Ramiz Məmmədov: "Bizə hücumçu və pleymeyker lazımdı" Müsahibə

31.12.2012 | 3993 dəfə oxunub

2012-ci ilə qələbə ilə yekun vuran “Qəbələ” klubunun hədəfləri dəyişməz qalıb. İki cəbhədə - Premyer Liqada və ölkə kuboku uğrunda yarışan “qırmızı-qaralar” mövsümü titul və ya medalla bitirmək istəyirlər. Bundan ötrü qış fasiləsindən səmərəli istifadə etmək vacibdir. Komandanın baş məşqçisi Ramiz Məmmədov “Qəbələ FK” qəzetinə müsahibəsində qarşıdakı planlardan danışıb.

- “Qəbələ” qış fasiləsinə 28 xalla 5-ci pillədə yollandı. Çempionatın fasiləyə qədər olan dövrünü “Qəbələ” üçün necə qiymətləndirirsiniz?

- Fikrimcə, nəticə qənaətbəxşdir. Təbii ki, daha yuxarı pillələrdə qərarlaşa bilərdik. Hətta deyərdim ki, ilk üçlükdə yer almaq imkanımız var idi. Ancaq müəyyən səbəblərdən buna nail ola bilmədik. Bildiyiniz kimi, “Qəbələ” artıq hücum futbolu nümayiş etdirir. Bu səbəbdən rəqiblərimiz bizə qarşı əks-hücum taktikası seçir. Şübhəsiz ki, belə məqamlarda uğur qazanmaq bir qədər də çətinləşir. Buna baxmayaraq, mövsümün qalan hissəsində daha yaxşı nəticə qazanacağımıza inanıram.

- Maraqlı bir məqama da toxunmaq istərdik. Səfər matçlarını əks etdirən statistikada “Qəbələ” bütün rəqiblərini qabaqlayaraq, birinci pilləni tutur. Komandanın “evdə” zəif, səfərdə isə güclü təsir bağışlamasının səbəbi nədir?

- Mən “Qəbələ”yə baş məşqçi təyin olunduqdan sonra evdə 3 oyunu uduzmuşuq. “Turan” və “Simurq”a məğlubiyyətləri hava şəraitinin əlverişsizliyi ilə əlaqələndirərdim. “Bakı” ilə matçda isə sadəcə, bəxtimiz gətirmədi. Rəqib qapısı önündə 9-10 qol vəziyyətimiz oldu. Əlimizə düşən imkanların, heç olmasa, yarısından istifadə etsəydik, hətta böyükhesablı qələbə qazanardıq.

- Komandanı tərk edəcək futbolçuların adlarına aydınlıq gəlibmi?

- Hələlik yox. Bu haqda “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərovla görüşümdən sonra geniş məlumat verə biləcəyəm. Hansı futbolçularla yolları ayıracağımız yalnız klub prezidenti ilə görüşdən sonra dəqiqləşəcək.

- Elə isə hansı mövqeləri gücləndirmək istəyirsiniz?

- Komandaya pleymeyker və hücumçu lazımdır. Qış “transfer pəncərəsi”ndə bu mövqelərə oyunçu alınmasına çalışacağıq.

- Qış fasiləsindən sonra təsnifat mərhələsində 4 güclü rəqibə - “Qarabağ”, “İnter”, “Xəzər Lənkəran” və AZAL-a qarşı çıxış edəcəksiniz. Necə düşünürsünüz, “Qəbələ” bu oyunlarda qənaətbəxş nəticə göstərib, ilk “altılıq”da yerini qoruya biləcəkmi?

- Zamanı qabaqlamaq istəmirəm. Ancaq bu başdan deməliyəm ki, bizim məqsədimiz mübarizəni 6 ən güclü klub arasında davam etdirməkdir. Qış fasiləsindən sonra bizi ağır oyunlar gözləyir. İstənilən halda, mövqeyimizi qorumağa və yaxşılaşdırmağa çalışacağıq. Çünki hədəfimiz mükafatçılar sırasına düşüb, avrokuboklara vəsiqə əldə etməkdir.

- Futbolçuları istirahətə göndərərkən, onlara hansı tapşırıqları verdiniz?

- Yetirmələrimə xoş istirahət və vaxtlarından səmərəli istifadə etməyi arzuladım. Bundan başqa, onların hər birinə xüsusi məşq proqramı verilib.

- Çempionat oyunlarının stresini, 2012-ci ilin yorğunluğunu özünüz necə çıxaracaqsınız? Yeni ili harada qarşılamağı planlaşdırırsınız?

- İnşallah, Yeni il bayramını Bakıda ailəmlə, övladlarımla birgə qeyd edəcəyəm.

- Sonda “Qəbələ” azarkeşlərinə ürək sözlərinizi, təbriklərinizi eşitmək istərdik. 2013-cü ildə onlar nəyə ümid edə bilərlər?

- “Qəbələ” fanatlarına dəstəyə görə minnətdarlığımı bildirirəm. Onların hər birinə cansağlığı, üzümüzə gələn ildə çoxlu xoş anlar yaşamağı arzulayıram. Çalışacağıq ki, avrokuboklarda iştirak hüququna yiyələnərək, onlara unudulmaz sevinc bəxş edək. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hamınızı təbrik edirəm, uğurlar diləyirəm!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail