Allah səbr verMƏsin! YAZI

24.06.2013 | 9167 dəfə oxunub

Heç Azərbaycan toylarına fikir vermisiz? Camaatın yeməyinə yox a, rəqslərə. Əgər yox, onda bir dəfə fikir verin. Pərakəndə oynamaqda pərgarıq. Ələlxüsus da boğazdan 50 qram keçəndən sonra. Oğul axtarıram ki, millət qol qaldırıb qrup şəklində rəqs etsin. Uzağa getmək lazım deyil. Elə milli rəqsimiz olan “Yallı”nı göz önünə gətirin. Tədbirlərdəki “Yallı”nı nəzərdə tutmuram. Toylardakı həmin o “hazır” qonaqların ortaya atılması zamanı əmələ gələn xaosu çatdırmaq istəyirəm. Bax o vəziyyət Azərbaycan futbolundakı kimidir. Adi ritm ölçülü rəqsi oynaya bilməyən xalqın nümayəndələrindən futbolda nə gözləmək olar? Fərdilikdə kimə istəsək badalaq vurarıq. Hər dəfə azı bir olimpiya qızılımız buna sübutdur. Namiq, Fərid, Elnur, Toğrul, Şərif... Heç gör voleybolçu və ya otüstü hokkeyçilərimiz nəsə edib. Düzdü, voleybolda ildırım sürətli tərəqqi var. O da legionerlərin hesabına. Özümüzün isə demək olar ki heç nəyimiz yoxdu.

Ötən həftənin söhbətidi. Oturub həmişəki kimi internetdə baş sındırırdım. Xəbər portallarında dünyada baş verənlərlə maraqlanır, sosial şəbəkələrdə bu və ya digər hadisə barədə userlərin mövqeləri ilə tanış olurdum. Şəki fəaliyyətim başa çatmışdı. Arada özüm üçün düşünürdüm ki, ancaq mənim kimi axmaq sentyabrdan ta mayın sonuna kimi əyalətə işə gedib, yayın cırhacırı üçün Bakıya qayıdar. Amma bu, danılmaz fakt idi ki, mənim başıma gəlmişdi... Bəxtimdən havalara uyğunlaşmaq üçün dövr pis deyildi. Küləkli Bakı üçün burnumun ücü göynəyirdi.

Nə isə nahardan bir az sonra mobil telefonuma zəng gəldi. Günel idi (FİFA agenti Günel Rüstəmova). Şirin Qardaban ləhcəsiylə oyuna gedəcəyimi soruşdu – “Ölüm, axşam matça gedəssənmi”? “Qəbələ cup” və “Caspian cup” başa çatdığından gözlərimi döyərək (o bunu heç cür görə bilməzdi, çünki telefonla zəng etmişdi) hansı oyundan söhbət getdiyini soruşdum. Mən də görməsəm də 100 faiz əmin oldum ki, onu da eyni təəccüb bürüdü. Sonra mənə eyni şirin ləhcəylə Dünya Kubokunun seçmə oyunu, Azərbaycan – Lüksemburq matçından söhbət getdiyini xatırlatdı. Bəlkə başqa vaxt olsaydı heç getməzdim də. Lakin bu yaxınlarda transfer etdiyi Rasim Ramaldanovun oyununa baxmaq istəyi olduğundan heç cür imtina edə bilməzdim.

Bakıya uyğunlaşmadığımdan görüş yerini çox götür-qoy elədik. Bu məsələdə çox müzakirə aparsaq da uzun müddət ortaq məxrəcə gələ bilmirdik. Axırı 8-ci cəhddən sonra, özü də ciddi məşəqqət əzablarından sonra Günel mənə izah edə bildi ki, oyun “Bakcell-Arena”da keçiriləcək. Öz-özümə dedim, yaxşı ki, biabır da olsam, bu tez baş verdi, yoxsa saat 8-də gedib Gənclikdəki “MakDonalds”ın qabağında gözləyəcəkdim, guya kişinin oğlu oyuna baxmağa gəlib. Lənət sənə kor şeytan.

Oyun başlamamışdan 1 saat əvvəldən stadionda olmaqdan yaxşı şey yoxdu. Basırıq olmamışdan öz yerini tutursan. İmkan olsa başqasının yerini də. Lap elə bizim kimi. Yersiz gəldi, yerli qaç misalını rahatca bizə şamil etmək olardı. Çünki Allah bilir hansı sektora olan biletimizlə biz “Press-loja”ya çatmışdıq. Maraqlısı o idi ki, bu məsələyə cavabdeh olan şəxslərdən biri boynumdakı başqasına məxsus press yazısı olan vəsiqədəki şəklə və mənə növbə ilə 7-8 dəfə ildırım sürəti ilə baxaraq, “bu şəkildəki sənsən?” deyə soruşdu. Mən də yalan deməyərək bir kəlmə ilə “yox” cavabını verdim. Bayaq mənim arenaya başqasının sənədi ilə keçmək istədiyimə əmin olan “stewart” yaman çaş-baş qaldı və “efirdən ciddi görünən adam necə də yumoru sevir” deyərək güldü. Anladım ki, o doğru etirafımdan sonra həqiqətən də məni şəkildəki şəxs sandı. Özü bilər, ən azı yalan demədiyim üçün vicdanım təmiz idi.

Oyun başlayana kimi qəpik-quruşsuz əlli dəqiqə ərzində Günellə çox şeydən danışdıq. Sonra 1 maraqlı xanım heyətlər olan kağızı sektora gətirdi. Məlum oldu ki, cənab Berti Foqts bu il ardıcıl ikinci dəfə heyəti tamamilə azərbaycanlılardan qurub. Qapıçı Kamran Ağayevin önündə Rəşadla Rasim, cinahlarda Mahir və Elnur yer almışdı. Yarımmüdafiə Rahid, Ruslan, Sadiqova tapşırılmışdı. İrəlidə oynayan hücumçu Rüfət Dadaşova cinahlardan Vaqif və Araz dəstək olmalı idi.

Oyun barədə yazmaq istəmirəm. Amma fikirləşirəm ki, bəs nədən yazım? Ona görə yox ki, mövzu yoxdu. Var. Mövzudan çox mövzu var. Götürsən hər futbolçunun oyununu analiz etməyə, yetərincə xırdalıq aşkar etmək olar. Ən azı ona görə yazmaq istəmirəm ki, antireklam özü də reklamdır. Bizimkilər də ölür bunun üçün. Mənimlə Türkiyə superliqasının, Rusiya Premyerliqasının bir neçə klubu maraqlanır, amma hələ təklifləri götür-qoy edirəm deməklə qiymətlərini ceyran belinə çıxaranlara da bir him bəsdir. Amma elələri var ki, onlardan danışmaq lazımdır. Adını çəkmək istəmədiyim, ölkədə oynamadığı klub (oxu ... kol başı) qalmayanlar hələ də millidədi və anlamaq çətindir ki onlar bu komandada nəinki meydana, heç SU BAŞIna da çıxmağa layiq deyil. Onların milli üçün əvvəlki xidmətlərini anlamaq olar (əgər bunu xidmət saymaq olarsa), lakin, indiki yığmaya hansı xeyri dəyə bilər?

Arada ağız büzürlər ki, kimimiz var ki, olanlarımız üzdədir. Əvvəl mən də bu rəvayətlərə, təmsillərə inanırdım. Amma görürəm ki, yox, elə deyil. Ölkədə yetərincə maraqlı, perspektivli uşaq yetişir. Hansı ki, nəticə üçün acdır. Yığma komandada nəticə əldə edə bilməyən futbolçular əvəzinə onları oynatmaq olmazmı? Onsuz da uda bilmirik. Qoy bu heç olmasa cavan nəslə dərs olsun. 20-22 yaşlı uşaqları buraxaq əzilsinlər, döyülsünlər. Döyülməyən düyüdən axı aş olmaz.

Elə götürək “Simurq”un oyunçusu Rəşad Eyyubovu. Ötən il heç kimin tanımadığı bu gənc indi özündən çox söz etdirib. Olub yağlı əppək. Bunun nəticəsidir ki, ölkənin demək olar ki, bütün aparıcı klublarının baş məşqçiləri onu öz komandasının heyətində görmək istəyir. Aparıcı ona görə deyirəm ki, sözsüz qalanları da istərdi, lakin büdcə buna imkan verməz. Rusların bir atalar misalını Azərbaycan dilinə tərcümə edəndə təxminən belə şey alınır. Hamı ağlını birdən itirməz. Yəni bütün klubların baş məşqçiləri havalanmadılar ki, yaşı iyirmini təzəcə keçmiş birisinə elçi düşsünlər. Foqts həzrətləri isə tamam başqa fikirdədi. Yəqin onun futbol təsəvvüründə Rəşad Eyyubov kimi futbolçular yoxdu. Əslində mənim üçün millinin baş məşqçisinin futbol fəlsəfəsi maraqlıdır.

Deyilənlərə görə millinin Lüksemburqla oyunundan sonra bıçaq sümüyə dirənib. Əslində o zəhrimar soyuq silah sümüyə çoxdan dirənməli idi. Şimali İrlandiya ilə oyunda son saniyələrdə qələbəni əldən verəndə, ondan sonra Əhmədli qədər əhalisi olan Lüksemburqu ilk oyunda uda bilməyəndə və sair və ilaxır. Amma deyəsən bu xəmir çox su aparacaq. Lap “Bəyin oğurlanması” kinosundakı kimi AFFA gərək gedib otursun İsrafilin qapısında... yəni bəzi mətbuat kütləsinin yazdığı kimi şüşəbənddən bir adam qabağa çıxıb Berti Foqtsa almanca “Çox sağ ol, xoş getdin” desin. Necə ki, illərcə bundan əvvəl Karlos Alberto Torresin topu qoltuğuna verilmişdi.

AFFA hələ səbr edir. Nə vaxta kimi, bu bilinmir. İstənilən halda komanda bu il xal toplamaqla bağlı ötənilki nəticəni yaxşılaşdırmaq bir yana, heç təkrarlaya da bilməyəcək. Xal alınması kim qalıb ki? Şimali İrlandiyanı burda udsaq, daha doğrusu uda bilsək, Lüksemburqla oyundan sonra hansına ki, inanmaq çətin gəlir, olacaq 7 xal. Vəssalam, şüttamam. Eşşək eşşəkliyi ilə palçığa bir dəfə batır. Rusiya inanmıram ki Bakıda bu dəfə də guya xal itirə. İsraillə səfər oyununda nəyə ümid edəcəyimizi bilmirəm. Amma Allahın işini bilmək olmaz, olmadı elə, oldu belə. Hələliksə AFFA-nın Berti Foqtsu yola salmaqdan başqa perspektivi yoxdur. Onsuz da 3-4 ay vaxtı qalıb. Bilirsinizmi niyə?

Gəlin ondan başlayaq ki, özünə hörmət qoyan istənilən mütəxəssis yığmaya baş məşqçi gəlməklə bağlı müqaviləni seçmə mərhələnin sonuna kimi imzalamaz. Təsəvvür edin ki, Rusiya millisinin baş məşqçisi Fabio Kapellonun müqaviləsi bu ilin noyabrında – dünya çempionatının seçmə mərhələsinin “play-off” oyunlarından sonra başa çatır. Əla oyun nümayiş etdirib final mərhələyə çıxmış komandanın çalışdırıcısı bundan sonra ya müqaviləni uzatmaq istəmir, ya da elə şərt qoyur ki, qalırsan belə. Ona görə normal müqavilələr hər hansı bir turnirin final mərhələsi başa çatana kimi nəzərdə tutulur.

Bizdə inanmıram ki, müqavilə belə olsun. Onda Foqtsun nə vecinə? Oturub qəşəhcənə pulunu qazanır, istədiyi vaxt evinə gedir, futbolçulara köməkçiləri baxır. Ən əsası isə, ondan nəticə tələb olunmur. Bunun da nəyinə lazım özünü həlak eləsin. Cavan deyil ki, perspektiv barədə düşünsün. Karyerasının dibindən halva-lavaş iyi gəlir. Bundan sonra getsə-getsə bizim kimi futbol baxımından banan ölkələrinə gedər.

Ona görə bu mərhələ başa çatdıqdan sonra yeni mütəxəssisə şans vermək lazımdır. Bu yerli-cavan çalışdırıcı da ola bilər. Kim təsəvvürünə gətirərdi ki, 40 yaşı olmayan Qurban Qurbanov “Qarabağ”ı elə dirçəldə bilər. Mən yığmaya konkret onu nəzərdə tutmasam da, papaq altında onun kimi neçə mütəxəssisin olduğunu təsəvvür etmək olar. Foqtsa baxanda yerli mütəxəssisin üstünlüyü azı vətənpərvərlikdə olacaq ki, komandanın qələbəsinə sevinəcək, məğlubiyyətinə isə..., yox məğlubiyyət barədə düşünməyə imkan verməyəcək. Təki Azərbaycanın futbol başçılarına Allah səbr verMƏsin.

Asif BAĞIROV, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail