Türkiyəli məşqçi Fabio Luis Ramimi yıxdı-sürüdü: “O, “Bank Asya” səviyyəsində futbolçu deyil!”

01.08.2012 | 6154 dəfə oxunub



Türkiyənin “Karşıyaka” klubunun baş məşqcisi Cihat Arslanın müsahibısi

 

- Cihat hoca, sizi Bakıdannarahat edirik. Qəzetdən.

- Nə qəzet? Sizə kim lazımdı?

- Bizə siz lazımsız. Sizdən bəzi suallara cavab almaq istəyirəm.

- Azərbaycandan mənə indiyədək zəng edən olmayıb. Mən sizin nəyinizə lazımam? Bəlkə başqa adama zəng vurmusuz, səhvən mənə düşmüsüz? (gülür)

- Yox, hocam. Mən elə sizə zəng vurmuşam. Fabio haqda fikirlərinizlə maraqlanmaq istəyirəm.

- Fabio kimdi?

- Fabio Luis Ramim. Azərbaycan millisinin futbolçusu. Onu tanımırsız?

- Fabio, Fabio… (öz-özünə deyir). Tanıdım. "Karşıyaka"da idi, göndərdim.

- Bilmək istəyirəm ki, onu niyə göndərdiz?

- Qardaşım, mən indi yol gedirəm. Sükan arxasındayam. Sabah zəng vurun, səbəbini sizə deyim.

- İndi 1-2 dəqiqə vaxtınızı alacam. Buna da vaxtınız yoxdu?

- Uzun yola çıxmışam. İstanbuldan Boluya öz avtomobilimlə gedirəm. Bu dəqiqə Allaha yalvarıram ki, sağ-salamat komandamın olduğu yerə çatım.

Bu, Cihat Arslan 2 gün öncə danışıdğımız söhbətdi. "Karşıyaka"nın baş məşqçisi ilə nədən danışacağımızı, yəqin ki, başa düşdüz. Ötən həftə birinci liqa klubunun sükanı arxasına əyləşən mütəxəssisdən milliləşdirilən braziliyalı oyunçudan imtinasının səbəbini öyrənməyə çalışdım. Növbəti gün, dediyi tarixdə onunla yenidən əlaqə saxlamağa cəhd göstərdim. Aramsız zənglərimə cavab vermədi, Mesaja da həmçinin. Düşündüm ki, o, məni başından edir, danışmaq istəsəydi, telefonun "yes" düyməsini bircə dəfə basardı, bununla da bütün qaranlıq məqamlara aydınlıq gətirərdi. Ondan əlimi üzdüyüm vaxt, dünən günün birinci yarısında Türkiyədən redaksiya telefonuna zəng gəldi. Cihan Arslan idi, mesajı gec oxuduğunu deyərək, özünə haqq qazandırdı:

- Qardaşım, bir gün ol yanımda, gör ki, hər dəqiqə zəng gəlir mənə. Çoxu da menecerlərdi. Tanıdıqlarım, tanımadıqlarım – rahat buraxmırlar məni. Biliblər ki, "Karşıyaka"ya gəlmişəm, dəqiqədə zəng vururar, hərəsi min futbolçu təklif edir. Məndə o vaxt hanı, gündə min nəfərlə danışım. Öz iş-gücüm tökülüb. Böyük keçmişi olan kluba gəlmişəm. Hər dəqiqəm qızıldı, məsuliyyətdi. Siz gərək məni üzrlü hesab edəsiz. Mən adam kimi adamam. Bağışlayın ki, telefon nömrənizi tanımadım, yadımdan çıxmışdı. İndi isə buyurun, eşidirəm sizi.

- Fabiodan imtina qərarınızı nəyə görə verdiyinizi açıqlaya bilərsiz?

- Sizə bir kəlmə deyəcəm: o, "Bank Asya" səviyyəsində futbolçu deyil.

- O, komandayla məşqə çıxmayıb, oyun keçirməyib. Fabionun birinci liqa səviyyəsində futbolçu olmadığını hardan bildiz?

- 25 ildi futbolun içindəyəm. Özüm vaxtilə futbolçu olmuşam, "Qalatasaray"da oynamışam. Futbolçunun topa bir toxunuşundan bilirəm ki, onun səviyyəsi nəyə çatır, gücü nədi. Doğrudu, Fabio komanda ilə məşq etməyib, İzmirdəki bazamızda ancaq özü üçün qaçıb. Hamı necə, o da elə. Topla rəftarı, zərbələri pis deyil. Mən onu yerə vurmuram, xeyr. Fabio gördüyümdən qat-qat zəifdi. Fiziki hazırlığı, meydançanı "görmək" qabiliyyəti aşağıdı. "Bank Asya"nın özündə belə futbolçuları oynatmırlar. Aşağı liqalarda oynaya bilər, burda isə yox. Məni "Karşıyaka"ya dəvət ediblər ki, Superliqaya vəsiqə qazanaq. Ona görə də "Karşıyaka"ya sıradan, səviyyəsi aşağı futbolçular gətirə bilmərəm.

- Yoxlama matçlarında şans versəydiz, bəlkə o, özünü yaxşı tərəfdən göstərəcəkdi?

- Siz yenə dediyinizi deyirsiz. Bir məşqçi adı çəkin ki, öz-özünün düşmənidi. Dedim axı, onda "Bank Asya" potensialını görsəydim, saxlayardım.

- Mənə söylədiklərinizi futbolçunun özünə də olduğu kimi çatdırdız?

- Boluya gəlməmişdən öncəki son məşqdə yaxınlaşdım ona və fikirlərimi qısaca izah etdim.

- Fabio Azərbaycan millisində 30 oyun keçirib, qol vurub. Belə zəif futbolçu olsaydı, sizcə, Berti Foqts ona dəvət göndərərdi?

- Foqtsun seçiminə münasibət bildirmək istəmirəm. Foqts onu çoxdandı milliyə çağırmır, öyrənmişəm. Axırıncı dəfə ötən ilin əvvəlində milli formanı geyinib. Məşqdə qaçarkən, fikir verdim ki, zədəsi var Fabionun. Bir ilə yaxındı oynamırmış. Gördüm ki, hələ də köhnə zədənin əziyyətini çəkir, əvvəlki formasından çox uzaqdı.

- Fabionu nə vaxtdan tanıyırsız ki?

- İki ildi. Onu ötən ilin əvəlində də mənə təklif etmişdilər. Onda «Göztəpə»ni çalışdırırdım. Düz 1 il Fabionun oyun disklərinə, tamamına baxdım. İndiki Fabio ilə disklərdə gördüyüm Fabio arasında ciddi fərq var. Həminki futbolçu olsaydı, «Karşıyaka»da qalmasına etiraz etməzdim. Mənə deyirsiz ki, Fabio millinin futbolçusudu, zəif olmaz. Nə olsun, mən də Türkiyə millisinin futbolçusu olmuşam vaxtilə. Mən də deyim ki, millinin formasını geyinmişəm, bu dəqiqə çıxıb oynaya bilərəm. Özümü güldürmüş olaram, bunu söyləsəm. Fabio da o cümlədən. Hər günün bir hökmü var. Fabionun hazırkı durumu bizim standartlara uyğun gəlmir.

- “Karşıyaka” onunla müqavilə bağlayıb. Klub rəsmilərlə bu haqda danışmısız?

- Heyət seçimini mən edirəm. Rəhbərlik işimə qarışa bilməz. Onlara da demişəm ki, bu futbolçu artıqdı, göndərin.

- Nə söylədilər, etiraz etmədilər?

- Dediyim kimi etdilər.

- Klubdan şikayətçi olsa, nə edəcəksiz?

- Maddi məsələlərə mən baxmıram. Bu, onunla klub arasında həll olunmalıdı. Razılaşıb-razılaşmamaları məni maraqlandırmır. Siz Fabionun, doğrudan da Türkiyədə oynaya biləcəyini düşünürsüz? Fabio 2 ildən artıqdı Azərbaycanla Türkiyə arasında qalıb. «Karşıyaka»ya gəlməmişdən öncə «Göztəpə»yə götürülmədi. «Bucaspor»da baxışda olub, bəyənilməyib. «Boluspor»da iki gün qalıb, üçüncü gün deyiblər ki, lazım deyilsən. «Orduspor» da onunla müqavilə bağlamaq istəməyib. Məndən qərəz gözləməyin, yaxşı vəziyyətdə gəlsəydi, hər halda həmkarlarımdan biri onu götürərdi. Görürsüz, Fabionu bəyənməyən tək mən deyiləm.

- Sizədək “Karşıyaka”nı Yücel Yıldız çalışıdırıb. Məgər o, futbolçunu görməmiş, müqavilə bağlamasına razılıq verərdi?

- Yücel hoca Fabionu canlı görməyib.

- Bəs necə götürüb komandaya?

- Bir menecer təklif edib futbolçunu, o da tanışlardan kimdənsə Fabio haqda soruşub, deyib, millidə oynayır. Yücel hoca da baxışa çağırmadan müqavilə bağlanmasına razılaşıb. Bir dəfə canlı izləsəydi, bu qərarı almazdı.

- “Göztəpə” ötən il millimizin “Qarabağ”da çıxış edən bəzi futbolçularını heyətinə qatmaq istəyirdi.

- Həmin vaxt çox çalışdım Azərbaycandan istədiyim oyunçuları «Göztəpə»yə gətirməyə. Klubdan Ali Gültəkini «Qarabağ»la görüşmək üçün göndərdik. Üç futbolçu istədim. Rəşad Sadıqov, Rauf Əliyev və Əfran İsmayılov. Rəşadla özüm də danışdım, israrıma baxmayaraq, «Qarabağ»dan ayrılmaq istəmədiyini söylədi. Dedi, ermənilərə görə gələ bilmərəm.

- Ermənilərə görə?

- Rəşadı Türkiyədə oynadığı illərdən tanıyıram. Oyunlarını yaxından izləmişəm, səviyyəsinə, insanlığına bələdəm. «Kocaelispor»dakı, «Eskişehirspor»dakı Rəşad beynimdə iz buraxmışdı. «Göztəpə»nin müdafiədə liderlik keyfiyyəti olan belə futbolçuya ehtiyacını görürdüm. Danışdım, dedi, hocam, «Qarabağ» ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarını təmsil edir, bu klubu Avropaya tanıtmalıyıq. Mənə söylədikləri qarşısında deyə biləcəyim heç nə qalmadı, üzüldüm. Gəlsə, bu gün «Karşıyaka»ya alaram Rəşadı. Raufu da bəyənirəm. Əsl mən istəyən mərkəz hücumçusudu. Başla oynasın, əla mövqe seçsin, müdafiəni daim pressinqdə saxlasın, narahat etsin. Rauf və Rəşad «Karşıyaka»nı gücləndirər, Fabio yox.

"Sport-Favorit"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail