Ani qığılcım, yoxsa pul hərisliyi? YAZI

28.10.2013 | 10127 dəfə oxunub

Uzun sürən həsrətdən sonra Azərbaycan Superkuboku uğrunda matç baş tutdu. Həmin oyun barədə uzun-uzadı yazıb, sizləri yormaq istəmirəm. Onsuz da həmkarlarımın bir çoxu bu haqda lazım olan hər şeyi yazıb. Mənim sözümün canı başqadı.

Qısaca xatırladım ki, hakim biabırçılığı, Kordosanın xəstəxanalıq olması, Təcili Tibbi Yardım maşınının sürücüsünün Toşakı tapdalamaq istəməsi - bütün bunlar superkubokdan yaddaqalacaq xatirələr olsa da, ən böyük reallıq "Xəzər Lənkəran"ın layiq olduğu şəkildə kuboku qazanması idi. "Neftçi"nin prezidenti Sadıq Sadıqovun da, hətta Böyükağa Hacıyevin də "Xəzər Lənkəran"ın superkuboka layiq olmasını etiraf etmələri hər şeydən xəbər verir.

Möhtəşəm zəfərdən sonra "Xəzər Lənkəran"lı azarkeşlər ümidləndilər. Hər kəs düşündü ki, "Makkabi"dən alınan faciəvi yenilgidən sonra axır ki komanda özünə gəldi. "Simurq" və "Neftçi" üzərində alınan qələbələr Toşakın və komandasının başı üzərindən qara buludların çəkilməsi anlamını verirdi. Amma dünən bütün mülahizələr, fikirlər, xəyallar puç oldu. "Qarabağ" "Xəzər Lənkəran"ı 3:0 hesabı ilə darmadağın edərək, komandanın özünə gəldiyini düşünənləri yenidən pessimist düşüncələrə qərq etdi.

Çempionatın yayımını təşkil edən "peşəklar"ların sayəsində çoxları kimi mən də matçı canlı izləyə bilmədim. Baxmadığım oyun haqda danışmaq, nəsə yazmaq çətindi. Amma nəticə hər şeydən xəbər verir. Çünki 3:0 elə bir hesabdır ki, loru dildə desək, burada mız qoyulası bir şey yoxdu. 0:1, ya da 1:2 olsaydı, "bəxtimiz gətirmədi", "top rəqibin qapısından keçmirdi", hətta "hakim qələbə qazanmağımıza imkan vermədi" kimi bəhanələrlə vəziyyətdən çıxmaq olardı. Amma 0:3-dən sonra hakimdən, ya da bəxtdən necə gileylənəsən? Oyundan sonra Con Toşak da rəqibin güclü olduğunu etiraf etdi.

Yaxşı, bir neçə gün əvvəl "Neftçi"yə qan udduran "Xəzər Lənkəran" nəyə görə "Qarabağ"a bu cü hesabla, özü də "doğma divarlar" arasında uduzdu? Məncə, bunun yalnız 1 cavabı var. Komanda hələ də "qara zolaqdan" çıxmayıb. "Simurq" və "Neftçi" üzərində qazanılan qələbələr ani qığılcım olub. Yazının əvvəlində də dediyim kimi, həmin matçlarda "Xəzər Lənkəran" layiqli qələbə qazanıb. Amma bu, komandanın problemlərdən yaxa qurtarması anlamına gəlmir. Dünənki acı yenilgi bütün həqiqətləri çılpaqlığı ilə üzə çıxardı. Bugünkü "Xəzər Lənkəran"ın çempionluğu xəyal etməsi belə qeyri-mümkündü. Komanda ən yaxşı halda, dördüncü ola bilər. "Qarşıda hələ çox oyun var" deyənlərlə qətiyyən razı deyiləm. Birincisi, çempionatın demək olar ki artıq üçdə biri geridə qalıb. Yox, əgər "qışda hər şey düzələcək" deyən varsa, bu da düzgün yanaşma deyil. Tutaq ki "Xəzər Lənkəran" qışda 5 super transfer reallaşdırdı və yüksək sürət yığdı. Məgər digər klublar qışda özlərini Antalyada günə verəcəklər? Həm də qışa qədər liderlərdən uzaq düşəndən sonra fevraldan sürət yığmaq nəyə yaracayacaq ki?

Uzun sözün qısası, bu gedişlə "Xəzər Lənkəran"ın yubiley ilində nəinki çempion olması, heç üçlüyə düşməsi də çətin məsələdir. Komanda ən yaxşı halda dördüncü ola bilər. Toşak da postunu qorumaq istəyirsə, heç olmasa ölkə kubokunu qazansın. Çempionluğa ümid etmək boş şeydi.

Eşitdiyimə görə, superkubok matçındakı qələbəyə görə "Xəzər Lənkəran"lı futbolçulara külli midqarda mükafat verilib. 3 milyon dollar söhbəti doğrudursa, məsələ aydındı. Deməli, Naxçıvanda komandanı oynadan Toşakın tapşırıqları yox, böyük premiyanın havası olub. 3 milyona görə kim özünü meydanda öldürməz ki?

Teymur VƏLİYEV

P.S. Ukrayna millisi play-offda Fransanı mübarizədən kənarlaşdırıb, dünya çempionatına vəsiqə qazansa, komanda üzvləri 2 milyon dollar mükafat alacaq. Əgər, "Xəzər Lənkəran" rəhbərliyi futbolçulara Superkubokdakı qələbəyə görə 3 milyon dollar mükafat veribsə, mənim daha deməyə sözüm yoxdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail