya yollanmadım. Valideynlərim də belə qərara gəldilər ki, mən karyeramı Azərbaycanda davam etdirməliyəm. 
 
- Bəs əgər gələcəkdə belə bir təklif gəlsə, onu qəbul edə bilərsən?
 
- Təbii ki. Azərbaycanı xaricdə təmsil etmək çox şərəflidir. Bu, çox məsuliyyətli və qürurverici işdir.
 
- Mənsur Nəhəvəndi hansı xarici komandaya azarkeşlik edir?
 
- İspaniyanın "Barselona" klubunun oyun üslubunu çox bəyənirəm. Onlar müasir futbolu özündə əks etdirən bir komandadır. 
 
- "İnter"in əvəzedici heyətində çıxış edirsən, lakin bununla yanaşı klubumuzun U-17 komandasının da formasını geyinirsən.
 
- Bəli, amma bu mövsümdə U-17 Liqasında yalnız 6-7 oyunda çıxış etmişəm. Çox vaxt əvəzedici heyətlə birgə meydana çıxdığıma görə 17 yaşlılardan ibarət komandanın oyunlarına qatılmıram. 
 
- Maraqlıdır, bu mövsümdə öz oyunundan nə gözləyirsən?
 
- Bu artıq mənim əvəzedici heyətdə keçirdiyim 2-ci mövsümdür. İndiki təlim-məşq toplanışında və gələcək oyunlarda çalışacağam ki, əsas heyətdə yer alım. İlk on birlikdə yer almağı çox arzulayıram, bundan başqa Azərbaycanın U-19 milli komandasına düşməyi də çox istəyirəm.
 
- Bir neçə il əvvəl İtaliyanın "Milan" futbol klubunun Bakıda keçirdiyi "Milan Junior Camp" layihəsinə qatılmışdın. Daha sonra bu layihənin ən yaxşı futbolçulardan biri seçildin və Milana yollandın. Yəqin ki, İtaliyaya gediş və "Milan Junior Camp" layihəsində iştirak karyeran ərzində ən yadda qalan hadisələrdən biri oldu?
 
- O vaxt hələ çox balaca idim, lakin buna baxmayaraq baş verənlər yadımda yaxşı qalıb. İtalyanın "Milan" klubunun məşqçiləri və nümayəndələri Bakıya gəlib, ən yaxşı futbolçuları seçməliydilər. Mən də məşqlərə qatırlmış 300 nəfər futbolçu arasındaydım. Bir neçə gündən sonra "Şəfa" stadionun əsas meydanında seçmələrin ən yaxşıların adları açıqlanmalıydı. Hər nominasiyada ən yaxşıların adları çəkilirdi, mən artıq düşündüm ki, bu siyahıda adım olmayacaq, çantamı götürüb meydanı tərk etmək istəyirdim, lakin daha sonra mənim adımı seçilmiş 4 ən yaxşı futbolçular siyahısında eşitdim. O zaman çox sevinmişdim. Sevincimi evdəkilərlə də paylaşdım. Bir ildən sonra biz Milana yollandıq. Orada bizim üçün turnir təşkil olunmuşdu və biz "San-Siro" stadiona da baş çəkdik. "Milan"ın məşqçiləri oyunumuzu yaxşı dəyərləndirdilər. Ümummiyyətlə, bu, mənim üçün çox yadda qalan layihə oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail