Futbol ictimaiyyəti ilan ilini harada qarşılayacaq?
YENİ İLDƏ HƏR KƏS KLUBLARDAN "NEFTÇİ"NİN UĞURUNUN ARDINI GÖZLƏYİR
Bu gün 2012-ci il başa çatır. Dünya xaqları yeni ili qeyd edəcək. Ölkəmizdə isə 31 dekabr ikiqat bayramdır. Çünki xalqımız həm yeni ili, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir. İkinci bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
Yeni İl Bayramı isə dünyanın müxtəlif xalqları üçün
ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil
olub. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər
mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə
isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.
"Het-trik"
news qəzeti olaraq, bizlər də bu bayramlara biganə qala bilməzdik. Odur ki,
futbol ictimaiyyəti arasında sorğu keçirdik. Futbol adamlarına konkret olaraq,
belə suallar ünvanladıq: "Yeni ildə Azərbaycan xalqında nə arzu
edirsiniz", "2013-cü ildən nə gözləyirsiniz" və "Bayramı
harada və kimlə qeyd edəcəksiniz".
Haşiyəyə
çıxaraq, qeyd edək ki, sorğu zamanı daha çox insanın fikrini öyrənmək istəsək də,
bu, baş tutmadı. Bəzilərinin telefonuna zəng çatmadı, kimisə ümumiyyətlə
telefona cavab vermədi. Sualllarımızı təəccüblə qarşılayanlar da oldu. Keçmiş
hakim Babək Quliyev bizi dinlədikdən sonra "məgər, mən futbol ictimaiyyətinin
üzvüyəm" dedi. Mətləbi çox uzatmadan keçək cavablara.
Ramin Musayev: "Arzu edirəm ki, 2013-cü ildə futbolumuz daha
da inkişaf etsin. Həm milli, həm də klub səviyyəsində. Bildiyiniz kimi, bu il
"Neftçi" bizi sevindirdi. Komanda Avroliqanın qrup mərhələsinə yüksəldi.
"Neftçİ" ölkə rəhbərinin yanında dilimizi uzun etdi. İnanıram ki, bu
il tək "Neftçi" yox, ən azı 2 klubumuz da eyni uğura imza ataraq,
bizləri daha da sevindirəcəklər. İnşallah, həm klublarımız, həm də millimiz
daha da irəli gedər. Bayramı Bakıda qeyd edəcəyəm. Ölkədən kənara çıxmaq fikrim
yoxdur. Elə öz evimizdə ailəmlə, yaxınlarımla birgə qeyd edəcəyik".
Zeynal Məmmədov: “Hamının bayramını təbrik edirəm. Bütün klublarımıza
uğurlar arzulayıram. Sorağları
Çempionlar Liqasından gəlsin. Fərqi yoxdu, hansı klubumuz olursa olsun, əsas
odur ki, Azərbaycanın adı təmsil olunsun. Yığma komandaya da eyni uğuru diləyirəm.
Qoy, bu il bizə düşərli olsun və millimiz Dünya Çempionatının seçmə mərhələsində
inamlı çıxış etsin. Yeni ili doğma paytaxtımızda, ailəmlə, dostlarımla
qarşılayacağam”
Tahir Süleymanov: "Mən də bütün Azərbaycan xalqını qarşıdan gələn
bayramlar münasibətilə təbrik edirəm. İlk növbədə onu deyim ki, geridə qalan il
bizim üçün uğurlu alındı. Söz verdiyimiz kimi, Avroliqanın qrup mərhələsinə
yüksəldik. Arzu edirəm ki, yeni ildə daha böyük uğurlar qazanaq. Çox istərdim
ki, digər klublarımız da gələn mövsümdə avrokuboklarda uğur qazansın. Ümumiyyətlə,
futbolumuzun daha da inkişaf etməsini arzu edirəm. O ki qaldı bayrama, son 2-3
ildə çox sıx qrafikdə çalışırıq. Əvvəlki illərdə olduğu kimi, yenə də bayram
günlərində də müəyyən vaxtlarda çalışacağıq. Yanvarın əvvəlində təlim-məşq
toplanışımız olacaq. Bu səbəbdən də ölkədən kənara çıxmayacağam. Ayın 31-də isə
evdə olacağam".
Əmrah Çəlikəl: "Arzum budur ki, yeni il Azərbaycan xalqına
yaxşılıqlar gətirsin. Daha da irəli gedək, inkişaf edək. 2013-cü il Azərbaycan
xalqı üçün düşərli olsun. Futbolumuzun durumu daha da yaxşılasın. Özümüzə gəldikdə
isə, 2013-cü ildə "Qarabağ"dan yalnız çempionluq gözləyirik.
İnşallah, Allahın köməkliyi ilə istəyimizə çatarıq. Bayramı da burada, ailəmizlə,
yaxınlarımızla, əzizlərimizlə öz evimizdə qeyd edəcəyik".
Tuyqun Nadirov: "Bütün Azərbaycan xalqını təbrik edirəm. Arzu
edirəm ki, yeni ildə "Xəzər Lənkəran" daha da yaxşı çıxış etsin. Bu
ildəki uğursuzluqlar yeni ildə təkrar olunmasın. Böyük uğurlara imza ataq.
Bayramı hər il olduğu kimi, Bakıda, ailəmizlə, yaxınlarımızla, doğmalarımızla
birgə qeyd edəcəyik".
Şahin Diniyev: "Hamını yeni il münasibətilə təbrik edirəm.
Arzularım ilk növbədə vətənimlə bağlıdır. Arzu edirəm ki, bu il düşmən tapdağı
altında olan torpaqlarımız azad olsun. Qarabağımıza qayıdaq. Ümumiyyətlə, Təbrizli,
Dərbəndli bir Azərbaycan görmək istərdim. Yaxınlarımın da yeni ilinin uğurlu,
müvəffəqiyyətli olmasını arzu edərdim. O ki qaldı futbolla bağlı olan arzulara,
təbii ki, istərdim futbolumuz daha da inkişaf etsin. Yeni ildə həm milli
komandamıza, həm də klublarımıza böyük uğurlar qazanmağı arzulayıram. Bayramı
ailəmlə birgə keçirəcəyəm. Elə öz evimizdə, yaxınlarımızla birgə toplanacağıq.
Bakıda olacağıq. Kənara çıxmaq fikrim yoxdur".
Ağasəlim Mircavadov: "Yeni illə bağlı arzular çoxdur. Arzuları da
Allah tala verir. Bütün xalqımıza, millətimizə, futbol ictimaiyyəti də içində
olmaqla - hər kəsə can sağlığı arzu edirəm. Çünki can sağlığı olmayanda insan
heç nəyə nail ola bilmir. Futbolla bağlı arzularım çoxdur. Birincisi, istərdim
ki, stadionlara azarkeşlərin axını olsun. Xüsusən də ziyalıları stadionlarda
görmək istərdim. Çünki son illərdə ziyalılar sanki futboldan küsüblər. Bu cür
insanları daha stadionlarda görmək olmur. İstərdim ki, akademiklər, müəllimlər,
dosentlər də stadiona gəlsinlər. Əminliklə söyləyirəm ki, ziyalı təbəqənin
insanları arasında futbolu çox gözəl bilənlər də var. Bizim məhəllədə belə
insalar çox yaşayır. Tez-tez həmin insanlarla futbol haqda söhbətlərimiz olur.
Müəyyən fikirləri dinlədikdən sonra görürsən ki, bu adamın futboldan yaxşı
anlayışı var. Amma bəzən həmin insanlar mənə elə suallar verirlər ki, cavab
tapa bilmirəm. Sözümün məğzi odur ki, ziyalıları stadionlara qaytarmaq
lazımdır. Özü də hazırda yaxşı stadionlar da inşa olunub. Bu yaxınlarda 8-ci KM
stadionunda oldum. Arenanı çox bəyəndim. Adama elə gəlir ki, Avroapnın hansısa
bir stadionunda oturub, futbola tamaşa edirsən. Çalışıb səliqə-səhman
yaratmalıyıq ki, camaata gəlib futbolda istirahət etsin. Necə ki, 60, 70, 80-ci
illərdə belə idi. Həmin vaxt insalar ailəliləri ilə gəlib, futbola tamaşa edirlər.
Onda stadionlarda təhqir, söyüş yox idi. Bu yaxınlarda bir hadisəyə şahid
oldum. "Barselona"nın oyunu idi, səhv etmirəmsə, kataloniyalılar səfərdə
"Valyadolid"lə qarşılaşırdı. Stadionda yaşlı bir qadın var idi. Özü də
onu 3-4 dəfə ekranda göstərdilər. Həmin qadın futbola baxıb, istirahət edirdi,
şənlənirdi, sevinirdi, komandasına azarkeşlik edirdi. Biz də çalışmalıyıq ki,
Azərbaycanda da bu cür hallar olsun. Çünki hər saniyə insan ömründən gedir.
Adam da gərək hər saniyənin qədrini bilsin. Arzularım hamısı zəncirvaridir. Bu
il "Neftçi" Avroliqanın qrup mərhələsinə yüksəlməklə bizləri
sevindirdi. İnşallah, gələn il bütün klublarımız Avropada uğurlu çıxış edər.
Bir də istərdim ki, gənclərimiz xaricə yollansınlar. Cavanların məqsədi
olmalıdır ki, xaricə getsinlər. O ki qaldı bayram gününə, uzun illərdi bayramı
həmişə evdə keçirmişəm. Cavanlığımdan bəri. O vaxt rəhmətlik valideynlərimin
başına toplaşardı hər kəs. İndi də uşaqlarım, nəvələrim hamısı bizə gəlir. Bu ildə
yenə hamımız biryerə yığışacağıq. Xaricə getmək, bayramı evdən kənarda qeyd etmək
barədə heç düşünməmişəm də".
Mahmud Qurbanov: “Gələn il Azərbaycan futboluna 2012-ci ildə
qazanılmış uğurların davamını və daha böyüyünü arzulayıram. 2013-cü ildə həm milli
komandamıza həm klublarımıza, o cümlədən də “Kəpəz”ə nailiyyətlər diləyirəm.
Bayramı evimdə, ailəmlə birlikdə keçirəcəyəm. Kənara çıxmaq fikrim
yoxdur".
Arif Əsədov: “Azərbaycan futboluna həm milli, həm klub səviyyəsində
bol-bol uğurlar diləyirəm. O gün olsun ki, millimiz Avropa və Dünya miqyaslı
turnirlərə vəsiqə qazansın. Arzu edirəm ki, “Neftçi” kimi, digər komandalarımız
da avrokubokların qrup mərhələlərində iştirak etsinlər. Klublarımızın təkcə
Avroliqada deyil, Çempionlar liqasında da mübarizə aparmasına sevinək. İndi
biz, Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə keçiriləcək beynəlxalq
turnirə hazırlaşırıq. Artıq bir neçə gündü məşqlərə başlamışıq. Mənə də,
futbolçulara da təkcə 1 gün - dekabrın 31-i istirahət verilib. Bu fürsətdən
istifadə edib, bayramı ailəmlə, yaxın qohumlarımla keçirmək fikrindəyəm.
Yanvarın 1-dən, yenidən məşqlərə başlayacağıq".
Fariz Yusifov: "Əvvəla hər bir azərbaycanlını bayram münasibətilə
təbrik edirəm. Yeni ildə xalqımıza can sağlığı, ruzi-bərəkət, firavanlıq arzulayıram.
Allah bizim milləti həmrəy eləsin. İnşallah, bu ildə daha da inkişaf edərik.
Futbolumuzun səviyyəsi də yüksələr. Biz yalnız və yalnız irəli getməliyik.
Başqa çıxış yolumuz da yoxdur. Çünki bizə göstərilən diqqət, qayğı çox
böyükdür. Dediklərim futbol ictimaiyyətinin hər bir üzvünə aiddir. Klub rəhbərlərindən
tutmuş futbolçulara, hakimlərə kimi hər birimiz irəli getməliyik. Bayramı da həmişəki
kimi evimizdə, ailəmlə, əzizlərimlə birgə qeyd edəcəyik. Bayram günlərində elə ən
yaxşısı evdə olmaqdı".
Babək Quliyev: "İlk növbədə məni futbol ictimaiyyətinin üzvü
hesab etdiyiniz üçün sizə minnətdaram. Arzum budur ki, futbolumuz daha da inkişaf
etsin. Millimiz, klublarımız bizi sevindirsinlər. Bu il "Neftçi"
Avroliqanın qrup mərhələsinə yüksəldi. İnşallah, gələn il digər klublarımız da
Avropada uğur qazanar. Biz həyatımızı futbola həsr etmiş insanlarıq. Söhbət tək
mən getmir, mənim kimi insanların sayı yüzlərlə, minlərlədi. Futbol adamının da
arzusu ancaq bu idman növündə uğur qazanmaqdı. Qeyd etməyə gəldiksə isə, hamı
kimi mən də bayramı evimdə doğmalarımla, ailəmlə birgə keçirəyəcəm. Sözün
açığı, xaricə getmək üçün heç pulum da yoxdur".
Əfran İsmayılov: "Bu yeni ildə Azərbaycan futboluna böyük-böyük
uğurlar arzu edirəm. Arzulayıram ki, digər klublarımız da "Neftçi"nin
uğurunu təkrarlasın. "Qarabağ"a da, millimizə də böyük nailiyyətlər
diləyirəm. Yeni il əslində milli bayram hesab olunmur. Bu səbəbdən də yeni ili
yox, milli həmrəylik günümüzü doğmalarımla, yaxınlarımla birgə keçirəcəyəm.
Xaricə getməyəcəyəm. Çünki elə son günlər Türkiyədəydim, bayrama görə qayıtdım
vətənə. Yeni ili Bakıda qarşılayacağam".
Cəmşid Məhərrəmov: “Mən də ilk növbədə Azərbaycan xalqını yeni il
münasibəti və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edirəm.
İnşallah, gələn il hər birimiz üçün uğurlu olar. Bu il “Neftçi” klubu
Avroliqaya vəsiqə qazandı. Arzum budur ki, üzümüzə gələn ildə digər klublarımız
da bu uğurun davamın gətirsin, 2013-də ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində
də təmsil edən klubumuz olsun. Həmçinin millimizə də gələcək oyunlarda müvəffəqiyyətlər
diləyirəm. Yeni il gecəsini harda, kiminlə, necə qeyd edəcəyimi hələ müəyyənləşdirməmişəm".
Ramal Hüseynov: "Mən də bütün Azərbaycan xalqının bayramını təbrik
edirəm. İnşallah, bu il xalqımız üçün uğurlu olar. Torpaqlarımız düşmən
tapdağından qurtular. Futbolumuz isə daha da inkişaf edər. Həm milli, həm də
klublar. Bayramı Bakıda, ailəmlə, əzizlərimlə birgə qeyd edəcəyik".
Sahib ZEYNALOV, "Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |