“Partizan”ın baş məşqçisi: “Böyükağa Hacıyev serbləri təhqir edib”
22.09.2012 | 4961 dəfə oxunub
Avroliqanın ilk turunda öz meydanında “Neftçi” ilə
qolsuz bərabərə qalan “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviç həmkarı
Böyükağa Hacıyevə irda bildirib. Stadium.az xəbər verir ki, serb məşqçi
Haciyevi “Partizan”ı və serb xalqını təhqir etməkdə günahlandırır: “Əgər deyilənlər
düzgün tərcümə olunubsa, Hacıyevin sözləri kifayət qədər gülməlidi. Bu, eyni
zamanda “Partizan” və serb xalqı üçün təhqirdi. “Neftçi”nin hansı oteldə
qaldığını bilmirəm. Amma fikrimcə, onlara qarşı heç kim kobudluq etməyib. Biz
elə insanlar deyilik. Bəlkə onları oyundan öncə stadionumuzda iki dəfə məşq etməyə
buraxmalıydıq? Bununla yanaşı o, “Partizan”la “Srvena Zvezda” arasındakı
münasibətdən, Saşa Stamenkoviçlə bağlı mümkün vəziyyətdən də xəbərdar
olmalıydı. Hətta hakimlər də potensial problemlərdən xəbərdar idilər.
Klubumuzun acınacaqlı durumda olması barədə deyilənlərə söz tapa bilmirəm. Bir
daha deyirəm, əgər Hacıyevin sözləri düzgün tərcümə olunubsa, o, klubumuzu və
serbiyalıları təhqir edib”.