Ramil Sayadov "Simurq" rəhbərliyini "baltaladı" Müsahibə

"ONLAR FUTBOLA AİDİYYATI OLMAYAN İNSANLARDIR"

28.11.2012 | 17400 dəfə oxunub

Ramil Sayadov köhnə "Xəzər Universiteti", hazırkı "İnter"də üzə çıxsa da, futbolçu kimi "Simurq"da tanındı. 7 il Zaqatala klubunda çıxış etdi. Bu müddətdə komandanın əfsanəsinə çevrildi. Hətta "Simurq"da ən çox oyun keçirən futbolçu adına da yiyələndi. Ancaq Zaqatala təmsilçisində rəhbərlik dəyişikliyindən sonra Sayadov kənara atıldı. Bir ilə yaxındır futbolsuzdur, hazırda isə "Qarabağ"ın düşərgəsində məşq etməklə kifayətlənir. Ramillə söhbətimiz də elə bu mövzular ətrafında oldu:

 - Uzun müddətdir futbolsuz qalmısan, çətin deyil?

- Hə, əlbəttə çətindir. "Simurq"dan ayrılandan sonra getdim "Qəbələ"yə. Orada Fatih Kavlakın başçılığı altında məşqlərə qatıldım. Sonra Kavlak mənə dedi ki, komandaya öz oyunçularını gətirib, mənə yer yoxdu. Söylədi ki, qarşısına çempionluq məqsədi qoyulub, ona görə məni götürmək istəmir. Sonra gəldim Bakıya, ailəmin yanına. O vaxtdan bəri də futbolsuzam, ancaq fərdi məşqlər edirdim.

- 7 il "Simurq"da qalandan sonra səni klubdan uzaqlaşdırdılar, niyə? Axı sən o komandanın ayrılmaz bir hissəsinə çevrilmişdin, rəhbərlik də səni sevirdi...

- Hələ ötən ilin dekabrından bilinirdi ki, məni komandadan çıxaracaqlar. Yeni məşqçi gələndən sonra məni bircə dəfə də olsun "ilk 18"yə daxil etmədi. Hətta elə olurdu ki, zədəli futbolçunu heyətə daxil edirdi, amma məni yox. Əgər məşqçi 7 il komanda üçün meydanda hər şeyini verən futbolçuya bircə oyunda şans vermir və ya vermək istəmirsə, deməli, hər şey hazırlanmışdı. Amma səbəb nə idi, hələ də bilmirəm. Bəlkə zəif çıxış etmişəm, amma heç özüm də bilmirəm.

- Klubun əvvəlki rəhbəri Cəmil bəy həmişə sənə dəstək olurdu, səni komandadan göndərmək istəmirdi, konkret  desək, yaxşı mənada onun adamı idin. Bəlkə yeni prezident Anar Bəkirov elə buna görə səni "Simurq"dan uzaqlaşdırıb?

- Yox, məncə elə söhbət ola bilməz. Cəmil müəllimin vaxtında mən bütün oyunları əsas heyətdə çıxıb oynayırdım, o da buna görə məni sevirdi. Çünki komanda üçün xeyirli futbolçuydum. Oynayırdım deyə məni çox istəyirdi, yoxsa qara gözümə, qara qaşıma görə məni kim idi klubda saxlayan? Onda mənə başqa klublardan təkliflər də vardı, amma mən klubu dəyişmədim. Neçə illərdi orada olduğum üçün "Simurq"dan getmədim. Sonra mənim əskərlik işim ortaya çıxdı, getdim hərbi xidmətə. Geri dönəndən sonra da heyətə düşmək çox çətin idi. Həm formada deyildim, həm də yerimə futbolçu gətirilmişdi.

- Demək olar ki, "Simurq"un prezidenti Anar Bəkirov sənə qarşı haqsızlıq etdi?

- Haqsızlıq deməzdim. Orada Anar Bəkirovdan başqa orada bəzi insanlar var ki, adamın arxasınca danışırlar. Yəqin ki, həmin adamlar mənim barəmdə Anar müəllimə xoşagəlməyən nələrsə çatdırıblar da. "Simurq"da belə söhbətlər çox olur. Yeni rəhbərlik gələndən sonra, onlar arasında bir çoxları futbola aidiyyatı olmayan insanlardı. Onun-bunun torbasını tikməklə məşğul idilər. Çox adamın arxasınca danışırdılar. Adam komandadan lap iyrənirdi. Həmin insanlar dünən komandaya gələnə paltar verirdi, mənə deyirdilər, sənə düşmür. Necə olur ki, 7 il komanda üçün can qoyan futbolçuya paltar düşmür? Komandadan çıxarırsan, yaxşı edirsən, heç olmaya insan kimi davranardılar da. O paltarın əhəmiyyəti nədir ki, onun söhbətini edirdilər mənlə?

- Demək istəyirsən ki, səni klubdan Anar Bəkirov yox, başqaları göndərdi?

- Bəli. Çünki Anar müəllimlə çox yaxşı münasibətim vardı. Mənim də o adama qarşı hörmətim vardı. Ancaq başqa bir məsələ də var, Anar Bəkirova mənim barəmdə nəsə demişdilərsə, o, bunu məndən soruşa, dəqiqləşdirə bilərdi. Heç nədən xəbərim olmadan məni klubdan göndərdilər.

- Bəkirovdan sonra "Simurq"da iki nəfər qalır. Onda belə çıxır ki, sənin torbanı Vaqiflə Zöhrab tikib?

- Torba tikmək məsələsin deyə bilmərəm, amma onlar adamın dalınca çox danışırlar. Onlar yaxşı insanlar deyillər, belə çıxır. Üzdə gülürlər, arxada dalınca danışırlar. Səmimiyyətləri yoxdur, səmimi cavab verə bilmirlər sənə. Olmayan söhbətləri belə danışırlar. Dostumun yanında mənim arxamca danışırlar, olmayan şeyləri özlərində düz-qoş edib şişirdirlər, amma bilmirlər ki, o söhbətlərin hamısı mənə gəlib çatırdı.

- Bu adamların klubda "maxinasi"yaları vardı?

- Necə ki?

- Səncə klubdan pul yeyirlər onlar?

- Onlar məni komandadan uzaqlaşdırıblar deyə, haqlarında olmayan şeyləri deyə bilmərəm. Mənim xəbərim yoxdu, bəlkə də edirlər, amma bu barədə heç nə bilmirəm. Görməmişəm, deyə bilmərəm.

- Georgi Çixradze necə məşqçidir?

- Məncə pis məşqçi deyil. Çünki o gələndən sonra komanda yüksəlişdədir. Çixradze pis məşqi olsaydı, "Simurq" bunu bacarmazdı. Amma nədənsə mənə şans vermədi. O qədər məşq edirdim, bəlkə o istədiyindən də artıq nəsə edəcəkdim, amma heç nə onun vecinə deyildi. Sanki məni atmışdı bir kənara, çünki tapşırılmş bir iş idi.

- Yəni o da tapşırıqla oturub-durudu?

- Bunu deyə bilmərəm, amma məşqi komandaya gəlir və 6 ayda bircə dəfə də olsun futbolçuya şans vermirsə, əvəzində sağlam qala-qala, zədəli oyunçunu məcbur qalıb "18"ə salırsa, buna başqa ad vermək olmur. Bütün bunlara rəğmən məşqçiliyinə bir söz deyə bilmərəm. Yaxşı məşqçidir, hazırda nəticələridə əladır.

- Adətən komandadan göndərilən, ona qarşı haqsızlıq edilən futbolçu sonra həmin məşqçini "baltalayır", amma sən danışmaq istəmirsən...

- Nəyə görə məşqçinin əleyhinə danışmalıyam ki? Onun işi göz qabağındadır, nizam-intizamı çox sevir, hazırda komandası da nəticə verir. Mən yaxşı məşqçi barədə pis söz deyə, haqqını tapdalaya bilmərəm. Həmişə sözün düzünü demişəm.

- Heç düşünmədin ki, sənə nə üçün bircə dəfə də olsun şans vermədi?

- Heç nədən baş aça bilmədim. Öz işidir də, nə deyim? Mən məşqlərimi yüksək səviyyədə edirdim, oyuna çıxmaq istəyirdim, amma şans vermirdi. Belə deyim də, Çixradze mənim haqqımı yedi. Mənlə forma, butsı söhbəti edirdilər. Bunlar isə peşəkar kluba yaraşan hərəkətlər deyil. Bilirsiz, klubun adının - yazılışın qabağına və ya arxasına PFK (Peşəkar Futbol Klubu) yazmaqla, klub peşəkar olmur. Gərək idarəçilər peşəkar, işini və futbolun nə olduğunu bilən insanlar olsun. Məni göndərmək istəyirlər, gəlsinlər, kişi kimi desinlər ki, səni istəmirik, çıx get.

- "Simurq" tarixi ərzində ilk dəfə "İnter"ə qalib gəldi. Nəticə səni təəccübləndirdi?

- "Simurq" həmişə evdə yaxşı oynayır. Yəqin bu dəfə "təmiz" oyun olub, udublar da.

- Demək istəyirsən ki, bundan qabakı oyunlar təmiz idman mübarizəsi şəraitində keçirilmirdi?

- Orada olanda heç vaxt kimsə mənə deməyib ki, bu oyunu uduzmalıyıq. Bəlkə də müdafiəçilərlə, qapıçılarla danışırlarmış, amma mənim heç vaxt belə işlərdən xəbərim olmayıb. Prezident heç vaxt bizi yığıb deməyib ki, bu oyunu uduzmalıyıq.

- Heç şübhələndiyin oyun olub ki, həmin matçı komanda yoldaşların bilərəkdən uduzub?

- Mən heç vaxt kiminsə barəsində onun nəsə düşündüyünü deyə bilmərəm. İnsanlar çox dəyişib, bilmirsən kim necə adamdı, hər kəsi tanımaq olmur. Amma bütün Azərbaycan həmişə danışıb ki, "Simurq" "İnter"ə özü uduzur. Vəziyyət elə yaranıb ki, "İnter" "Simurq"u öz gücünə də udsa, hamı deyəcək ki, özləri uduzdu. İki komanda eyni insanındırsa, istər-istəməz belə söhbətlər yaranacaq. Mən "İnter"ə qarşı həmişə var gücümlə oynamışam.

- Bildiyim qədəriylə 1 dəfə "Şəfa"da keçirilən oyunda sən qol vurandan sonra rəhbərlik bərk əsəbləşib ki, niyə qol vurmusan? Çünki oyun 1:0 bitməliydi, sən də qol vurub aləmi qarışdırmısan, sonra nəticə 2:1 olub, uduzmusuz...

- Nə bilim, ola bilər, amma oyundan sonra o vaxtkı baş məşqçimiz Roman Pakora mənə yaxınlaşaraq əlimi sıxdı. Dedi ki, əla qol vurmuşam. Mən sadəcə bir futbolçu kimi üzərimə düşəni həmişə etmişəm. Kimin nə danışdığı isə mənə maraqlı olmayıb. Əsas odur ki, mən meydana çıxıb kişi kimi oynamışam.

- Hazırda "Qarabağ"ın düşərgəsindəsən?

- Hə, burada məşq edirəm. 40 günə yaxındır ki, "Qarabağ"dayam, hər şey yaxşıdır, çox yaxşı komandadır və əla heyət var, hamı mehribandır.

- Necə gəldin ora?

- Sağ olsun baş məşqçi Qurban Qurbanov. Məni düşərgəyə dəvət etdi, ayrıca olaraq proqram hazırlayaraq məşq etdirir. Bir neçə gündür ki, komandayla məşqlərə başlamışam, inşallah yaxşı olar.

- Səncə "Qarabağ"da qala biləcəksən?

- Tam səmimi deyirəm, burada çox yaxşı atmosfer var. Rəhbərlik, məşqçilər korpusu, futbolçular çox mehribandır. Çox istəyərəm "Qarabağ"da qalım, amma bu da məndən aslıdır. Özümü yaxşı tərəfdən göstərə bilsəm, məşqçi yəqin ki, bunu edəcək. Yox, formaya düşə bilməsəm, məni nəyə görə burada saxlamalıdırlar ki? Burada qalıb-qalmamağımdan asılı olmayaraq, Qurban müəllimə təşəkkürümü bildirirəm. Həqiqətən mənə böyük kömək oldu.

 "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail