Berti Foqtsa məktub
Salam. Salamdan sonra biz tərəfin hal-əhvalını xəbər almaq istəsəniz sağ və salamatıq. Sizin də yaxşı olmağınıza tək Allahdan arzu edirik. Berti əmi bu məktubu Sizə uzaq 1990-cı ildən yazıram. Başıma belə bir maraqlı hadisə gəlib, yuxuda düz 22 il sonranı – 2012-ci ili görmüşəm. Görürəm Bakını gəzirəm. Tanıya bilmirəm. Çox dəyişib, inkişaf edib. İnsanlar da dəyişib, vəziyyətləri də. O qədər xarici maşınları, binaları, jurnallardakı şəkillərdə, kinolarda görmüşəm. Bizim qaldığımız məhlədə yekə-yekə, qəşəng binalar tikiblər. Heç Xəzəri görmək olmur. Hələ işıqlı yolları, sarayları, stadionları, parkları demirəm. Bircə şey dəyişməyib ki, o da futbolumuzdu. Ona görə bu məktubu məhz Sizə yazıram. Bilirəm ki, neçə ildir milli komandamıza başçılıq edirsiniz. Amma komandamız demək olar ki, yerində sayır.
Yuxuda gördüklərimi evdəkilərə danışdım. Zarafat elədiyimi düşündülər. Anamın canına and içəndən sonra onlarda inam yarada bildim. Babamın məsləhəti ilə bu məktubu yazmaq qərarına gəldim. Ona bildirəndə ki, komandamıza Berti Foqst başçılıq edir, dedi: “Hansı Foqtsu deyirsən, “teryer”i. O ki almanların kapitanı olub. Ona yaz Berti, oğul, sən yaxşı futbolçu olubsan. Noolsun ki, o vaxt müharibədə Sizi udmuşuq. İndi başqa zəmanədi. Camaat kosmosa uçur. Düşmənçilik qalıb keçmişdə. Bəs bizim komandaya niyə kömək eləyə bilmirsən? Çempion olmur, heç olmasa 2-ci, 3-cü yerə kimi apar. Sən ki bunu bacarırsan”. Deyə bilmədim ki, ay baba sən nə danışırsan, heç qrupda axırdan 2-ci yeri tuta bilmirik. Tutanda da toy-bayram olur. Fikirləşdim yaşlı adamdı, xətrinə dəyərəm, elə bilər onunla zarafat eləyirəm. Sakitcə dediyi sözləri olduğu kimi yazdım.
Atam dedi, bala Bertidən soruş biz tərəflərdən – Qarabağdan oyunçu varmı komandasında? Dedim ay ata, Qarabağ var ki, ermənilər alıblar. Qarabağ nədi, hələ Şuşa, Laçın, Ağdam.. Vallah heç mən özüm də inanmadım. Yuxuda elə bil yuxu görürdum. Kişi yaman hirsləndi, sözümü ağzımda qoydu: “Sənin başın xarab olub? Erməni qələt eləyir bizdən torpaq alır. Səni kimi yuxularında görərlər”. Qapını çırpıb “sənin yuxunu lənətə gəlsin” deyərək çölə çıxdı. Day imkan vermədi deyim ay ata, nəyi qoyub nəyi axtarırsan, millidə qarabağlılardan çox əcnəbilər oynayır. O boyda işğal olunan yerlərdən bir dənə “Qarabağ”ımız var. O da pərən-pərən düşüb, gah bir yerdə oynayır, gah o biri yerdə.
Yuxuda gördüm Bakıda çoxlu türklər var. Elə burda da yavaş-yavaş televizorda türk serialları, filmləri göstərirlər. Bacımın 15 yaşı var. Daha rusca yox türkcə danışmağı öyrənir. Futbola da yaman həvəsi var. “Neftçi”nin bütün oyunlarına baxır. Neçə dəfə mənə yalvarıb “qaqa məni də stadiona apar, heç olmasa bircə dəfə futbola canlı baxım”. Başa sala bilmirəm ki, camaatdan ayıbdı. Qohumlar, qonşular, bizi tanıyanlar nə fikirləşər? Sonra deyərlər ki, filankəsin bacısı stadiona - futbola baxmağa gedib. Deyir sizə yazım ki “Berti amca, burda məni qaqam heç stadiona aparmır, orda – sizin vaxtınızda da elədi?”. Dedim ay bacı, onların vaxtında stadiona getmək adi şeydi. Sən bilirsən bütün dünyanın sən yaşda qızcığazları yığışacaqlar Bakıya, Dünya çempionatına? İnanmadı. Kövrəlib, “bəs onda məni niyə futbola aparmırsan?” deyib qaçdı o biri otağa. Sözün düzü yuxumu birinci qardaşıma danışmışdım. Məndən bir yaş böyükdü. Səhər Şuşadan zəng eləmişdi. Dedi: “Berti dayımızı təbrik elə, dünya çempionu oldular. Amma öz aramızdı hakim yaman tərəfkeşlik elədi. Maradonaya yazığım gəldi. Görən indi neynir?” Dedim qaqa, Maradona nədi, orada bir Messi var, day hamı ondan danışır. Biri deyir sehrbazdı, biri deyir nə bilim kosmosdan gəlib. Özü də Maradonanın yerlisidi. Qardaşım bir az susub öz-özünə: “Gör dünya nə qədər qabağa gedib. Kosmosdada futbol oynayırlar.” Daha sonra şübhə ilə soruşdu: “Bizdə də İtaliyadakı kimi dünya çempionatı keçiriləcək?” Dedim qardaş, dünya çempionatı keçiriləcək e, amma qadınlar arasında. Gülə-gülə “bizimkilər də oynayacaqlar, eləmi? Deyəsən məni ələ salıbsan. Messi kosmosdan gəlib, qızlarımız futbol oynayır” deyib dəstəyi asdı.
Daha mənə heç kim ciddi yanaşmır. Yuxuda gördüklərim onlara yuxu kimi gəlir. Heç nəyə inanmırlar – nə Qarabağın getməyinə, nə qadınların futbol oynamağına, bir sözlə heç nəyə. Bircə futbolumuzu bərbad günündən başqa. Bilmirəm nə edim. Berti əmi, Sizdən artıq dərəcədə xahiş edirəm, noolar ele eləyin ki, bu mərhələdə yaxşı nəticə göstərin. Heç olmasa , olimpiadadakı melallarımızın sayı qədər xal toplayın. Burada futbol dayanıb. Bir dənə “Neftçi”di, o da birinci dəstənin ortabablardandı. Deyəsən orada nəsə eləmək istəyir. Özümüzünküləri udur, amma xaricilərlə bacarmır. Özümüzünkülər deyəndə gürcüləri nəzərdə tuturam. Hələki bir ölkənin vətəndaşlarıyq. İnşallah onları da udar. Bilirəm ki, bir-iki ilə SSRİ dağılacaq, müstəqil olacağıq. Qarabağı, rayonlarımızı itirsək də, Azərbaycan müstəqil olacaq, bütün sahələr də inkişaf edəcək, güclənəcək. O cümlədən idman sahəsində də. Bircə futbolumuzdan başqa. Yuxuda görmüşəm axı.
Bir də sizə kiçicik bir sirr açmaq istəyirəm. Bu məktub sizə çatanda artıq həyatda olmayacam. Çünki sabah Qarabağa gedirəm, könüllü. Şəhid olacağımı da yuxuda görmüşəm. Bu haqda heç kimə bir kəlmə də deməmişəm. Yoxsa anam imkan verməz getməyə. Mənə bir sözünüz olsa yerimi tapmaq çox asan olacaq – Şəhidlər Xiyabanı.
P.S. Məktub uzun yol gəldiyindən bir hissəsi korlanıb, imza yeri oxunmur.
İlqar TAĞIYEV
|
||||||||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |