Lütfən, taxta qapımı döyməyin, mən dayımın qoltuğuna sığınmıram...

22.02.2014 | 9814 dəfə oxunub

Yemək yağına bulaşmış kirli kağız parçasını öz tələbəsinə irad tutan ZAT, görəsən, özünün nəyə bulaşmasının fərqindədimi?

«Ey iman gətirənlər! Allah xatirinə insafla şahidlik eləyin! Bir dəstə adama bəslədiyiniz kin sizi insafdan çəkindirməsin. İnsaflı davranış təqvaya daha yaxındı. Çəkinin Allahdan. İşləklərinizdən, şübhəsiz, xəbərdardır Allah!» 
(«Maidə» surəsi, ayə 8)

… Yox, olacağı bu deyildi. Olacaqla duracaq arasında bir durğuzacaq yatır. Görünür, «Sport Favorit»in durması bəzilərini olacaqla barışdırmayıb,.keçiblər yatanı durğuzmağa. Olan şeydi. İstəyirsə, qoy, oynasın. Qətiyyən təəccüblənmirəm. Atlar ölüb, itlərin bayramıdı.

… İlqar Tağıyev qəhrəmanlıq etdi. «Sport Favorit»in düşdüyü vəziyyətlə maraqlanmaqla və söylədiklərimi olduğu kimi qəzetində verməklə. Açıq riskdi bu. Hansı qəzet, hansı sayt «Sport Favorit»a istinad edirsə, yazısından bir sitat gətirirsə, günü vaydı. Gecikmədən «Neftçi»dən təpki alır: «özünü yığışdır, reklamı kəsərik a…». Gündüz Abbaszadə indi başqa qəzetlə əməkdaşlıq edən xanım jurnalistlə «sən «Sport Favorit»də işləmisən, belə suallar verirsən» xırdaçılığı edirsə, day mən nə deyim?..

… Zamanında «Neftçi»ni asıb-kəsmək üçün müsahib gəzən bir həmkarım az sonra bu klubla «Sport Favorit» arasında baş verənlərdən bəhs edən ən yumşaq yazıya «qorxuludu» etiketi yapışdırıb, saytında yerləşdirməkdən imtina eləyirsə, kimdən nə umum, kimdən nə gözləyim? 250-300 manatlıq reklamın 180 dərəcə dəyişdirdiyi jurnalistin əqidəsi, sizcə, nə ola bilər, necə ola bilər?

… İdman mediasında Natiq Muxtarlı kimi oğlanlar azdı bu gün. Bir telefon zəngi, bir yüngülvari hədə-qorxu, bir «bazaya gəl» çağırışı ilə altını isladan «jurnalistlər»in hamısı ona qurban olsun! «Sport Favorit»in yanında olma, səninləyik» dedilər, dönmədi. Nə satıldı, nə də çantasını götürüb «Fəhlə prospekti»ndə fəhləlik elədi. Aramızdadı, arxamızdadı yenə. Allah ürəyinə görə versin!

… Bu sualı 2 həftədi hər görən verir: «qəzet niyə bağlandı?» Sualı verənin səsindən, gözündən oxuyuram ki, yandığından soruşur, ya sevindiyindən. Gözlədiyim kimidi; sevinənlər çoxdu. Dilləri əksini söyləsə də, gözləri, baxışları daxili çırpıntısını gizlətmir. Adamı tanımaq istəyirsən, sözünə diqqət kəsilmə, gözünün içinə bax. Nə görsən, orda görəcəksən. Böyüklərim məni belə öyrədib. Odu ki, addımbaşı mətbuatdakı üstü bəzək, altı bəzək parazitlərlə qarşılaşıram.

… Bilirəm ki, bir çoxlarının məndən xoşu gəlmir. Bilirəm ki, bir çoxlarının başının daşıyam. Bilirəm ki, ayağımın altını qazanlar çoxdu. Bacısından xəbəri ol(may)an bir «şam tutan»ın «Sport Favorit»i bağlatmaq üçün haralara baş vurması barədə mənə çox deyiblər. Mən nə deyirəm, qoy, onu sizə də deyim: «özünü tanımayan oğlan arvad balağı altında gizlənirsə, Allah elə onu bu cür vurub da».

… Demişəm, deyirəm, day deməyəcəm: «Sport Favorit»i Hafiz Məmmədova bağlayanlar simasızdı, şərəfsizdi, şəxsiyyətsizdi! Bu qəzeti ərsəyə gətirmək üçün nələrdən keçmişəm, hansı məşəqqətlərə dözmüşəm, bir ALLAH bilir! Haqqıma girməsinlər! Hər dəqiqə Hafiz Məmmədovun adını eşitmək istəmirəm. O. bir başqa adamdı. MƏRDDİ, KİŞİDİ, İNSANDI. Fəxr edirəm ki, elə bir İNSANın rəğbətini qazanmışam. Gizlətmirəm, onun daş qoyduğu yerə mən başımı qoyaram! Bunu eşitmək istəyirdizsə, eşidin, ürəyiniz yerinə gəlsin. İş burda bitsin. Artıq deyiləcək söz yox!

… «Sport Favorit» bu gün də açıla bilər. Təsisçilik hüququnu verim, sabah işə başlayaq. Burda çalışan uşaqların hamısı bilir ki, qəzetin fəaliyyətini onlara görə dayandırmışam. Qəpik-quruş qazanır hamısı. Belə şəraitdə uşaqları işlətmək Yaradana acıq gedər. İkinci bir tərəfdən, mən indiyədək dost dediyim insanları satmaram. Qəzet yaşasın deyə, ümumi kursu dəyişdirmək mənlik deyil. Satılanlar satılıb, dəyişənlər dəyişib, səhər Əlibalanın, günorta Gülbalanın, axşam Hüseynbalanın yanında fırlananlar fırlanır zatən. Ortalıqda qalmaq, döyükmək, gah şimala, gah cənuba tərəf əsmək bizə yaraşmaz.

… Şantaj nədi? Kimdənsə pul almaq üçün yazılan yazı. Hansı binamus futbol adamı deyə bilər ki, mən, yaxud «Sport Favorit»in bir əməkdaşı ondan, onlardan rüşvət istəyib? Alan da, bilməyib danışan da dünyanın ən axırıncı adamıdı! Şantajçı olsaydıq, nazir balası bizim də hesabımıza hər ay 500, PFL 1200 manat köçürərdi. Şantajçı olsaydıq, «Neftçi» ilə problemi pul qarşılığında aradan götürərdik. Gündüzün pivə məclisinin ayaq tərəfində oturan oğlan onun özündən soruşa bilər ki, «Sport Favorit»dən zamanında nə xahiş edib. Mən qohumumun içdən gələn xahişini yerə salıb, mətbuat katibi olduğu klub haqda həmişəki fikrimdə qalmışamsa, «Sport Favorit»i şantajda suçlayanlar, yaxşısı budu ki, tövbə eləsinlər!

… Ləkələmək və şərləmək nədi? Kimi şərlədik, kimi ləkələdik? Çörək qazanması üçün 100 nəfərlə düşmən olduğum Tahir Süleymanov ikiüzlüdüsə, ailəsinə hörmət bəslədiyim  Ramin Musayev «otel gündəliyi»ndən bəhs edən yazıları qəzetdə vermədiyimə görə mənə düşmən oldusa, qoy, olsun! Jurnalist istedadını şampun-sabunla ölçürsüzsə, narahatlıq keçirməyin, sizin getdiyiniz yolu biz gedə bilmərik. O ayaqqabı ayağınıza ancaq gəlir. Medianızın hakimi elə sizlərsiz. Bu əyri-üyrü meydanda biz yoxuq. 

… Bir sorğudan bəhs edir bəziləri. «Papa Altay» stilində. AzTV-də işləmiş şəxsin redaksiyamıza göndərdiyi yazını tam şəkildə qəzetdə çap etsəydim, orda işlədilən sözləri, ortaya qoyulan faktları qayçılamasaydım, həmin sorğu da 1 il sonra yada düşməzdi. Mat-məəttəl qalanın onda matı-qutu quruyardı. Gör, nə səbrliymiş, 12 ay onu asıb-kəsməyimizə dözüb! Heyrət edirəm, sadəcə! Gərək ki, hücuma məruz qalan, çətin vəziyyətə düşən media orqanı sorğu keçirmir, kömək diləyir. 3000 avro üçün 12 saat soyuqda üşüyənlərə kömək üçün müraciət edərikmi, sizcə? Çürük zehniyyət daşıyıcılarına görə bəli. O sualı dəyər verdiklərimizin hamısına ünvanlamışdıq. Nə demişdilərsə, nöqtə-vergülünə dəymədən çap etmişdik, hamısı da razı qalmışdı. Daha orasından xəbərimiz olmadı ki, bu sual kiminsə içində qalıb, günü bu gün də qovrulur.

… Qaldı «irəhbər»i yazan jurnalistə, söhbətin kimdən getdiyini bilirəm. Ona heyrətlənirəm ki, «irəhbər»i mətbuata gətirən, əlindən tutub yazı yazmağı öyrədən «ağıl dəryası»nın özü ona lağ edir. Həmin cavan ilk addımlarını atdığı mətbu orqanda 300 dolların nələrə QADİR OLMASINI canlı-canlı görməsəydi, yəqin özünə sayt açan kimi birinci Sadıq Sadıqova uzun-uzadı bəy tərifi yazmazdı. Yemək yağına bulaşmış kirli kağız parçasını öz tələbəsinə irad tutan ZAT, görəsən, özünün nəyə bulaşmasının fərqindədimi?

… Hamını ləkələmək, şərləmək və şantaj etmək üzrə ixtisaslaşmaq - qələmi göyçəklərin yarlığı da özünə aiddi, yaylığı da. Yapışmır, vallah, yapışmır. Cəhd etməyin. Mən yapışdırası olsam, 7 yerindən keçər. Lütfən, taxta qapımı döyməyin. Mən dayımın qoltuğuna sığınmıram. Sığındığım Allahdı, o da ki, bütün dayılardan güclü dayıdı, çaşmayın. 100 qram içib ağzınızın qatığını dağıtmayın. Ağıllı olun. Mən bir dəfə xəbərdarlıq edirəm: aydınlığa çıxın…

İlkin VAQİFOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail