Vüsal Gözəlov: "Xəqani Məmmədov özünü Gəray bəy..." Müsahibə

"...AFFA-nın binasının ikinci mərtəbəsini isə Peykanlı kəndi hesab edir"

06.01.2013 | 7110 dəfə oxunub



Sportal.az saytının “Mütəxəssis rəyi” rubrikasının bugünkü qonağı Stadium.az saytının redaktoru Vüsal Gözəlovdur. 
 
- Artıq çempionatın demək olar yarıdan da çox hissəsi geridə qalıb. İlk olaraq çempionatın gedişatını dəyərləndirin.
- Çempionatın yarıdan yarısı başa çatsa da, çempionat hələ maraqlı hala gəlməyib, amma müəyyən məqamlara toxunmağa dəyər. Məsələn, "Simurq" liderlərdən biridir. Bu da rəhbərliyin yox, sırf baş məşqçinin əməyidir. Duruma baxsaq, "Bakı"nın hazırkı yerdə olması qanunauyğunluqdur, amma bu komandaya qarşı bir təzyiq, sanki qısqanclıq da açıq şəkildə özünü göstərir. Mənim üçün daha çox maraqlı olan amil "Neftçi"nin səfərdə keçirdiyi 9 oyundan yalnız birində qələbə qazanması oldu. Umumi götürəndə isə Premyer Liqa olduqca maraqsız keçir. Bu çempionatı maraqlı edən amillər isə məşqçi istefaları, ara-bərə düşən davalar və Böyükağa Hacıyevin şablon olmayan - jurnalistlərə, həmkarlarıma sərf edən açıqlamalarıdır.
 
- Yarımmövsüm ərzində artıq 3 dəfə məşqçi dəyişikliyi ilə gündəmə gələn klublardan biri “Rəvan”dır...
- "Rəvan" haqda çox danışmaq sadəcə boşboğazlıqdır. Çünki bu komandanın istəyinin və məramının nə olması, hansı məqsədə qulluq etmələri məlum deyil. Bu komanda niyə fəaliyyət göstərir, bunu anlamaq olmur.
 
- Bir digər klub isə “Xəzər Lənkəran”dır. Klubun demək olar ki, bu il başı çempionatdan çox, qalmaqallar və məşqçi dəyişikliklərinə qarışmışdı.
- Bizdə iki klubun uğursuzluğu onları ölkə futbolundan qoparıb ata bilər ki, bunlardan biri də "Xəzər Lənkəran"dır. Çünki bu komandanın sahibi Mübariz Mənsimov komandaya öz cibindən pul xərcləyir və klubunun uğursuzluqları onu bu fikrindən daşındıra bilər ki, hazırda "Turan" və "Kəpəz" kimi klubların uçurumda olduqları dönəmdə "Xəzər Lənkəran"sız bu çempionatı təsəvvür etmək çox çətindir. "Xəzər Lənkəran"ın başlıca problemi odur ki, bu komandaya bu gün gətirilən baş məşqçidən sabah nəticə tələb olunur. Bu da mümkünsuz bir şeydir ki, komanda da bunun əziyyətini çəkir.
 
- O zaman belə çıxır ki, Yunis Hüseynovu göndərib, Bakesi gətirmək tez atılmış addım idi?
- Burada başqa məsələlər də var. Ümumiyyətlə, "Xəzər Lənkəran" rəhbərliyinin Yunis Hüseynovu komandaya baş məşqçi gətirmələri səhv bir addım idi ki, bunu hələ o təyinat rəsmiləşəndə yazmışdım. Rəhbərlik Hüseynovu komandadan vaxtında kənarlaşdıraraq səhv qərarlarını gec də olsa, düzəltdilər, amma Bakesi bu vəzifəyə gətirməklə daha bir yanlışlığa yol verdilər.
 
- Niyə “yanlış”? Səbəbini izah edin. 
- "Xəzər Lənkəran" elə bir komandadır ki, bura qətiyyətli, bütün qərarları özü verəcək məşqçi lazımdır. Bakes kimi uşaq məşqçisi bu komandaya heç bir uğur qazandırmayacaq.
 
- Bizdə hansı komandada qərarları özü verən məşqçi var?
- Konkret olaraq "Qarabağ"da. Bu komandada hər bir işə konkret baş məşqçi Qurban Qurbanov baxır.
 
- Bəs “Neftçi”də?
- "Neftçi"də struktur tam başqadır. Bu komandada transfer işinə konkret olaraq klubun seleksiyaçıları baxır. Əslində bütün komandalarda da elə belə olmalıdır. Transfer işinə baş məşqçi qarışmamalıdır, necə ki, "Neftçi"də belədir. Baxın, bu amil öz bəhrəsini verir. Hər şey göz qabağındadır, son iki ildə ən səviyyəli legionerlər məhz "Neftçi"yə gəlib.
 
- Ancaq bizdə hər klubda seleksiya işləri elə də düzgün aparılmır.
- Ümumi götürəndə tamamilə düzdür, amma son iki ildə "Neftçi" istisna olmağa başlayıb. Transfer işində başqa məsələ var. Nə vaxta qədər ki, futbolçuları uğur yox, pul qazanmaq üçün kluba gətirirlər, o zamana qədər nə işlər düzgün aparılacaq, nə də transferlər uğurlu sayılacaq.
 
- “Neftçi”dən söhbət açılmış ikən, klubun Avroliqa macərası haqda fikrilərinizi bilmək maraqlı olardı.
- Bu, artıq keçmişdə qaldı. Görünən dağa bələdçi lazım deyil. "Neftçi" Azərbaycan futbolunda bir ilkə imza atdı və ən böyük tarixi yazdı. Bax, bununla da “flaqman” adını sözün həqiqi mənasında doğrultdu. Ölkə futbolu adına ən böyük uğuru, ölkənin ən böyük klubunun qazandırması da bir qanunauyğunluqdur. Təbii ki, "Neftçi"nin bu uğurunun başlıca memarı klubun prezidenti Sadıq Sadıqovdur. Amma onlar da bununla kifayətlənməməlidirlər. Sadıq müəllim bildirib ki, 5 il ard-arda komandasını çempion görmək istəyir. Prezident klubunu böyük görmək istəyirsə, avrokuboklardakı çıxışını daha da yaxşılaşdırmalıdır. "Neftçi"nin qrup mərhələsindəki çıxışını da normal hesab edirəm. Hər kəs bu kluba minnətdar olmalıdır ki, Avroliqa həyacanını bizə əyani şəkildə yaşatdılar.
 
- Keçək milli çempionatımıza. Mövsümün ən söz-söhbət doğuran iddialarından biri “Simurq” “İnter” komandaları arasında olan “qardaşlıq” mövzusudur. Sizin bu iddia ilə əlaqədar mövqeyiniz nədir?
-Bu, köhnəlmiş movzudur. "Simurq"un "İnter"in "kiçiyi" olması hamıya məlumdur. Əslində ən üstdəki rəhbərlik strategiya baxımından düzgün siyasət aparır. Şəxsi fikrimdir ki, klubun sahibi olan Cahangir Hacıyev əsas gücü "Simurq"a versə, futbol adına daha çox şey qazanmış olar. Çünki "İnter" nə qədər uğur qazansa da, bu komanda Bakıda heç vaxt sevilməyəcək. Ancaq əyalətdə güclü komandaya daha çox ehtiyac var.
 
- Ancaq sponsorlar əyalət klublarına yaxın durmurlar. Ancaq bir düşünün, əyalətlərdə futbol klubları, uşaq futbolu olsa, nə qədər futbolçu yetişdirmək olardı. 
- Rayonlarda yaranan klubların da sponsorları vardı, amma idarəçilər onları elə çapıb-taladılar ki, qaçıb canlarını güclə qurtardılar. Sponsor məsələsinə gəlincə, onlar futbola məcburən cəlb olunurlar. Buna görə də əyalətə getmirlər, daha çox paytaxta üstünlük verirlər. Çünki onların işləri paytaxtdadır, əyalətə gedib-gəlməyi də özləri üçün həm yorğunluq, həm də əlavə vaxt itkisi hesab edirlər.
 
- Belə çıxır ki, futbolumuzun gələcəyini düşünən yoxdur?!
- Dərindən düşünəndə elədir. Amma normalda gördüyü işlərə görə bu mənada "Qəbələ" və "Bakı" klublarının haqqını vermək lazımdır.
 
- Ancaq “Bakı”nın vəziyyəti ölkə çempionatında elə də ürək açan deyil. Deyəsən, diqqəti uşaq futboluna ayırdıqlarından, Premyer Liqa yaddan çıxıb.
- "Bakı"nın yeganə problemi konkret strukturunun olmamasındadır. Bu komandanın evi onda yıxıldı ki, transfer işlərini komandaya gətirilən baş məşqçilərə - Şefer, Bülənt Korkmaz, Starkov və indi də Bandoviçə həvalə etdilər.
 
- “Altılıq” şansını necə qiymətləndirirsiniz?
- "Bakı"nın altılıq şansı yoxdur. Hesab edirəm ki, 17 oyundan 3-də qələbə qazanıb, 10 oyunda məğlub olan, ümumi götürəndə isə 51 mümkün xaldan cəmi 19-nu toplayan bir komandanın “altılığ”a düşməsi ədalətli olmazdı.
 
- Premyer Liqada bu gedişat çempionatın səviyyəsinin qalxmasıdır, yoxsa iddialıların da səviyyəsinin enməsidir?
- Çempionatda heç bir gərginlik yoxdur. Sadəcə hazırda stabil komanda olmadığından, belə bir görüntü yaranıb. Əgər "Neftçi" avrokuboklardakı çıxışını çempionatda davam etdirə bilsəydi, komanda indi ən yaxın izləyicisini böyük fərqlə qabaqlayaraq vahid lider olardı. Çempionatda heç bir səviyyə yüksəlişi yoxdur, əksinə, günü-gündən aşağı düşür.
 
- Ən çox qınaq obyektlərindən olan hakimliyin səviyyəsindən necə razısınızmı?
- Hakimlərin səviyyəsi olduqca acınacaqlı vəziyyətdədir. Onların tez-tez döyülməsi də buna əyani göstəricidir. Xəqani Məmmədov özünü Gəray bəy, AFFA-nın inzibati binasının ikinci mərtəbəsini isə Peykanlı kəndi hesab edir. Düşünür ki, nə istəsə, edə bilər. Ancaq o da özbaşına heç nə edə bilməz, təbii ki, dəstəkçisi olmasa. Amma heyif Cəlalla Mirpaşaya. Burada Xaqani Məmmədovu Gəray bəylə müqayisə edərək ona böyük şərəf vermiş oldum. Əslində isə Məmmədova elə sözügedən filmdə İsmayıl Osmanlının canlandırdığı Kələntər obrazı daha yaxşı yaraşır.
 
Röya KƏRİMLİ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail