Ramin Musayev «Qarabağ» və «Xəzər-Lənkəran» barədə nələr danışdı?
24.12.2010 | 3518 dəfə oxunub
Premyer Liqada noyabr və dekabr ayları üçün ən yaxşı oyunçuların mükafatlandırılması mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tədbirdə çıxış edərək fikirlərini bildirib: "Tədbirdə iştirak edən bütün media nümayəndələrinə minnətdarlığımı bildirirəm, hər tədbirimizdə iştirak edirsiniz. Bəzən aramızda soyuqluq yaranır, lakin, bu, mənim tərəfimdən olmur. Əgər iş varsa, tənqid də, tərif də olacaq. Tənqiddən nəticə çıxarmağı bacarmaq lazımdır. Premyer Liqa səviyyəsinin ildən-ilə qalxmasında KİV nümayəndələrinin də rolu var. Ötən mövsüm bir sıra media nümayəndələri çempionatla bağlı öz təkliflərini bildirdilər, biz də bunları dəyərləndirdik. Unibank futbolumuza gələndən sonra bir sıra bankların da futbola marağı artdı, təəssüf ki, media nümayəndələri bu məsələni lazımınca işıqlandırmır. İldən-ilə həm də Premyer Liqanın səviyyəsinin qalxması üçün çalışmalıyıq. Ötən tur "Xəzər Lənkəran" və "Qarabağ" klubları arasında baş tutmuş oyun 19 tur ərzində ən çox bəyəndiyim qarşılaşma oldu. Bir sıra şəxslər zəng edərək "Xəzər Lənkəran"ın stadionunu, azarkeşləri, möhtəşəm oyunu canlı izləmələrinə şərait yaratdığımız üçün minnətdarlıqlarını bildirdilər. "Xəzər Lənkəran" klubu futbolumuzda inkişaf olmadığını deyənlərə bunun əksini sübut etdi. Hər iki kluba belə gözəl oyuna görə təşəkkür edirəm. Bir daha Zohair Benouahini və Samir Əliyevi qalib gəldikləri üçün təbrik edirəm. Futbolumuzda ay yarımlıq fasilə yaranır, hamınızı qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm, can sağlığı, uğurlar arzulayıram".