"İnter Arena" söküləcək? Nikolovun Bakıda "həbs"inin sirri

13.10.2015 | 3394 dəfə oxunub

Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin himayəsində olan "İnter" klubunun bolqar prezidenti Georgi Nikolova Azərbaycandan çıxmağa icazə verilmir.

 

Stadium.az xəbər verir ki, bu barədə Nikolov özü Rusiyanın "Trud" qəzetinə açıqlamasında deyib: "Mənə bildirdilər ki, ölkəni tərk edə bilmərəm. Halbuki istənilən halda müttəhim deyiləm. Azərbaycan Daxili İşlər Nazirliyindən "Şahid olduğun üçün burda qalmalısan" dedilər".

Klub prezidentinin sözlərinə görə, Azərbaycan və Bolqarıstan arasında hüquq və məhkəmə proseduru sahəsində əməkdaşlıq müqaviləsi var:

"Bolqarıstanda da şahid ola bilərəm. Azərbaycanda qalma müddətim başa çatmaqdadı və vəziyyət mürəkkəbdi. Gedə də, qala da bilmirəm. İki gün öncə miqrasiya orqanlarına vizamı uzatmaq üçün sənədlərimi vermişəm. Lakin mənim buraxılmağıma razılıq verib-verməyəcəkləri məlum deyil".

 

Nikolov avqustun əvvəllərində Bolqarıstanın Azərbaycandakı səfirliyinə müraciət etdiyini və səfir Mayya Xristovanın konsul vasitəsilə məlumatlandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Xristova problemin həlli üçün əlindən gələni edəcəyini və məktubla Bolqarıstan Xarici İşlər Nazirliyini bilgiləndirəcəyini söyləyib. Klub prezidenti hazırda nəticəni gözlədiyini deyib:

 

"Bakının hüquq institutlarından ədalətli və düşünülmüş qərar, Bolqarıstan hökumətindən isə kömək gözləyirəm".

 

"İnter"in prezidenti problemin yaranma səbəbini də açıqlayıb. O bildirib ki, Azərbaycan Beynəlxalq Bankı təsisçi və sahib olduğu klubu 3 istiqamətdə - sponsorluq, reklam və yeni obyektlərin tikintisi üçün nəzərdə tutulan kreditləşdirmə üzrə maliyyələşdirib. Martda bank və holdinqin idarəçiliyində dəyişiklik edilib, audit və araşdırmalara başlanılıb. Beləliklə, klub bankın sahiblik etdiyi təşkilatlar siyahısına düşüb:

 

"Bu, mənimlə bağlı yaranmış situasiyanın səbəbidir. Həqiqətən də günah keçisi axtarılırsa, bu, çox təəssüfləndiricidi".

 

Georgi Nikolov kimdi? Onun Cahangir Hacıyevlə münasibətləri nə vaxtdan formalaşıb? Doğrudanmı onu Azərbaycandan məhz bankdan götürlən kreditlərə görə buraxmırlar?

 

Nikolov demək olar ki, Hacıyev futbol təsərrüfatına daxil olan gündən Bakıdadı. O, təkcə "İnter"ə rəhbərlik etməyib, Cahangir Hacıyevin ikinci komandası olan, ötən mövsümün sonunda dağılan Zaqatalanın "Simurq" klubunun da maliyyə hesabatlarına cavabdehlik daşıyıb. Hacıyevlə Nikolovun münasibətləri 90-cı illərin sonlarından başlayır. Bolqar Hacıyevin xarici ölkələrdən birindəki biznesinə nəzarət edib. Sonradan Hacıyev ona futbol sahəsindəki işlərinə rəhbərlik etməyi tövsiyə edib. Ancaq Nikolovun ölkədən buraxılmamasının səbəbi Beynəlxalq Bankdan götürülən kreditlərlə bağlı deyil. Əslində kredit məsələsinin də bu olayda rolu var. Ancaq ikinci planda.

 

Nikolov "İnter"ə məxsus olan stadiona - "İnter-Arena"ya görə Bakıda girov saxlanılır. Əvvəllər "Şəfa" adlanan bu stadion AFFA-nın keçmiş prezidenti Fuad Musayevin vaxtında UEFA-nın dəstəyi ilə tikilib. Arena şəhərin mərkəzində, Heydər Əliyev prospektində, təxminən 8 hektarlıq ərazidə yerləşir. Bu arena-kompleks milli komandaların təlim-məşq bazası kimi nəzərdə tutulmuşdu. Ancaq 2011-ci ilin noyabr ayında "Şəfa "stadionu AFFA tərəfindən "İnter"ə satıldı. Daha doğrusu, AFFA prezidenti Rövnəq Abdullayev arenanı Cahangir Hacıyevə hədiyyə etdi. Real bazar qiyməti 80-90 milyon dollar olan arena cəmisi 4,5 milyon dollara satıldı. Bax, həmin 4,5 milyon dollar da Beynəlxalq Bankdan götürülən kredit hesabına ödənilib. Arenanın yerləşdi boş torpaq sahəsinin 50 milyon dəyəri olduğu halda, böyük bir kompleksin ("Şəfa"da əsas meydançadan savayı, 3 ehtiyat meydança, otel, hovuz, digər yardımçı tikililər də var) cəmisi 4,5 milyon dollara satılması böyük şübhələrə yol açmışdı. Ancaq həmin vaxt Cahangir Hacıyevin, Rövnəq Abdullayevin qılıncının dalı da, qabağı da kəsdiyindən, mətbuatın qaldırdığı bu məsələyə diqqət ayrılmadı. İndi vəziyyət dəyişib. Beynəlxalq Bankda xeyli yeyinti aşkarlanıb. Belə vaxtda şəhərin mərkəzindəki "yağlı stadion" dərhal yada düşür. Araşdırmalarımız nəticəsində məlum olub ki, Cahangir Hacıyev gələcək təhlükələri nəzərə alaraq, alqı-satqı zamanı stadionu məhz Georgi Nikolovun adına rəsmiləşdirib. Hətta bir mənbədən verilən məlumatda arenanın bolqar mütəxəssisin həyat yoldaşının adına rəsmiləşdirildiyi deyilir. Nikolov da məhz buna görə ölkədə saxlanılır. Stadion Cahangir Hacıyevdən geri tələb edilir. O isə müqavimət göstərir.

 

Araşdırmalarımız nəticəsində daha bir məlumat əldə etdik: Stadion Cahangir Hacıyevin əlindən alındıqdan sonra söküləcək. Bu arena Heydər Əliyev prospektinin profilinə uyğun gəlmədiyi üçün söküləcək. Arenanın yerində isə hündürmərtəbəli yaşayış kompleksi və otellər, biznes mərkəzləri inşa ediləcək. (meydan.tv)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail