Papasının gül balası - YAZI

09.07.2012 | 11276 dəfə oxunub


Azərbaycanda üzdə olan işsiz məşqçilərindən hansını dindirirsən, gileylənir. Klub rəhbərlərini yerli məşqçilərə güvənməməkdə ittiham edir. Həmin işsizlər bu gün ölkəmizdə işləyən əcnəbi məşqçilərin də əksərinə ağız büzürlər. Amma Avroliqanın ilk mərhələ oyunlardan sonra həmin işsizlərdən səs-soraq yoxdu. Səbəbi aydındı - Tsxadadze xarici məşqçilərə ağız büzənləri qeyri-müəyyən müddətlik susdurub. Düzdü, bir oyuna görə nə Tsxadadzeni qəhrəman etmək fikrim var, nə də Novruz Əzimovla Yunis Hüseynovu “baltalamaq”. Çünki qarşıda hələ cavab oyunları var və hər iki komandamızın da “İnter” kimi mərhələ keçəcəyinə əminəm. Amma...

... Hələ avrokuboklar başlamamışdan qabaq “İnter”in uğurlu çıxış edəcəyinə inanırdım. Çünki komanda heyətini gücləndirdiyi futbolçuların əksərini “daxil”dən seçdi. Həm Adamiya, həm Georgiyevski, həm də Şütz əcnəbi olsalar da, futbolumuzun içinə də bələddilər, çölünə də. Həmin oyunçuların nə komandaya uyğunlaşmasına ehtiyac var idi, nə də ki komanda yoldaşlarını tanımağa. “Trans”a qarşı keçirilən ilk oyun da bunu sübuta yetirdi. Georgiyevski Baçanaya 4-5 futbolçunun arasından elə ötürmə verdi ki, sanki neçə illərdi bir yerdə oynayırlar. Adamiya komanda yoldaşları ilə bir-birini çox gözəl başa düşürdü. Baçanadan söz düşmüşkən deyim ki, ötən il bu cavan oğlan “İnter”ə keçəndə çoxsu ağız büzdü. “Txadadze öz oğlunu yanına gətirdi”, “onun kimi hücumçudan Azərbaycanda çoxdu” və s. və i.a. kimi söz-söhbət çox oldu. Amma Baçana çempionatda vurduğu bir-birindən vacib qollarla atasının başını aşağı eləmədi. “Trans”la oyunda isə papanın gül balası lap çiçək açdı. Hər halda kiçik Tsxadadze bu gün Avroliqanın bombardirlər arasındadır. Tsxadadzenin nə qədər güclü mtəxəssis olmasına, az büdcə ilə gözəl, döyüşkən komanda yaratmasına hələ 6 il əvvəl şahid olmuşduq. Həmin vaxt məhz onun çalışdırdığı “Sioni” özündən qat-qat varlı olan “Bakı”nı Çempionlar Liqasından kənarlaşdırmışdı. Tarix bir qədər fərqli olsa da, yenə də təkrarlanır. Bu gün büdcəsi həm “Bakı”dan, həm də “Xəzər Lənkəran”dan az olan “İnter” cütün taleyini ilk oyunda, özü də səfərdə həll edir. “Bakı” ilə lənkəranlılar isə səfərə qorxu ilə yollanır. Bayaq da dediyim kimi, hər iki təmsilçimizin mərhələ keçəcəyinə inanıram. Çünki keçməsələr... yaxşısı budur bu haqda heç düşünməyək.

2004-cü ildən Azərbaycan futbolunun içindəyəm və 2005-ci ildə UEFA kubokunun ilk mərhələsi çərçivəsində səfərdə “Jlina”ya qarşı keçirilən oyundan başqa (həmin səfərim xarici pasportumu itirdiyimə görə baş tutmamışdı - V.A.) “Bakı”nın avrokuboklardakı bütün oyunlarına - istər ev, istərsə də səfər - canlı olaraq stadiondan tamaşa etmişəm. Amma “Bakı”nın avrokuboklarda bu qədər zəif oyununu heç vaxt görməmişdim. Komanda heç “ST.Yakobs Park”da “Bazel”ə 1:5 uduzanda belə inamsız deyildi. Heç bir şişirtməyə yol vermirəm. Həmin vaxt rəqib güclü olsa da, “Bakı” az-çox hərəkət edirdi. Amma “Mura” ilə oyun faciə idi, faciə. Şəxsən mən həmin oyunda “Bakı”nın qurduğu bir dənə də olsun düz-əməlli, düşünülmüş hücum görmədim, bəlkə sən (burada bəlkə də sən yox, siz yazmalıydım, amma hesab edirəm ki, hər bir yazar öz oxucusu ilə nə qədər səmimi olsa, bir o qədər yaxşıdır - V.A.) görmüsən, hörmətli oxucu? Ümumiyyətlə Novruz Əzimovun nə etmək istədiyini anlamadım. Əzimov bir gün əvvəl mətbuat konfransında Nurlan Novruzovun yaxşı formada olduğunu dedi. Bundan sonra çoxları Nurlanın ilk dəqiqələrdən meydanda olacağını düşündü. Amma Novruzovun adı nəinki start heyətinə salındı, heç sonradan da meydana daxil edilmədi. Hər halda öz meydanında qələbə qazanmağa borclu olan komandanın məşqçisi ən azı sona yaxın 2 hücumçuyla oynamalıydı. Komandanın yeni transferi Georgi Popxadze də “18-liy”dən kənarda qalmışdı. Maraqlıdır, görəsən Cəmşid Məhərrəmov matçın gedişində zədələnsəydi, onu kim əvəzləyəcəkdi? Və ya avrokubok təcrübəsi sıfıra bərabər olan Şəhriyar Əliyevin yerinə məhz Popxadzeni ehtiyatda saxlamaq olmazdı? Özü də gürcü həm mərkəzdə oynaya bilir, həm də solda. Hər halda o, ötən il Şəhriyar kimi Azərbaycan çempionatında yox, Avroliqanın qrup mərhələsində oynayıb. Artıq üçüncü dəfə təkrar edirəm ki, “Bakı”nın səfərdə uğurlu nəticə qazanacağına şübhə etmirəm.  Amma məni narahat edən odur ki, “Bakı” “Mura”nı keçsə belə, bu oyunla ÇSKA-ya heç nə edə bilməz. O cür futbolla bolqarları udmaq qeyri-mümkündü!

“Bakı” kimi ilk oyunda azarkeşləri məyus edən “Xəzər Lənkəran”ın oyunu izləmədiyimdən çox danışa bilməyəcəm. Amma mənimçün çox maraqlıdır, necə olur ki, Novruz Əzimov kimi Yunis Hüseynov da fasilədə bir düz-əməlli hücumçu tapa bilmir? Hər iki klubun maliyyə vəziyyəti yaxşıdır. Bəs niyə bir güclü forvard tapmaq müşkülə çevrilir? Nə olub, dünyada futbolçu qıtlığı yaranıb? Deyirlər ki, ikinci hissədə “Xəzər Lənkəran” meydanda yeriyib. Deməli “Bakı” kimi “Xəzər Lənkəran”da fiziki cəhətdən zəifdi. Görəsən bu komandalara təlim-məşq prosesində fiziki hazırlıq keçilməyib? Hüseynovun cəmi 1 dəyişiklik etməsi də anlaşılmazdır. “Meydana kimi buraxsın?” deməyin. Birinci cavabım “Elnur Abdullayevi” olacaq. İkincisidə ki məşqçi “18-liy”ə salmaq üçün futbolçu tapa bilmirsə, öz günahıdır. Mən gedib “Xəzər Lənkəran” üçün futbolçu tapmalı deyiləm ki. Əziyyət çəkib, yaxşı futbolçu tapaydılar. Yoxsa heç kimi heyətə qatmamış bir neçə futbolçunu göndərməyin nə mənası var idi?

Ümid sonda ölür. Bizim də hələ ki ümidimiz var. Həm “Bakı”ya, həm “Xəzər Lənkəran”a. İnşallah, hər iki komanda turu keçəcək.  

Vahid AYXAN




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail