Olimpiya stadionundan neçə milyon dollar ciblərə girəcək? YAZI

11.03.2013 | 10664 dəfə oxunub

Bakıda tikiləcək (daha dəqiq desək, əsası qoyulan) Olimpiya stadionunun son vəziyyətini görmək üçün çoxları səbirsizlənir. AFFA rəhbərliyinin ağızdolusu danışdığı bu stadionun hansı vəziyyətdə futbolsevərlərə təqdim olunacağı maraqla gözlənilir. Stadionun hansı qiymətə AFFA-ya başa gələcəyi də maraq doğurur. Bu arada isə federasiya prezidenti Rövnəq Abdullayev stadionun onlara neçəyə “oturduğu”nu açıqladı. Dedi ki, stadion üçün 640 milyon manat xərcə düşəcəklər və bu məbləğ arta da bilər. Baca rəqəm deyil, hə?!

Abdullayevdən sonra isə söz baş katib Elxan Məmmədova çatdı. Gəlin onun dediklərinə diqqət edək:  “Tikiləcək yeni Olimpiya stadionunu digərləri ilə müqayisə etmək olmaz. Olimpiya stadionuna sərf olunacaq 640 milyon manat o qədər də böyük məbləğ deyil. Adından da bəlli olduğu kimi Olimpiya stadionu çox funksiyalı olmalıdır. Biz bu stadionda I Avropa Olimpiya Oyunlarını, müxtəlif beynəlxalq futbol turnirlərini keçirməyi planlaşdırırıq. Bilirsiz, ümumilikdə götürsək, 10-15 il bundan qabaqkı standartlarla indiki standartlar arasında çox böyük fərqlər var. 15 il bundan qabaq UEFA standartına cavab verə biləcək orta hesabla 50.000 azarkeş tutan stadionu 150-200 milyon avroya başa gətirmək olardı. Ancaq indi çox şey dəyişib və yeni standartlar meydana gəlib. Hazırda stadionda ekoloji mühiti tam uyğun formaya gətirmək üçün çalışmalar gedir. Bundan əlavə, bildiyiniz kimi stadionun 80%-i qapalı olacaq. Yağışlı, qarlı havalarda belə azarkeşlər rahatlıqla izlədikləri oyunlardan zövq alacaqlar. 2011-ci ildə İstanbulda “Türk Telekom Arena” stadionu istifadəyə verildi. Doğrudur, həmin stadion ümumilikdə 160 milyon avroya başa gəlib. Ancaq həmin Arena yalnız futbol oyunu üçün nəzərdə tutulub orada heç bir Olimpiya oyunları keçirilməyəcək. Daha sonra “Nou Kamp” stadionunu misal göstərə bilərəm ki, həmin stadion 1950- ci illərdə istifadəyə verilib və bir neçə dəfə azarkeş tutumu çoxaldılıb, konstruktiv dəyişikliklər olub. Bizim stadionumuz isə istifadəyə veriləndən sonra ən azı 15-20 il müddətində heç bir dəyişiklik olmayacaq. Bundan əlavə bir sıra stadionların özünə xas simvolik xüsusiyyətləri olur. Mən misal üçün İngiltərənin “Uembli” stadionunu göstərə bilərm. Stadionun üzərində olan arka onun tanınmasına səbəb olur. Bizim Olimpiya stadionumuzda da milli ornamentlerimizi özündə əks etdirən xüsusiyyətləri olacaq”.

Məmmədov çox müasir açıqlamalar verib. Onlardan bəzilərinə toxunmamaq çətin məsələdir.  Məmmədov deyir ki, 10-15 il bundan qabaqkı standartlarla indiki standartlar arasında çox böyük fərqlər var və 15 il bundan qabaq UEFA standartına cavab verə biləcək orta hesabla 50.000 azarkeş tutan stadionu 150-200 milyon avroya başa gətirmək olardı ki, indi bu rəqəmlər çox dəyişib. A kişi, bir danışdığın barədə heç olmaya sonradan düşünmüsən? 50 minlik stadion 200 milyon avroya tikilirsə, bizimli lap olsun 100 min tutumu olan və qiyməti də 400 milyon avro. Bizdə tutumun daha az, üstəgəl sizin dediyiniz ki, standardların da yeniləndiyini də nəzərə alsaq, lap 100 milyon avro da bu məbləğin üstünə gəl. bəs qalan 140 milyon manat və bu məbləğin üstünə gələcəyiniz o istisna etdiyiniz paralar? Onlar hara getdi, kimin cibinə girdi?

Özünüz də demisiz ki, 2011-ci ilin əvvəlində azarkeşlərin ixtiyarına verilən İstanbulun “Türk Telekom Arena” stadionu 160 milyon avroya başa gəlib. Bu da 200 milyon dollardan bir qədər çox edir, amma sizin üçün yazım ki, arenanın “wikipedia” səhifəsində bu stadionun 250 milyon dollara başa gəldiyi deyilir. Olimpiya stadionu olmamasına baxmayaraq, belə bir möhtəşəm arena 250 milyon dollara istifadəyə verilib. Bunun Olimpiya quyruğu da lap etsin 250 milyon dollar, yəni bütün xərci iki dəfəyə vurduq. Yenə ümumi məbləğ gəlib 500 milyon dolları keçmir. Yenə ortaya həminki sual çıxır: Niyə 640 milyon manat? Bəs 640 milyon manat nə qədər dollar edir? 815 milyon dollardan çox. Görün ortada nə qədər pul kim(lər)insə cibinə gedir?!  Bütün bunlaz azmış kimi, Məmmədov 815 milyon dolların az olduğunu və bunun arta biləcəyini də istisna etməyib. Məmmədov, heç bilirsiz ki, siz nədən danışırsız, harada yaşayırsız? Sizə gözlərimlə gördüyüm bir hadisəni çatdırım. Bu Olimpiya stadionunuzun tikintisi üçün 815 milyon dollarından uf demədən keçən SOKAR-ın balansında olan Mərkəzi Neftçilər Xəstaxanasında bir nəfər (bu hadisə 2009-cu ilin dekabr ayında yaşanıb) anasının qan analizinə xərcələnəcək 81 manat üçün diz çöküb xəstəxana rəhbərliyinə yalvarırdı ki, cibində olan 48 manatı onlara versin, qalan pulu yoxdu, 33 manatı ona güzəşt etsinlər, amma ona rəhmi gələn olmadı.  Qan analizi çox təcili olmalıydı, yoldaş hətta mobil telefonunu da verdi, amma qəbul etmədilər. Yalnız mənim kimi kənarda olanlar “atışaraq” onun 33 manatını düz-qoş etdilər. Hətta xəstaxana işçiləri bunu da bizə irad tutdular. Sizin bu SOKAR-ınız 33 manat pulu sadə, məzlum vətəndaşına qıymır, amma onun özünün, atasının, anasının, balalarının da pay sahibi olduğu, vətəninin, xalqının sərvəti olan neftdən 815 milyon dolları heç nə olmayıbmış kimi biz stadionun tikintisinə xərcləyirsiz. Hələ bu azmış kimi, arsızcasına bu məbləğin az olduğunu da deyirsiz?.. Bax buna görə də atalar çox yaxşı deyib ki, utanmayanda oynamaq çox asan olur.

ELNUR, "Het-trik news" qəzeti 

P.S. Qabaqlar “ANS”də bir yaxşı video-çarx vardı. Deməli, bir binanın tikintisi üçün tender elan edilir. Xarici bir şirkət binanı 1 milyon dollara tikəcəyini deyir, deyirlər bahadır, qəbul edilmir. İkinci xarici şirkət 2 milyon istəyir. Təbii ki, milyon dollara razılaşmayan iki milyonu heç yaxına da buraxmayacaqdı. Tender üçün üçüncü şirkət yerli olur, özümüzünkü. Nümayəndə içəri daxil olaraq deyir ki, binanı onlara 3 milyon dollara başa gətirəcəklər. Dövlət tərəfindən tender elan edən az qala dəli olur, deyir milyona razılaşmayıb, özü də işi daha keyfiyyətlə görəcək xarici şirkətlə. Belə olan halda yerli şirkətlə nə üçün 3 milyona razılaşmalıdır ki? Bizimki cavab verir ki, 3 milyonu alır, 1 milyonunu verir tenderə gələn birinci şirkətə və binanı inşa etdirir. Yerdə qalan iki milyonun da birin verir tenderi ona verənə, biri də qalır özünə. Tender elan edən bunu eşidən kimi razılaşır, tez-tələsik ayağa duraraq əl sıxışır.

P.P.S. Maraqlıdır, görəsən, SOKAR neçə milyon dollar üçün əl sıxışıb?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail