AVRO-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə yığması ciddi itki ilə üzləşib. Stadium.az xəbər verir ki, qardaş ölkə təmsilçisi Belçika matçı öncəsində komandanın önəmli oyunçularından olan Hamit Altıntopun zədəli olmasına üzülür.
Qeyd edək ki, Türkiyə yığması iyunun 3-də - millimizin səfərdə Qazaxıstanla qarşılaşacağı gün səfərdə Belçikanın qonağı olacaq. Bu oyuna hazırlıq məqsədilə “ay-ulduzlular” hazırda Hollandiyada təlim-məşq toplanışına yollanıb. Baş məşqçi Qus Hiddink vətənindəki hazırlıq prosesində Hamit Altıntopu da dəvət etmişdi. Amma həkimlərin ciddi səylərinə rəğmən onun qarşıdakı oyunda komandaya kömək edə bilməyəcəyi müəyyənləşib və hollandiyalı mütəxəssis futbolçunun adını heyətdən çıxarıb.
Hamitin müalicəsiylə bağlı qərarın qarşıdakı günlərdə verilməsi gözlənilir. Maraq üçün onu da xatırladaq ki, Hamit Altıntop son mövsüm başa çatan kimi Almaniyanın “Bayern” klubunu İspaniya nəhənglərindən “Real”a dəyişdi.