“MİLLİ” “İNTER”İN TARİXİ “ZƏFƏRİ”

24.01.2011 | 8479 dəfə oxunub

Hacıbala Abutalıbov demişkən, Bakımızın "İnter" adlı bir klubu Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku" adlı ənənəvi turnirin qalibi oldu. Son Azərbaycan çempionu Belarusun "Şaxtyor" klubunu finalda udaraq istəyinə çatdı.

Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin fəxri prezidenti olduğu "İnter" klubu yarımfinalda Rusiya çempionu "Zenit"i 5:0 (!) hesabı ilə darmadağın etdi. Bundan öncə "İnter"in Ermənistanın "Mika" klubuna ot yoldurması (4:0) barədə də yəqin məlumatlısınız. Onu da yaddan çıxarmayaq ki, "İnter" qrupda keçirdiyi bütün oyunlarda qələbə qazanıb, qapısından bir top da buraxmayıb.

İlk baxışdan adama elə gəlir ki, "İnter"lə ancaq qürur duymaq olar. Yəni keçmiş SSRİ ölkələri çempionlarının yarışdığı turnirdə başımızı uca etdi. "İnter"in qələbəsinə sevinərək gecəni yatmayanlara bir söz demirəm, amma ağı qaradan seçməyi bacaran oxucularımıza çatdırılası bir neçə kəlməm olacaq. Başlayaq...

"Birlik kuboku" keçmiş SSRİ dağılandan sonra təşkil edilən bir turnirdir. Yeni yaradılanda da nüfuzuna söz ola bilməzdi. Uzun illər belə davam etdi. Bunun nəticəsi idi ki, təxminən 10 il bu kubokun qalibi ya Rusiya, ya da Ukrayna çempionu olurdu. Bütün postsovet çempionları "Birlik kuboku"na öz ölkələrinin çempionatının səviyyəsinin nümayiş olunduğu turnir kimi baxırdılar. Həmin vaxtlar Azərbaycan çempionları heç qrupdan çıxa bilmirdi. Moskva "Spartak"ı "Neftçi"nin qapısına 5-6 top vururdu...

İllər keçdi, məlum oldu ki, mükafat fondu olmayan bu turnir nüfuzunu itirir. Bunun nəticəsi idi ki, Rusiya və Ukrayna çempionları "Birlik kuboku"na əsas heyətlə yollanmağı daha özlərinə yaraşdırmadılar. Məhz bundan sonra turnirin qalibi adını digər postsovet məkanı klubları qazanmağa başladılar. Və turnir ildən-ilə hörmətdən düşdü. "Birlik kuboku" tam urvatsız bir turnir olanda qələbə növbəsi Azərbaycan klublarına çatdı. 2006-cı ildə "Neftçi", iki il sonra "Xəzər-Lənkəran" bu yarışın qalibi oldu.

İnsaf naminə deyək ki, 2005-ci ildə "Neftçi" finalda Moskva "Lokomotiv"i ilə oynayanda yarışın az da olsa hörməti qalmışdı. "Neftçi"nin uduzduğu final matçında rusların əsas heyəti olmasa da tanınan oyunçularına rast gəlirdik. Üstəlik həmin il Ermənistan "Pünik"i də yarışda "Neftçi"yə uduzmuşdu. Bir il sonra "Neftçi" turnirin qalibi olanda ermənilər bakılılardan qorxub qaçmışdılar. Bunları yaxşı xatırlayırıq. Bəlkə də həmin illər üçün bunları uğur da saymaq olardı...

Bəs start heyətində cəmi 1 azərbaycanlı olan "İnter"in 2011-ci ildə qazandığı "Birlik kuboku"nu necə uğur adlandıraq? Təsəvvür edin ki, yarış Sankt-Peterburqda keçirilir, amma son Rusiya çempionu "Zenit" ölkədən kənarda təlim-məşq toplantısındadır. Meydan sahibləri, təşkilatçılar "İnter"in qabağına "Zenit"in əvəzedici heyətinin uşaq-muşağını, sadə dildə desək, topdaşıyanlarını çıxardı. "İnter" də rus yeniyetmələri saldı qabağına və 5:0 qələbə qazandı. Bu da oldu "tarixi qələbə". Bilirsinizmi, bu, təqribən nəyə oxşayır?! Elə bil silahlanıb qonşunun üstünə davaya gedirsən, onu evdə tapmayıb 9-10 yaşlı uşağını salırsan təpiyin altına...

Bu yarışı təkcə ruslar ciddiyə almasaydı, "İnter"i qınamazdıq. Kiyev "Dinamo"su yarışa 3-4-cü heyətini yolladı, turniri qazanmağa iddialı Belarus, Moldova çempionları Piterə yollanmağı özlərinə ümumiyyətlə ayıb bildilər. Gürcüstan heç komanda göndərmədi, Ermənistan kimi kasıb ölkənin çempionu belə yarışa qatılmadı. Heç iddialı Orta Asiya çempionları da yarışa tam qüvvələri ilə getməmişdilər. Sanki bütün keçmiş SSRİ məkanı kənara çəkilmişdi ki, aparın bu kuboku, gözünüz doysun...

"Birlik kuboku"nu qazanmaq istəyi ilə bircə "İnter" alışıb-yandırdı ki, "bankirlər" buna da nail oldular. Görəsən, "İnter"lilər bu kuboku başları üzərinə qaldırıb ağlagəlməz şəkildə sevinəndə hansı hissləri keçirirdilər? Heç gözlərinin önünə onlardan daha az büdcəli postsovet klublarının Avrokuboklardakı zəfərini gətirib xəcalət çəkirdilərmi? Avropada bircə mərhələ də keçə bilməyən "İnter" Belarus BATE-sinin, Moldova "Şerif"inin, Ukrayna "Karpatı"sının Avroliqanın qrup mərhələsində oynamasını yada salıb heç utanmadımı?

"Birlik kuboku"na bu qədər iddialı yollanmaqla, məhəllə yarışı qədər də urvatı qalmayan turniri "tarixi qələbə" kimi qələmə verməklə sevinmək yox, sadəcə utanmaq lazımdır, "oynayıb udduq" deyə sevinmək yox. Belə də ki, məşhur atalar sözündə deyildiyi kimi, utanmasan oynamağa nə var ki...

Vüsal MEHDİOĞLU


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail