Elnur Əşrəfoğlu: "Şotlandiyadan canlı yayımın baş tutmamasında "Qarabağ"ın heç bir günahı yoxdur"

31.07.2015 | 4519 dəfə oxunub

“Seltik” - “Qarabağ” oyununun ölkəmizdə göstərilməməsi, təbii ki, böyük söz-söhbətə səbəb oldu. Bəlkə də əvvəlcədən matçın göstərilməyəcəyi deyilsəydi, ictimai qınaq bu qədər şiddətli olmazdı. Ancaq məhz start fitinə bir neçə saat qalmış azərbaycanlı futbolsevərlərin qanını qaraltdılar. Kim qaraltdı - bax, bunu üzə çıxarmaq bir qədər çətin məsələdi. Hərə günahı birində gördü: kimi Az.TV-ni, kimi “Qarabağ”ı, kimi “Seltik”i, kimi də internet saytlarını “topa tutdu”.


Ya zəlzələdən, ya vəlvələdən, ortada bir nəticəsizlik var ki, onun acısını məhz azarkeşlər çəkdi. İndi isə bu məqam ətrafında ümumi mənzərənin şəklini çəkməyə çalışacağıq ki, bəlkə bu yolla günahın kimdə olduğunu üzə çıxara bilək. Bir-birini döyən açıqlamalar Oyunun göstərilməyəcəyi dəqiqləşən kimi, “İdman Azərbaycan”ın saytı günahı “Seltik”in boynuna yüklədi. Telekanal Şotlandiya təmsilçisinin gülünc addım atdığını azarkeşlərə çatdırmaq fonunda özünü sudan quru çıxartmağa çalışdı. Guya “Seltik” Azərbaycanda internet saytlarının qanunsuz olaraq “İdman Azərbaycan”ı onlayn öz səhifələrində yerləşdirilməsini, beləcə Şotlandiyada da görüşün bu portallar vasitəsilə izləniləcəyini qanunsuz sayıb. Lap tutaq ki, belədi. Onda “İdman Azərbaycan” internet yayınını bağlasın, beləcə saytların telekanalı öz səhifəslərində yerləşdirməsinin qarşısını alınsın və şotlandların bəhanəsi kəsilsin. Təbii, kanal bunu bacarsaydı, yəqin edərdi. “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin açıqlaması “İdman Azərbaycan”da deyilənlərlə üst-üstə düşmədi. Klub rəsmisi azarkeşlərin stadiona gəlişini təmin etmək üçün “Seltik”in matçın heç bir telekanalda göstərilməməsinə qərar verdiyini söylədi. Böyük Britaniya təmsilçisinin azarkeşləri stadiona dartmaq üçün belə addım atdığını düşünmək özü qəribədi. Həmin variant artıq heç bizim ölkədə aktual deyil ki, nəinki futbolunun səviyyəsi, bu idman növünə azarkeşlərinin yanaşması göz qabağında olan Britaniyada. “Qarabağ”ın saytı isə Britaniyanın hansısa qanununun yayına problem yaratdığını qeyd etdi. Hansı qanundan söhbət gedir? Məhz bu açıqlansaydı, bəlkə də problemi anlamaq olardı. “Seltik”dən cavab gəlmədi Əslində “Seltik” TV oyunu canlı yayınlayıb. Hansı ki, həmin TV azərbaycanlı hakerlərin hücumuna məruz qalmışdı. Lakin orda da hər kəs matçı izləyə bilməyib. Yalnız abunəçilər klubun TV-sinin xidmətindən yararlanıb. Təbii, həqiqəti üzə çıxarmaq üçün ən yaxşı yol “Seltik” tərəfi ilə əlaqə saxlamaq idi. Ancaq klubun İdarəetmə Komitəsinin üzvü, yayın məsələsində adı çəkilən Peter Lavvellə əlaqə saxlamaq cəhdimiz alınmadı. Ümumiyyətlə, klubdan bizə bu haqda bilgi verilmədi.

Bununla da Britaniyanın mücərrəd qanunu üzə çıxarmaq bizə nəsib olmadı. Ekspert rəyi Problem haqda televiziya təcrübəsi yetərincə zəngin olan Elnur Əşrəfoğlunun fikirlərini öyrəndik:


“Ümumiyyətlə, oyunun yayını ilə bağlı futbol klublarını günahlandırmaq düzgün deyil. Axı, “Seltik” nəyə görə buna mane olmalıdı? Komandaların işi meydanda bir-birinin uğur qazanmasının qarşısını almaqdı. Bildiyiniz kimi, “Seltik” Böyük Britaniyanı, konkret Şotlandiyanı təmsil edir. Tarixi olan bir klubdu. Şotlandiya çempionatının oyunları şifrəli kanallarda yayınlanır. Biz hələ ki Azərbaycana bu modeli gətirə bilməmişik. Şotland azarkeşlər “Seltik”in, “Reyncers”in və başqa komandaların oyunlarını izləmək üçün pul ödəməlidilər. Necə ki Rusiyada “NTV-plyus”, Türkiyədə LİG TV çempionat oyunlarının yayın hüququna malikdi. Çempionlar Liqasının pul gətirən bir yarış olduğu məlumdu. “Seltik” ÇL-dəki oyunlarının yayın hüququnu “Sky Sports” kanalına verib. Söhbət təsnifat mərhələsindən gedir. Bildiyiniz kimi, pley-offdan başlayaraq yayın məsələləri UEFA-nın nəzarətinə keçir. “Sky Sports” İngiltərənin məşhur idman telekanalıdı, demək olar, dünyanın əksər ölkələrində onların nümayəndəsi var. Müəyyən oyunların, yarışların yayınını öz üzərinə götürürlər. Belə başa düşürəm ki, “Qarabağ” “Seltik”ə müraciət edib ki, oyunu göstərmək istəyirik. Qarşı tərəf də yayın hüququnun “Sky Sports”da olduğunu bildirib. “Qarabağ” qiyməti öyrənib, konkret məbləğ deyə bilmərəm. Azərbaycan kimi ölkələr teleyayında 3-cü dərəcəli ölkələr sayılır. Yəni qiymətlər o qədər də baha olmur. Bir sözlə, oyunun veriləcəyi razılaşdırılıb. Lakin dünyada belə bir tendensiya var ki, matçın televiziya ilə yanaşı, internet yayını da satılır. Orda əsas şərt isə oyunu göstərəcək kanalın internet yayınını bağlaması, şifrəli etməsidi. Azərbaycanda qarşılaşmanı göstərəcək kanal Az.TV və ya “İdman Azərbaycan”dı. Bu telekanallarda da internet yayını şifrəli yox, açıq şəkildədi. Yəni istənilən sayt, deyək ki, təkcə bizim yox, qonşu ölkələrə məxsus portallar rahatca daxil olub, yayının linkini öz saytlarına əlavə edirlər. “Sky Sports” da görür açıq bir kanaldı, bildirir ki, bunu bağlayın. Az.TV və ya “İdman Azərbaycan” da yəqin bunu boynuna götürə bilməyib. Çünki onu bağlamaq üçün xüsusi avadanlıq və kadrlar lazımdı. Bu işi bilən peşəkar adam vacibdi. O an müxtəlif variantlar axtarıblar. Çox güman, Əmrah bəydən xahiş ediblər, siz açıqlama verin ki, Az.TV-nin burda günahı yoxdu. Ancaq yenə də deyirəm, “Qarabağ” burda doğrudan da günahkar deyil, klub oyunu alıb”. İllərcə sürən problem Ümumiyyətlə, neçə illərdi ki, azərbaycanlı futbolsevərlər eyni problemi yaşayır. Klublarımızın oyunlarının yayını müsbət yöndə birdəfəlik həllini tapmır. Halbuki hələ avrokubok mövsümü başlamamış matçları göstərəcək telekanal buna tam hazır olmalıdı. Əks halda, bu problem hələ uzun müddət davam edəcək. Elə Əşrəfoğlu da bu məqamı qabartdı: “Artıq bu cür məsələlər daha öncədən həll olmalıdı. Oyunu göstərəcək telekanal qarşısına məqsəd qoymalıdı ki, məsələn çempion komandanın - “Qarabağ”ın ÇL-dəki oyunlarını yayınlayacağam. Həmçinin rəqiblər azı bir həftə öncə bilinir. Vaxt itirmədən qarşı tərəflə, yayına məsul şirkətlə danışıqlara başlamalı, bütün tələblərə hazır olmalısan. Bu gün internet yayını da vacib şərtlərdən biridi. Düzdü, “Rudar” kimi klublar bəlkə də o tələbləri etməyə bilər. Çünki Monteneqro da yayın məsələləri baxımından 3-cü dərəcəli ölkələrdəndi. Ancaq Şotlandiyada bunlar qəbulounmazdı. Televiziyanın internet yayını bağlanmalıdı. Bağlanmırsa, vermirəm, sənin xeyrin də mənə lazım deyil. Çünki “Sky Sports” internet yayınından da qazanc götürür. Şəxsən mən 3 avro 39 sent müqabilində oyuna baxa bildim. Yəni kartımdan pulu köçürdüm, kanala üzv seçildim, qeydiyyatdan keçdim və internetdə oyuna baxdım. Görürsüz, bir nəfərdən bu qədər pul götürdülər. Aylıq abunə olsan, internet yayını ilə bağlı daha ucuz başa gələ bilər. Qətərin “Əl-Cəzirə Sports” kanalı vardı, indi onu ediblər “Beinsports”. Həmin telekanalın 20-yə yaxın bölməsi var: “Bein-1”, “Bein-2”... Siz həmin kanalın saytına daxil olsaz, ancaq “Bein-1”in linki açılacaq. Orda isə təkrar yarışlar, o qədər də maraq doğurmayan idman turnirləri yayınlanır. Ancaq İtaliya, İspaniya çempionatlarına, yaxud da qitəmiqyaslı yarışlara internet yolu ilə baxmaq istəsən, aylıq abunə olursan. Səhv etmirəmsə, aylıq qiymət 19 avrodu. İllik paket isə 100 avrodu. “Beinsport”un 8-ci kanalı “Seltik” - “Qarabağ” oyununu göstərib. Təbii ki, onlar da “Sky Sports”dan alıblar. Bu telekanal hansısa oyununa görə öz strategiyasını poza bilməz. Çünki milyonlar, milyardlar qazanırlar. Bu üzdən Az.TV-dən internet yayınını şifrəli etmək tələb olunub. Bu da bir sistemdi. İdman kanalısansa, elə də etməlisən. Bu gün “İdman Azərbaycan” İngiltərə çempionatını göstərir. Ancaq onu “sputnik”ə çıxara bilərmi? Yox. Ora artıq bağlamlısan. Düzdü, televiziya baxımından şifrəni qoyublar. Ancaq internet yayınında belə deyil. Bunun üçün işlər görməlisən. Əslində Az.TV bunu edə bilər. Sadəcə, orda bir peşəkar olub, bunu rəhbərliyə deməliydi. Çünki televiziya rəhbərliyin qayğısı böyükdü. Söhbət Az.TV-dən gedir. Lakin “İdman Azərbaycan”ın başbilənləri bunu bildirməliydilər. Özü də indi yox, bu daha öncə olmalıydı. Düzdü, bəzi ölkələrdə yayınla bağlı problem olmur. Ancaq futbolu inkişaf etmiş ölkələrin təmsilçiləri ilə düşəndə bu məqamlra diqqət yetirməlisən. “Sky Sports”, “Setantasports”, “Beinsports” kimi kanallarda qeydiyyatdan keçib, pulunu ödəməklə oyunu izləmək olur. Bir sözlə, “Seltik” oyunu göstərmir ki, camaat gəlsin” - bu cəfəngiyyatdı. Şotlandiya əhalisi stadionu yandırar. Necə yəni, mən kanala pul ödəmişəm, oyuna baxmaq istəyirəm. Hamı gedib stadiondan baxmaq məcburiyyətində və imkanında deyil”. 

FARİZ, futbol+



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail