Ruslan Əmircanov: “Tsxadadze də bilir ki, oyunumuzda çatışmayan yeganə cəhət budur”

03.09.2012 | 5059 dəfə oxunub


“İnter”in müdafiəçisi Ruslan Əmircanov klubun rəsmi internet saytına müsahibə verib. Stadium.az xəbər verir ki, R.Əmircanov müsahibəsində çempionatın startını dəyərləndirib, hazırda Gürcüstanda davam edən təlim-məşq toplanışı haqqında danışıb və digər sualları cavablandırıb.

 

- Ruslan, çempionatın startını "İnter" üçün necə dəyərləndirə bilərsən?

- Oyun baxımından heç bir problemimiz yoxdur, bunu tək biz demirik, kənardan baxanlar da bildirir ki, "İnter" həm Avrokuboklarda yaxşı futbol göstərdi, həm də çempionatda çox gözəl oyun nümayiş etdirir. Amma start oyunlarda bəzi çatışmayan cəhətlər də var idi. Məşqçi də bildirdi ki, oyunumuzda çatışmayan yeganə cəhət qoldur. Biz qol yolunda müəyyən çətinliklərlə üzləşirik, bunu da bilmirəm bəxtsizliklə əlaqələndirim, yoxsa başqa faktorlarla. Oyunlarda əlimizdən gələni edir, məşqçinin tapşırıqlarını yerinə yetiririk, sadəcə qol vura bilmirik. Məhz buna görə ilk 4 oyunun 3-də xal itirmişik. Bu 4 matçda cəmi 5 xal qazanmışıq, bu da ki, "İnter"ə  sərf edə biləcək göstərici deyil.

- Bu mövsüm ərəfəsində Azərbaycan klubları heyətlərini gücləndirib, bu isə çempionatın daha gərgin və maraqlı mübarizə şəraitində keçəcəyini bildirir…

- Çempionatın səviyyəsində artım hiss olunur. Klubların orta səviyyəsində yüksəliş var. Qeyd edə bilərəm ki, AZAL, "Rəvan" və "Simurq" klubları ötən mövsümlə müqayisədə qat-qat üstün futbol nümayiş etdirir. Ümumiyyətlə, hazırda çempionatın hər bir rəqibinə qarşı ciddi hazırlaşmaq lazımdır. Yuxarı pillələr uğrunda oynayan komandalara qarşı hazırlaşdığımız kimi. Elə "Turan"a qarşı keçirilən sonuncu görüşü bu fikrə təsdiq kimi göstərə bilərəm. Tovuzda keçirilən görüşdə biz məğlub da ola blərdik, lakin son dəqiqələrdə komandamız özündə güc tapıb, iki qol vuraraq  qələbə qazana bilmişdi. Bu komandalara qarşı zəif hazırlaşsaq, bu bizim üçün baha başa gələ bilər.

- Artıq iki aydır ki, "İnter"in heyətinə qoşulmusan. Bilmək istərdik, komandada özünü necə hiss edirsən?

- "İnter" peşəkar bir klubdur, burada heç bir futbolçunun problemi yoxdur. Komandanın rəhbərliyi hər bir oyunçuya yaxşı şərait yaradır.  Komandamızda həm cavan, həm də təcrübəli futbolçular var və biz bir-birimizə mehriban yanaşırıq. Yaxşı kollektivimiz var. Məşqlərdə ciddi şəkildə çalışırıq, boş vaxtımız olanda zarafat da edirik, hər şey öz yerində.

- Hazırda komandamız Gürcüstanda təlim-məşq toplanışı keçir. Hazırlıq prosesi haqqında nə deyə bilərsən?

- Baş məşqçi bu toplanışın keçirilməsini məsləhət görübsə, deməli bu toplanış bizim üçün faydalı olacaq. Biz Avropa Liqası oyunlarından əvvəl də  təlim-məşq toplanışı keçirmişik və qitəmiqyaslı turnirdə “İnter” fiziki baxımdan rəqiblərdən üstün təsir bağışlayırdı. Zənnimcə, Gürcüstandakı toplanış əvvəlki toplanışların davamıdır. Düşünürəm ki, bu toplanışdan sonra  biz çempionatda daha yaxşı çıxış edəcəyik. Hazırkı məşqlər fərqliliyi ilə seçilir. Mən Kaxaber Tsxadadzenin məşqlərinə hələ “Standart”ın vaxtından bələdəm. Məşq prosesinə söz ola bilməz, biz Avropa səviyyəli məşqlər keçirik.  Bu cür məşqlər futbolçunun inkişafına müsbət təsir göstərir.

- “İnter”ə  transfer olanda da söyləmişdin ki, “Bura məşqçiyə görə gəlmişəm”…

- Artıq qeyd etdiyim kimi, mən Kaxaber Tsxadadzenin rəhbərliyi altında hələ “Standart”da çıxış etmişəm.  Kaxaber Tsxadadze hər zaman mənə inanırdı və güvənirdi. Mən əsas heyətdə yer alırdım, məşqçinin tövsiyələrini yerinə yetirməyə çalışırdım.  Etiraf edim ki, “Neftçi”dən ayrılandan sonra Kaxaber Tsxadadze ilə əlaqə saxladım və klubu tərk etdiyimi bildirdim, o isə bildirdi ki, məni “İnter”də görmək istəyir. Düzdür, mənim başqa təkliflərim də var idi, lakin mən gələcək karyeramın inkişafı üçün məhz “İnter”i seçdim.

- Avqsutun 30-u keçmiş klubun “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Yəqin ki, keçmiş komanda yoldaşlarını bu qələbə münasibəti ilə təbrik etmisən və ümummiyətlə, bu uğurla bağlı nə deyə bilərsən?

- “Neftçi”də oynayan futbolçularla tez-tez əlaqə saxlayıram, bu komandadan ayrılsam da, keçmiş komanda yoldaşlarımla dostluğumuz davam edir. Bu klubun rəhbərliyindən tutmuş inzibatçıya kimi, hər bir üzvü ilə yaxşı münasibətdəyəm.  Uşaqları qazanılan bu qələbə münasibəti ilə bir daha təbrik edirəm. Azərbaycan futbolunda hələ belə uğur olmayıb, bu qələbə ölkəmiz üçün bir futbol bayramı kimi dəyərləndirilib. “Neftçi” klubuna qrup mərhələsində bundan da böyük uğurlar arzulayıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail