Məhv olan istedad YAZI

22.08.2012 | 10535 dəfə oxunub


Hər nə qədər Avropada istər milli, istərsə də klub səviyyəsində uğur qazana bilməsək də, ölkəmizdə istedadlı futbolçuların varlığını danmaq insafsızlıq olardı. Amma reallıq budur ki, həmin futbolçuların əksəriyyəti müəyyən yaş həddinə çatdıqdan sonra itib, batırlar. Bunun konkret səbəbini demək çətindi. Amma reallıq budur ki, gözümüzün qabağında daha bir istedad məhz olub gedir. Bəxtiyar Soltanovu nəzərdə tuturam. Hələ 17 yaşında ermənilərə 2 qol vurmaqla parlayan Soltanov bu gün demək olar ki, futbolsuz qalıb. Heç kim inciməsin, amma şəxsən mən Bəxtiyarı müstəqil Azərbaycan futbolunda Zaur Tağızadə və Rəşad Sadıqovdan sonra ən istedadlı futbolçu hesab edirəm. Bu oğlanda həqiqətən də böyük potensial var (bəlkə də burada “var idi” yazmalıydım). Amma gəl ki, heç cür özünü göstərə bilmir (bilmədi). Bunun da səbəbi məlum deyil.

Bayaq da dediyim kimi, Bəxtiyar Azərbaycan futbolunda özünü hələ bir neçə il əvvəl tanıdıb. U-17-nin heyətində ermənilərə 2 qol vuran bu oğlan dərhal diqqəti üzərinə çəkməyi bacarmışdı. Hətta həmin vaxt “Bakı”nın prezidenti Hafiz Məmmədov hava limanına xüsusi maşın göndərərək, Soltanovu dərhal klubun ofisində qəbul etmiş və düşmənlərimizlə oyundakı möhtəşəm çıxışına görə mükafatlandırmışdı. Amma millinin heyətindən döndükdən sonra Soltanov “Bakı”nın əsas heyətinə düşməkdə çətinlik çəkirdi. Bu da səbəbsiz deyildi. Axı həmin vaxt “zolaqlılar”ın heyətində Leandro Qomeş və Fernando Peres kimi cənubi amerikalılar  meydan sulayırdı. Şübhəsiz, Bəxtiyarın onlarla rəqabətdən qalib ayrılması çətin idi. Amma bir müddət sonra Bəxtiyarın əlinə gözəl fürsət düşsə də, o bundan yararlanmadı. Roman Pokoranın başçılıq etdiyi “Simurq” Soltanovu icarəyə götürmək istəyirdi. “Bakı” da onu buraxmağa hazır idi. Gəl ki, Soltanov Zaqatalaya, ümumiyyətlə əyalətə getməkdən imtina etdi. Hesab edirəm ki, Soltanovun ilk səhvi də məhz bu oldu. Kim bilir, bəlkə də həmin vaxt “Simurq”a keçsəydi...

“Bakı-2”də gününü keçirən Soltanovun ulduzu Coko Hacıyevskinin gəlişindən sonra parladı. Gənc hücumçunun ikinci komandada cəmi 1 məşqinə baxan makedoniyalı mütəxəssis istedadını görüb, dərhal onu əsas komandaya cəlb etdi. Tezliklə Haciyevskinin rəhbərliyi altında meydana çıxan Soltanov hətta 2007/08 mövsümündə vurduğu 7 qolla “Bakı”nın ən yaxşı bombardiri də oldu. Növbəti il Soltanov üçün daha uğurlu oldu. Çempionlar Liqası kimi nüfuzlu turnirdə Haciyevski heç nədən çəkinməyərək, gənc hücumçuya ilk oyundaca şans verdi. Sağ cinahda “at oynadan” Soltanovun ulduzu yenidən parlamağa başladı. “Ekranas”la oyunlarda möhtəşəm çıxış edən Bəxtiyar hətta milli komandaya da dəvət aldı. Amma sonradan “o qapıya zərbə vurmur” deyən Foqts Soltanova daha dəvət göndərmədi.

O zaman, daha da konkret desəm, “Bazel”lə İsveçrədəki oyundan öncə “zolaqlılar”ın qaldığı “Hilton” otelində həmin vaxt Foqtsun əsas köməkçisi olan Vaqif Sadıqovla gənc futbolçu haqda xeyli müzakirə aparmış, hətta az qala mübahisə belə etmişdik. O vaxtlar milliyə cəlb olunan Daniel Axtyamovun Bəxtiyardan daha zəif olduğunu iddia edirdim. Amma Sadıqov mənimlə razılaşmır, öz arqumentlərini gətirirdi. Təbii ki, Vaqif bəy Azərbaycan futbolunda can qoyub, bu sahəni də məndən qat-qat yaxşı bilir.

Haciyevskinin gedişindən sonra Bəxtiyarın oyununda eniş hiss olunurdu. Düzdü, Bülənt Qorxmaz da Bəxtiyara güvənir, demək olar ki, daim ona əsas heyətdə şans verirdi. Amma Soltanov getdikcə “əriyirdi”. Şeferin gəlişi isə Soltanovu “məhv etdi”. Məşqlərin birində Leandro Roşa ilə dalaşdığına görə adı “qara siyahı”ya salınan Soltanov “dubl”da məşq etməyə başladı. Alman məşqçini Starkov əvəzləyəndən sonra Soltanov bir müddət əsas komandada görünsə də, əvvəlki Bəxtiyardan əsər-əlamət yox idi. Nəhayət Bəxtiyar onu yetişdirən, tanıdan “Bakı” ilə vidalaşaraq, “Qarabağ”a üz tutdu. Həmin vaxt çoxları hesab etdi ki, artıq Bəxtiyarın işləri yoluna düşəcək. Çünki azərbaycanlı futbolçulara qucaq açan Qurban Qurbanov kimi məşqçinin rəhbərliyi altında Bəxtiyar yalnız və yalnız irəli getməliydi. Ağdam klubunun  heyətində Avroliqada “Banqa”ya qarşı ilk matçda ehtiyatda qalsa da, meydanda çıxdıqdan cəmi bir neçə dəqiqə sonra qol vuran Soltanov yavaş-yavaş özünə gəlməyə başlayırdı. Daha sonra Avropanın say-seçmə klublarından olan “Brügge”nin də qapısına yol tapdıqdan sonra düşünüldü ki, budur, Soltanov yenidən, üçüncü dəfə özündən söz etdirəcək. Amma zaman bunun əksini göstərdi. “Qarabağ”ın ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən “Baxa” ara-sıra 5-10 dəqiqə meydana çıxırdı ki, bu müddətdə də özünü göstərməsi qeyri-mümkün idi. Çünki həm vaxt azlığı, həm də oyun təcrübəsinin yoxluğu özünü biruzə verirdi. Beləcə, bir neçə gün əvvəl xəbər yayıldı ki, Soltanov “Qarabağ”dan gedir. Qurban bəyin Bəxtiyara niyə şans verməməsinin səbəbini dəqiq deyə bilmərəm. Amma daim yerli futbolçulara güvənən, Azərbaycan futboluna Əfran İsmayılov, Rauf Əliyev, Qara Qarayev kimi gəncləri tanıdan məşqçinin Soltanovu yenidən kəşf edə bilməməsinin səbəbi anlaşılmazdır.

Artıq bu gündən etibarən Bəxtiyarın karyerasında yeni səhifə açılır. O “Kəpəz”ə üz tutub. Bir vaxtlar bəyənməyib, getmədiyi əyalətə yollanır Soltanov. Mehdiabadlı Bəxtiyar ilk dəfə Bakıdan kənarda oynayacaq. Bu çətin yolda ona uğurlar arzu edirəm. Ümid edək ki, Soltanov yenidən özünü göstərəcək. Malik olduğu böyük potensialı məhv olmağa qoymayacaq. Yazının əvvəlində də dediyim kimi, çox böyük istedada malikdir Soltanov. İndi qalır yenidən əvvəlki Bəxtiyarı xatırlatmaq. Azdan-çoxdan tanıyıram onu. Nə pul dalıycan qaçandı, nə də qız-mız. Özü də dindardı. Qardaşyana məsləhət verirəm, Bəxtiyar başını aşağı salıb, məşqini elə. Sən çox şeyə qadirsən, buna inan. Əminəm ki, tezliklə əvvəlki Bəxtiyarı görə biləcəyik. Bir vaxtlar səni bəyənməyənlərə, o cümlədən də “qapıya zərbə vurmur” deyərək, sənə ağız büzən Foqtsu susdurmaq üçün oynamalısan. Sənə daim dayaq olan qardaşların üçün oynamalısan. Ən əsası Azərbaycan futbolu üçün oynamalısan. Əminəm ki, keçmiş komanda yoldaşın Mahmud Qurbanov Gəncədə sənin daha da irəli getməyinçün əlindən gələni edəcək. Bu yolda sənə uğurlar. Ümid edək ki, başda Zaur Tağızadə olmaqla potensialını tam aça bilməyib, karyerasını yüzminlərlə futbolsevərin istədiyi kimi tamamlamayan istedadların sırasına qoşulmayacaqsan!

Vahid AYXAN



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail