"Xəzər Lənkəran" Mahir Şükürov məsələsinə son qoydu: "Onunla rəsmi müqavilə imzalamağımız haqda yazılanlar gülməlidir”
10.05.2012 | 5121 dəfə oxunub
“Mahir Şükürovu transfer etmək planımızda yoxdur. Belə olan halda, onunla rəsmi müqavilə imzalamağımız haqda yazılanlar gülməlidir”. Stadium.az xəbər verir ki, bu fikirləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib. “Qəbələ”dən ayrılacağı gözlənilən kapitan Mahir Şükürovun Lənkəran klubuna keçəcəyi son günlərdə mətbuatın gündəmini zəbt edib. Üstəlik, Mahir “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun rəhbərliyi altında “Karvan”da oynadığından, transferin baş tutacağı söylənilir. Üstəlik, Şükürov açıqlamasında Hüseynovun onu sərəncamında görmək istədiyini açıqlayıb. “Qəbələ” isə hələ 1 illik müqaviləsi olan millimizin 30 yaşlı futbolçusunun anlaşmasına yenidən baxaraq, dəyərləndirməyi düşünür.
Vəziyyətə aydınlıq gətirmək üçün “Xəzər Lənkəran”ın vitse-prezidentinin fikirləri maraqlı idi. Nadirov klubun rəsmi mövqeyini açıqlayaraq, məsələyə birdəfəlik son nöqtə qoydu: “Nə Mahirə marağımız olub, nə də onun adı transfer siyahımızda yer alıb. Heç baş məşqçimiz də onu transfer etməklə bağlı bizə müraciət etməyib. Yunis müəllim o qədər futbolçularla birgə işləyib ki...Bu, o demək deyil ki, onları “Xəzər Lənkəran”a gətirəcək. Rəsmi mövqeyimizi bildirirəm ki, Mahir və mətbuatda yazılan bəzi futbolçularla maraqlanmamışıq, danışmamışıq. Həm Şükürova, həm də milli komandamızın digər futbolçusu Vüqar Nadirova hörmətimiz var. Vaxtilə “Xəzər Lənkəran”ın şərəfini qoruyublar. Ancaq onların yenidən komandamızda oynamağı indi və gələcəkdə də planımızda yoxdur”.
“Qəbələ”nin baş meneceri Zaur Əzizov apasport.az-a açıqlamasında kapitanlarının keçidi ilə bağlı təklif almadıqlarını bildirib: “Mahir müqavilə ilə bizə məxsus futbolçu olaraq qalır. Onunla hələ 1 illik anlaşmamız var. “Xəzər Lənkəran” Şükürovun transferi ilə bağlı bizə müraciət etməyib”.
Mahir 2008-ci ilin ilk yarısında oynadığı “Xəzər Lənkəran”ın heyətində Azərbaycan kubokunun və “Birlik kuboku”nun qalibi olub.