Böyükağa Hacıyev Elçin Məmmədovu utanmaz adlandırdı
24.04.2012 | 7559 dəfə oxunub
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Xəzər Lənkəran”la oyunun hakimi Elçin Məmmədovun son açıqlamasına münasibət bildirib. Stadium.az xəbər verir ki, Hacıyev bildirib ki, “Xəzər Lənkəran”la oyundan sonra matçın baş hakimi Elçin Məmmədov mətbuata obyektivlikdən uzaq, qeyri-etik müsahibə verib: “Deyib ki, guya mən ona jurnalistlərin mənim adımdan yazı yazdığını demişəm. Hətta utanmadan dilə gətirib ki, Böyükağa Hacıyev jurnalistlərin ünvanına xoşagəlməz ifadələr işlədib. Əslində dedikləri Elçin Məmmədovun səviyyəsindən xəbər verir. Mətbuata bu açıqlamanı verən adamdan meydanda hansı hakimliyi gözləyəsən? Sonra da deyib ki, futbolçuların futboldan anlayışı yoxdur, mən onlarla həyatdan danışaram. Elçin Məmmədov, sənin həyatın cılız və qaranlıqdır. Sən vicdanın qarşısında borclusan və hər idarə etdiyin oyundan sonra bu borc bir qədər də artır. Bu kimi ünsürlər futbol tarixində qalmır. Sadəcə hakimlik adına ləkə gətirir”.