Sabiq döyüşçülərin təəssüratları: “Tvente”nin “Qarabağ”la oyunlarda şansı qalmayacaq” - SORĞU

19.08.2014 | 3600 dəfə oxunub

Topaz Premyer Liqasının sonuncu qalibi “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Avropa Liqasında oynamaq hüququ qazandı. Qurban Qurbanovun komandası pley-off mərhələsində Hollandiyanın “Tvente” klubu ilə üz-üzə gələcək. Enşede təmsilçisi “Qarabağ” üçün tanış rəqibdir. “Qarabağ” 2009-cu ildə bu komanda ilə Avropa Liqasının pley-off mərhələsində oynayıb və iki oyunun nəticəsinə görə uduzub. Evdə qolsuz heç-heçəyə nail olan “Qarabağ” səfərdə 1:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı olaraq, həmin il “Tvente”yə qarşı oynamış bir neçə futbolçu ilə əlaqə saxlayıb avqustun 21-də reallaşacaq matç öncəsi fikirlərini aldıq.

“Qarabağ” istənilən komandaya qol vura bilər”

Ayxan Abbasov (“Qarabağ”ın sabiq üzvü, hazırda klubun U-17 komandasının baş məşqçisi): “2009-cu ildə “Qarabağ”ın avrokuboklarda təcrübəsi az idi. Buna baxmayaraq, komandanın istəyi güclü idi. Biz səfər oyununa çox yaxşı başlamışdıq. Hətta Hollandiyada ilk qolu vuran da biz olduq. Fərqi daha da artıra bilərdik, amma mümkün olmadı. İkinci hissədə isə fərqli bir oyun getdi. “Tvente” bütün komanda ilə hücuma keçdi. Azarkeş dəstəyi və öz istəkləri sayəsində qollar vurdular. İndiki “Qarabağ”ın isə təcrübəsi var. “Tvente”dən daha güclü komandalara qarşı oynayan “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşməsi real görünür.  “Qarabağ” “Tvente” ilə budəfəki oyunlarda müdafiəyə xüsusi diqqət yetirməlidir. Qol vurmaq məsələsinə gəldikdə isə, komandamızın bu baxımdan  problemi yoxdur. Yekun olaraq deyim ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşmək vaxtıdır”.

“O vaxt əsas heyətdə 1 legioner oynamışdı”

Zaur Həşimov (“Qarabağ”ın sabiq müdafiəçisi, klubun U-19  komandasının baş məşqçisi):

“2009-cu ildə “Qarabağ”ın “Tvente”yə qarşı keçirilən hər iki oyununda meydançada olmuşam. O vaxt heyət yerli futbolçulardan qurulmuşdu. Əsas heyətdə legioner futbolçulardan təkcə Admir Teli mübarizə aparırdı. Gənc futbolçularımızın isə təzə-təzə üzə çıxan vaxtları idi. Əfran, Rauf, Maksim kimi oyunçular adlarından söz etdirirdi. “Tvente” isə çox güclü idi. Stiv Maklarenli “Tvente” aparıcı legioner və yerli futbolçuları ilə daha əzəmətli idi. İndi isə komanda gəncləşib. “Qarabağ”ın heyətində işini bacaran legionerlər var. Ümid edirəm  ki, “Qarabağ” qrup mərhələsinə düşəcək. Amma konkret proqnoz vermək istəmirəm”.  

“Biz “Qarabağ” vasitəsi ilə Qarabağın Azərbaycan torpağı olduğunu Avropaya bir daha sübut edəcəyik” 

Aslan Kərimov (“Qarabağ”ın sabiq kapitanı, milli komandamızın məşqçisi): “Sözsüz, 2009-cu ildəki “Tvente” çox güclü idi. Komandanın tərkibində çox yaxşı oyunçular vardı. Həmin vaxt “Tvente” geniş heyətə və böyük iddiaya malik idi. Bizim komandamız isə indiki ilə müqayisədə nisbətən zəif və təcrübəsiz görünürdü. “Qarabağ”ın indiki kollektivi güclüdür. Amma bu məqam “Qarabağ”ın asan mərhələ keçəcəyi anlamına gəlmir. “Tvente”nin orta yaş həddi 21 olsa da, Hollandiya futbolunun təmsilçisi olması  artıq bütün suallara cavabdır. “Qarabağ”ı çox çətin oyunun gözlədiyi dəqiqdir. Bütün bunların fonunda əminəm ki, oturuşmuş heyətə və hücumda bir birini yaxşı başa düşən oyunçulara malik “Qarabağ” qrup mərhələsinə düşəcək. Biz Avropaya “Qarabağ” vasitəsi ilə Qarabağın Azərbaycan torpağı olduğunu bir daha göstərəcəyik”.

Vüqar Nadirov (5 il öncə olduğu kimi yenə də heyətdə olan futbolçu): “Qarabağ” “Tvente” ilə 2009-cu ildəki oyunlarda çox istəkli idi.  Amma həmin vaxt heyətimiz təcrübəsiz idi. O vaxt  yaxşı oynasaq da, mərhələ keçə bilmədik. Səfər oyununda qol vurmuşdum. Bu dəfə də eyni işi görmək istəyirəm. Lakin əsas məsələ komandamızın uğur qazanmasıdır və bunun üçün çalışacağıq”.

Elvin  Məmmədov (“Qarabağ”ın sabiq,  “İnter”in  hazırkı üzvü): “Açığı, indiki “Tvente” barədə məlumatım yoxdur. Sadəcə, mətbuatdan oxumuşam ki, “Tvente”nin heyətində gənc futbolçular çoxluq təşkil edir. O vaxt isə çox güclü heyətə malik bir komandaya qarşı oynadıq. Duqlas, Ruiz, Stok kimi adlar vardı. İndi həmin adlar olmasa da, “Tvente” yenə də Hollandiyanın təmsilçidir. Bu məqamları nəzərə almaq lazımdır.

“Qarabağ” 2009-cu ildə komanda futbolu oynayırdı, yenə də  komanda oyunu sərgiləyir. Komanda oyununa güvənən “Qarabağ”ın mərhələ keçəcəyinə ümid edirəm. Əgər “Qarabağ” “Zalsburq”a qarşı olduğu kimi oynasa, o zaman “Tvente”nin heç bir şansı qalmayacaq”. (Pfl.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail