Adil Nadirov: “Bu gün Ağdamın təkcə “Qarabağ”ı qalıb”

22.07.2013 | 15939 dəfə oxunub

1993-cü il iyulun 23-də Ağdam ermənilər tərəfindən işğal olundu. Ümumi sahəsi 1154 kv. km. olan Ağdam rayonunun hazırda cəmi 10 kəndi nəzarətimiz altındadı. 6 mindən artıq ağdamlının şəhid olduğu müharibədə Ağdamı xatırladan çox az şeyimiz qalıb. Onlardan biri də “Qarabağ”dı.  İşğalın ildönümü ərəfəsində Ağdam, “Qarabağ” haqqında kiminlə söhbətləşəcəyimi xeyli əvvəl müəyyən etmişdim. Bu şəxs, Azərbaycan futbolunda tanınmış mütəxəssis, “Qarabağ”ın yaradıcısı, şəhid qardaşı Adil Nadirov idi. Adil müəllim haqqında qısa xatırlatma – 1947-ci il aprelin 28-də Ağdamda anadan olub. Futbol oynamağa “Qarabağ”da başlayıb. 1968-ci ildə SSRİ birinciliyinin aşağı dəstəsində çıxış edən Mingəçevirin “Toxucu”, daha sonra hərbi xidmətlə əlaqədar Tiflisin “OİK” komandasında çıxış edib. Əsgərlikdən qayıtdıqdan sonra yenidən Ağdam komandasının şərəfini qoruyub. Ağır zədə aldıqdan sonra futbolla vidalaşıb. 1987-ci ildə indiki “Qarabağ”ı təsis edib və ilk baş məşqçisi olub. Komanda 3 dəfə SSRİ dövründə Aəzrbaycan çempionu, 1 dəfə isə yeni yaradılmış milli çempionatın qalibi adını qazanıb. 30-dan çox futbolçunun yetişməsində əməyi olub. Məhz bu səbəbdən, “əməkdar məşqçi” adına layiq görülüb. 2 oğlu, 2 nəvəsi var. Özünün dediyinə görə kiçik nəvəsini daha çox istəyir, çünki futbolçu olacaq. 

- Axırıncı dəfə “İmarət”də “Turan”a qarşı oynamışıq. 1991-ci ilin axırları idi. Çox maraqlı görüş alınmışdı. Oyundan əvvəl ermənilər stadiona “qrad” atmışdılar. “Turan”ın o vaxtkı prezidenti Vidadi Əhmədov yaxın dostum idi. Təhlükəyə rəğmən, oynayacaqları bildirdi. Halal olsun “Turan”ın futbolçularına, qeyrətli uşaqlar idi, heç nədən qorxmayaraq meydançaya çıxdılar. Oyun 1:1 hesabı ilə başa çatmışdı. Tribunalar da həmişə olduğu kimi tamaşaçılarla dolu idi. Həmin vaxtlar elə gün olmurdu ki, ermənilər Ağdam stadionuna “qrad” atmasınlar. 1992-ci ildə stadionun vəziyyəti ilə əlaqədar ev oyunlarını Mingəçevirdə keçirməyə başladıq. “İmarət”ə o qədər mərmi atmışdılar ki, darmadağın olmuşdu. Orada futbol oynamaq mümkün deyildi. Ağdamda Uzundərə deyilən yer var, qonaq komanda ora çatanda hesab elə ki, artıq 1:0 uduzurdu. “İmarət”ə girəndə isə hesab 2:0 olurdu. Yəni, elə bir atmosfer var idi ki, Ağdamda gələn komanda “mandraj”a düşürdü. “İmarət” haqqında bir hadisə söyləyim. Suxumi “Dinamo”su ilə oyundan əvvəl onların rəhbərliyi ilə çörək yeyirdik. Birdən bərk yağış yağdı. Onların rəisi meydançanın palçıq olacağından qorxdurdu. İnandırım ki, yarım saat sonra stadiona gələndə meydança qup-quru idi. Əvvəl elə bildi ki, drenaj sistemimiz var. Nə qədər yağış yağırdısa-yağsın torpaq canına çəkirdi. ü ü ü Ağdam işğal olunanda hərə öz ailəsini, əşyalarını götürüb oradan çıxdı. Mənsə “Qarabağ”ı, futbolçuları. İyulun 22-də qardaşım Ərşadşəhid olmuşdu. Onda demişdim ki, qardaşım vətən üçün döyüşdü, şəhid oldu, mən də “Qarabağ” üçün döyüşəcəm. Komandanı Ağdamdan aparıram, amma Ağdama da qaytaracam. Üstündən illər keçdikdən sonra “Qarabağ” Ağdam torpağında – Quzanlıda oynadı. Mənim də qeyrətim buna çatdı. Vuruşmasam da, “Qarabağ”ı yaşada bildim. 4 il əvvəl 60 illik yubileyim keçirilirdi. Sözü mənə verəndə danışa bilmədim. Qəhər məni boğurdu. Nə qədər çalışdımsa, ağzımdan bir kəlmə də çıxmadı. Ağdamda 2 şey yerdən qaynayıb – bir oxumaq, bir də futbol. Ağdamsız yaşamaq çox ağırdı. Ağdam Qarabağın Məkkəsi idi.  ü ü ü “Qarabağ”ı 1987-ci ildə yaratmışam. Komandanın ilk məşqçisi də özüm olmuşam. Yaxşı uşaqlar var idi, hamısı öz tələbələrim idi. Həmin uşaqlarla 4 dəfə çempion olduq – 3 dəfə SSRİ vaxtı, 1 dəfə isə Azərbaycan çempionatında. “Qarabağ” ilk çempionluğu yarandığı il yaşadı, SSRİ birinciliyinə vəsiqə qazandı. Sonradan mən komandanın başına keçdim və Rəşid Özbəyovu baş məşqçi gətirdim. Sonuncu çempionluğumuz Ağdamın işğal olunduğu ilə təsadür edir. Təəssüf ki, ardı gəlmədi. Gümüş, bürünc medalları qazandıq, kuboku götürdük. Amma 20 ildi ki çempion ola bilmir. Buna baxmayaraq, xeyli uğura imza ata bilmişik. “Qarabağ” Avrokuboklarda ilk dəfə səfərdə qalib gələn Azərbaycan komandasıdı. Finlandiyanın “MüPA”sını udmuşduq. Son illərki çıxışı ilə “Qarabağ” sübut elədi ki, Avropada oynamaq mümkündü. İnanıram ki, bu il də Avropada nəsə eləyəcək. Amma Azərbaycan birinciliyini deyə bilmərəm.  ü ü ü “Qarabağ” çemponluğa layiq komandadı. Çempion ola bilməməyinin bir çox səbəbləri var. Birincisi, bura Azərbaycandı. “Qarabağ”ın çempion olması üçün gərək hamı razı ola. Məsələn, sonuncu çempionatda “Neftçi”yə 2:1 hesablı məğlubiyyət yəqin ki, yadınızdadı. Şərhə ehtiyac yoxdu. Özü də həmin oyunun hakimi qarabağlı idi. Meydançadan kənarda baş verən qayda pozuntusuna görə penalti təyin etməyə nə ad vermək olar? “Qarabağ”ın çempion olmasını istəməyənlər var. Ad çəkməyəcəm, özləri bu yazını oxuyandan sonra başa düşəcəklər. Əgər bu komandanı 4 dəfə çempion edə bilmişəmsə, deməli çempion olmağın yollarını yaxşı bilirəm. Fuad Musayevin dövründə birinci olmaq daha asan idi, nəinki indi. O vaxt komandalar öz güclərinə çempion olurdular. İndi isə kömək var, amma açıq-aydın yox. Bunu da elə yerdə edirlər ki, bəs olur. Fuad Musayev dedim, yadıma düşdü, xahiş edirəm ki, bunu qeyd edəsən. Mətbuata verdiyi müsahibəsində məni və Aydın İbrahimovu (“Neftçi”nin keçmiş prezidenti – red.) “moşennik” adlandırıb. Güya Adil “Qarabağ”ın, Aydın isə “Neftçi”nin pulunu “yeyib”. Aydınla özü bilər. Ondan soruşan lazımdı, “Qarabağ”ın hansı pulunu “yemişəm”. Pul var idi ki? Komandanı saxlamaq üçün ona-buna ağız açırdım. Belə də haqsızlıq olar, Allahsızlıq olar. Amma bir şeyi də deyim, indi futbolumuz 80 faiz düzəlib. Əvvəlki komissarlar, hakimlər yoxdu. Əvvəl əməlli-başlı bazar idi. Fuad müəllimin mənfi cəhətini dedim, qoy yaxşısını da söyləyim. “İmarət”də olarkən, Fuad müəllim ağladı. Dedi ki, belə bir yeri ermənilərə necə verə bilərik? Elə bil əvvəlcədən hiss eləmişdi ki, Ağdam gedəcək.   ü ü ü SSRİ vaxtı “Qarabağ”da ermənilər də oynayırdı. Bir dəfə mənə dedilər ki, Volqoqraddan bir nəfər hakim gəlib, səni axtarır. Həmin hakimlə görüşdüm. Soruşdu ki, “sənin erməni futbolçun olub”? Dedim ki, yox. Dedi ki, sənə Benodan salam var. Beno Qarabağ ermənisi idi, Xankəndinin “Qarabağ” komandasının kapitanı olmuşdu. Bir il də bizdə çıxış eləmişdi. Xülasə, həmin rusdan xahiş eləmişdi ki, Adil müəllimi taparsan və ona deyərsən ki, “Ermənilərin ağılı olmadı, mühəribəyə kimi Qarabağ ermənilərin idi də. Amma indən sonra ermənilərin olmayacaq”. Ermənilər var idi ki, 7-8 il bir yerdə futbol oynamışıq. meydançada çox qarşı-qarşıya gəlmişik. Həmişə oyunlarımız gərgin keçirdi. Amma son illər onlardan xeyli güclü idik.  Bütün erməni futbolçuları yaxşı tanıyırdıq. Bir dəfə də mənə dedilər ki, bir erməni əsiri var, səni soruşur. Xalq Cəbhəsinin vaxtı idi. Əclafın adı yadımdan çıxıb, deyəsən Razmik idi. Məni görən kimi, qucaqlayıb öpmək istədi. Dedim ki, bir dayan görək, camaat elə bilər ki, xalamoğlusan, dayımoğlusan. Yalvardı ki, məni buradan qurtar. Dedim narahat olma, səni özününkülərə qaytaracağıq, bizə lazım deyilsən. Həmin əsiri rəhmətlik Allahverdi Bağırovun sayəsində 5 azərbaycanlı girov ilə dəyişdik. Razmik Xankəndinin “Qarabağ”ında oynamışdı. Yazıq bir adam idi, içkili halda maşınla yolu səhv salaraq, bizimkilərin əlinə keçmişdi. Nə qədər də bir-birimizi tanısaq, ermənilərə ömür boyu nifrət edəcəm. Ermənilər mənim qardaşımı öldürüblər, Vüqarın atasını. Erməni futbolçuların çoxu müharibənin olmasını istəmirdilər. Lyonik Oqanesyan var idi. Deyirdik ki, müharibə nəyimizə lazımdı. Düzü, onlara inanmıram, etibarım yoxdu. Onlara elə bil anadan olanda beyinlərinə “torpaq, torpaq” sözlərini doldururlar. Neynirsiniz torpağı? Əhalisinin yarıdan çoxu  ölkəni tərk edib, Ermənistan bom-boşdu. Nə isə, xəstə xalqdı.  ü ü ü Bayaq Milli qəhrəmanımız Allahverdi Bağırovun adını çəkdim. 10 il bir yerdə futbol oynamışıq. Həm də Ağdamda qonşu idik. Şəhid olan futbolçularımızdan biri idi. Şuşadan da bir futbolçumuz vardı. Məşqə vertolyotla gəlib-gedirdi. Ermənilər Şuşaya qayıdanda vertolyotu vurmuşdular. Həlak olmuşdu. Hərdən mənə sual verirdilər ki, nəyə görə “Qarabağ”ın futbolçuları müharibədə vuruşmayıblar. Bir söz deyim, müharibə başlayanda Fred Asifin batalyonu stadionda yerləşirdi. Ona dedim ki, istəyirəm bütün futbolçular sənin batalyonuna yazılsınlar, döyüşsünlər. Çox ağıllı adam idi. Qayıtdı ki, “əgər camaatı bura yığa bilirsinizsə, futbol oynayırsınızsa, deməli döyüşürsünüz”.  Bir rayonun, bir şəhərin nə qədər qeyrətli, vuruşan oğlu ola bilər? 300, 500, lap min olsun. Ağdam 6 min şəhid verdi. Ağdamı ermənilər almadılar, bizimkilər verdilər. Ağdamlıları günahlandıranlar var. Güya Ağdamı ağdamlılar veriblər. Kim öz dədə-baba yurdunu itirməyə razı olar? Elə idisə, bu boyda şəhid verməzdik. Ağdam gedib, geri qaytarmaq isə çox çətinləşib. Mənim gücüm isə komandanı saxlamağa çatdı. Sevinirəm ki, bunu bacardım. Bu gün Ağdamın təkcə “Qarabağ”ı qalıb. Başqa heç nəyi yoxdu.  ü ü ü Qardaşım Ərşad iyulun 22-də şəhid olub. Ağdamın işğalından bir gün əvvəl. O vaxt Ərşadın bir müsahibəsi vardı, demişdi ki, ermənilər Ağdama mənim meyidimin üzərindən keçib gedə bilərlər. Nətəri demişdisə, elə də oldu. O vaxt mənə dedilər ki, səni xalanoğlu axtarır. Birtəhər tapdım. Dedi ki, bəs, Ərşad yenə yaralanıb, ayağından, gedək bir baş çəkək. Düzü, buna kimi bir neçə dəfə yaralanmışdı deyə, ciddiyə almadım. Çəmənliyə dönəndə, şübhələndim, axı onların hərbi hissələri başqa tərəfdə idi. Cənazəsini Çəmənlidə bir qohumumgilə gətirmişdilər. Ora çatanda gördüm ki, qardaşım nə gəzir? Ayın 23-də Uzundərə deyilən yer var, orada Ərşadı dəfn edirdik. Təklif elədilər ki, Bakıda – Şəhidlər Xiyabanında dəfn edək. Rəhmətlik anam qoymadı ki, Vətən yolunda ölüb, Ağdamda da dəfn olunmalıdı. Ölümündən sonra “Qırmızı bayraq ordeni” ilə təltif olundu. Üstünə düşsəydim, “Milli qəhrəman” adı da almaq olardı. Anam da dünyasını dəyişəndə onu da Ağdamda – Çəmənlidə torpağa tapşırdıq, müvəqqəti. Ağdam alınandan sonra məzarını Qaraca qəbirstanlığına aparacağıq. Dörd qardaş olmuşuq, böyüyü mən idim. Qismətə bax ki, məndən kiçiklərin hamısı dünyasını dəyişib, bir mən yaşayıram. Allahın möcüzəsidi. ü ü ü Ərşad öləndə, Vüqarın heç 4 yaşı yox idi. Deyir ki, atam yadıma tor gəlir. Yaxşı ki, qardaşımın videoçəkilişləri durur. Vüqara atalıq eləmək mənim qismətimə yazılıbmış.  Hazırda bildiyim qədər “Qarabağ”da 2 ağdamlı futbolçu var – Vüqar və Namiq Yusifov. Çox istərdim ki, komandada ağdamlı olmasalar da, əsasən azərbaycanlı futbolçular çıxış eləsinlər. Amma müasir futbola ayaqlaşmaq istəyiriksə, legionerlərdən istifadə etməliyik. Belə baxanda, digər komandalarımızla müqayisədə, “Qarabağ”da daha çox yerli futbolçular oynayır. Burada Qurban Qurbanovun da əməyini qeyd etmək lazımdı. Elə futbolçular var idi ki, onlara özlərini göstərməyə şans vermək gərəkirdi. Qurban müəllim onlara inandı, nəticəsi də göz önündədi.  Vüqarın keçən mövsümkü oyunu xoşuma gəldi. Yəqin ki, belə də davam edər. 4-5 klub onu heyətində görmək istəyirdi. Amma razı olmadıq. Atası Ağdam uğrunda şəhid olub, “Qarabağ”ı qoyub başqa kluba necə keçə bilər? Komandaya götürəndə Vüqarın 15 yaşı vardı. Onda klubun prezidenti idim. Çoxları düşünə bilər ki, prezident olduğuma görə qardaşım oğlunu komandaya götürmüşdüm. Oğlum da futbol oynayırdı. Amma Vüqarın istedadı hələ uşaq olarkən hiss etmişdim. Həmişə də onun oğlumdan daha yaxşı futbolçu olacağını deyirdim. Pis futbolçu olsaydı, Karlos Alberto Torres onu yığmaya çağırmazdı. İndi də oyunu ilə sübut edir ki, “Qarabağ”a lazımlı futbolçudu. Vüqara xarici klublardan da çox təklif olub. Rusiyadan, Türkiyədən. Yenə də imtina etmişik. Həm bayaq dediyim səbəb görə, həm də evin 1 oğludu, 2 bacısı, anası var.  ü ü ü “Qarabağ”ın indiyə kimi yaşamasına, bu səviyyəyə gəlib çatmasına tək mən səbəbkar deyiləm. Komandanın çox ağır günləri olub. Elə vaxtlar var idi ki, “Qarabağ” dağılmaq astanasında idi. Pul yox idi. Ağdamdan gətirdiyim pulu, qızılı komandaya xərcləyib qurtarmışdım. Belə bir vaxtda Yusif İldırımzadənin yanına getdim. Bunu çoxları bilmir. Məhz onun sayəsində komanda yaşadı. Onun tapşırığı ilə əvvəl Nazim Abdullayevin “NNbank”ı, daha sonra isə qardaşı Yunis İldırımzadənin rəhbəri olduğu “Əmrahbank” komandaya sponsorluq etdi. Sonradan müəyyən səbəblərə görə maliyyə vəziyyətimiz yenidən çətinləşdi. 2001-ci ildə Abdurbari Gözəlin qəbuluna yazıldım. Vəziyyəti ona izah etdim. Tapşırıq verdi ki, məsələ ilə maraqlansınlar. Mənə əlaqə saxlayacağını söylədi. Bir müddət sonra zəng elədilər ki, Abdurbari bəy səni görmək istəyir. Mənə dediyi sözlər heç yadımdan çıxmaz: “Komandanı dağılmağa qoymayacam. Qoy ermənilər bilsin ki, “Qarabağ” bizimdi!” Bu günə kimi də sözünün üstündə durur. Aqil Abbasın adını çəkməmək insafsızlıq olardı. Bütün çətin vaxtlarımızda mənə mənəvi dayaq durub. Elə şeylər var ki, onu pulla ölçmək olmaz. Bir dəfə komandanı qaldığı “Abşeron” mehmanxanasından çıxarmaq istəyirdilər. Aqil müəllimin sayəsində bütün borclamızı sildilər. Hərdən elə olub ki, bezmişəm, komandanı buraxmaq istəmişəm. Aqil müəllim qoymayıb. “Qarabağ”ın bu günə kimi yaşamasına görə çox sevinirəm. Bu gün ağdamlılar bu komandanın ətrafında toplaşırlar. Buna görə adını çəkdiyim insanlara çox minnətdaram.  İndi klubda ən çox razı olduğum insan klubun direktoru Əmrah Çəlikəldi. Bu gün komandanın yaşaması üçün əlindən gələni edir. Həm də çox yaxşı inandı, gözəl xasiyyəti var. Bir nəfərin xətrinə dəymir, desən ki, ağdamlıyam, nəyəsə ehtiyacım var, deyir “baş üstə”. Komandada da hamı onun xətrini çox istəyir. Hazırda komandanın təsisçisi olaraq qalıram. Maaş verirlər, dolandırırlar. Gedib baş məşqçi, ya da başqa bir vəzifədə işləyəsi vaxtım deyil. Klubun prezidenti var, mən də ağsaqqalıyam. Komanda ilə bağlı hər nə deyirəmsə, sağ olsunlar, eşidirlər. Mən də elə-belə söz demərəm ki, hörmətsiz olum". 

Söhbətləşdi: İlqar TAĞIYEV, “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail