Bizim Hüseyn müəllim

20.06.2012 | 12986 dəfə oxunub

Hüseyn İsmayılovla ilk tanışlığım 1989-cu ilə təsadüf edir, futbola olan hədsiz həvəsim məni valideynlərimdən icazəsiz onun yanına aparmışdı. Biləndəki futbolçu olmağıma razılıq vermirlər onlarla danışdı, əmin etdi ki, məndən “nəsə” çıxa bilər. Bir il metronun “Avrora” (indiki Qara Qarayev) stansiyasının yanındakı asfalt stadionda Hüseyn müəllimin rəhbərlik etdiyi komandada top qovdum. Bu insan ilk günlərdən qəlbimə yol tapa bilmişdi. Tələbkar olduğu qədər də sadə idi. Bütün uşaqlara öz övladı kimi münasibət göstərirdi. Futbolun sirlərindən başqa bizə həyatda necə yaşamağı, insanlarla necə münasibət qurmağı və s. aşılayırdı . O vaxtkı vəziyyət indi olsaydı, inanmıram kimsə övladının futbolçu olmasını istəyərdi.  Asfalt stadion, yamaqlı toplar, nimdaş futbolkalar... Məşqdən sonra əl-üzümüzü yumağa belə su tapmırdıq. Hər bazar müxtəlif yaş qrupları arasında oyunlar keçirilirdi. Elə olurdu ki, bir dəst futbolka ilə 2-3 komanda oynayırdı.  Çətinliklərə baxmayaraq, Hüseyn müəllim bizdə futbola olan həvəsi daha da artırmağı bacarmışdı. Daha sonra məlum “20 Yanvar” faciəsi, respublikada baş verən siyasi çəkişmələr məni futboldan və müəllimimdən uzaq saldı.  Ta ki 1994-cü ilə kimi. Düzdür buna kimi bir il Tovuzda – yerli “Turan”da bir qədər əvvəl isə Valerii Hacyevin rəhbərlik etdiyi gənclərdən ibarət yığmada oynamağa imkan tapmşdım. Məni tərəddüdsüz rəhbərlik etdiyi komandaya qəbul etdi. Daha sonra bir komanda yaratdı. Adı “Naxçıvan” olsa da Bakıda məskunlaşmışdıq. Səbəb isə isə çox sadə idi – naxçıvanlı iş adamlarının komandaya köməklik edəcəklərinə ümid edirdi. Az da olsa yardım göstərənlər olurdu. Amma dəqiq bilirəm ki, “Naxçıvan”ı saxlamaq üçün Hüseyn müəllim evini, şəxsi avtomobilini belə satmışdı. Komandada 3-4 nəfəri çıxmaq şərtilə qalanlarının heç 16 yaşı tamam olmamışdı. Buna baxmayaraq komanda 1-ci dəstədə qənaətbəxş çıxış edirdi. Hətta bir dəfə – 1995-ci ildə Azərbaycan Kubokunun 1/8 finalıda o vaxtlar sayılıb-seçilən komandalardan olan “Bakı fəhləsini”, özü də rəqib meydanında məğlub etmişdik. İki oyunun nəticəsi bərabər olsa da, bizim meydanda vurulan top hesabına “Bakı fəhləsi” növbəti mərhələyə keçmişdi. Bir il sonra isə Milli qəhrəman Salatın Əsgərovanın xatirəsinə həsr olunmuş turnirdə komanda birinci olmuşdu.

Maddi imkansızlıqdan səfər oyunlarına gedəndə elə olurdu ki ancaq “peraşki”, “bakuş”un hesabına oynayırdıq. Ehtiyat futbolçu kimisə əvəzləyəndə onun butsunu  geyib oyuna çıxırdı. Vay o günə ki ölçülər düz gəlməyəydi. Bütün bunlar komandada olan mehribançılığa, əzmkarlığa zərrə qədər də təsir göstərmirdi. Səbəbkarsa Hüseyn müəllim idi. Hamı ona inanırdı. Hamının bir amalı vardı – futbol oynamaq, futbolçu olmaq. Görün həmin “kasıb” “Naxçıvan” sonradan Azərbaycan futboluna neçə istedad bəxş etdi  – Samir Əliyev, Samir Musayev, Rizvan Fərzəliyev, Fərrux İsmayılov, Zaur Ramazanov.  Bunlar təkcə müxtəlif vaxtlarda millimizin şərəfini qoruyanlardır.

Yazdıqlarım Hüseyn müəllimin həyatının yaddaşıma həkk olunmuş və hərdən kino lenti kimi gözlərimin önündən keçən kiçik bir hissəsidir. Əslində kim idi Hüseyn İsmayılov? Bacısı Sevil İsmayılova ailədə 9 uşaq olmalarına baxmayaraq, Hüseynin hamının sevimlisi olduğunu deyir: “1956-cı ildə Şahbuzda anadan olmuşdu. Beşinci uşaq olmasına baxmayaraq, ailədə onun yeri başqa idi. Futbolla nəfəs alırdı. Uşaq vaxtı gözündən ağır əməliyyat keçirmişdi. Bir gözünün tam görməməsinə rəğmən  80-ci illərdə “Neftçi”nin əvəzedici heyətinə düşməyi bacarmşdı. Atam Bünyad kişi onu müxtəlif  yerlərə işə düzəltsə də, futboldan uzaq duşmədi. Ehtiyat Əmək Qüvvələri İdman Cəmiyyətinin nəzdində uşaqlarla çalışmağa başladı.  Daha sonra müxtəlif vaxtlarda “Təranə”, “Araz” “Naxçıvan”, “Qartal-95”i təsis etdi.  O vaxtlar futbola münasibət, qayğı indiki kimi deyildi. Komanda saxlamaq, yarışlara hazırlamaq, idman ləvazimatları ilə təmin etmək və s. sözün həqiqi mənasında qəhrəmanlıq idi. Hüseyn şəxsi münasibətlər hesabına, müxtəlif imkanlı şəxslərin köməyi ilə bunu bacarırdı. İmkansızdığa görə heç bir cəmiyyət balansında olan futbol  meydançanını komandaya vermək istəmirdi. Buna baxmayaraq minbir əziyyətlə müxtəlif vaxtlarda 8 km qəsəbəsindəki rezin meydançada, “Spartak” stadionunda, Leytnant Şmidt adına stadionda komandanın məşqləri və oyunları üçün şərait düzəltmişdi, az da olsa müxtəlif təşkilatlardan yardım alırdı. Kömək  olmayanda isə... Hətta bir dəfə çıxılmaz vəziyyətdə qalanda öz evini satdı. Bunu kim eləyərdi? Elə vaxt olurdu ki köhnə topları evə gətirib təmir eləyirdi. Əlavə xərc olmasın deyə komanda rayonlara gedəndə evdə uşaqlar üçün yemək hazırladırdı. Kim olsa bu problemlərə görə futbola nifrət eləyərdi, Hüseyn eləmədi. Əvəzində nə qazandı? Ürəyi ağrı tapdı, təzyiqi tez-tez qalxırdı. Bir tərəfdən də ailədaxili problemlər. Bircə onu bilirəm ki, Hüseyn həyatda iki şeylə nəfəs alırdı – futbol və övladları ilə. Bir qızı, bir oğlu var. Bütün gününü ya stadionda ya da onlarla keçirirdi.

Sonuncu iş yeri Respublika stadionunda idi. Sağ olsun stadionun direktoru Akif müəllim, uşaqlarla məşğul olmaq üçün imkan yaratmışdı.  Ömrünün sonuna kimi orada işlədi, hətta elə olurdu ki gecələr də evə gəlmirdi, elə məşqçi otağında gecələyirdi.... “

Bir vaxtlar Hüseyn məüllimlə birgə işləmiş “Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidov onun futbolumuza böyük tövhələr verdiyini, əsl futbol adamı olduğunu söyləyir: “1995-ci ildə Heydər Əliyev prospektində yerləşən otüstü hokkey meydançasının yerində Leytnant Şmidt adına stadion yerləşirdi. Mən həmin stadionun direktoru idim. “Qartal-95” məşqlərini və ev oyunlarını orada keçirirdi. Komanda əsasən 16-17 yaşlı uşaqlardan  qurulmasına baxmayaraq, böyük perspektiv vəd edirdi. Sonradan o kamandanın bir neçə üzvü Azərbaycan futboluna öz adlarını yazdıra bildilər. Hüseyn müəllim həmişə onlara baxıb deyərdi ki, əziyyəti biz çəkirik amma xeyrini futbolumuz görəcək. Doğrudan da belə oldu. Hər dəfə bu uşaqlar millidə oynayanda Hüseyn müəllimin sözləri yadıma düşür. O, futbolla yaşayıb, futbola nəfəs alırdı. Hüseyn müəllim aramızda olmasa da, onun gördüyü işlər, futbolumuz vediyi xeyir unudulmamalıdır. Allah ona rəhmət eləsin”.

“Hamı kimi mənim də uşaqlıqdan futbola böyuk marağım vardı. 13 yaşımda Hüseyn müəllimin yanına gəldim. İlk məşqdəcə məni komandaya götürdü. Valideynlərim futbolun dərslərimə mane olacağından ehtiyatlanaraq mənə futbol oynamağı qadağan etmişdilər. Bir müddət məşqlərə qatılmadığımı görən Hüseyn müəllim bizə gəldi. Məndən yaxşı futbolçu olacağımı, dərslərə də özü nəzarət edəcəyini bildirdi. Çətinliklə atamı razı saldı”. Bu sözlər hamımızın yaxşı tanıdığı, Azərbaycan mili komandasının keçmiş üzvü Samir Əliyevə aiddir:  “14-15 yaşlı uşaqları birdən-birə peşəkar futbolçularla qarşı-qarşıya oynatmağa heç kim risk eləməzdi. Həm zədə, həm də psixoloji cəhətdən böyük zərbə ala bilərdik. Hüseyn müəllim isə bunu bacardı. 2-3 nəfəri çıxmaq şərtilə qalanları həddi-buluğa çatmamış uşaqlardan ibarət “Naxçıvan” birinci dəstədə müarizə apardı. Təbii ki, bizim üçün nəticə önəmli deyildi. Şəxsən həmin oyunlarda qazanılan təcrübə, cəsarət, özünəinam hissi bizim futbolçu  kimi yetişməyimizdə böyük rol oynadı. Daha sonra Vaqif Sadıxov məni gənclərdən ibarət milliyə çağırdı. Hərbi xidməti OİK-də keçdikdən sonra, “Neftçi”nin o vaxtkı baş məşqçisi Əhməd Ələsgərovdan komandasına dəvət aldım. Bir sözlə Hüseyn müəllim məktəbli Samir Əliyevdən futbolçu Samir Əliyevi “yetişdirmişdi” və futbolçu Samir hər şeyə görə ona borcludu”.

Millimizin digər keçmiş üzvü Fərrux İsmayılov da bir futbolçu kimi püxtləşməsinə görə Hüseyn müəllimə borclu olduğunu söyləyir:  “Ermənistandan qovulanda ailəmiz Bakıda məskunlaşmışdı. Hüseyn müəllimin məşq keçdiyi stadion, əgər stadion demək mümküm idisə, evimizə yaxın idi. Futbolun sirlərini ondan öyrənmişəm. Hətta arada bir müddət futbolu buraxmışdım. Karate ilə məşğul olurdum. Bir gün  gözlənilmədən Hüseyn müəllim evimizə gəldi. Atamla xeyli söhbət elədi, məni yenidən futbol oynamağa razı saldı. Həmin gün o bizə gəlməsəydi... indi başqa Fərrux idim. Hüseyn müəllim əsl futbol bilicisi idi. Hər şeyini – həyatını, səhhətini, hətta müəyyən mənada ailəsini də futbola qurban verməyə hazır idi. Sonda elə özü futbolun qurbanı oldu”.

Mini-futbol üzrə millimizin kapitanı Rizvan Fərzəliyev digərlərinə nisbətən Hüseyn müəllimin komandasına sonradan qoşulub: “Hüseyn müəllimlə uzaq qohum idik. Böyük qardaşım Fuad yaş dövrü ilə əlaqədar mənə onun yanına getməyi məsləhət gördü. Fuad onun rəhbərlik etdiyi “Araz”da oynayırdı. Sonradan maliyyə çətinliklərinə görə bu komanda dağıldı. Məktəblilərdən ibarət “Naxçıvan” komandasını yaratdı. Yaxşı yadımdadı 1993-cü ilin qışında Orenburqa – turnirə getmişdik. Bizdən yaşca böyük olmasına baxmayaraq əsl yol yoldaşı idi – zarafatçıl, tələbkar, hamının problemini özününkü kimi qəbul etməyi bacaran biri. Həmin turnirdə birinci olduq. Təvazökarlıqdan uzaq olsun, turnirin ən yaxşı oyunçusu mən seçilmişdim. Uşaq futboluna can yandıran, istedadlı uşaqları üzə çıxarmağı bacaran böyük məşqçi, əsl futbol mütəxəssisi idi”.

2001-ci il fevral ayının 4-ü, bazar günü. Çoxları üçün bu tarix adi gün olsa da, futbolumuz ağır itki  ilə üzləşdi. Sevil xanım həmin günü belə xatırlayır: “İki gün idi evə gəlmirdi, telefonuna da zəng çatmırdı. Məcbur olub işlədiyi Respublika stadionuna getdim. Qapının ağzındaca mənə qardaşımın vəfat elədiyini söylədilər. Ölüm haqdır, hamının başına gələcək. Amma Hüseyn öz əcəli ilə ölənə oxşamırdı. Ekspert meyiti müayinə edəndə boğazında kəndir izinin olması barədə rəy vermişdi. Amma sonradan necə oldusa ürəktutmasından vəfat etdiyini söylədilər və cinayət işinə xitam verdilər. Doğrudur, qardaşımın ürəyi xəstə idi, təzyiqi tez-tez qalxırdı, bir az əvvəl iflic keçirmişdi. Amma necə oldu ki, ölən adamın üstünə seyf düşdü?  Dəfələrlə onun otağında olmuşdum. Orada elə bir əşya yox idi, sonradan gətirilmişdi. Hüseyni sevməyənlər çox idi. Ona borcu olanlar da var idi. Ölümündən bir gün əvvəl kiminləsə telefonda qəzəblə danışırdı. Nəyə görə onun telefon zənglərini, kimlərlə danışdığını araşdırmadılar? İstintaq işininin aparılmasında nə az nə çox 5 müstəntiq dəyişdirildi. Heç kim nədənsə işi öz öhdəsinə götürmürdü. Nərimanov rayon Prokurorluğuna, Bakı şəhər Prokurorluğuna, Respublika Prokurorluğuna, Prezident Aparatına dəfələrlə müraciət etdik, təəssüf ki, nəticəsiz qaldı. Əminəm ki, Hüseyn nə ürəktutmasından, nə də təzyiqdən vəfat eləməyib. Onu öldürmüşdülər. Ölümündən 2-3 gün sonra respublika mətbuatı Hüseyn İsmayılovun vəfatı ilə bağlı məlumat yaydı. Məsələn, “Ekspress” qəzetinin 07 fevral 2001-ci il tarixli “Məşqçi stadionda öldü” başlıqlı yazıda da ekspertlərin onun boğazında zorakılıq əlamətləri aşkar etdiklərini göstərilirdi. Hüseynin ölümü təkcə ailəmiz üçün deyil, Azərbaycan futbolu üçün də ağır itki idi”.

Bu yazını yazmaqla Hüseyn müəllimin necə vəfat etməsini, həqiqətənmi öldürüldüyünü, yoxsa ürəktutmasından dünyasını dəyişdiyini araşdırmaq fikrindən uzağam. Ən azından buna çalışsam da nəsə əldə edə biləcəyimə inanmıram. Məqsədim Azərbaycan futboluna can qoymuş, onun inkişafı yolunda malını, səhhətini, hətta həyatını fəda vermiş bir insanı indiki nəslə tanıtdırmaqdır. Bu gün onun 57 yaşı tamam olur. Yaşasaydı kim bilir futbolumuza daha neçə-neçə istedadlar bəxş edərdi.  Hüseyn İsmayılov kimi insanı, müəllimi,  futbol mütəxəssisini həmişə yada salmaq, anmaq mənəvi borcumuzdur. Allah rəhmət eləsin!


İlqar Tağıyev


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail