Tahir Süleymanov Elxan Məmmədovu "yıxıb-sürüdü" - MÜSAHİBƏ

29.01.2015 | 7229 dəfə oxunub


"Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanovun müsahibəsi: 

 "Müsahibələrim yığılıb, AFFA prezidentinin qəbul otağına göndərilib”

-Başlayaq istefa ərizənizi yazmağınızdan. Niyə bu cür qərar qəbul etdiniz?

-Bu biraz uzun məsələdi. Təbiidir ki, mənim klubdan ayrılmağımın öz səbəbləri var. Artıq "Neftçi” missiyası mənim üçün bitib. Bundan sonrakı dönəmdə "Neftçi”yə uğurlar arzulayıram. 5 il tarixi uğurlar qazanıldı, nəticələr də göz qabağındadır. Verdiyiniz suala gəldikdə isə uğurlu nəticələrdən sonra klubdan getmirlər. 5-10 il klublarda çalışan elə rəsmilər var ki, xırda bir uğur qazana bilməyiblər və futbola aidiyyatı olmayan şəxslərdir. Bütün bunlara baxmayaraq mənim üçün vəzifə önəmli deyil, ən vacibi Azərbaycan futbolunun inkişafıdır. İstefamın əsas səbəblərindən biri müsahibələrimin qalaq-qalaq yığılıb, Rövnəq Abdullayevin qəbul otağına göndərilməsi idi. İlk dəfədir ki, bunu açıqlayıram. Əvvəllər donoslar gedirdi, müəyyən fikirlər səsləndirirdilər. Sonradan nəticələrimizin qarşısında aciz qalaraq mənim mətbuata verdiyim açıqlamalarımdan, müsahibələrimdən mənəviyyatsızcasına istifadə edirdilər. Dəqiq deyə bilərəm ki, bu iş AFFA-nın binasından həyata keçirilib. Oradan isə "Neftçi” PFK-ya göndərilirdi ki, araşdırılsın. Bu barədə Sadıq Sadıqovla xüsusi söhbətlərimiz olub. Mənim "Neftçi”dən getməyimin əsas səbəbi bu tipli, mənasız işlər oldu. Sadıq müəllim məni çağırıb, həmin məktubları stolun üstünə qoydu və dedi: "Gör, hansı işlərlə məşğul olurlar, əl çəkmirlər”. "Neftçi”ni, Sadıq Sadıqovu qorumaq üçün bu addımı atdım. Bildirmək istəyirəm ki, Sadıq müəllim heç vaxt mənə get deməyib, əksinə hər zaman müdafiə edib. Heç "Neftçi”nin sponsoru olan "SOCAR”ın prezidenti Rövnəq Abdullayev də heç vaxt bu fikirdə olmayıb. Görəndə ki, mənim "Neftçi”dən gedişim mümkünsüzdür, bu cür mənəviyyatsız hərəkətlərə əl atdılar.

Donoslar konkret olaraq nədən ibarət idi?

- "Neftçi”də yüksək vəzifə tutmağımı önə çəkərək futbol idarəçiliyində olan nöqsanları çəkinmədən açıq şəkildə bildirdiyim üçün futbola cavabdeh olan müəyyən şəxslərə sərf etmirdim. Bu cür psixioloji durumda bu nəticələri qazanmışıq. Bir məqamı da vurğulayım, bu məsələni həmin dönəmdə qabartsaydıq, "Neftçi”nin uğurlarından söhbət gedə bilməzdi. Açıq qarşıdurma fonunda təbiidir ki, heç bir uğur əldə etmək mümkünsüzdür.

 

"Çünki o qolu hər hansı bir legioner yox, şəhid oğlu, qarabağlı Vüqar Nadirov vurmalı idi”

- "Neftçi” və Sadıq Sadıqovla bağlı verilən sualları daha çox siz cavablandırırdınız və məsuliyyəti öz üzərinizə götürürdünüz. Getməyinizlə Sadıq müəllimi tək qoyduğunuzu düşünmürsünüz?

- Bu günə qədər heç bir yerdə səslənməyən fikirləri açıqladım. "Neftçi”yə gələcəkdə uğurlar arzulayıram. Komandanın yeni vitse-prezidenti Elnur Məmmədov var. "Neftçi”nin bu günü və sabahı ilə bağlı sualları artıq yeni vitse-prezidentinə ünvanlaya bilərsiniz. Ümumiyyətlə, söhbətimizə milli-ideoloji baxımdan yanaşmaq istəyirəm. Kim deyirsə futbol sıravi bir oyundur, səhv edir. Futbol çoxdan bir siyasətə çevrilib. Ən önəmli məqamları xatırlatmaq istəyirəm. Bizim APOEL-lə Kiprdəki görüşümüzdən öncə Böyükağa Hacıyevə mətbuat konfransında belə bir sual ünvanlandı: "Sabah stadionda 25 min yunan bayrağı dalğalanacaq, qorxmursunuz?”. Böyükağa Hacıyev isə cavabında: "Biz ürəyimizdə Azərbaycan-Türkiyə bayrağı ilə meydançaya çıxacağıq”. Nəticədə biz möhtəşəm qələbə qazandıq. Eyni zamanda Çempionlar Liqasının təsnifat mərhələsində Albaniyadakı görüşümüz Ağdamın işğalının 20-ci ildönümünə düşdü və klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə birlikdə təqdirəlayiq bir iş gördük. Gündüz Abbaszadənin yazdığı Ermənistanın işğalçı dövlət olduğu vurğulunan mətn səsləndirildi və bir dəqiqəlik sükut oldu.

"Qarabağ”ın bu mövsüm Avroliqanın qrup mərhələsində oynaması böyük bir əks-səda doğurdu. Xüsusi olaraq ermənipərəst Fransada "Qarabağ” oynadığı zaman qolun Vüqar Nadirov tərəfindən vurulması təsadüfi deyildi. Çünki o qolu hər hansı bir legioner yox, şəhid oğlu, qarabağlı Vüqar Nadirov vurmalı idi. Bu da Allahdan Azərbaycan xalqına bir dəstək idi. Düşünürəm ki, bunun davamını gətirmək lazımdır.

PFL prezidenti Ramin Musayev açıqlamasında bildirmişdi ki, "Neftçi” qalib gələndə Tahir Süleymanov bizi tərifləyir, məğlub olduqda isə pisləyir. Həqiqətənmi belə idi?

- Düzü, Ramin Musayevin belə bir açıqlamasını oxumamışam. Mən "Neftçi”də olanda hər zaman fikirlərimi sərbəst bildirmişəm. Bu gün də fikirlərimi bildirməyə hazıram. Qanunun aliliyi var və hər kəs buna riayət etməlidir. Müsbət olanda müsbəti, mənfi olanda mənfini demişik.

Siz də klub idarəçisi olmusunuz. Azərbaycan futbolundakı klub idarəçiliyi hansı səviyyədədir?

- Klublar nə qədər müstəqil olsalar belə ümumi futbolun idarəçiliyində olan məsələlərlə paralel addımlayır. Əlbəttə ki, çatışmazlıqlar həddindən artıq çoxdur. Bunun bir nömrəli səbəbi hər hansı bir doğru strategiyanın cızılmaması və klublarda həddindən artıq təsadüfi insanların olmasıdır.

 

"Təəssüflər olsun, bir çox ailələr istedadlı balalarına "çörək ağacı” kimi baxırlar”

Futbolçu menecerlərimizlə bağlı fikirləriniz necədir?

-Ümumiyyətlə, menecerliklə bağlı çox böyük təzadlar var. Bu yaxınlarda FIFA da müəyyən addımlar atdı. Bir çox menecerlər futbolçuya gəlir mənbəyi kimi baxırlar, mənəviyyatsızcasına yanaşırlar. Bir çox menecerlərin günahından səviyyəli futbolçuların karyerası sual altında qalaraq uğursuzluqlara düçar olublar. FIFA bu məsələləri bilir və buna qarşı bəzi tədbirlər görməyə başlayıb. Azərbaycandakı menecerlərdən istəyim odur ki, yerli futbolçuların Avropaya daşınması üçün əməli addımlar atsınlar. Çox təəssüf ki, bu yöndə də səviyyəsiz legionerlərin Azərbaycana gəlməsi bir nömrəli prioritet məsələdir. Hələ "Neftçi”də çalışdığım dönəmdə bir çox menecerlərlə söhbətimdə bildirmişəm ki, klubların sisteminə uyğun futbolçuları gətirmək lazımdır. Bu həftə ərzində Antalyada keçirilən oyunlarda Şifo Mehmetdən tutmuş "Volın”ın baş məşqçisi Kvartsyanyi və Rednikə qədər hamısı bildirirdilər ki, "Neftçi”də son dərəcə texnikalı, bacarıqlı futbolçular var. Bunu hər hansı bir sıradan mütəxəssislər yox, dünya futbolunu görmüş peşəkarlar deyirlər. Təəssüflər olsun, bir çox ailələr istedadlı balalarına "çörək ağacı” kimi baxırlar. Ümumiyyətlə, bu tək futbolda deyil, nəsilə ruzili bir insan gəlirsə, minirlər onun çiyninə, beli bükülənə qədər deyirlər ki, nəsil-kökü dolandırmalısan. Bizim futbolçuların çoxunun ailəsində də münasibətlər bu cürdür. Bu məsələ onların Avropaya getməsinin qarşısını alır. Çünki Azərbaycan futbolunda əla gəlir var. Pul görməmiş ailələr, birdən-birə o qədər vəsait görəndən sonra nəinki Avropanı, Türkiyəni heç Biləcəridən o tərəfə çıxmaq istəmirlər.

 

"Eddi İsrafilov kimdir? Messidir, Ronaldodur yoxsa başqa biridir?!”

Bildiyiniz kimi Eddi İsrafilov Azərbaycan millisində oynamağa razılıq verib. Onun millimizdə oynaması nə vəd edir?

- Eddi İsrafilov kimdir? Messidir, Ronaldodur yoxsa başqa biridir. Azərbaycan millisini ucuzlaşdırmaq olmaz. Yadınızdadırsa AFFA-nın baş katibi Eddi İsrafilovun millidə oynamasına görə 1 milyon dollar pul istədiyini bildirmişdi. Eddi İsrafilov kimilər xahiş etməlidir ki, Azərbaycan millisində oynasınlar. Bəli o, La Liqada çıxış edir. Daima ehtiyatda oturur və yaxud da bir iki oyun oynamaqla şansı əldə edir. Bilirsiniz milli ruhu olmayanların milli də oynamasının qəti əleyhinəyəm. Azərbaycan futbolunun ideologiyası düzgün qurulmayıb. İsrafilovları axtarmaq lazım deyil, 7-8 il ərzində bəs etmədimi Almaniyanın 5-ci liqalarından millini səviyyəsiz futbolçularla doldurmaq?! Sonda da Berti Foqtsun yox, "yığma”nın belinə 6 top vuruldu. Berti Foqts heç nə itirmədi, 6 milyonlarla çıxıb, getdi. Mən hələ minimum 6 milyon deyirəm. 2011-ci ildə Belçika ilə qarşılaşan millimiz 4-1 hesablı məğlubiyyətə uğradı. 75-ci dəqiqədən sonra dözməyib birbaşa Belçikaya Elxan Məmmədova telefon açdım. Həmin ərəfədə "Everton”la müqavilə bağlayan Araz Abdullayevə İngiltərədə futbol oynaması üçün işçi vizası lazım idi. Ehtiyat oyunçular sırasında idi. Elxan Məmmədova bildirdim ki, Foqtsa deyin, lazım gəlsə Azərbaycan futbolu adına əmr edin ki, bir iki dəqiqə də olsa Araz Abdullayevi meydana buraxsın onsuz da böyük hesabla məğlub oluruq. Bildirmək istəyirəm ki, bir əvəzetməmiz qalırdı, amma oyunun sonuna qədər heç kəs əvəzlənmədi. Cavab verdi ki, Foqtsa söz deyə bilmirik. Axtyamovların millidə oynaması üçün ona söz deyə bilirdilər. Bu insanlar Azərbaycan futboluna belə qulluq ediblər. Bu gün Azərbaycan millisinin futbolçuları bölgələrdədir. Onları axtarıb tapmaq lazımdır. Avropadan yox, bölgələrimizdən keçmək lazımdır. Çox təəssüf ki, federasiyanın ideoloji işlərlə məşğul olan şəxsləri Avropadan keçib, Azərbayacana gəlmək istəyirlər. Azərbaycan futbolunu nə vəziyyətə salıblarsa, hətta bizim bəzi mütəxəssislərimiz də futbolun yox, Prosineçkinin Bakıda yaşayıb-yaşamayacağı tipli məsələlərin müzakirəsi ilə məşğuldurlar. Bakıda yaşamayıb, Banqladeşdə yaşamayacaq ki? Bakıda o qədər milyonların qarşılığında kim yaşamaz? Bəlkə gedib, Mozambikdə yaşamalı idi?! Təəssüflər olsun, bizim mütəxəssislərimiz bu məsələ ilə məşğul olurlar. Ən acınacaqlı məqamlardan biri də budur. Amma onları bir qədər başa düşürəm, çünki Berti Foqts öz ideoloqları ilə birlikdə Azərbaycan futbolunun başına elə oyunlar açdılar ki, hətta Prosineçkinin Bakıda yaşaması belə böyük əks-səda doğurur.

 

"Pantiç gecə-gündüz sinəsinə döyürdü ki, mən "Bakı”ya canımı da verərəm. Gəlsin, 5-6 ay pulsuz işləsin, məgər pulu yoxdur?”

Azərbaycan futbolunu şouya çevirənlər jurnalistlərdir, yoxsa futbolun içində olanlar?

-Azərbaycan futbolunda az sayda jurnalist var ki, öz sözlərini deyirlər. Bu mənada jurnalistlərə ancaq təşəkkür düşür. Azərbaycan futbolunu şouya çevirənlər jurnalistlər yox, futbolumuzda olanlardır. Azərbaycan futbolunu bu günə qoyanlar heç vaxt futbolda olmayıb, özlərinə karyera düzəldənlərdir. Uzağa getmək lazım deyil, 10 il öncəni göz qabağına gətirin və hazırda futbolumuzda olanların siyahısını dərc edin. Onlardan neçəsi o illərdə futbolun içində olub? Hər şey açıq-aşkar görsənəcək. Foqts, Prosineçki, Gede, Adams, Toşak. Onlar qarşı-qarşıya əyləşib federasiya və yaxud da klub rəsmisi ilə 5 dəqiqə söhbət edən kimi qarşılarındakıların kimliyini dərhal anlayırdılar. Ona görə də Azərbaycan futbolunun başına bu oyunu açırlar. Bu mövsüm "Xəzər Lənkəran”dan istər yerli, istərsə də legioner 70 %-i qaçdı. "Bakı”da isə durum çox acınacaqlıdır. Pantiç gecə-gündüz sinəsinə döyürdü ki, mən "Bakı”ya canımı da verərəm. Gəlsin, 5-6 ay pulsuz işləsin, məgər pulu yoxdur? Gedeni gətirib "Neftçi”yə təhvil verən Elxan Məmmədovlar bu gün də Azərbaycan futbolunun ideologiyasını aparan şəxslərdir. Gede "Neftçi”ni nə hala saldısa, biz komandaya gələndə tarixi kökə malik olan "Neftçi”ni düzəltmək üçün çox əziyyətlər çəkdik. Bunların hesabatını kimlər verməlidir? Çıxsınlar millət qarşısında cavab versinlər. Təəssüflər olsun, fiaskoya düçar olmuş ideologiyanın davamı gəlir.

 

"Bəxtiyar Musayev gəlib dedi ki: "Tahir müəllim xəbəriniz var, dünyada solaxay futbolçu qoymadıq, hamısını "Neftçi”yə gətirdik”

- Söhbət "Neftçi”dən düşmüşkən bu heyətlə cari mövsümdə uğurlu çıxış edə biləcəkmi?

- "Neftçi” bu heyətlə "Qarabağ”la mübarizə aparmağa qadirdir. Komanda qapıçı Aqil Məmmədov və hücumçular Rauf Əliyev və Rəhman Hacıyevlə güclənib. Fikrimcə, komanda qış hazırlığından fiziki, taktiki, psixioloji baxımdan uğurla çıxarsa nəticə əldə edə bilər.

Komandada sol cinah müdafiəçisi çatışmır axı ...

- Bildirdim axı, bugünkü "Neftçi” ilə bağlı suallarını klubun məşqçilər korpusuna ünvanlaya bilərsiz. Mən öz çalışdığım dönəmdən danışa bilərəm. Söhbət sol cinahdan gedirsə, portuqal əsilli Rikardo Nunez Cənubi Afrika millisinin futbolçusudur. O dönəmdə Bolqarıstanda çıxış edirdi, səhv etmirəmsə hal-hazırda Polşa çempionatında top qovur. Müdafiəçimiz Bruno Bertuççi həmin dönəmdə ailə məsələsi və təkliflər olduğu üçün Braziliyaya dönmək fikrində idi. Ona görə də sol cinaha bir neçə futbolçunu baxışdan keçirmişdik. Baş məşqçi Böyükağa Hacıyev də Rikardo Nunezi "Neftçi”də görmək istəyirdi. Yadıma gəlir, 2012-13-cü il mövsümündə komandanın seleksiyaçı məşqçisi Bəxtiyar Musayev gəlib dedi ki: "Tahir müəllim xəbəriniz var, dünyada solaxay futbolçu qoymadıq, hamısını "Neftçi”yə gətirdik”. Araz Abdullayev, Tərlan Quliyev, Erik Ramos, Bruno Bertuççu, Nikolas Kanales və. s futbolçular hamısı solaxay idi. Əslində bu bəhanə olmamalıdır. Hətta Kardozo Rusiya çempionatında "Alaniya”nın heyətində sol cinah müdafiəçisi kimi çıxış edirdi. Denis Silva və Məqsəd İsayev də o mövqeni qoruya bilərlər. Bizim vaxtımızda da bu futbolçular o cinahda çıxış ediblər. "Neftçi”nin nəticələri göz önündədir. Heç bir bəhanə gətirmədən çempionluğa oynamaq lazımdır.

"Əgər bir-iki mərhələ adlamaq uğur sayılırsa, onda "Neftçi” və "Qarabağ”a heykəl qoymaq lazımdır”

Sizin fikrinizcə, hansı əcnəbi çalışdırıcı Azərbaycan futboluna xeyir verib?

- Çox sayda adlı-sanlı mütəxəssislər gəlib, uğur əldə etmədən tərk edib, gediblər. Nəticə verənlər Böyükağa Hacıyev, Qurban Qurbanov və Tahir Süleymanovlardır. Bütün uğurlar yerli mütəxəssislərə şərait yaradan Sadıq Sadıqov və Tahir Gözəlin əməyi idi. Milyonlar isə xaricilərə verilir. Bizə heç bir şans verilmirdi, heç özümüz də vaxt istəmirdik. Götürək "İnter”in baş məşqçisi Sxadadzeni. O, Azərbaycan futbolu üçün nə edib? Bəli, yaxşı məşqçi ola bilər, hətta Gürcüstan millisini də çalışdıracaq. Amma onun bu qədər təriflənməsini başa düşə bilmirəm. Azərbaycanda hansı nailiyyəti qazanıb? Bir və ya iki mərhələ keçmək artıq nəticə sayılmır. Əgər bir-iki mərhələ adlamaq uğur sayılırsa, onda "Neftçi” və "Qarabağ”a heykəl qoymaq lazımdır.

Bildiyiniz kimi Toni Adams yenidən "Qəbələ”yə qayıtdı. Bu dəfə baş məşqçi kimi yox, futbol direktoru vəzifəsinə..

-Ümumiyyətlə, kütləvi əcnəbiləşdirmə siyasətini başa düşmək çətindir. Yadınızdadırsa, 3-4 il bundan öncə biz klublarımızın Avropanın qrup mərhələsinə iddiasını ortalığa qoyanda Toni Adams Azərbaycan klublarının 10 ildən sonra qruplara düşə biləcəyini səsləndirmişdi. Fikir verin, müasir infrastrukturu, bazası olmayan "Neftçi” və "Qarabağ” yerli mütəxəssislərlə Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. Məntiqlə götürsək, bu uğuru bizdən öncə dünya standartlarına cavab verən şəraiti olan "Xəzər Lənkəran”, "İnter, "Bakı” və "Qəbələ” etməli idi. Ad baxımından da bu klublara dünya səviyyəli məşqçilər başçılıq edirdi. Belə olan halda onların yenidən Azərbaycana qayıtmasının nə anlamı var?!

"Hörmətli Elxan Məmmədov bir top çiləmə komitəsi də yaratsın, onunla da futbolun inkişafı tam şəkildə təmin olunacaq”

-Məşqçilər və Klublar Komitəsi ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

-İndidə komitə oyunlarını ortalığa atıblar. Hörmətli Elxan Məmmədov bir top çiləmə komitəsi də yaratsın, onunla da futbolun inkişafı tam şəkildə təmin olunacaq. Əslində bu məsələlər ölkə mediasında çox müzakirə olunur. Hər bir məsələyə qanunun aliliyi çərçivəsində yanaşmaq lazımdır. AFFA – Azərbaycan Futbol Federasiyaları Assosiasiyasıdır, yəni, federasiyaların birliyidir. Sual verirəm, hanı o federasiyalar? 90%-i kağız üzərindədir. Eyni zamanda da Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş Məşqçilərə cavabdeh olan birlik və klublara cavabdeh olan Peşəkar Futbol Liqası da var. Birmənalı şəkildə bildirirəm, əgər PFL yaradılmasaydı, xüsusi vurğulayıram bütün nöqsanları ilə yanaşı, klubların ideologiyasını Elxan Məmmədov və onun komandası aparsaydı nə "Neftçi”, nə də "Qarabağ” Avroliqanın qrupunda olmayacaqdı. Belə olan halda hər iki klubun başında da əcnəbi mütəxəssislər olacaqdı. Çünki keçmiş AFFA prezidenti Ramiz Mirzəyevin dönəmində AFFA-ya gələn Elxan Məmmədovun futbol ideologiyası baxımından həm milli, həm də ki bir-iki xırda məsələləri çıxmaqla bütün digər layihələr fiaskoya uğrayıb. Uşaq gənclər futbolunda elit raund və yaxud da Adamın Qranatkin turnirində 5-ci yer tutmağı bu nailiyyət deyil. Hansı uğurdan söhbət gedir ki, 2002-ci ilə İslam Kərimovun rəhbərliyi ilə uğur qazanılıb. Bu uğuru digər yerli mütəxəssis Şakir Qəribov da təkrarlayıb. Hər hansı bir komitənin yaradılmasına ehtiyac yox idi. Əgər bu qurumlara ilk gündən narazıçılıq var idisə, qeyd etdiyim kimi, hər bir məsələ qanuna söykənməli idi. Növbədən kənar konfrans çağrılıb bu qurumların rəhbərləri dəyişilə bilərdi.

Bu komitələr niyə məhz indi yaradıldı?

-Çünki 4-5 il öncə klubların hər hansı bir ciddi uğuru yox idi. Berti Foqts və onun ideoloqları hər zaman bildirirdilər ki, Azərbaycan çempionatı zəifdir, futbolçu yoxdur. Almaniya və Türkiyədən futbolçu gətirib, milliləşdirib, Azərbaycan futbolunu biabır etməklə məşğul olurdular. Amma 2012-ci ildən bu tərəfə "Neftçi” və "Qarabağ”ın çıxışlarından sonra onların söz demək imkanları tükəndi. Rəşad Sadıqov, Araz Abdullayev, Cavid İmamverdiyev, Elvin Yunuszadə, Qara Qarayev, Bədavi Hüseynov, Maksim Medvedev, Vüqar Nadirov kimi futbolçular var və yetişir. Bunlar "İnter”, APOEL, "Sent Etyen”, "Dnepr”ə qarşı oynaya bilirlər, amma millidə bacarmırlar? Bunu görən ideoloqlar 6-0-dan sonra məsələləri tam dəyişdilər. Azərbaycan futbolunu yox, özlərini düşünərək, vəzifələrini qorumaq üçün Klublar Komitəsini yaratdılar ki, sabah hesabat versinlər "Qarabağ” və "Neftçi”nin uğurları bizimdir. Digər tərəfdən də Foqtsun, Lippertin və öz uğursuzluqlarını ört-basdır etmək üçün Məşqçilər Komitəsini yaratdılar. Bununla da qanunsuzluğa yol açıldı. Yuxarıda qeyd etdiyimi kimi açın, sənədlərə baxın, AFFA-da PFL-lə yanaşı, Məşqçilər Birliyi də var. Hər iki qurumun rəhbəri də var. Bununla Elxan Məmmədov bildirir ki, onların heç biri işləmir, işləyən yalnız özüdür. Əgər belə davam olacaqsa, yaxın bir zamanda Azərbaycan futbolu dönüb, bir aktyorun teatrına çevriləcək. İlinə küllü miqdarda vəsait verib, klublara Hollandiya və Almaniyadan mütəxəssis gətirmək gərəksiz idi. O vəsaitləri bölgələrə xərcləmək lazımdır. Amma Elxan Məmmədov və onun ətrafına bölgə yox, Avropa daha maraqlıdır. Onların ideologiyası "Sumqayıt”ı neçə dəfə aşağı yer tutan zaman çempionatı tərk etməkdən qurtarmaq və yeni qərarlar qəbul edib, liqada saxlamaqdır. Bu da Birinci Divizion klublarına haqsızlıqdır. Lisenziyalaşdırma bəhanəsini gətirməklə bu cür addımlat atılıb. Az oldumu məgər Qomeşlər, Ladaqalar, Subaşiçlər, Axtyamovlar, Anqola əsilli azərbaycanlını İspaniyada axtarmaqdansa, tovuzlu, yevlaxlı, mingəçevirli, naxçıvanlı, gəncəlini axtarmaq lazımdır.

"Neçə illər ərzində də AFFA prezidenti Rövnəq Abdullayevi aldadıblar, çünki AFFA-nın ideologiyasını orada əyləşən Elxan Məmmədov və ətrafı aparır”

-"Qəbələ”nin sabiq futbolçusu Daniyel Subotiç bildirib ki, Azərbaycan millisinə dəvət etsələr,oynamağa hazıram. Çünki Azərbaycanı çox sevirəm...

-Azərbaycan xalqını yox, milyonlarını çox sevirlər. Futbolumuzun bu ideologiyasını görüb, təbii ki, elə danışmalıdır.

Qurban Qurbanov və ya başqa bir yerli mütəxəssisi yaxın illər ərzində millimiz baş məşqçi postunda görə biləcəyikmi?

- Yerli mütəxəssislərin uğur qazanması onları çaş-baş saldı. Bu gün Qurban Qurbanovun və ya başqa yerli mütəxəssisin milliyə baş məşqçi gətirilməsi, öz ideologiyalarının fiaskosuna möhür vurmaları deməkdir. Onlar yaxın bir-iki il ərzində bunu etməyəcəklər. Əksinə, Prosineçki olmayacaq bir başqası gətiriləcək. Dünyada yaddan çıxmış minlərlə məşqçi var. Təki azərbaycanlı olmasın. Çünki biz onların bu fikirlərini alt-üst etdik.

"Toşak gəlib, velosiped sürüb, getdi. Qriqorçuk el dili ilə desək "Qəbələ”də bismillah eləməyib, artıq müsahibələr verir ki, mən sevə-sevə Odessaya qayıdaram”

- Bakıda kifayət qədər klublar var. Bu klubların bir neçəsi fəaliyyətlərin rayonlarda davam etdirsə, azərkeş məsələsini müəyyən mənada həll etmək olarmı?

- Təsəvvür edin "Pambıqçı” – "Qarabağ” oyununda bir tribunada əli silahlı Bərdə batalyonu əyləşib, digərində isə Ağdam batalyonu əyləşmişdi. Stadion da tam dolmuşdu. Bütün o proseslər gözümüzün qabağında olub. Tovuzda oyun gedə-gedə stadionun ərazisinə düşmənlərin mərmiləri gəlib düşürdü. Ancaq bununla belə futbola böyük həvəs var idi. Quzanlıda "Qarabağ” oynayanda hər birimiz necə sevinirdik. Bunu davam etdirmək lazımdır. Azərbaycana gələn legioner də, məşqçi də görməlidir ki, bir milyon qaçqınımız var. Bu problemlə yanaşı, dövlətin futbola olan qayğısını göstərmək lazımdır. Əlbəttə ki, gedib, İsveçrədə istirahət etmək rahatdır, nəinki Quzanlıya getmək. Bunun üçün millətini sevməlisən, milli ruhun olmalıdır və belə deyərdim bu yöndə tərbiyə almalısan. Öz dilində qıra-qıra danışanlardan nə gözləmək olar. İnsan millətini sevməlidir. Toşak gəlib, velosiped sürüb, getdi. Syomin Qəbələyə gəlib, milyonları, hətta, Niasseləri də özü ilə apardı. Qriqorçuk, el dili ilə desək, "Qəbələ”də bismillah eləməyib, artıq müsahibələr verir ki, mən sevə-sevə Odessaya qayıdaram. Gede gəlib, 1 saniyə içərisində "Neftçi”ni dağıtdı. Rəşad Sadıqovları komandadan pərən-pərən saldı. Maddini hələ demirəm, mənəvi yaraları düzəltmək üçün nələrdən keçdik. Starkovlar, Pantiçlər, Mustafa Dənizlilər, Oğuz Çətinlər hamısı uğursuzluğa düçar olub, milyonlar qazanıb, getdilər. Biz "Neftçi”də çalışdığımız dönəmdə nəticələrlə yanaşı, 5 milyondan artıq vəsait də qazandırdıq. Buna görə də işlər düzgün aparılmalıdır. Bu düzəlmədikcə səhv addımlar atılacaq.

Tahir müəllim uzun müddət klubda çalışmısınız. Çox açıq şəkildə bildirilir ki, federasiyanın bəzi rəsmiləri menecerliklə də məşğuldur. Buna münasibətiniz necədir?

- Elxan Məmmədova məsləhət görərdim ki, ətrafında olan federasiya rəsmilərini klubların qapısının qarşısını kəsməklə "paçkalarla” menecerlik haqqı tələb etməklərinin qarşısını alsın. Əgər xəbəri yoxdursa. Hər bir dediyim sözün arxasındayam və bunları sübut etməyə hazıram.

 

"Artıq minimum vəzifə qruplara çıxmaqdır. 5-10 il rahat oturmuşdular”

Məşqçilər Komitəsinin bəyəndiyi futbolçular doğrudanmı millidə oynayacaq?

- Məşqçilərimiz işləsinlər, Prosineçkiyə məsləhətlərini də versinlər. Amma bu tövsiyyə xarakterlidir. Məşqçilər Komitəsinin üzvləri də vurğulayıb ki, son söz onların deyil. Onlar da gözəl bilirlər ki, fikirləri son məqamda elə də önəmli olmaya bilər. Futbolda olan insanların bir çoxları artıq biganələşib. Elə hal yaranıb ki, onlar futbolu bilməyənlər qarşısında aciz vəziyyətə düşüblər. Biri bir parça çörəyə, biri lider olmadığına görə bu cür hallar yaranıb. Öz uğursuzluqlarını ört basdır etmək üçün bildirirlər ki, baş məşqçini biz yox, İcraiyyə Komitəsi təsdiq edir. İcraiyyə Komitəsinin çox vaxt heç nədən xəbəri olmur. Hər şeyi ən sonda bilirlər. Bununla yanaşı, bütün ideoloji işləri görəndən sonra AFFA-nın rəsmi saytında baş katibin diqtəsi ilə xəbərlər yerləşdirilir.

-Tahir müəllim müstəqillik dövründə FIFA referisi almış ilk hakimlərimizdənsiniz. Birinci və İkinci dövrələrdə hakimliklə bağlı çox sayda qalmaqal yaşandı. Qış fasiləsindən sonra ilk dövrələrdə olan problemlər aradan qalxacaqmı?

- Azərbaycan futbol tarixinə nəzər salsaq nəticə baxımından hakimlərimizin uğuru ümumi futbolumuzun uğurundan daha yüksək olub. Tofiq Bəhramov və Eldar Əzimzadənin dünya və olimpiya oyunlarının finallarını idarə etməsi buna sübutdur. İstedadlı hakimlərimiz hər zaman olub və bu gündə var. Bir daha vurğulayıram ki, hər bir məsələ qanuna söykənməlidir. Birinci və İkinci dövrələrdə yaşanan olaylardan sonra Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun 7 ildən sonra yadına düşdü ki, komitə baş katibə tabedir. Görəsən, baş katib bu fikrə niyə reaksiya vermədi? PFL klubların mənafeyini qorumalıdır. Hakimlər də onlara yaradılan yüksək şəraitin müqabilində üçüncü və dördüncü dövrələrdə hakim qalmaqallarına yol verməməlidir.

-Yenidən futbola qayıtmaq fikriniz var?

- Hələki futbola qayıtmaq fikrim yoxdur. Yeganə arzum odur ki, millimiz nəhayət ki, uğurlu çıxışlarına start versin. "Neftçi” və "Qarabağ”ın uğurlu çıxışlarının davamını bu klublarla yanaşı, "Qəbələ”, "İnter” və "Xəzər Lənkəran” gətirsin. Bütün bunların baş verməsi üçün isə yuxarıda qeyd etdiyimiz məsələlər aradan qaldırılmalıdır. (Goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail